Məhkəmə qərarları › İş №2(103)-4469/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4469/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4469/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “ilk iddia tələbinin rədd edilməsi, əmlakda payın müəyyən edilməsi” tələbi ilə bağlı qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1287/2020 saylı, 16 mart 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “ilk iddia tələbinin rədd edilməsi, əmlakda payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə daxil olmasına, mənzildə yaşamasına və mənzildən istifadəsinə maneələrin yaradılmasının Cavabdeh qadağan olunması barədə dərhal icra olunmalı qərardad çıxarılmasını xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1287/2020 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə İddiaçı daxil olmasına, mənzildə yaşamasına və mənzildən istifadəsinə maneələrin yaradılması Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizədi və iddianı təmini tədbiri barədə ərizə arasında müqayisə apardıqda, həmin ərizələrinn məzmunlarının eyni olduğu aydın olur. İddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi və dərhal icraya yönəldilməsi, faktiki olaraq, məsələyə mahiyyəti üzrə qiymət verilməsi deməkdir. Həmin ərizə təmin edilərək, dərhal icraya yönəldiyi halda, iddiaçının mahiyyəti üzrə tələbi prosesin ilkin mərhələsində təmin edilmiş və icraya yönəlmiş olur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1287/2020 saylı, 31 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.3-cü maddəsinə əsasən hakim iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Kollegiya qeyd edir ki, iddiaçı mübahisə predmetinin mülkiyyətçisi olduğundan onun həmin əmlakdan istifadə etməsinin məhdudlaşdırılması milli və beynəlxalq hüquq normalarının prinsiplərinə ziddir və yolverilməzdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia ərizəsi ilə iddianı təmin etmə tədbirlərinin təsdbiq edilməsinə dair ərizə oxşar olsa da, mahiyyət etibarı ilə eyni deyildir. Belə ki, iddia tələbi iddiaçının mübahisəli mənzilə daimi olaraq köçürülməsini ehtiva edir. İddianı təmin etmə tədbirinin tədbiq edilməsinə dair ərizə isə müvəqqəti xarakter daşımaqla işi mahiyyəti üzrə həll etmir və iddiaçını hazırkı işə baxılıb bitənədək yaşayış sahəsi ilə təmin edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğl tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1287/2020 saylı, 16 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar