Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4478/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, 31 may 2023-cü il tarixli qərardadından Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çox mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 124 saylı mənzilin iddiaçıya təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin həmin hüquqi şəxsin apellyasiya şikayəti vermək hüququna malik olan şəxs (subyekt) kimi qəbul edilibedilməməsi məsələsinə baxılması və bununla bağlı müvafiq qərardad qəbul olunması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC şikayət həmin qərardaddan şikayət vermiş, şikayət təmin olunmamış, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verilmişdir. Maraqlı şəxs ASC apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 saylı iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsinin maraqlarına toxunduğunu qeyd etsə də, bu barədə apellyasiya şikayətinə hər hansı bir sübut əlavə etməmişdir. Halbuki, iddiaçının özünün birinci instansiya məhkəməsində verdiyi və qətnamədə də yer aldığı izahatından görünür ki, mübahisəli mənzillə bağlı daha əvvəldən iddiaçı ilə Maraqlı şəxs ASC arasında müəyyən mübahisə mövcud olmuşdur. Belə ki, iddiaçı həmin mənzilin Maraqlı şəxs ASC-nin saibliyində olmasını, sonuncu tərəfindən giriş qapısının bağlanmasını və s. bildirmişdir. Eyni zamanda, işə daha əvvəldən (hələ işə baxılarkən) Cavabdeh MMC ilə Maraqlı şəxs ASC arasında mübahisəli ərazidə yerləşən 0,40 ha torpaq sahəsi üzərində olan hüquqların girov qoyulması barədə müqavilə də əlavə olunmuşdur. Belə olan halda isə, Maraqlı şəxs ASC işə baxılan zamanı ümumiyyətlə icraata cəlb olunmamışdır. Maraqlı şəxs ASC şikayətdə də göstərmişdir ki, hazırki iş üzrə qətnamə qəbul edilməmişdən əvvəl Cavabdeh MMC-nin şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 3 otaqlı 124 saylı mənzil Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən Maraqlı şəxs ASC-yə təhvil verilmiş və bu barədə akt tərtib olunmuşdur. Həmin vaxtdan da Maraqlı şəxs ASC sözügedən mənzilə faktiki sahiblik edir, mənzilə qapı qoyulmuş, mühafizə ilə təmin edilmişdir. Göründüyü kimi, iddiaçının bildirdikləri ilə apellyasiya şikayətində dəlillərində göstərilən müəyyən hallar eynilik təşkil edir. Maraqlı şəxs ASC apellyasiya şikayətinə həmçinin müəyyən sənədlər (məhkəmə qərarı və s.) təqdim edərək, mübahisəli mənzilin məhkəmə qərarının icrası zamanı ona təhvil verilməsini bildirmiş, lakin birinci instansiya məhkəməsi həmin sənədlərə lazımi qaydada hüquqi qiymət verməmiş, məsələyə formal yanaşmış, qərardadı bu istiqamətdə əsaslandırmamışdır. Bununla yanaşı, məhkəmə şikayətdə göstərilən hallarla bağlı zərurət olduğu halda, tərəflərin dinlərilmə hüququnu təmin etməmiş, mübahisəli mənzilin Maraqlı şəxs ASC-yə təhvil verilməsi ilə bağlı müvafiq icra sənədlərini də əldə etməmişdir. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd edilməlidir ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Birinci instansiya məhkəməsi isə qətnamənin ərizəçinin hüquq və vəzifələrinə toxunmaması barədə qərardad qəbul etməsinə baxmayaraq, qərardad əsaslandırılmamış, təqdim olunmuş, eləcə də əvvəldən işdə olan sənədlərə hüquqi qiymət verməmiş, məsələyə formal yanaşılmışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə mürajiət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs ASC tərəifndən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 398.0.2, 395, 397-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5429/2022 nömrəli, 31 may 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs ASC tərəifndən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4478/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4478/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver