Məhkəmə qərarları › İş №2(103)-4483/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4483/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4483/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi, tutma yönəldilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 İsmayıl oğlu, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, girov predmetlərinə tutma yönəldilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 nömrəli 04 dekabr 2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 İsmayıl oğlu arasında bağlanmış 25 yanvar 2013-cii il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə illik 28% olmaqla 6300 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı qismində bağlanmış 25 yanvar 2013-cü il tarixli 13011- 0083/298422G saylı girov müqaviləsinə əsasən Cavabdeh1 İsmayıl oğluna məxsus 2 ədəd “Samsung” markalı TV, 4 ədəd divan, 6 ədəd stol, 12 ədəd stul, 1 ədəd “Samsung” markalı 2 qapılı soyuducu girov qoyulmuşdur. Girov predmetinin dəyəri 5425 manat məbləğində müəyyən edilmişdir.

3. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13011- 0083/298424Z nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti Cavabdeh1 İsmayıl oğlu ilə birgə öz üzərinə götürmüşdür.

4. Cavabdehlər xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli bildirişlərlə cavabdehlər borcun ödənilməsi barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İsmayıl oğlu ilə ASC arasında bağlanmış 25 yanvar 2013-cii il tarixli 13011- 0083/298422 saylı kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlərdən müştərək qaydada 5116,69 ABŞ dolları əsas kredit borcunun, 371,41 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcunun, 84,50 ABŞ dolları penyanın qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 5572,6 ABŞ dollarının, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun ASC-yə ödənilməsi, Cavabdeh1 İsmayıl oğluna məxsus olan girov qoyulmuş 2 ədəd “Samsunq” markalı TV, 4 ədəd divana, 6 ədəd stola, 12 ədəd stula, 1 ədəd “Samsunq” markalı, 2 qapılı soyuducuya tutma yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına ASC-yə olan kredit borcunun və dövlət rüsumunun ödənilməsini, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdehlərdən ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 İsmayıl oğlu hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 İsmayıl oğlunun xx.xx.2013-cü il tarixə iddiaçıya 5572.6 ABŞ dolları kredit borcu qalmaqdadır.

7. İddiaçının təqdim etdiyi xx.xx.2013-cü il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan müəyyən olunur ki, Cavabdeh1 İsmayıl oğlunun "xxxx" ASC-yə 5116,69 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,41 ABŞ dolları məbləğində vaxtı keçmiş faiz borcu, 84,50 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanan penya, cəmi 5572,6 ABŞ dolları məbləğində borcu var.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 dekabr 2013-cü il tarixli 2(005)-4077/2013 nömrəli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 İsmayıl oğlu ilə arasında bağlanmış 25 yar 2013-cü il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 İsmayıl oğlundan və Cavabdeh2 müştərək qaydada 5116,69 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,41 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 84,50 ABŞ dolları məbləğində penya, cəmi 5572,6 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın girov predmeti olan, kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş, Cavabdeh1 İsmayıl oğluna məxsus olan 2 ədəd “Samsunq” markalı TV, 4 ədəd divan, 6 ədəd stol, 12 ədəd stul, 1 ədəd “Samsunq” markalı, 2 qapılı soyuducuya yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçıSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 İsmayıl oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdən əvvəl eyni məsələ ilə bağlı cavabdehə bildiriş göndərmiş, lakin müəyyən edilmiş 3 iş günü ərzində və ümumiyyətlə bundan sonra da cavab almamışdır.

10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, kredit müqaviləsi ləğv edilməli və Cavabdeh1 İsmayıl oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Eyni zamanda, Cavabdeh2 zamin kimi Cavabdeh1 İsmayıl oğlunun iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 İsmayıl oğlu ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.

11. Məhkəmə qeyd etmişdir ki, kredit borcu üzrə tutma borcu təminatı olaraq girovla yüklü edilmiş Cavabdeh1 İsmayıl oğluna məxsus olan 2 ədə “Samsunq” markalı TVyə, 4 ədəd divana, 6 ədəd stola, 12 ədəd stula, 1 ədəd “Samsunq” markalı, 2 qapı soyuducuya yönəldilməli, həmin girov predmetləri açıq hərracda satılmalı və satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməlidir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunma olduğundan, iddia tələbi “satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cavabdehlərdən ümumi qaydada icra edilməsi” hissəsində təmin edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 423.2, 424.2, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 472.1, 472.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işi hər tərəfli araşdırmamışdır. Zaminlik müqaviləsində mövcud olan bir sıra müddəalar müqavilənin etibarsızlığına səbəb ola bilərdi. Müqavilənin 2.5-ci maddəsində “zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları kreditora qarşı irəli sürməyə haqlı deyildir” müddəası zaminin müqavilənin icrasından imtinasını məhdudlaşdıran normadır. Faiz məbləği düzgün hesablanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Digər Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğu üçün qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

36. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır.

37. Cavabdeh faiz borcunun düzgün hesablanmadığını göstərsə də bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir.

38. Cavabdehin digər dəlili isə zaminlik müqaviləsinin 2.5-ci bəndinin müqavilənin etibarsızlığına səbəb ola biləcəyi ilə bağlı olmuşdur.

39. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, “Zamin borclunun kreditor qarşısında olan öhdəliyini tam və ya qismən icra etdikdə, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələblərini ödədiyi həcmdə müvafiq olaraq tam və ya qismən zaminə keçir.”

40. 2.5-ci bəndində isə göstərilmişdir ki, “Zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları kreditora qarşı irəli sürməyə haqlı deyildir.” 41.Mülki Məcəllənin 471.1-ci maddəsinə görə, zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilməsi yalnız o halda mümkün sayılır ki, zaminlik müqaviləsindən ayrı qayda irəli gəlməsin. Hazırki halda isə zaminlik müqaviləsi ilə zaminin belə hüququ istisna olunmuşdur.

42. Göründüyü kimi müqavilənin qeyd edilən müddəası onun etibarsızlığına əsas vermir. Cavabdehin bununla bağlı dəlilləri əsassızdır.

43. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi və qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 nömrəli iş üzrə 04 dekabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar