Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-448/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad edilməsi haqqında Cavabdeh MMC-nin 23 yanvar 2020-ci il tarixli əmrinin ləğv edilməsi, “elektrik” işinə bərpa edilməsi və məcburi işburaxmaya görə məcburi ödənişlər çıxılmaqla işə bərpa olunanadək əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus «Binə» Ticarət Mərkəzində iş zamanı transformatorda baş vermiş yanğın nəticəsində xəsarət almışdır. Ticarət mərkəzinin rəhbərliyinin tapşırığına əsasən özlərinə məxsus klinikada müalicə olunmuş və bu barədə əlaqədar təşkilatlara məlumat verməmişdir. 2019-cu ildə ürəyində yaranmış problemlə bağlı müalicə olunduqdan sonra səhhəti bəhanə gətirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən azad olunmuşdur. Ona görə hesab edir ki, işdən azad edilmə barədə əmr ləğv edilməli, o, işə bərpa edilərək, məcburi işburaxma müddəti üçün ona müvafiq əmək haqqı ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, işdən azad edilməsi üçün heç bir qanuni əsas olmayıb. Odur ki, həmin işə bərpa edilməklə yanaşı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(002)-1679/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əsaslandırmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci və Mülki Prosessual Məcəlləsinin 375.2-ci maddələrinə istinad etmişdir. İddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(002)- 1679/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə nəzərdə tutulan müddət onun tərəfindən üzrsüz səbəbdən deyil, üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, cavabdeh onu işdən azad etdikdən sonra Cavabdeh MMC-nin rəhbərliyi dəfələrlə onu qəbuluna çağıraraq aidiyyəti üzrə işlə təmin edəcəklərinə söz versələr də, süründürməçilik etmiş və vaxtında işi məhkəmə qaydasında mübahisələndirməyinə əngəl olmuşlar. Hər dəfə onlara inanaraq məhkəməyə müraciət etmək fikrindən daşınsa da, sonda onu heç bir işlə təmin etməmişlər. Yekunda məhkəməyə müraciət etsə də, qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən ötürülmüşdür. Bununla yanaşı, baş vermiş hüququ pozuntusu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə şikayət etmişdir. Müvafiq qurumun 10.02.2021-ci il tarixli qərarı ilə onun işdən azad edilməsi qanunsuz hesab edilmiş və cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şükayətini müdafiə etdi və onun məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 01.09.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də yüksək gərginlik üzrə elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur. 20 sentyabr 2019-cu il tarixli, 33 saylı əmrə əsasən İddiaçı növbəti məzuniyyətə buraxılmış, 04 noyabr 2019-cu il tarixdən məzuniyyətinin sona yetməsi ilə əlaqədar işə qayıtmalı olduğu halda, həmin tarixdən xəbərdarlıq tərtib olunmuş günə qədər növbətçilik cədvəli üzrə heç bir üzrlü səbəb göstərmədən işə çıxmayaraq, iş qrafikini pozmuşdur. Onunla əlaqə saxlanılıb bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə idarəyə dəvət edilsə də, İddiaçı müxtəlif bəhanələr gətirərək idarəyə gəlməmiş və Bakı şəhərində olmadığını bildirmişdir. Hansı səbəbdən növbətçilik üzrə işə gəlməməsinin səbəbini araşdırdıqda, iddiaçı heç bir əsaslı dəlil gətirə bilməmişdir. İddiaçıya məsələ ilə əlaqədar təkrar məlumat göndərilmiş və nəticə olmadığı təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozmuş hesab ediləcəyi sonuncunun nəzərinə çatdırılmışdır. Həmin məsələyə aydınlıq gətirilməsi məqsədi ilə idarəyə gəlməsi məsləhət görülmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin direktor müavini, mühasib, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə səlahiyyətli şəxs və hüquqşünas tərəfindən 21 yanvar 2020-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, İddiaçı 20 sentyabr 2019-cu il tarixdə növbəti məzuniyyətə buraxılmış, 04 noyabr 2019-cu il tarixdə məzuniyyətinin sona yetməsi ilə əlaqədar işə çıxmalı olsa da, həmin tarixdən akt tərtib edilən tarixədək heç bir üzrlü səbəb göstərmədən işə çıxmamış, bununlada iş qrafikini və Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Dəfələrlə onunla əlaqə saxlayıb bu məsələlərə aydınlıq gətirməsi məqsədi ilə idarəyə dəvət edilsə də, o, müxtəlif bəhanələrlə işə gəlməmiş və Bakı şəhərində olmadığını bildirmişdir. Bu məsələ ilə əlaqədar ona təkrar məlumat göndərilməsi, nəticə olmadığı təqdirdə isə Azərbayvan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh MMC üzrə verilmiş 23 yanvar 2020-ci il tarixli, 10 saylı əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 21 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Cavabdeh MMC-nin direktoru tərəfindən 23 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə səbəb isə iddiaçının üzrlü səbəb olmadan işi buraxması olmuşdur. Cavabdeh 2020-ci ilin yanvar ayında əmək kitabçasını cavabdehin nümayəndəsindən qəbul etmiş, lakin hazırkı iddia tələbi ilə məhkəməyə 04 may 2021-ci il tarixdə, yəni bundan 1 il 3 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. İddiaçı nə birinci instansiya məhkəməsində icraat zamanı, nə apellyasiya şikayəti verərkən, nə də apellyasiya icraatı zamanı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddətin onun tərəfindən ötürüldüyünü mübahisələndirməmiş, yalnız müddəti ötürməsinin üzürlü səbəblərdən baş verməsini bildirmişdir. Üzürlü səbəb kimi, iddiaçı ilk növbədə Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri tərəfindən ona işlə təmin olunacağının vəd edildiyini, habelə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı onun tərəfindən X5 müraciət edilməsi ilə izah etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən isə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Qərarında Məhkəmə vurğulamışdır ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. X3 Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar məsələlərə aydınlıq gətirilməsi məqsədilə qeyd etmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarındakı hüquqi mövqedən yanaşaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılmasının üzürlü səbəbdən ötürülməsi ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər – onun tərəfindən X5 müraciət edilməsi, habelə cavabdehin səlahiyyətli şəxsləri tərəfindən onun işlə təmin ediləcəyinə dair vədlər verməsi kimi hallar əslində bu müddətin ötürülməsinin üzürlü hesab edilməsinə əsas ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarında da qeyd edildiyi kimi, X7 Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək mübahisəsini həll edən orqan deyildir. Həmçinin, cavabdehin onu işlə təmin etmək vədi ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, işdə olan sənədlərdən Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya belə iş təklifləri edilmişdir. Lakin iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından da göründüyü kimi, bu təkliflər ona 2019-cu ilin sonlarından başlayaraq edilmiş, lakin iddiaçı həmin təklifləri qəbul etməmişdir. Yuxarıda qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüş, müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(002)-1679/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-448/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-448/2022
13.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver