Məhkəmə qərarları › İş №2(103)-4484/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4484/2022

01.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4484/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və İbrahimova (Kazımova) Yeganə İntiqam qızına qarşı “xüsusi təyinatlı mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nazirlik iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun balansında olan xüsusi təyinatlı və Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, 57/4 saylı binada yerləşən 50 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabiti olmuşdur. Cavabdeh2 xx.xx.2015-ci il tarixli raportla “N” nömrəli hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətini əsas gətirərək “Puta” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh2 “N” nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Gəmilər Divizionunun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti nəzərə alınmaqla, Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşamaları üçün (mübahisəli) 3 otaqlı xüsusi təyinatlı 50 saylı mənzil ayrılmışdır. Cavabdeh2 verdiyi xx.xx.2015-ci il tarixli yazılı iltizamla üzərinə öhdəlik götürmüşdür ki, xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə mənzili şərtsiz olaraq 600 nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcək. Buna baxmayaraq o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 xidmət yeri dəyişdirilsə, xx.xx.2021-ci il tarixdə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa, xx.xx.2022-ci il tarixdə isə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılsa da, mənzili boşaltmamış və təhvil verməmişdir. Baxmayaraq ki, o, bu barədə yazılı qaydada xəbərdar olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Nazirlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı Nazirliyi qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki iddiaçı Nazirlik ilə Cavabdeh2 arasında mülki hüquq münasibətləri olmamış, yaranmış mübahisə isə mülki hüquq münasibətlərindən deyil, inzibati hüquq münasibətlərindən yaranmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (İPM) 2-ci maddəsinin mənasına görə, inzibati hüquq münasibətlərindən yaranmış mübahisələr ilə bağlı irəli sürülən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına görə, məhkəmə aidiyyəti əsassız və qeyriqanuni dəyişdirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş ümumi məhkəmənin icraatına qəbul edilmişsə, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müraciət etmək hüququ izah edilməlidir. İddianın Cavabdeh1 (Kazımovaya) aid hissəsinə gəldikdə isə nəzərə alınmalıdır ki, o, iş üzrə digər Cavabdeh2 arvadıdır və ona qarşı yönəlmiş tələb Cavabdeh2 qarşı yönəlmiş tələbdən irəli gəlir və bu tələblərə biri-birindən ayrı qaydada baxılması mümkün deyil. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hazırki işin icraatının başlanmasına əsas olmuş iddia tələbinə (mülki icraat qaydasında) baxmaqla səhvə yol vermiş, məhkəmə aidiyyətini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.1-ci maddəsinin mənasına görə isə, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsi əsasında icraatı başlanılmış mülki iş üzrə icraata xitam verir. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə isə, yuxarıda qeyd edilən hal apellyasiya icraatı zamanı aşkar edilərsə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 261, 384 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə izah edilsin ki, o, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar