Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4467/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X4, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2396/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkətdə "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 20A ünvanında yerləşən 69 saylı mənzilə xx.xx.2020-cı il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nəsimi rayonu 65 saylı MKİS nümayəndələrinin tərtib etdiyi 11 avqust 2020-ci il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus 72 saylı mənzilin sanitar qovşağında baş vermiş nasazlıq göstərilmişdir. Beləliklə, yuxanda göstərilmiş 72 saylı mənzilə məxsus sanitar qovşaqdan su axması nəticəsində X1 mülkiyyətində olan 69 saylı mənzilin yol və qonaq otağının tavan hissəsinə və həmin hissədə yerləşən elektrik naqillərinə 989 manat məbləğində zərər dəymiş və RME********** saylı sığorta müqaviləsinə və İƏ 004/2020 saylı 04 sentyabr 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 738,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 738,50 manat subasma hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 768,50 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2396/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 738,50 (yeddi yüz otuz səkkiz manat, əlli qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 768,50 (yeddi yüz altmış səkkiz manat, əlli qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Rəşid Səmədov).
4. Həmin qətnamədən narazı qalan cavabdeh iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Cavabde apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vaxtilə mənzilini iddiaçı təşkilatda sığortalamış X3 məxsus mənzilə su sızması faktı cavabdehin təqsiri ücbatından baş verməmişdir. Məhkəmə bu iddianı təmin edərkən iddiaçının təqdim etdiyi 65 saylı MKTB-nin xx.xx.2020-ci il tarixli aktına, xx.xx.2020-ci il tarixli sığorta aktına və 20/64 saylı əmlakın qiymətləndirmə rəyinə istinad etmişdir. Bu sənədlərin heç biri cavabdehin iştirakı olmadan tərtib edilmiş və bu sənədlərin tərtib olunmasından cavabdehin xəbəri olmamışdır. Odur ki, məhkəmə bu işə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməklə baxmalıdır və həmin sübutlara yenidən qiymət verilməlidir. Cavabdehin ümumiyyətlə həmin hadisədə günahkar olmağı faktı qanunla müəyyən edilmiş qaydada sübut olunmamışdır. Yəni həmin deliktin (hadisənin) cavabdeh tərəfindən törədilməsinə dair hər hansısa rəsmi qərar yoxdur. Odur ki, məhkəmənin həmin normalara istinad edərək iddianı təmin etməsi gülüncdür.
6. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
7. Belə ki, iş materiallarında olan Bakı şəhər Nəsimi rayon İH MKTB-nin 65 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 2-da yaşayan vətəndaş E.Cəfərovun şikayət ərizəsinə əsasən göstərilən ünvanda olmuşlar. Müəyyən olunmuşdur ki, mənzilə onun üst qonşusunun (72 saylı mənzildən) sanitar qovşaqdan yaranmış nasazlıqdan su axıntısı halları baş verir. Belə ki, 69 saylı mənzilin giriş hissəsində tavanda təxminən 1 kv.metr sahədə qabarma mövcuddur. Qonaq otağında tavanda 2 kv.m sahədə su axıntısı zamanı elektrik naqilləri zədələnmiş və divar üstü ilə yenidən çəkilmişdir.
8. İş materiallarındakı Bakı şəhəri Nəsimi rayon İH MKTB-nin 396 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
9. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanına su basma hadisəsi baş vermişdir. Nəticədə sığortalanmış mənzilə dəymiş ziyanın məbləği 989 manat, ödənilmiş sığorta ödənişinin məbləği isə 738,5 manat təşkil edir.
10. İşin materiallarında olan “əmlakın qiymətləndirilməsinə dair” 20/64 saylı rəydən görünür ki, ünvan 2-a dəymiş zərər 989 manat məbləğində müəyyənləşdirilmişdir.
11. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli ödəniş tapşırığına 1 saylı əlavədən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 738,50 manat pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə:
12. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanına həmin binanın 72 saylı mənzilin sanitar qovşağından subasma hadisəsi baş vermiş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən mənzilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı mənzilə görə ödədiyi cəmi 738,50 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
14. Həmin Qanunun 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma halları nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
16. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
17. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
19. Göründüyü kimi cavabdehə məxsus ünvan 1 ünvanından su axıtma nəticəsində ünvan 2 ünvanına ziyan dəymiş və sığorta aktına əsasən sığorta şirkəti tərəfindən mənzilə dəymiş zərər ödənilmişdir.
20. Kollegiya sadalanan hüquq normaları və işin hallarına əsasən qeyd edir ki, iddia tələbinin təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 738,50 (yeddi yüz otuz səkkiz manat, əlli qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 768,50 (yeddi yüz altmış səkkiz manat, əlli qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
21. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, vaxtilə mənzilini iddiaçı təşkilatda sığortalamış X3 məxsus mənzilə su sızması faktı cavabdehin təqsiri ucbatından baş verməmişdir. Məhkəmə bu iddianı təmin edərkən iddiaçının təqdim etdiyi 65 saylı MKTB-nin xx.xx.2020-ci il tarixli aktına, xx.xx.2020-ci il tarixli sığorta aktına və 20/64 saylı əmlakın qiymətləndirmə rəyinə istinad etmişdir. Bu sənədlərin heç biri cavabdehin iştirakı olmadan tərtib edilmiş və bu sənədlərin tərtib olunmasından cavabdehin xəbəri olmamışdır.
22. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, sığorta hadisəsinin cavabdehin təqsiri üzündən baş verməsini sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İş materiallarında olan 65 saylı MKTB-nin xx.xx.2020-ci il tarixli aktına, xx.xx.2020-ci il tarixli sığorta aktına və 20/64 saylı əmlakın qiymətləndirmə rəyinə əsasən sığorta hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. Hazırda cavabdeh təqsirin onun üzündən baş verməməsini iddia edirsə, bu halı təsdiq edən sübutları məhkəməyə cavabdeh təqdim etməlidir. Lakin, iş materiallarında sığorta hadisəsinin cavabdehin təqsiri üzündən baş vermədiyi göstərən hər hansı sübutun olması aşkar edilmir. Belə olan halda, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan, qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2396/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.