Məhkəmə qərarları › İş №2(103)-4477/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4477/2021

28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4477/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 10 mart 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhəri, Nəsimi rayon Bələdiyyəsi arasında “bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında ünvan 1 ünvanında onun istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X2 tərəfindən zəbt olunmuşdur. Həmin hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin qeyd olunan torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia təmin tədbiri barədə ərizə verərək, gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli 55 saylı əmrinə əsasən ünvan 2 ünvanda yerləşən və İddiaçı istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsində söküntü, tikinti, habelə digər hərəkətlərin edilməsinin cavabdehlər Cavabdeh1 və X2 və üçüncü şəxslərə qadağa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 10 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 30 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Ş.Süleymanova şikayət ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh A.Məmmədli məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin fikirlərini dinləyib mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə mindiyi üçün birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianın təmin tədbiri barədə qərardadı ləğv etməkdə haqlı olmuş, bu səbəbdən də şikayət təmin edilmədən, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 10 mart 2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar