Məhkəmə qərarları › İş №2(103)-4476/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4476/2023

19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4476/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 14.03.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 (X7 X8 verdiyi etibarnamə əsasında sonuncunun X3 verdiyi etibarnamə ilə onun adından X9 çıxış etmişdir) ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini (bundan sonra – mübahisəli torpaq sahəsi) İddiaçı (onun adından X4 çıxış etmişdir) satmış, torpaq sahəsi sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri 12-ci Dövlət Notariat Kontorunun xx.xx.2009-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə (AR-İ №045345) X11 tərəfindən X8 verilmiş etibarnamə həmin tarixdə Bakı şəhəri 12 saylı DNK tərəfindən rəsmiləşdirilməmişdir və heç bir qeydiyyat aparılmamışdır.

3. Əzizbəyov Rayon Məhkəməsinin 2(003)-648/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha 5/102 nömrəli torpaq sahəsinə dair X7 adına tərtib edilmiş, xx.xx.2007ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilmişdir.

4. Əzizbəyov Rayon Məhkəməsinin 1(003)-422/2009 saylı xx.xx.2009-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X5 ...X7 adından X8 xx.xx.2007-ci il tarixdə verilmiş AR- 1 seriyalı 046663 saylı etibarnaməni, X2 adından X8 xx.xx.2007-ci il tarixdə verilmiş AR- 1 seriyalı 046663 saylı etibarnamələrini saxtalaşdıraraq K.Ş.Şükürova və A.A.Dadaşova verilmişdir ki, onlar həmin hüquq verən rəsmi sənədlərdən istifadə edərək saxta sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək “Torpaq sahələrinin planları və ölçüləri” sənədini əldə etmişlər.

5. MH ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 2670 saylı sahə Cavabdeh adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin plan və ölçüsü Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi bağ massivində Cavabdeh Bakı şəhər İH-nin bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1998-ci il tarixli 788 saylı Protokoluna və Əzizbəyov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(003)-648 saylı qətnaməsi əsasında verilmişdir.

6. Torpaq sahəsi hazırda Cavabdeh xüsusi mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/102 saylı sahə ünvanında yerləşən torpaq sahəsinin boşaldılması, cavabdehin həmin torpaq sahəsindən məcburi çıxarılması və torpaq sahəsi üzərində inşa olunmuş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 mart 2008-ci il tarixli, AN-İ ******* sayll alqı-satqı müqaviləsi ilə ünvan 2 ünvanında, təyinatı yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmuş ərazidə 0,12 ha torpaq sahəsi almış və adına çıxarış verilmişdir. Torpaq sahəsini aldıqdan sonra tərəflərindən hasarlama işləri həyata keçirilmişdir. Torpaq sahəsini hasarladıqdan sonra bir müddət sözü gedən torpaq sahəsindən istifadə etmək imkanı olmamışdır. Sonradan, yəni 2021-ci il tarixdə sözü gedən həyətyanı torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, torpaq sahəsinin üzərində qanunsuz olaraq müxtəlif tikinti işləri aparılmış, fərdi yaşayış evi inşa olunmuşdur. Bununla da cavabdeh onun öz mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneçilik törədərək mülkiyyət hüquqlarını pozmuşdur.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-430/2023) iddia təmin olunmamışdır.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməklə hazırda cavabdehin mülkiyyətində olduğundan, həmçinin mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair sənədlərin saxta sənədlər əsasında rəsmilədirilməklə iddiaçı Nailə Hüseynovaya satıldığı müəyyən edildiyindən iddia tələbi təmin edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 82.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinin dayaq nöqtələri göstərilməklə mübahisəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi və iddiaçıya məxsus torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi barədə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə vəsatət məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə vəsatətə heç bir münasibət bildirmədən qərar qəbul edərək iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Vicdanlı alıcı olmaqla alqı-satqı zamanı qanun pozuntusuna yol verməmiş, torpaq sahəsi üzərində qanuni yollarla mülkiyyət hüququ əldə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.1-152.4. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmamaı və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

23. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(003)-422/2009 saylı xx.xx.2009-cu il tarixli hökmü ilə mübahisəli torpaq sahəsinin saxta sənədlər əsasında X6 adına rəsmiləşdirməklə İddiaçı satıldığı müəyyən edilmişdir. Eyni zamanda, qanuni qüvvəyə minmiş 2(003)-648/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsinin X7 adına tərtib olunmasına dair xx.xx.2007-ci ildə 3812 nömrəsi ilə uçota alınmış A №021592 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”də etibarsız hesab edilmişdir. Həmin qətnamə əsasında cavabdehə mübahisəli əmlaka dair plan və sxem verilmişdir.

24. Göründüyü kimi, sözügedən məhkəmə aktları ilə iddiaçının torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinin qanuniliyinə hüquqi qiymət verilmişdir.

25. Hazırkı iddia tələbində isə iddiaçı özünün əmlaka mülkiyyət hüququ mübahisəli olduğu halda, cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edir.

26. Halbuki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol vermir.

27. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

28. Mülki prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

29. Məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı işdə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

30. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqedən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

31. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 88-ci maddələri).

32. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

33. Apellyasiya şikayətində tutarlı hər hansı bir dəlil qeyd olunmamışdır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən həm iddianın, həm də apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, bu dəlillər formal mülahizə xarakterli olmaqla nə iddianın, nə də apellyasiya şikayətinin təmin olunması üçün əsas vermir.

35. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar