Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4480/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – cavabdehlər X5 və MN HDQ N nömrəli hərbi hissəsinə qarşı iş üzrə (Açar sözlər: «işə bərpa və s. ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsin nümayəndəsi və vəkili X1 iştirakı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 saylı, 11 may 2023-ci il tarixli qətnaməsindən cavabdeh MN HDQ N nömrəli hərbi hissəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı 2016-cı ilin noyabr ayından Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində mülki işçi kimi texniki nəzarət bölməsinin nəzarət ustası vəzifəsinə işə qəbul olmuş, 2021ci ilin fevral ayının sonlarından hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis texnoloqu vəzifəsinə keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin N saylı, N sentyabr 2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “d” bəndində işdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun öz işinə bərpa olunmağı və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, xx.xx.2022-ci il tarixində verilən 224 nömrəli əmrin ləğv edilməsini, işə bərpa olunmağını, ona dəyən maddi ziyanın ödənilməsini, 8 ay ərzində borc alıb yaşamağını nəzərə alaraq, ona dəyən ziyanın 9600 (doqquz min altı yüz manat) məbləğində ödənilməsi, məcburi iş buraxdığı vaxt üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda İlkin Veyisov barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı - cavabdeh X5 qarşı işə bərpa tələbinə dair mülki iş üzrə cavabdeh X6 əsl cavabdeh MN HDQ N nömrəli hərbi hissə ilə əvəz edilmiş, lakin növbəti məhkəmə iclasında iddiaçının ərizəsi əsasında X6 da cavabdeh qismində cəlb edilmişdir.
5. İddianın əsasları ondan ibarət olmuşdur ki, işdən çıxarılması qəsdən olmuş və işinə qeyri-qanuni xitam verilmişdir. Belə ki, guya o, Rusiyaya icazəsiz getmiş, buna görə də onu vətən xaini damğası vuraraq dövlət sirrini yaymaqda günahlandıraraq əmək müqaviləsinə xx.xx.2022-ci il 224 nömrəli əmrlə xitam vermişlər. 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 saylı, 11 may 2023-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin N saylı, N sentyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı N nömrəli hərbi hissədə N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsinə bərpa olunması, xx.xx.2022-ci il tarixdən işə bərpa edilən günədək İddiaçı N nömrəli hərbi hissə tərəfindən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisələndirilən əmrin əsaslandırılmasına qiymət verməzdən əvvəl onun tərtib edilməsi zamanı yol verilmiş pozuntuları diqqətə çatdıraraq hesab etmişdir ki, əmr Əmək Məcəlləsinin 76 və 84-cü maddələrinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, əmrdə faktiki olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı üçün 2 əsas yəni, həm işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini özündə ehtiva edən ƏM-in 70-ci maddəsinin “ç” bəndi, həm də qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsini ehtiva edən 72-ci maddəsinin “d" bəndi ayrı-ayrılıqda göstərilmişdir. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə iki əsası ehtiva edir: 1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2. yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Başqa sözlə, qanunverici bu iki normanın birlikdə tətbiq edilməsini nəzərdə tutmamışdır. Cavabdeh bu iki əsasdan birinə istinad edə bilərdi. Belə ki, əgər işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini təsdiq edən hallar mövcuddursa, belə olan halda Məcəllənin 70-ci maddəsinin “ç” bəndi müstəqil qaydada tətəbiq edilə bilərdi və 72-ci maddəsində sadalanan hallardan biri olan “d” bəndini tətbiq etməyə ehtiyac yox idi, yox əgər sonuncu normada göstərilən kobud pozuntu faktı mövcuddursa, belə olan halda isə həmin normanı müstəqil qaydada deyil, 70-ci maddənin “ç” bəndinin tərkib hissəsi kimi qeyd etmək lazım idi. Hər iki normada göstərilən əsaslar mövcud olduqda belə, qanunvericiliyin tələbinə əsasən, işçi ilə müqavilənin xitamı barədə əmrdə yalnız bir əsas göstərilməlidir. Bundan başqa, əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməli olduğu halda, əmrin verilməsi əsası kimi heç bir sənəd göstərilməyərək, əsas kimi yalnız Əmək Məcəlləsinin 70 və 72-ci maddələri qeyd edilmişdir ki, bu hal da məhkəmə tərəfindən əmrin tərtibatı zamanı yol verilmiş nöqsan kimi qiymətləndirilmişdir. Cavabdeh tərəf mübahisələndirilən əmrin verilməsinin əsası kimi izahatlarında İddiaçı “Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi haqqında» xx.xx.2016-cı il tarixli Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi, məzuniyyət müddətində məlumat vermədən xx.xx.2022-ci il tarixdə RF-na səfər etməklə Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında» Təlimatın tələblərini pozduğu, «İşçilərin davamiyyətinin uçotu kitabı»nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə saxta qeydlər apardığı, Müdafiə Nazirinin 24 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə» Təlimatın tələblərini pozması kimi hallara istinad edərək, iddiaçının əmək fəaliyyəti zamanı intizam məsuliyyətinə səbəb olan və işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsaslar yaradan əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2022-ci il tarixli, 224 nömrəli əmrin qanuna uyğun şəkildə qəbul edilməsini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən intizam tənbehi verilməsi üçün bir aylıq müddət buraxılmışdır. Belə ki, intizam tənbehinin verilməsi qaydaları və müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Qeyd edilən maddənin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci hissəsinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz (3-cü hissə). Araşdırma zamanı intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən, yəni iddiaçıdan yazılı izahatın alınmaması da müəyyən edilmişdir. Bununla bağlı, iş materiallarında olan iddiaçının əmri və əmək kitabçasını almaqdan imtina etməsinə və bununla bağlı aktı imzalamasına dair xx.xx.2022-ci il tarixli akt tərtib olunsa da, onun intizam tənbehi ilə izahat verməkdən imtina etməsinə dair akt məhkəməyə təqdim edilməmişdir. Bu isə intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin iddiaçıdan yazılı izahatının alınmamasını təsdiq edir. Cavabdeh tərəf, İddiaçı icazəsiz olaraq 06-17 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasına və 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsi ilə yanaşı, Əmək Müqaviləsində əlavə olaraq öz imzası ilə təsdiq etdiyi "Dövlət sirri haqqında 83 nömrəli təlimatın 113-cü bəndinə aid müqavilənin də şərtlərini pozması barədə Daxili Təhlükəsizlik İdarəsinin 7/02179 nömrəli 30 avqust 2022ci il tarixli məktubu daxil olduqdan sonra məlumatlı olduqlarını bildirsə də, məhkəmə iddiaya etirazın bu dəlilinə tənqidi yanaşaraq cavabdeh tərəfin iddiaçının göstərilən tarixlərdə sözügedən dövlətlərə getməsi barədə məlumatlı olmamalarına dair dəlillərini inandırıcı hesab etməmişdir. Məhkəmə əmək müqaviləsinə qoşma olan xx.xx.2016-cı il tarixli «Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi barədə müqavilə»nin iddiaçının üzərinə götürdüyü öhdəliklər arasında anketə bilərəkdən yalan məlumatlar verməməsi və tərcümeyi halla bağlı dəyişiklikləri barədə məlumat verilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərcümeyi halını, anket məlumatlarını xx.xx.2016-cı ildə yazarkən onun məhkumluğunun olubolmamasına dair məlumatların düzgünlüyünü yoxlamaq işə qəbul zamanı araşdırılan hallara aid idi. İşin materiallarından görünür ki, iddiaya olan etirazın digər əsası kimi cavabdeh onun hərbi hissə komandirinə ərizə ilə müraciət edərək 19-xx.xx.2022-ci il tarixlərində Gürcüstan Respublikasına səfər edəcəyini göstərdiyi halda, xx.xx.2022-ci il tarixdə iş vaxtından sonra, həmin ölkəyə səfər edərək 17-xx.xx.2022-ci il tarixlərində iş yerinə gəlməməsinə, xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra, “İşçilərin davamiyyətinin uçotu kitabında 17-xx.xx.2022-ci il tarixlərində işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə onun iş yerində olması kimi saxta qeydlər aparmasına və bununla əmək intizamını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozaraq 2 (iki) iş günü 103 (yüz üç) manat 64 qəpik əlavə qazanc əldə etməsinə də istinad etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2022-ci il fevralın 7-də bacısı X4 rəhmətə getdi. Buna görə də xx.xx.2022-xx.xx.2022-ci il tarixinə növbəti məzuniyyət götürdü. Ərizədə bacısının rəhmətə getməsi ilə əlaqədar olaraq Gürcüstana gedəcəyini bildirdi. Cavabdeh tərəf iddiaçının bu göstərdiyi xüsusatları mübahisələndirməmiş, təkzib edəcək hər hansı bir sübut növü də məhkəməyə təqdim etməmişdir. Bu isə məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının bacısı Qurbanova Zöhrə 07 fevral 2022-ci il tarixində ölməsi ilə bağlı onun Gürcüstan Respublikasına getməsi üçün xx.xx.2022-xx.xx.2022-ci il tarixində növbəti məzuniyyət götürmüşdür. Başqa sözlə, iş yerində iddiaçının bacısının yas mərasiminin Gürcüstan Respublikasında keçirilməsi məlum idi. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri saymışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra, “İşçilərin davamiyyətinin uçotu kitabında 17-xx.xx.2022ci il tarixlərində işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə onun iş yerində olması kimi qeydlər aparması özbaşına olmamaqla, ona bunu etməyə şərait yaradaraq icazə vermiş “İşçilərin işə davamiyyətinin uçotu kitabı”na məsul şəxs olan sexin tabelçisi Fəridə Abdullayevanın prokurorluqda verdiyi izahatında göstərilənlər nəzərə alınmalıdır. Belə ki, o, izahatında yuxarıda qeyd olunan tarixlərdə İddiaçı şifahi formada hərbi hissə komandirindən icazə almasını ona dediyini, həmçinin sonuncunun bacısının yas mərasimi və ümumi maddi vəziyyətini nəzərə alıb imza etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsini nöqsan kimi göstərsələr də, nədənsə iddiaçının bacısının vəfat etdiyi dönəmdə bununla əlaqədar olaraq Gürcüstana getməsinə irad bildirilmir. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının 17 və 18 mart 2022-ci il tarixlərdə işə çıxmayaraq məlumat vermədən Gürcüstan Respublikasına getməsini göstərsə də, onun həmin tarixlərdə iş yerində olmaması aşkar hal idi və onun sonradan “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda imza etdiyini və buna da kitaba məsul şəxs olan sexin tabelçisi Fəridə Abdullayevanın razılığı ilə həmin günlərdə onun iş yerində olması kimi qeydlər aparıb-aparmamasından asılı olmayaraq cavabdehin iddiaçının sözügedən tarixlərdə iş yerində olmaması barədə məlumatının olmaması qətiyyən inandırıcı deyildir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı 17 və 18 mart 2022-ci il tarixlərində işə çıxmayaraq onun “İşçilərin işə davamiyyətinin uçotu kitabı”nda iş yerində olması kimi qeydlər aparmasına icazə verən sexin tabelçisi Fəridə Abdullayevanın bu pozuntu ilə əlaqədar izahatının alınmasına və ya inzibati tənbehə məruz qalmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sənəd-sübut da təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı bacısının 40 yas mərasiminin göstərilən tarixlərə təsadüf etməsi bəlli haldır və belə olan halda onun rəhbərliyə xx.xx.2022-ci ildə ərizə yazaraq 19 martdan icazə almasına baxmayaraq 16 mart 2022-ci il tarixdə Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsinə dair irəli sürülən dəlillər əsassızdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı Abuzər oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələbləri pozularaq xitam verildiyi üçün N nömrəli Hərbi Hissənin komandiri vəzifəsini icra edən X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, X7 Xidmətinin göstərilən qərarı cavabdeh tərəfindən mübahisələndirilsə də, hazıradək bununla bağlı yekun məhkəmə qərarı qəbul edilməmişdir. Lakin X7 Xidmətinin mövqeyi yuxarıda göstərilən kimi olmuşdur. İşin bu göstərilən halları, iddiaçının 2022-ci ilin 06-17 yanvar tarixlərində və 2022-ci ilin 16-22 mart tarixlərində əmək funksiyanı pozmasına dair məsələlərə Həmkarlar İttifaqı Komitəsində baxılaraq məhz xx.xx.2022-ci il tarixində qərar qəbul edilməklə bununla bağlı əmr verilməsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinin aşkar surətdə pozulmasını bir daha təsdiq edir. Məhkəmə hesab etmişdir ki, N nömrəli hərbi hissə ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında N saylı, N sentyabr 2022-ci il tarixli əmrin verilməsinə əsas kimi göstərilmiş halların mövcudluğu məhkəmə baxışı zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Sözügedən halların mövcudluğu halında belə məhkəmə hesab edir ki, cavabdehin intizam tənbehini iddiaçı tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay (06-17 yanvar tarixlərində Rusiya FR-na getdiyi vaxtdan nəinki 1 ay, 6 ay) keçdikdən sonra verilməsi faktı iddianın mübahisələndirilən əmrin qanunsuz olması nəticəsinə gəlməyə hüquqi əsas yaradır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən əmrin qanunsuz olaraq verilməsi nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri saymışdır. Cavabdeh tərəfi iddia müddətinin tətbiqinə dair ərizəsinin əsası kimi iddiaçının xx.xx.2022-ci ildə onun barəsində əmrin verilməsini bildiyi halda xx.xx.2023-ci ildə məhkəməyə müraciət etməsinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının prokurorluqda verdiyi izahatından məlum olur ki, o, əmrin mövcudluğundan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuş, xx.xx.2022-ci il tarixdə işdən çıxarılmasına etiraz olaraq həmin gün intihara cəhd etmiş, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli, 224 saylı əmrinin səhv yazıldığı üçün qüvvədən düşməsi, eləcə də onun hərbi hissənin N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsində iş yerində saxlanılması barədə 06 sentyabr 2022-ci il tarixli, 226 nömrəli əmrdən çıxarışı ona təqdim edilməklə intiharın qarşısı alınmışdır. Prorkurorluq tərəfindən aparılan araşdışma zamanı İddiaçı əvvəlki işinə bərpa olunması ilə bağlı heç bir hüquqi qüvvəsi olmayan formal əmrdən çıxarış hazırlanaraq əmrdən çıxarışda olan imzanın qarşısına arayış və zərflər üçün möhürü vurulması müəyyən edilmişdir. Lakin işin materiallarından görünür ki, İddiaçı 06 sentyabr 2022-ci il tarixli, 226 nömrəli əmrdən çıxarışı rəhbər tutaraq iş yerinə gəlsə də, onu işə buraxmamışlar və o, bununla bağlı cavabdehə, digər orqanlara ərizə və şikayətlər yazmışdır. İşin materiallarından görünür ki, prokurorluq tərəfindən araşdırma xx.xx.2022-ci il tarixdə yekunlaşmışdır. Məhkəmənin qənaətinə görə araşdırma dövründə iddiaçının öz iş yerinə bərpa olunması ümidini itirməmiş və araşdırmanın nəticəsini gözləmişdir. Lakin işin materiallarından görünür ki, iddiaçıya prokurorluq orqanın qərarı barədə prokurorluq tərəfindən xx.xx.2022-ci il tarixdə məlumat verilmiş və bununla bağlı əlavə olaraq xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktubla da cavab verilmişdir. Bundan sonra iddiaçı hüquqlarının bərpası məqsədi ilə xx.xx.2022-ci il tarixdə mediasiya orqanına müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması halına yol verilmədiyindən hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verməkdə davam edərək qeyd etməyi zəruri saymışdır ki, bu ərizəsi ilə cavabdeh iddianın əsaslı olmasını bir növ etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddianı əsassız saydığı təqdirdə onun əsassızlığına dair sübutları təqdim etməklə kifayətlənərdi. İşin materiallarından görünür ki, cavabdeh bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirmək üçün müəyyən hərəkətlər etmişdir. Lakin məhkəmənin qənaətinə görə cavabdehin həm də iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etməsi iddianın əsaslı olmasının sübuta yetirildiyi halda həmin müddətin tətbiq edilməsinə nail olmaq məqsədi daşımışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində olan N nömrəli hərbi hissə komandirinin N saylı, N sentyabr 2022-ci il tarixli əmri əmək qanunvericiliyinin tələbləri baxımından qanuni olmadığı üçün ləğv edilməli, iddiaçı N nömrəli istehsalat sexinin 11-ci dərəcəli mühəndis-texnoloqu vəzifəsinə bərpa olunmalı, xx.xx.2022-ci il tarixdən işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Lakin məhkəmə iddianın 9600 (doqquz min altı yüz manat) məbləğində maddi ziyan ödənilməsi hissəsinin təmin edilməsini mümkün saymamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona göstərilən miqdarda maddi ziyan vurulmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının tələbləri üzrə cavabdehliyi Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi daşıyır. Araşdırma zamanı Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin rəisi X2 hazırki iş üzrə fiziki şəxs olaraq cavabdehlik daşımalı olması müəyyən edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh N nömrəli hərbi hissə tərəfindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın əsl cavabdehə qarşı verilmədiyinə, eləcə də əsassız olduğuna görə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətində göstərir ki, əmr verilərkən ƏM-in 76-cı maddəsinin tələbləri pozulmamışdır. Belə ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə ƏMin 70-ci maddəsinin ç) bəndinə əsasən, yəni bir əsasla xitam verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, istinad olunan 76-cı maddə yalnız həmin müddəada göstərilən maddələrlə eyni vaxta iki və daha çox əsasla xitam verilməsini istisna edir. Bundan başqa, hətta əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən məhkəmənin lokal təvsir etdiyi kimi iki əsasla xitam verilsə də bu hal işçi barəsində olan əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün əsas ola bilməz. ƏM-in 300-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə bu maddədə təsbit olunmuş maddələrin tələblərinə əhəmiyyət verilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdirsə, bu birmənalı olaraq əmrin ləğvi üçün əsas sayıla bilməz. Sözügedən maddədə təsbit olunmuşdur ki, bu halda məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq qətnamə qəbul etməlidir. İddiaçıla bağlanmış müqaviləyə bir əsasla, yəni ƏM-in 70-ci maddəsinin ç) bəndi ilə xitam verilmişdir. Sözügedən maddənin dispozisiyasında ehtiva edən hallar müstəqil əsaslar deyildir. İşin mübahisəsiz halıdır ki, İddiaçı barəsində verilmiş əmrdə göstərilən hallara yol verildiyi məhkəmə iclasında təhqiq olunan sübutlarla öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi ƏM-in 187-ci maddəsinin 2- ci hissəsini də mübahisəyə tətbiq edərkən səhvə yol vermişdir. Belə ki, sözügedən maddənin tələbinə görə əmək və icra intizamının pozulduğuna görə tənbeh onun törətdiyi gündən deyil, pozuntunun aşkar edildiyi gündən tətbiq edilə bilər. Hazırkı işin mübahisəsiz halıdır ki, İddiaçı əmək və icra intizamında yol verdiyi xəta Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən 2022-ci ilin avqust ayında aşkar olunmuş və bununla əlaqədar sözügedən İdarənin xx.xx.2022-ci il tarixli, 7/02179 nömrəli məktubu əsasında müvafiq araşdırma aparılmışdır. Göründüyü kimi işə baxan məhkəmə hazırkı mübahisəyə maddi hüququn tətbiqində və təsvirində kobud səhvə yol vermişdir ki, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bununla yanaşı, MPM-in 49-cumaddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, sözügedən Məcəllənin 49.1-ci maddəsinin tələbinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İddiaçı X5 qarşı yuxarıda sözügedən iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə əsl olmayan tərəfi əvəzləyərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsini işə cavabdeh qismində cəlb etmişdir. N saylı hərbi hissə hüquqi şəxs deyildir. Məhkəmə əsl cavabdeh olaraq işə Azərbaycan Respublikasının Müdafiə Nazirliyini cəlb etməli olduğu halda səhvən hüquqi şəxs olmayan, Əsasnamə əsasında fəaliyyət göstərən, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin 600 nömrəli komandanlığının N saylı hərbi hissəni cavabdeh qismində işə cəlb etmişdir. Hazırkı iş üzrə mediasiya prosesinin də tətbiqində səhvə yol verilmişdir. Göründüyü kimi işə baxan məhkəmə müvafiq vəsatətə əhəmiyyət verməyərək işə əsl olmayan cavabdehin iştirakı ilə baxmış, bu zaman əsl cavabdehə qarşı iddiaçının mediasiya prosesini keçmədiyini belə nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz:
10. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən salanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. 2-ci hissə.Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Maddə187.4-cü hissə. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Maddə 292. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşırdı və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılırdı.
22. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini və ya 72-ci maddəsinin “d” bəndini(qəsdən istehsal, kommersiya və ya dövlət sirri yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi)pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin və 72-ci maddəsinin “d” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. Düzdü, cavabdeh hesab edir ki, əmr verilərkən 76-cı maddənin tələbləri pozulmamış, əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni bir əsasla xitam verilmiş, çünki 76-cı maddə yalnız həmin müddəada göstərilən maddələrlə eyni vaxta iki və daha çox əsasla xitam verilməsini istisna edir. Lakin bir maddədə və onun istinad etdiyi blanket xarakterli normada əmək müqaviləsinin ləğv edilməsinin bir neçə əsası nəzərdə tutula bilər, hansı iki, qeyd olunduğu kimi 70-ci maddə də buna aiddir.
23. Lakin iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə əsas olan halın və 72-ci maddəsinin “d” bəndini(qəsdən istehsal, kommersiya və ya dövlət sirri yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi)pozmasının həqiqi olması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi təsdiq olunmur. Belə ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsini ləğv etməsinə səbəb kimi 2 halın, yəni iddiaçının məzuniyyət dövründə 06-17 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasına getməsi və 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsi ilə bağlıdır. Çünki, cavabdeh hesab edir ki, iddiaçı “Dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi haqqında» xx.xx.2016-cı il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, məzuniyyət müddətində məlumat vermədən Rusiya Federasiyasına səfər etməklə Müdafiə Nazirliyinin xx.xx.2014cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda daxili təhlükəsizliyin təmin edilməsi haqqında» Təlimatın tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən bu hallara hərtərəfli və geniş hüquqi qiymət verilmişdir. Bununla yanaşı, cavabdeh qurum iddiaçının göstərdiyi öhdəliklərini pozması nəticəsində qəsdən dövlət sirrini yayması yaxud bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Çünki, iddiaçının məzuniyyət müddətində icazəli yaxud icazəsiz xarici ölkəyə getməsi nəzəri cəhətdən mümkündür və iddiaçı da, qeyd olunan ölkələrə getməsini istisna etmir. Hətta cavabdehə məlum idi ki, iddiaçı bacısının ölümü ilə əlaqədar məzuniyyət dövründə onsuzda 2022-ci ilin fevral ayında Gürcüstan Respublikasında olmuşdur. Demək ki, iddiaçı qeyd olunan əsasla əmək müqaviləsini ləğv etmək üçün onun məzuniyyət müddətində icazəsiz xarici ölkəyə getməsi deyil, üzərinə götürdüyü yuxarıda qeyd olunan öhdəlikləri pozması əsas olmalı idi ki, cavabdeh tərəf də belə bir əsas olması barədə məhkəməyə sübut təqdim etməmişdir.
24. Cavabdeh «İşçilərin davamiyyətinin uçotu kitabı»nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə saxta qeydlər apardığı, Müdafiə Nazirinin 24 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Ordusunda dövlət qulluqçuları və mülki işçilərin idarə edilməsi və uçotu barədə» Təlimatın tələblərini pozması kimi hallara istinad etməsi də iddianın əsaslı olmasını istisna etmirdi. Bu hala birinci instansiya məhkəməsi tərəfindən dolğun hüquqi qiymət verilmişdir. Çünki, o halların həqiq olması belə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyə cavabdehə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir. Cavabdeh tərəf, iddiaçının 06-17 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasına və 16-22 mart 2022-ci il tarixlərində Gürcüstan Respublikasına dövlət sərhədini icazəsiz keçməsi ilə yanaşı, əmək müqaviləsində əlavə olaraq öz imzası ilə təsdiq etdiyi "Dövlət sirri haqqında 83 nömrəli təlimatın 113-cü bəndinə aid müqavilənin də şərtlərini pozması barədə Daxili Təhlükəsizlik İdarəsinin 7/02179 nömrəli 30 avqust 2022-ci il tarixli məktubu daxil olduqdan sonra məlumatlı olduqlarını bildirsə də, apellyasiya instansiyası məhkəməsi də iddiaçının göstərilən tarixlərdə sözügedən dövlətlərə getməsi barədə məlumatlı olmamalarına dair cavabdehin dəlillərini inandırıcı və ağlabatan hesab etmir. Çünki, cavabdeh qurumun bu hallar barədə məlumatlı olmalarına dair işdə kifayət qədər sübutlar mövcuddur. Birdəki qeyd olunan hallardan yalnız 30 avqust 2022-ci ildə məlumatlı olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür, cavabdeh isə bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
25. Bundan əlavə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 187-ci maddənin 3-cü hissəsində isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İddiaçının «İşçilərin davamiyyətinin uçotu kitabı»nda 17-xx.xx.2022-ci il tarixlərdə işə gəlməsi və getməsi barədə imza etməklə, həmin günlərdə iş yerində olması barədə qeydlər aparmasına cavabdeh qurumun səlahiyyətli əməkdaşının şərait yaratmasına və buna icazə verməsinə görə ən azından həmin tarixdən ona bəlli idi. Demək, iddiaçının Gürcüstan Respublikasına 17-18 mart 2022-ci il tarixlərdə getməsi ilə əlaqədar iş yerində olmamasına görə əmək və ya icra intizamını pozulduğunu aşkar edildiyi gündən bir ay keçənədək, yəni 2022-ci ilin aprel ayının sonunadək iddiaçıya intizam tənbehi verilməli idi. Ancaq cavabdeh Əmək Məcəlləsinin bu imperativ tələbini pozmuşdur. İddiaçının məzuniyyət müddətində icazəsiz Rusiya Federasiyasına getməsi ilə əlaqədar Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndində göstərilən müddət də keçmişdir. Çünki, həmin maddədə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam xətası verilə bilməz müddəası nəzərdə tutulmuşdur. Yəni, qeyd olunan norma əmək və ya icra intizamının pozulmasının aşkar edilmədiyi hallara aiddir ki, bu da aşkar edilməyən intizam xətaların törədilməsindən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməməsini nəzərdə tutur.
26. Cavabdeh şikayətində, məhkəmənin MPM-in 49-cu maddəsinin tələblərini kobud şəkildə pozduğunu da göstərir. Belə ki, sözügedən Məcəllənin 49.1-ci maddəsinin tələbinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Lakin qeyd olunan hərbi hissə hüquqi şəxs olmasa belə yenə də iddiaya cavab verməli olan şəxsdir. Çünki, MPM-in 50.4-cü maddəsinə əsasən qanunla nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. İddiaçı ilə əmək müqaviləsini bağlayan da, əmək müqaviləsini ləğv edən də cavabdeh hərbi hissə olduğu halda, hazırki iddia üzrə Müdafiə Nazirliyi iddiaya cavab verməli olan əsl cavabdeh hesab edilə bilməz. Birdəki, Müdafiə Nazirliyi cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdehin nümayəndəsi bunu bilirdi və birinci instansiya məhkəməsində belə bir vəsatət irəli sürməmişdir. Hazırda şikayətində bunu göstərməsi isə hüquqdan sui istifadə kimi qiymətləndirilir.
27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-454/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.