Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4471/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(006)-965/21 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-965/21) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.08.2018-ci il tarixdə 1 saylı əmrlə fiziki şəxs X3 tərəfindən işə götürülmüş və işə götürüldüyü müddətdən 15 yanvar 2020-ci il tarixədək işçi kimi vəzifəsini tam yerinə yetirmişdir. Lakin ona heç bir xəbərdarlıq olunmadan 15.01.2020-ci il tarixli, 1 saylı əmrlə işdən çıxarılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Həmin maddənin əsaslarına diqqət yetirilsə görünər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər. Halbuki işlədiyi dövrdən bugünkü günədək ona hər hansı bir formada əmək funksiyalarının yerinə yetirilə bilməməsi ilə bağlı və ya başqa formada xəbərdarlıq belə edilməmişdir. Hesab edir ki, onun barəsində verilmiş olan 01 saylı 15.01.2020-ci il tarixli əmr qanunsuz və əsassızdır. Həmin əmr ləğv edilməli və o, öz işinə bərpa olunmalıdır. O, dəfələrlə işə bərpa olunmaq məqsədi ilə cavabdeh təşkilata və digər instansiyalara, eləcə hüquqlarının müdafiəsi ilə bağlı X6 Xidmətinin Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin onun ərizəsi üzrə araşdırma aparılmadan cavab verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X4 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Göründüyü kimi, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsinə xitam verməklə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Fiziki şəxs X3 ilə İddiaçı arasında bağlanmış 01.08.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 01.08.2018-ci il tarixdən “fəhlə” məşğulluq təsnifatı üzrə işə qəbul edilmişdir. X1 09.12.2019-cu il tarixli, 10 nömrəli əmrindən görünür ki, fəhlə İddiaçı 2019-cu ilin dekabr ayında ardıcıl olaraq müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyinə görə ona Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. (Əsas: İddiaçıB-nin öhdəsinə düşən işləri yerinə yetirməsindən imtina etməsi). X1 15.01.2020-ci il tarixli, 01 nömrəli əmrindən görünür ki, İddiaçı işə vaxtında gəlmədiyinə, müqavilədə nəzərdə tutulan öhdəçilikləri lazımınca yerinə yetirmədiyinə, yazılı və dəfələrlə şifahi xəbərdarlıq edildiyinə baxmayaraq 2020-ci il yanvar ayından bu günə qədər heç bir xəbərdarlıq etmədən işə çıxmadığını nəzərə alaraq Azərbaycan Respublikası ƏM 70-ci maddəsinin “ç” bəndini əsas tutaraq, İddiaçı 15 yanvar 2020-ci il tarixdən işdən azad olunması və qanunvericilikdə nəzərdə tutulmuş ödənişlərin verilməsi əmr edilmiş, əmrin icrasını X3 öz üzərinə götürmüşdür. X3 və tabeliyində işləyən işçilər tərəfindən tərtib edilmiş və imzaları ilə həqiqiliyi təsdiq edilmiş 14.01.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 2019-cu ilin axırlarından rəhbərliyin ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq işə vaxtında gəlmir və ona verilən tapşırıqları yerinə yetirmir. 2020- ci ilin yanvar ayından isə heç bir sənədləşmə olmadan işə çıxmır. Bu müddətdə bir neçə dəfə əraziyə elə-belə gəlib getməsinə baxmayaraq oturduğu otağın açarını və təşkilata məxsus əşyaları təhvil verməmişdir. Cavabdeh tərəfin iddianın rədd edilməsi barədə məhkəməyə təqdim etdiyi dəlillərdən göründüyü kimi iddiaçı X3 tərəfindən 01.08.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “fəhlə” məşğulluq təsnifatı üzrə işə qəbul olunmuş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün 09.12.2019-cu il tarixli, 10 nömrəli əmrə əsasən töhmət almış və daha sonra işə vaxtında gəlmədiyinə, yazılı və şifahi qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq heç bir məlumat vermədən işə çıxmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15.01.2020-ci il tarixli, 01 nömrəli əmrlə işdən çıxarılmışdır. İddiaçı iddia etdiyinə görə isə, o, barəsdində “töhmət vermək” və “əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə tətbiq edilmiş intizam tənbehlərindən məlumatlı olmamış, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən ondan yazılı izahat alınmamışdır. O, bu barədə X6 Xidmətinə müraciət etmiş, araşdırma zamanı son haqq-hesabının ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq sonuncu iş günündə işəgötürən tərəfindən gecikdirilməklə ödənildiyi aşkar olunsa da, aşkar olunmuş qanun pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verildiyindən fiziki şəxs T.M.Rəhimovun inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəf olduğu əmək münasibətlərinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və 15.01.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh (nümayəndəsi) birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin təqdim etdiyi sübutları, o cümlədən Azərbaycan Respublikası ƏƏSMN-nin DƏM tərəfindən aparılmış araşdırmanın nəticələrini nəzərə almamışdır. iddiaçı vəzifələrini lazımınca icra edə bilməmişdir və o, dəfələrlə xidmət etdikləri binadakı nasazlıqları aradan qaldırmaq üçün müxtəlif yerlərdən fəhlə çağırmışdır. Lakin son dövrlər iddiaçı tam arxayınlaşmış və əmək intizamını mütəmadi olaraq pozmuşdur. Nəhayət o, 09.12.2019-cu il tarixdə yenə əmək intizamını pozan İddiaçı intizam tənbehi verməyi qərara almış və töhmət vermişdir ki, bəlkə məsuliyyət hiss edib intizamlı olar. Lakin bu da nəticə verməmişdir və tabeldən göründüyü kimi 2020-ci ilin yanvar ayının 1-dən işə çıxmamışdır. Yanvar ayının 14-nə qədər bir neçə dəfə zəng vursa da iddiaçı telefonu gah açmış, gah açmamışdır. O isə təklif etmişdir ki, işləmək fikri yoxdursa, gəlib ərizəsini yazsın, hesablaşmalarını alsın, əmək münasibətlərinə xitam versinlər. İddiaçı isə gəlməyəcəyini və yüksək məbləğdə kompensasiya alacağını bildirmiş və demişdir ki, gəlmir, çıxara bilirsə işdən çıxarsın. Bundan başqa, iddiaçı işə məhkəmədə baxıldığı dövrdə oturduğu xidmət sahəsini və açarını ona təhvil vermişdir, o vaxta qədər nə qədər cəhd etsə də, xidməti sahəni təhvil ala bilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ardıcıl olaraq 14 gün işə gəlməməsinin səbəblərinin üzrlü olması barədə, habelə iddiasında göstərdiyi halları sübut edəcək dəlil təqdim edə bilməmişdir. Məhkəmə qərar qəbul edərkən birtərəfli mövqe tutmuş, ancaq iddiaçının izahatına əsaslanmaqla göstərilən qənaətə gəlmişdir. Cavabdeh T.Rəhimov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlə (işəgötürənlə) bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmrin ləğv edilərək vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bununla bağlı qənaətini əsaslandırarkən göstərmişdir ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində “töhmət vermək” və “əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə intizam tənbehləri tətbiq edilməmişdən əvvəl iddiaçıdan işəgötürən tərəfindən yazılı izahat alınmamışdır. Həmçinin, iddiaçı tərəfindən əmək intizamının dəfələrlə pozulması faktını təsdiq edən töhmətin tətbiq edilməsi haqqında 09.12.2019-cu il tarixli, 10 nömrəli əmr barədə onun məlumatlı olması, lakin bu tədbirdən heç bir nəticə çıxarmadığı halları da öz təsdiqini tapmamışdır. Belə ki, sözügedən əmrdən göründüyü kimi həmin sənəd iddiaçı tərəfindən imzalanmamış, əmrdəki “əmr ilə tanış olma” qrafası boş qalmışdır. Məhkəmə iddiaçının işdən çıxarılmasına əsas olmuş intizam qaydalarının pozulması faktı ilə əlaqədar ondan yazılı izahat alınmadığını müəyyən etmiş və bunun (yazılı izahatın) əhəmiyyəti barədə qeyd etmişdir ki, işçinin yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir: xəta faktını təsdiq edir; işəgötürənə xətanın səbəbini nəzərə almaq imkanı verir; xətanın aşkar olunduğu tarixi təsbit edir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslılığına dair dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddia tələbi əsaslı sayılmalı və təmin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4471/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4471/2021
05.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver