Məhkəmə qərarları › İş №2(103)-4475/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4475/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4475/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı işi üzrə Açar sözlər: ("pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-84/2025 saylı işi üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh MTK-ya iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı təhvil verilməli olan 58,4 kv.m qeyri-yaşayış sahəsinin bu günə olan qiyməti 440920 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 732 manat olmaqla, ümumilikdə 442652 manat pulun Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, QYA 03 saylı müqaviləyə əsasən “İcraçı” Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində “Sərmayəçi” İddiaçı iştirak edir, bina istifadəyə verildikdən sonra A bloku 1-ci və 2-ci mərtəbələrdə 400 kv.m qeyri-yaşayış sahəsinin “Sərmayəçi”yə verilməsini “İcraçı” öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən 400 kv.m. qeyri-yaşayış sahəsinin dəyəri 340000 manat (1 kv.m=850 manat) təşkil edir və qeyd olunan məbləğ iddiaçı tərəfindən tam olaraq cavabdehə ödənilmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixli maliyyə arayışı da verilmişdir. İddiaçı təmirə başlayan zaman müəyyən etmişdir ki, 1-ci və 2-ci mərtəbədə almış olduğu sahə 2 pəncərənin orta hissəsinə düşür. Bu səbəbdən də məcbur qalıb hər mərtəbədən 60.0 kv.m olmaqla, ümumilikdə 120 kv.m qeyri-yaşayış sahəsini cavabdehdən alır. Bununla bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli, QYA 04 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən 120 kv.m qeyri-yaşayış sahəsinin dəyəri 240000 manat (1 kv.m=2000 manat) təşkil edir və qeyd olunan məbləğ iddiaçı tərəfindən tam olaraq cavabdehə ödənilmişdir. Bina istismara qəbul edildikdən sonra Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlarda 1-ci və 2-ci mərtəbənin ölçüləri ayrı-ayrılıqda 230.80 kv.m. yazılmışdır. Bu isə o deməkdir ki, cavabdeh 520.0 kv.m qeyri-yaşayış sahəsinin pulunu ondan alsa da, ona cəmi 461.6 kv.m sahə vermişdir. Qeyri-yaşayış sahəsinin hüquqi statusunu və texniki göstəricilərini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli, 163/KS/23 və 164/KS/23 nömrəli rəylər verilmişdir. Həmin rəylər ilə bir daha təsdiq olunur ki, 1-ci və 2-ci mərtəbənin ölçüləri ayrı-ayrılıqda 230.80 kv.metrdir. Belə olan vəziyyətdə cavabdeh 58,4 kv.m sahə əksik verərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

2. İşin icraatı zamanı aşağıda qeyd edilən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, “Sərmayəçi" İddiaçı, Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçızadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində iştirak edir, “İcraçı” yaşayış binası istifadəyə verildikdən sonra “A” Bloku 1 və 2-ci mərtəbələrdə qeyriyaşayış sahəsinin, ümumi sahəsi 400.0 m2 “Sərmayəçi”yə verilməsini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə “Sərmayəçi” göstərilən qeyri-yaşayış sahəsinə görə ödənişi 2 nömrəli əlavə ilə ödəyir (1 kv.metrinin dəyəri 850 manat olmaqla). Göstərilən qeyri-yaşayış sahəsi qiymətləndirilir, 400 kv.m. qeyri-yaşayış sahəsinə görə ödəniləcək məbləğ 340000 manat təşkil edir; - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021 -ci il tarixli müqavilənin surətindən görünür ki, “Sərmayəçi” İddiaçı, Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində iştirak edir, “İcraçı ” isə yaşayış binası istifadəyə verildikdən sonra “A” Bloku 1 və 2-ci mərtəbələrdə qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 60.0 + 60.0 =120,0 m2 “Sərmayəçi”yə verilməsinə öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə “Sərmayəçi” göstərilən qeyri-yaşayış sahəsinə görə ödənişi 2 nömrəli əlavə ilə ödəyir (1 kv.metrinin dəyəri 2000 manat olmaqla). Göstərilən qeyri-yaşayış sahəsi qiymətləndirilir, 136 m2 qeyri-yaşayış sahəsinə görə ödəniləcək məbləğ 240000 manat təşkil edir; - xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən “Grand Narimanoff” yaşayış kompleksində, blok “A” ümumi sahəsi 400.0 kv/m 1 -ci və 2-ci mərtəbələrdə qeyri yaşayış üçün tam ödəniş etmişdir. Borcu yoxdur; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2, zirzəmi, 6 saylı qaraj (yeni qaydalarla: Az1008, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi (ümumi sahəsi 230,80 kv.m) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi (ümumi sahəsi 230,80) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/2876 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 22 dekabr 2020-ci il və 08 noyabr 2021-ci il tarixli müqavilələrin 3.2.7-ci bəndləri nəzərə alınmaqla qeyriyaşayış sahələrinin hər birinin ayrı-ayrılıqda ümumi sahəsinin 230,8 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi 8,10,12 (yeni qaydalarla: ünvan 3 ünvanında 1-ci və 2-ci mərtəbələrdə yerləşən qeyri-yaşayış sahəsinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə qeyri-yaşayış sahələrinin hər birinin ayrılıqda ümumi sahəsi 250,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir; - "Meyar Ekspertiza” MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (daşınmaz əşyanın ölçüsü 230.80 kv.m) 1 kv.metrinin qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: 1 kv.m: 7500 manat. ünvan 4, zirzəmi, 6 saylı qaraj (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (daşınmaz əşyanın ölçüsü 230.80 kv.m) 1 kv.metrinin qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: 1 kv.m: 7600 manat.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-84/2025 saylı, 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390.4, 425.1, 752.1, 762.1; Şəhərsalma və Tikinti Məcəlləsiinin 59.2, 59.3 Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə tərəflər arasındakı mövcud hüquq münasibətləri xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr əsasında yaranmışdır. Həmin müqavilələrin 1-ci bəndinə uyğun olaraq Sərmayəçi" İddiaçı, Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində iştirak etməyi, "İcraçı” yaşayış binası istifadəyə verildikdən sonra "A” Bloku 1 və 2-ci mərtəbələrdə ümumi sahəsi 400 və 120 kv.metr olan qeyri-yaşayış sahələrinin "Sərmayəçi”yə verilməsini öhdəsinə götürmüşdür. Müqavilələrin 3.2.7-ci bəndlərinə görə, daşınmaz əmlakın ümumi sahəsinin dəqiqləşdirilməsi hər iki tərəfin birgə iştirakı ilə tikinti işlərinin son mərhələsi qurtardıqdan sonra aparılacaqdır. Daşınmaz əmlakın ümumi sahəsinin ölçüsü dedikdə fasad, divar və konstruksiyaların, mənzillər, qeyri-yaşayış sahələri, ara divarlar, pilləkən meydançasının divarlarının daxili üzü başa düşülür. Mənzilin ümumi sahəsində (mətbəx, tualet, hamam) keçən su və kanalizasiya xətlərinin, havalandırma şaxtalarının sahələri, beton pərdələrin və sütunların sahəsi mənzilin ümumi sahəsinin ölçüsünə aid edilir. Mənzillərdə (qeyri-yaşayış sahələrində) quraşdırılmış daxili arakəsmələrin tutduğu sahə daşınmaz əmlakın ümumi sahəsi hesablanarkən ümumi sahəsinin ölçüsü kimi nəzərə alınır. Bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra qeyri-yaşayış sahələrini alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Hazırki iş üzrə məhkəmə tərəfindən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 22 dekabr 2020-ci il və 08 noyabr 2021-ci il tarixli müqavilələrin 3.2.7-ci bəndləri nəzərə alınmaqla qeyri-yaşayış sahələrinin hər birinin ayrı-ayrılıqda ümumi sahəsinin 230,8 kv.m. təşkil etdiyi, qeyri-yaşayış sahəsinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə isə hər birinin ayrılıqda ümumi sahəsinin 250,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Lakin hazırki iş üzrə tərəflər bağlanmış müqavilələrin 3.2.8-ci bəndlərində tərəflər müvafiq icra hakimiyyəti orqanı və ya digər təşkilatlar tərəfindən aparılan ölçmə metodları ilə tikinti mərhələsi başa çatdıqdan sonra hər iki tərəfin iştirakı ilə aparılan ölçmə metodları arasında yaranan fərqin nəzərə alınmayacağı barədə razılığa gəlmişlər. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə qeyriyaşayış sahəsinin ölçüsü ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Mübahisələndirilən müqavilələrdə isə tikinti mərhələsi başa çatdıqdan sonra müxtəlif ölçmə metodları ilə aparılan ölçmə zamanı yaranan fərqin nəzərə alınmayacağı şərtləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf tikinti mərhələsi başa çatdıqdan sonra hər iki tərəfin iştirakı ilə ölçmə aparılmadığını bildirsə də, cavabdehin nümayəndəsi qeyri-yaşayış sahələri təhvil verilərkən ölçmə aparıldığını, pilləkən meydançasının da nəzərə alınmalı olması barədə razılaşdıqlarını, eskiz layihədə və müqavilədə bunun nəzərdə tutulduğunu, lakin ölçmə aparılması ilə bağlı yazılı akt tərtib edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hər iki tərəfin izahatına əsasən 2021-ci ildə artıq binanın tikintisi başa çatmış, qeyri-yaşayış sahələri təhvil verilmiş, iddiaçı isə hər hansı pretenziya irəli sürmədən həmin sahələri qəbul edərək təmir işlərinə başlamışdır. Həmin sahə əvvəllər avtosalon kimi icarəyə verilmiş, sonradan əlavə 120 kv.metr sahə alınaraq, arakəsmələr əlavə edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, təhvil verilməli olan sahələrin qeyri-yaşayış sahələri olduğu nəzərə alınarsa, həmin sahələr təhvil alınan zaman onların sahələrinin müqavilə şərtlərinə uyğun olub-olmamasının ölçülməməsi ağlabatan deyildir. Hər bir halda müqavilədə hər iki tərəf sonradan müxtəlif ölçmə metodları ilə yaranan fərqin nəzərə alınmayacağını razılaşdırmışlar. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, İş № e-2(005)-84/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127; Mülki Məcəlləsinin 425.1.1, 442; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlarda 1-ci və 2-ci mərtəbənin ölçüləri ayrı-ayrılıqda 230.80 kv.m yazılmışdır. Bu isə o deməkdir ki, cavabdeh 520.0 kv.m qeyri-yaşayış sahəsinin pulunu alsa da, cəmi 461.6 kv.m sahə vermişdir. Belə olan vəziyyətdə cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə öhdəliyini icra etməməsinə baxmayaraq, məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddənin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Baxmayaraq ki, cavabdeh tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahələri ölçülərək iddiaçıya təhvil verilməmişdir (bu səbəbdən məhkəmə istənilən halda müqavilələrin 3.2.8-ci bəndlərinə istinad etməməli idi), tərəflər arasında bağlanmış müqavilələrin 3.2.8-ci bəndləri iddiaçının iradəsinə zidd olmaqla onun mənafeyini ciddi şəkildə pozduğu üçün KMP-nin qeyd olunan qərarının tələblərinə əsasən məhkəmə həmin bəndlərə istinad edərək iddianı rədd etmək əvəzinə həmin bəndləri etibarsız hesab etməli idi. Çünki Mülki Məcəllənin 420-ci maddəsinin tələblərinə əsasən, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: - 420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; - 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); - 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. - 420.3.2. Müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar. Lakin məhkəmə müqavilələrin 3.2.8-ci bəndlərini etibarsız hesab etməyərək qeyd olunan qərarın mahiyyətinə zidd qətnamə qəbul etmişdir. Tərəfindən xx.xx.2023-cü ildə iddia ərizəsilə məhkəməyə müraciət olunmuş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi barədə qərardad çıxarılaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əldə edilmiş, bundan sonra hakim tərəfindən qeyriyaşayış obyektinə yerli baxış keçirilmiş, daha sonra isə iş üzrə qiymətləndirmə rəyi əldə edilməsi barədə qərardad çıxarılaraq "xxxx" MMC-nin rəyi əldə edilmiş və bir il yarım ərzində məhkəmə bütün araşdırmaları apararaq yekunda müqavilələrin 3.2.8-ci bəndlərini nəzərə alaraq iddia tələbini təmin etməmişdir. Nəzərə alsaq ki, iddia ərizəsilə müraciət edən zaman tərəfindən müqavilələr məhkəməyə təqdim edilmiş və həmin 3.2.8-ci bənd də müqavilədə olmuşdur, onda belə çıxır ki, məhkəmə bir il yarım müddətdə “araşdırma” aparılması görüntüsü yaratmaq üçün işi uzatmışdır. Yox əgər əksinədirsə, yəni məhkəmə qanuni araşdırma aparmışdırsa, onda nəyə görə tikinti mərhələsi başa çatdıqdan sonra ölçmə aparılmayaraq qeyri-yaşayış sahələri təhvil verilməməsinə baxmayaraq qeyri-yaşayış sahələrinin ölçülərək qəbul edilməsi qənaətinə gəlmişdir. Üstəlik də bununla bağlı sübut sayılan yazılı tərtib olunmuş təhvil-təslim aktı mövcud deyil. Anoloji işlərlə bağlı məhkəmə təcrübəsində mübahisələndirilən yaşayış və ya qeyriyaşayış sahəsinin iddia edən tərəfə təhvil verilib-verilməməsi, təhvil verilmişdirsə bununla bağlı tərəflərin iştirakı ilə tərtib olunaraq imzalanmış təhvil-təslim aktının olması vacib şərt kimi yekun məhkəmə aktında öz əksini tapır. Məhkəmə iclasında demişdi, hazırda da qeyd edir ki, qeyriyaşayış sahələrinin təhvil verilməsi ilə bağlı cavabdehin qanuni təmsilçisi özü məhkəmədə iştirak edərkən hakimin sualına cavab olaraq bildirdi ki, qeyri-yaşayış sahələrini təhvil vermişəm, baxaram sənədlər olsa təqdim edərəm. Lakin sonradan cavabdeh tərəf belə bir təhvil-təslim aktının olmamasını, qeyri-yaşayış sahəsinin şifahi olaraq iddiaçıya təhvil verilməsini bildirmişdir. Həmin zaman o, bildirmişdir ki, şifahi qaydada qeyri-yaşayış sahələrinin təhvil verilməsi qanunda nəzərə alınmır, əgər bu cür olmuşsa belə, siz onu sübut etməlisiz. Baxmayaraq ki, qeyri-yaşayış sahələri iddiaçıya təhvil verilməmişdir, təhvil verilmiş olsaydı belə, yenə də tərəflər arasında bağlanmış müqavilələrin 3.2.8-ci bəndlərinə istinad edərək iddia tələbinin rədd edilməsi qanunsuzdur. Çünki iddiaçı hüquqşünas deyil, o müqavilələrin 3.2.8-ci bəndlərinin mahiyyətini başa düşməyə bilər. Lakin bu o demək deyil ki, həmin bənd müqavilədə varsa, cavabdeh 520.0 kv.m qeyri-yaşayış sahəsinin pulunu alaraq əvəzində 300 kv.m sahə versə belə, iddiaçı bununla razılaşmalıdır. Digər tərəfdən də həmin bəndlərə istinad edərək iddiaçının aldadılması ortaya dələduzluq cinayətinin olması faktını çıxarır. Belə çıxır ki, cavabdehin niyyəti əvvəlcədən iddiaçının maddi nemət hesab edilən pul vəsaitini əvəzsiz olaraq ələ keçirmək olmuş, daha doğrusu o cinayətdən yayınmaq məqsədilə onsuz da iddiaçı ilə müqavilə bağlayır deyə müqavilə bağlamaq görüntüsü yaradaraq əvvəlcədən niyyət edərək törətdiyi dələduzluq cinayətini pərdələdiyi üçün iddiaçının əmlakını talayaraq ona külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh qeyri-yaşayış sahələrini tərəflərin iştirakı ilə ölçü işləri aparılmaqla iddiaçıya təhvil versəydi, onda mübahisələndirilən qətnamə qanuni olardı. Lakin çox təəsüflər olsun ki, məhkəmə tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq araşdırma aparmaq görüntüsü yaradaraq işin faktiki hallarına və işdə olan sübutlara düzgün qiymət verməməklə Konstitusiyanın qeyd olunan maddəsinin tələblərini pozmuşdur. İddiaçı olaraq tərəfindən iddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı sübutlar təqdim olunmasına baxmayaraq məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Belə ki, istər iddiaçı olaraq təqdim etidiyi sübutlarla, istərsə də cavabdehin izahatları və etirazı ilə iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuş, müqavilənin şərtlərinə əsasən satıcı binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra qeyri-yaşayış sahələrini alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin bu dəlili işin hallarına münasibətdə qanuni və əsaslı hesab oluna bilməz. Çünki, tərəflər arasında olan müqavilələrin 3.1.7 və 3.2.6-cı bəndlərinə əsasən binanın inşası başa çatandan sonra təhvil-təslim aktı əsasında iddiaçıya təhvil verilməliydi. Müqavilə üzrə qeyriyaşayış sahələrinin dəyərinin ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı qeyri-yaşayış sahələrinin dəyərini tikinti başa çatdıqdan sonra deyil, tikinti davam edən müddətdə hissə-hissə həyata keçirmişdir. Bu isə bir daha onu təsdiq edir ki, cavabdeh qeyri-yaşayış sahələrini tərəflərin iştirakı ilə ölçü işləri aparılmaqla iddiaçıya təhvil verməmişdir. Beləliklə də, müəyyən edilmiş hallar iddia tələbinin təmin olunması üçün kifayət etsə də, məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddənin tələbini pozmuşdur. Bu hissədə məhkəmə bütün faktiki halları araşdırsa da, həmin hallara düzgün qiymət verməyərək qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan elə bir hal yoxdur ki, tərəfindən sübut edilməsin. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmənin qətnamədə gəldiyi nəticə düzgün deyildir. Məhkəmə tərəfindən işin bütün əhəmiyyətli və faktiki halları nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 cavabdeh tərəfindən mübahisənin barışıq yolu ilə həllinə dair hər hansı təklif edilmədiyini qeyd etməklə apellyasiya şikayəti ilə eyni məzmunda izahat vermiş,şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Qeyd: kollegiyanın iclasında bir dəfə iştirak edən cavabdehin nümayəndəsi barışıq əldə edilməsi mümkünlüyünü diqqətə çatdıraraq iclasın təxirə salınmasını xahiş etmiş və son məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); 420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

9. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən: 3.8. Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

10. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

12. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə görə “Sərmayəçi" İddiaçı, Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış binasının tikintisinin sərmayələşdirilməsində iştirak edir, “İcraçı” yaşayış binası istifadəyə verildikdən sonra “A” Bloku 1 və 2-ci mərtəbələrdə qeyri-yaşayış sahəsinin, ümumi sahəsi 400.0 m2 “Sərmayəçi”yə verilməsini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə “Sərmayəçi” göstərilən qeyri-yaşayış sahəsinə görə ödənişi 2 nömrəli əlavə ilə ödəyir (1 m2 dəyəri 850 manat olmaqla), sonra isə ümumi sahəsi 60.0 + 60.0 = 120,0 m2 “Sərmayəçi”yə verilməsinə öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə “Sərmayəçi” göstərilən qeyri-yaşayış sahəsinə görə ödənişi 2 nömrəli əlavə ilə ödəyir (1 m2 dəyəri 2000 manat olmaqla) tam ödəniş etmişdir və borcu yoxdur.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2, zirzəmi, 6 saylı qaraj (yeni qaydalarla: Az1008, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi (ümumi sahəsi 230,80 kv.m) və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 230,80) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

14. Birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan fərqli nəticəyə gələrək tərəflər arasında müqavilə münasibətlərin həqiqi formatını tam həcmdə müəyyən etmədən qeyd etmişdir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən bütün mühüm şərtlər barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə qeyri-yaşayış sahəsinin ölçüsü ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Mübahisələndirilən müqavilələrdə isə tikinti mərhələsi başa çatdıqdan sonra müxtəlif ölçmə metodları ilə aparılan ölçmə zamanı yaranan fərqin nəzərə alınmayacağı şərtləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf tikinti mərhələsi başa çatdıqdan sonra hər iki tərəfin iştirakı ilə ölçmə aparılmadığını bildirsə də, cavabdehin nümayəndəsi qeyri-yaşayış sahələri təhvil verilərkən ölçmə aparıldığını, pilləkən meydançasının da nəzərə alınmalı olması barədə razılaşdıqlarını, eskiz layihədə və müqavilədə bunun nəzərdə tutulduğunu, lakin ölçmə aparılması ilə bağlı yazılı akt tərtib edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hər iki tərəfin izahatına əsasən 2021-ci ildə artıq binanın tikintisi başa çatmış, qeyri-yaşayış sahələri təhvil verilmiş, iddiaçı isə hər hansı pretenziya irəli sürmədən həmin sahələri qəbul edərək təmir işlərinə başlamışdır. Həmin sahə əvvəllər avtosalon kimi icarəyə verilmiş, sonradan əlavə 120 kv.metr sahə alınaraq, arakəsmələr əlavə edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, təhvil verilməli olan sahələrin qeyri-yaşayış sahələri olduğu nəzərə alınarsa, həmin sahələr təhvil alınan zaman onların sahələrinin müqavilə şərtlərinə uyğun olub-olmamasının ölçülməməsi ağlabatan deyildir. Hər bir halda müqavilədə hər iki tərəf sonradan müxtəlif ölçmə metodları ilə yaranan fərqin nəzərə alınmayacağını razılaşdırmışlar.

15. Göründüyü kimi, birinci instansiya məhkəməsi istinad etdiyi müqaviləni tam tədqiq etməmişdir. Belə ki, Müqavilələrin 3.2.7-ci bəndlərinə görə, daşınmaz əmlakın ümumi sahəsinin dəqiqləşdirilməsi hər iki tərəfin birgə iştirakı ilə tikinti işlərinin son mərhələsi qurtardıqdan sonra aparılacaqdır. Daşınmaz əmlakın ümumi sahəsinin ölçüsü dedikdə fasad, divar və konstruksiyaların, mənzillər, qeyri-yaşayış sahələri, ara divarlar, pilləkən meydançasının divarlarının daxili üzü başa düşülür. Mənzilin ümumi sahəsində (mətbəx, tualet, hamam) keçən su və kanalizasiya xətlərinin, havalandırma şaxtalarının sahələri, beton pərdələrin və sütunların sahəsi mənzilin ümumi sahəsinin ölçüsünə aid edilir. Mənzillərdə (qeyri-yaşayış sahələrində) quraşdırılmış daxili arakəsmələrin tutduğu sahə daşınmaz əmlakın ümumi sahəsi hesablanarkən ümumi sahəsinin ölçüsü kimi nəzərə alınır. Müqavilənin 3.2.8-ci bəndində tərəflər müvafiq icra hakimiyyəti orqanı və ya digər təşkilatlar tərəfindən aparılan ölçmə metodları ilə tikinti mərhələsi başa çatdıqdan sonra hər iki tərəfin iştirakı ilə aparılan ölçmə metodları arasında yaranan fərqin nəzərə alınmayacağı barədə razılığa gəlmişlər. Birinci instansiya məhkəməsi bu müddəalara istinad etsə də, onların etibarlığını müəyyən etməmişdir. Belə ki, istinad edilən əqdlərin 3.2.3-cü bəndinə görə tikinti fəaliyyətini şəhərsalma haqqında Azərbaycan Respublikasının qanunvericiliyin və normativ-hüquqi aktlarının tələblərinə, tərtib olunmuş layihə sənədlərinə uyğun aparılmasını təmin etmək, habelə əqdin 3.2.5-ci bəndinə görə tikinti fəaliyyətinin keyfiyyətliyini yoxlamaq, həmin fəaliyyətin icrası ilə bağlı texniki nəzarət funksiyasını həyata keçirmək kimi cavabdehin öhdəlikləri təsbit edilmişdir. Buradan görünür ki, bu bəndlər məhkəmənin istinad etdiyi mücərrəd bəndlərlə ziddiyyət təşkil edir və cavabdehin şəhərsalma qaydalarına müvafiq tikinti fəaliyyəti aparmasını təmin etmək öhdəliyini müəyyən edir. Bu isə o deməkdir ki, şəhərsalma qaydalarına müvafiq dövlət reyestrində qeydə alınmış qeyri-yaşayış sahəsinin ölçüləri iddiaçıya müqavilə üzrə təqdim edilməli olan sahə ölçüləri ilə eynilik təşkil edilməlidir.

16. Qeyd edilməlidir ki, Dövlət reyestrindən verilmiş çıxarışlarda 1-ci və 2-ci mərtəbənin ölçüləri ayrı - ayrılıqda hər biri 230.80 kvadratmetrlə yazılmış, cavabdeh isə 520.0 kvadratmetrlə qeyriyaşayış sahəsinin pulunu alsa da, cəmi 461.6 kvadratmetrlə sahə vermişdir. Bundan əlavə, cavabdeh tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahələri ölçülərək iddiaçıya təhvil verilməmiş, müqavilələrin mücərrəd olan 3.2.8-ci bəndinin tələblərini özü yerinə yetirməmişdir. Halbuki, müqavilələrin 3.2.8-ci bəndləri Müqavilənin standart şərtlərindən kənara çıxaraq vicdanlılıq prinsiplərinə zidd olaraq sui-istifadəyə şərait yaradan müddəalar kimi etibarsızdır.

17. Belə olan halda, məhkəmə kolegiyası hesab edir ki, cavabdeh MTK müqavilə öhdəliklərini tam icra etməmiş və 520 kvadratmetr sahənin pulu iddiaçı tərəfindən ödənilsə də, cavabdeh müqavilədə nəzərdə tutulan sahədən daha az sahə verməklə müqavilə öhdəliklərini pozmuşdur.

18. Diqqətə çatdırılmalıdır ki, iddia tələbinin hazırki dövrə olan qiymətlə hesablanma əsasları zərərlə (əldən çıxmış fayda ilə) bağlı ola bilər ki, zərərlə bağlı tələb mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, tələbin predmeti və əsası müqavilə üzrə öhdəliklərin pozulmasından irəli gələn mübahisə olduğundan və məhkəmənin tələbdən kənar müzakirənin aparılmasının prosessual yolverilməzliyi nəzərə alınaraq, yaşayış sahəsinin dəyərini tərəflər arasında son müqavilə əsasında baş tutmuş əqd üzrə müəyyən edilmiş qiymət, yəni 2000 manat əsasında hesablanmalı olması qənaətinə gəlir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi qismən təmin edilməklə, Cavabdeh MTK-dan İddiaçı təhvil verilməli olan 58,4 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 116800 (58.4 x 2000) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 732 və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 366 manat olmaqla, ümumilikdə 118898 (yüz on səkkiz min səkkiz yüz doxsan səkkiz) manat pul Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməlidir.

20. Eyni zamanda iş üzrə məhkəmə xərcləri, habelə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin ödənilməsi cavabdehə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-84/2025 saylı işi üzrə 28 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı təhvil verilməli olan 58,4 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 116800 (yüz on altı min səkkiz yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 (bir min) manat, dövlət rüsumu kimi ödənilmiş 732 (yeddi yüz otuz iki) və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 366 (üç yüz altmış altı) manat olmaqla, ümumilikdə 118898 (yüz on səkkiz min səkkiz yüz doxsan səkkiz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi(“Elektron Məhkəmə” informasiya Sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar