Məhkəmə qərarları › İş №2(103)-4468/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4468/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4468/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: sahiblik hüququ, mənzilin təhvil verilməsi, mənzilə köçürülmə, paylı istifadəyə yaradılan maneələrin aradan qaldırılması, müqavilənin etibarlılığı, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqaviləyə görə MMC, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 51 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 1 otaqlı, 60.7 kv.m. mənzili İddiaçı mülkiyyətinə verməyi (bənd 1.1.), İddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər (bənd 1.2).

2. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqaviləyə görə MMC, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 89 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə tam təmirli 3 otaqlı, 106,5 kv.m. mənzili İddiaçı mülkiyyətinə verməyi (bənd 1.1.), İddiaçı isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər (bənd 1.2.).

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinə əlavə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilədə nəzərdə tutulmuş - Bakı şəhəri, Nərimanov rayonu Y.Bakuvi küçəsi ev 19, A blokunun 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 60.7 kv.m sahəsi olan 10 saylı tam təmirli mənzilin ona təhvil verilməsi və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 4 il 3 ay əvvəl yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanı qarşılıqlı razılaşma əsasında cavabdeh tərəfindən sökülmüş və orada yeni yaşayış binası tikilmişdir. Razılaşmaya əsasən binadan 106 m2 və 60 m2 olmaqla 2 mənzil cavabdeh tərəfindən müqavilə ilə onun adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq 60 m2 mənzildə təmir işləri aparmaq istəsə də, ona cavabdeh tərəfindən qərəzli manelər yaradılır. 10 sentyabr 2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə nəzər yetirəndə görünür ki, cavabdeh Y. Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə (ona) məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı 51 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümümi sahəsinə 15-25 faiz əlavə etməklə tam təmirli 1 otaqlı 60.7 kv.m mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürür. Dəfələrlə cavabdehdən mənzili tələb etsə də, qərəzli maneələrin yaradılması davam etdirilir. Ona görə də hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

6. Birinci instansiya məhkəməsinin 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin olunması, ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A blokunun 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv.m. olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir.

7. Məhkəmə, gəldiyi nəticəni Mülki Məcəllənin 5.3-cü, 6.1.5-ci, 165-ci, 178.8-ci, 385.1ci, 425-ci, 452.1-ci, 752.1-ci, 752.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti üzrə” 15 yanvar 2010-cu il tarixli Qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və "Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarına, Avropa Konvensiyasının 1 saylı Protokoluna istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

7.1. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh "Araz- 2011 A” MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıya məxsus mənzillərin sökülməsi müqabilində iddiaçıya 1 otaqlı, 60.7 kv.m və 3 otaqlı, 89 kv.m. mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxus mənzilin yerləşdiyi bina sökülmüş, yerində yeni bina tikilmişdir. İddiaçıya verilməli olan iki mənzildən biri, yəni 3 otaqlı mənzil təhvil verilmiş, hazırda mübahisələndirilən mənzil isə təhvil verildikdən sonra ona istifadəsində maneələr yaradılmışdır. Hazırda iddiaçı qeyd edilən mənzilin ona məxsus olmasına, sahiblik və ondan istifadə etmək hüququnun yaranmasına istinad edərək məhkəmə qaydasında mənzilin ona təhvil verilməsini və həmin mənzilə köçürülməsini xahiş edir. 7.2. Halbuki iddiaçının həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. 7.3. Həmin müqavilə, tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçı üzərinə düşən vəzifələri yerinə yetirərək mənzilin tikilib ona təhvil verilməsi üçün öz mənzilinin söküntüsünə icazə vermiş və həmin mənzili boşaltmış, MMC isə müqavilə bağlayaraq onu bağladığı əqd üzrə sifarişçi kimi tanımışdır. 7.4. Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. 7.5. “Mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət” hesab olunmalıdır. "Mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. "Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1 -ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. 7.6. Göründüyü kimi, iddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ ilə yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. 7.7. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər. 7.8. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.5 və 2.2.3-cü bəndlərinə əsasən isə müqavilədə göstərilən müddətdə "Araz-2011 A” MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək mülkiyyətçinin hüququdur. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək isə "Araz-2011A” MMC-nin vəzifəsidir.

8. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin bütün faktiki halları aydınlaşdırmamaqla qanunsuz qərar çıxardığı, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıldığı, məhkəmə prosesi barədə MMC-nə ümumiyyətlə məlumat verilmədiyi, iddiaçının istinad etdiyi müqavilənin saxta olduğu, onunla yalnız 3 otaqlı bir mənzilə dair müqavilə bağlandığı və həmin mənzilin iddiaçıya təhvil verildiyi, işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxıldığı üçün qarşılıqlı iddia verilmədiyi, habelə müqavilənin saxtalığının müəyyən olunması üçün ekspertiza keçirilməsi barədə vəsatət verilmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə etiraz

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, verilən izahatlar

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinin yoxlanılması üçün müvafiq ekspertiza keçirilməsini xahiş etmiş, vəsatətində göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A bloku, 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv m olan mənzilin iddiaçıya verilməsinə dair saxta müqavilə "xxxx" MMC ilə bağlanmamış, ümumiyyət belə bir müqavilə mövcud olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş B/30 a saylı xx.xx.2018-ci il tarixli müqavilədə əks olunan "xxxx" MMC-nin möhürü və imza kserosurətdir, həmin müqavilə “Araz 2011 A" MMC tərəfindən nə möhürlənib, nə də imzalanıb. İddiaçı adına tərtib olunmuş B/30a nömrəli xx.xx.2018-ci il tarixli müqavilə ilə digər şəxs - X4 adına eyni qaydada tərtib edilmiş B/27B saylı xx.xx.2018-ci il tarixli müqavilələdə əks olunmuş imza və möhürlər identikdir və hər ikisi aparat vasitəsi ilə kserosurət edilmişdir.

11. Cavabdehin nümayəndəsi xx.xx.2018-ci il tarixli B/30 a və B/30 saylı müqavilələrin onlarda (MMC-də) olan nüsxələrini, habelə eyni qaydada saxtalaşdırıldığını irəli sürdüyü X5 adlı şəxslə bağlanmış müqaviləni ekspertiza tədqiqatında istifadə edilməsi üçün məhkəmə kollegiyasına təqdim etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu, ekspertiza təyin olunmasına etiraz etmədiyini bildirmişdir.

13. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar, habelə məsələlərin həlli qoyulmuşdur: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsindəki əlyazıları və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) birinci səhifəsindəki əlyazıları eyni şəxs tərəfindən icra edilmişdirmi?.

- İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsindəki əlyazıları, habelə imzalar və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) üçüncü (sonuncu) səhifəsindəki əlyazıları, habelə imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?.

- İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsində “X8” yazısının qarşısında olan imza bilavasitə (orginal yolla), yoxsa kopyalanma yolu ilə icra edilmişdir?.

- İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsində “X8” yazısının qarşısında olan möhür hansı üsulla (basma, skaner və ya kserokopiya) vurulmuşdur?.

- İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsindəki əlyazıları və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş eyni tarixli (saylı) müqavilənin (iş səh. 156-158) birinci səhifəsindəki əlyazıları eyni şəxs tərəfindən icra edilmişdirmi?.

- Apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifəsində “X8” yazısının qarşısında olan imza bilavasitə (orginal yolla), yoxsa kopyalanma yolu ilə icra edilmişdir?.

- Apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh.156-158) üçüncü (sonuncu) səhifəsində “X8” yazısının qarşısında olan möhür hansı üsulla (basma, skaner və ya kserokopiya) vurulmuşdur?.

- Yuxarıda sadalanan sənədlər arasında onların icra edildiyi (həm sənədlərin mətnində, həm də imzalarda) qələmlərin kimyəvi tərkibinin eynilik təşkil etdiyi sənədlər varmı?

- İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsində “X8” yazısının qarşısında olan imza və möhürlə, apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/27B saylı müqavilənin (iş səh. 159-161) üçüncü (sonuncu) səhifəsindəki imza və möhür identikdirmi və hansı üsulla (bilavasitə (orginal), basma, skaner və ya kserokopiya) icra edilmişlər (vurulmuşlar)?

- Apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/27B saylı (iş səh. 159-161) və xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilələrin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifələrində “X8” yazısının qarşısında olan imza və möhürlər identikdirmi və hansı üsulla (bilavasitə (orginal), basma, skaner və ya kserokopiya) icra edilmişlər (vurulmuşlar)?

14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin həmin təyinat əsasında verdiyi xx.xx.2024-cü il tarixli rəydə aşağıdakılar göstərilmişdir:

- Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsinin orta hissəsində olan "xxxx" yazıları ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) birinci səhifəsinin orta hissəsində olan "xxxx" yazıları - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "A bloku 7-ci mərtəbə” yazılarından başqa) ilə apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş eyni tarixli (saylı) müqavilənin (iş səh. 156-158) birinci səhifəsindəki əlyazmalar (müqavilənin orta hissəsində olan "xxxx" yazılarından başqa) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) birinci səhifəsinin orta hissəsində olan “A bloku 7-ci mərtəbə" yazıları ilə apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş eyni tarixli (saylı) müqavilənin (iş səh. 156-158) birinci səhifəsinin orta hissəsində olan “A bloku 7- ci mərtəbə” yazıları - EYNİ ŞƏXS tərəfindən ica olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə “Araz-2011 A" MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsindəki əlyazmalar ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (İş səh.32-34) üçüncü (sonuncu) səhifəsindəki əlyazmalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) üçüncü (sonuncu) səhifəsində “X8” qrafasındakı imza ilə İddiaçı ilə Cavabdeh MMC arasında olan xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 32-34) üçüncü (sonuncu) səhifəsində “X8” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X8” yazısının qarşısında olan möhür əksi, imza şırnaqlı printer vasitəsilə vurulmuşdur. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrində “X8" yazısının qarşısında olan möhür əksləri öz aralarında eynilik təşkil edirlər. - İddiaçı ilə "Araz-2011 A” MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı mügavilələrin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrində “X8” yazısının qarşısında olan möhür əksi ilə imzanın yerləşmələrinə və formalarına görə fərqli olmaları. - İddiaçı ilə "Araz-2011 A” MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilədə (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı mügavilədə (iş səh. 156-158) olan əlyazmalar və üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. - Rəyin nəticə hissəsinin 4-cü bəndində göstərilən müqavilələrdəki və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli B/30 saylı müqavilədə (iş səh. 32-34) olan əlyazmalar, üçüncü (sonuncu) səhifəsindəki “İmza” qrafalarındakı imzalar kimyəvi tərkibinə görə müxtəlif diyircəkli qələmlə icra olunmuşdurlar. - İddiaçı ilə “Araz-2011 A" MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 29-31) və apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin (iş səh. 156-158) üçüncü (sonuncu) səhifələrindəki “X8” yazısının qarşısında olan imzaların icra olunma üsulu rəyin nəticə hissəsinin 1-ci bəndində göstərilmişdir.

15. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin rəylə öz təsdiqini tapdığını, iddiaçı və onun nümayəndəsi (vəkili) isə rəyin əslində onların haqlı olduğunu sübuta yetirdiyini, müqavilədəki möhürün saxta yolla vurulmasının günahkarının iddiaçı olmadığını bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

19. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

36. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

37. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağladığı B/30a saylı müqaviləyə görə cavabdeh, Y.Bakuvi küçəsi ev 19, mənzil 10 ünvanında yerləşən binada tam təmirli 1 otaqlı, 60.7 kv.m. mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

39. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

40. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 16) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

41. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

42. Cavabdehin nümayəndəsi ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın A bloku, 7-ci mərtəbəsində yerləşən, tam təmirli, 1 otaqlı, sahəsi 60.7 kv m olan mənzilin iddiaçıya verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin saxta olduğunu irəli sürdüyündən apellyasiya baxışı zamanı kompleks xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin edilmiş, ekspertlərin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı və MMC arasında bağlandığı irəli sürülən xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilənin üçüncü (sonuncu) səhifəsindəki “X8” yazısının qarşısında olan möhür əksi, imza, şırnaqlı printer vasitəsilə vurulmuşdur.

43. Ekspert rəyini nəzərə alaraq kollegiya hesab edir ki, MMC ilə iddiaçı arasında öhdəlik münasibətlərinin yaranmasına əsas təşkil edəcək müqavilə bağlanmamış, həmçinin digər əsaslarla da onun iddiaçı qarşısında öhdəliyi əmələ gəlməmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməzsə, habelə ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olarsa, o zaman ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur.

44. Beləliklə müəyyən olunan odur ki, Cavabdeh MMC, tərəfi olduğu bildirilən xx.xx.2018-ci il tarixli B/30a saylı müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etməmiş, hərəkətləri ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, həmin müqavilə saxtalaşdırılmaqla əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur.

45. İddiaçının yeganə sübutunun xx.xx.2018-ci il tarixli B/30a saylı müqavilə olduğunu, həmin müqavilədəki imzanın və möhürün isə şırnaqlı printer vasitəsilə vurulduğunun (çap olunduğunun) müəyyən edildiyini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1541/2023 saylı iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar