Məhkəmə qərarları › İş №2(103)-4484/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4484/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4484/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Yasamal rayon İcra Hakimiyyəti mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X35 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçılar İddiaçı1 vəkili və nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Yasamal rayon İcra Hakimiyyəti mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1442/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 06.02.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı1 31 may 2002-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

2. ünvan 2iyyatda olan X27 ünvan 3 ünvanında qeydiyyatda olan Əbilova İradə oqtay qızı və ünvan 4nda qeydiyyatda olan X16 tərəfindən imzalarının həqiqliyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı1 ünvan 4nda qeydiyyatda olsa da, 1988-ci ildən hal-hazıra kimi həmin ünvanda yaşamamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Yasamal rayon İcra Hakimiyyəti mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələri və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzildə yaşamaqlarına yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı onun anası X17 məxsus olmuş, qeyd edilən mənzil valideynlərinə gənc ailə olmalarına görə verilmişdir. Həmin gündən valideynləri qeyd edilən evdə yaşamış və təsərrüfat idarə etmişlər. O, dörd bacısı və iki qardaşı da həmin evdə anadan olaraq böyümüşlər. Anadan olan gündən qeyd edilən mənzildə qeydiyyata düşməklə bu günədək həmin evdə qeydiyyatdadırlar. O, özü ailə həyatı qursa da bu mənzildə yaşamaqla birgə nikahdan anadan olan övladlarını da demək olar ki, həmin mənzildə böyüdüb boya başa çatdırmışdır. Cavabdehlər onun qardaşı X12 arvadı və övladıdır. Qardaşı və onun ailə üzvləri ilə müansibətləri həmişə yaxşı olmuş, mehriban şəraitdə yaşamışlar. Hətta 2020-ci il tarixdə qardaşının vaxtsız vəfatından sonra da cavabdehlərlə münasibələri normal davam etmişdir. Lakin, bu ilin oktyabr ayında valideynlərinə məxsus olan mənzilin tezliklə söküləcəyi ilə bağlı xəbərdən sonra cavabdehlərin onlara olan münasibətləri tamamilə əks istiqamətə dəyişmişdir. Cavabdehlər heç bir əsas olmadan onları qeydiyyatda olduqları mənzilə buraxmamağa və yersiz dava-dalaş salmağa başlamışlar. Daha sonra, onlara məlum olmuşdur ki, cavabdehlər tikinti şirkəti ilə razılıq əldə edərək mənzilə görə nəzərdə tutulan kompensasiyanı tək əldə etmək məqsədi ilə bu yolla onları mənzildən uzaqlaşdırmaq və söküntü olacağı təqdirdə pulu alıb evi boşaltmaq niyyətindədirlər. Hazırda onlar qeyd edilən mənzilə daxil ola bilmədikləri üçün cavabdehlər istədiklərinə nail olaraq, qeydiyyatda olduqları evi kompensasiya alaraq tərk edəcəklər. Nəticədə iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları pozulacaqdır. Onlar qeydiyyatda olan evdəki hüquqlarının pozulmaması ilə bağlı istər üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə, istərsə də tikintini həyata keçirməli olan "xxxx" MMC-yə müraciət etmişlər. Bundan sonra, proses daha da sürətlənmiş tikinti şirkəti tələsik evi sökməyə çalışmaqdadır. Bu qeyd edilənləri nəzərə alaraq, onlar qeydiyyatda olduqları mənzilə köçürülməkləri tələbi ilə məhkəmədə mülki iş başlatmaq niyyətindədirlər.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsində və izahatında İddiaçı1 ailə qurduqdan sonra da həmin evdə yaşadığını və uşaqlarını həmin evdə dünyaya gətirdiyini bildirmişdir. İddiaçı1 isə ailə qurduqdan sonra həmin evdə yaşamadığını, uşaqlarını ərinin evində dünyaya gətirdiyini, iddia ərizəsində qeyd edilənləri təkzib edilən digər halları məhkəmənin diqqətinə çatdırmışdır. İddiaçı tərəfindən sübut kimi təqdim edilən yeganəsənəd Forma 2 arayışıdır ki, həmin arayışa əsasən həmin evdə təxminən 60-70 adam qeydiyyatdadır. Şəxsin fərdi yaşayış evi ilə bağlı istər qanuni əsaslarla, istərsə də digər əsaslarla hüquqi və mənəvi bağlılığı olması məsələrlərini təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir. İddiaçıların hazırki mülkiyyətçilərlə aralarında nə icarə, nə də qanuni bağlığını təsdiq edən heç bir hüquqi əsas yoxdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(004)- 1442/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı iddia tələbinə cavab verməli olan subyekt kimi qəbul edilməsi mümkün deyildir. Çünki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıların qeydiyyatda olduqları və köçmək istədikləri ünvan 4 paylı mülkiyyət hüququ üzrə X6, X9, X1, X4, X13, X22 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tələbini həmin evə istifadə hüququnun yaranması ilə əlaqələndirmişdir ki, həmin ev cavabdehlərin deyil, digər şəxslərin paylı mülkiyyətindədir və cavabdehlər də iddiaçılar kimi həmin evdə qeydiyyatda olan şəxslərdir. İddiaçıların həmin evə köçürülməsi ilə bağlı iddiaya cavab verməli olan şəxslər köçürülmək istədikləri evin mülkiyyətçiləridir.

8. Bundan başqa məhkəmə qeyd etmişdir ki, İddiaçı1 doğulub-böyüdüyü valideynlərinə məxsus olan və hazırda cavabdehlərin yaşadığı evə köçürülməsini tələb etsə də, cavabdehlərin yaşadığı yaşayış sahəsinin paylı mülkiyyət hüququ üzrə X10, X15, X3, X7, X18, X24 və X5 məxsus olan 6 ədəd 1 mərtəbəli, 21 otaqlı, 285.1 kv.m yaşayış, 127.3 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə aid olmaması, başqa sözlə cavabdehlərin həmin ünvanda yuxarıda qeyd edilən paylı mülkiyyətçilərin mülkiyyətinə daxil olmayan ayrıca yaşayış sahəsinin olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların köçmək istədikləri və cavabdehlərin yaşadığı ayrıca yaşayış evi olduğu hesab edilsə belə, iddia tələbi təmin edilə bilməz. Çünki, belə olduğu təqdirdə həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından cavabdehlərin mülkiyyətində deyildir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə İddiaçı1 əvvəllər həmin mənzildə yaşaması cavabdehlər tərəfindən də mübahisə edilməsə də, digər iddiaçıların orada yaşaması müəyyən edilmir. Bundan başqa, iddiaçıların əvvəl həmin mənzildə yaşadıqları hesab edilsə belə, yaşadıqları yerdən məhrum edilmə halı mövcud deyildir. Belə ki, İddiaçı1 məhkəmə iclasında izahatında 16 ildir kirayə mənzildə yaşadıqlarını bildirmişdir. Hazırki halda iddiaçıların həmin mənzildən iradələri ziddinə çıxması və orada yaşamaq niyyətləri müəyyən edilmir. İddiaçıların yaşayış sahəsinə köçmək tələbinə dair iddia ərizəsi ilə 16 ildən sonra, yalnız həmin ünvanda evlərin sökülməsi və bununla bağlı kompensasiyanın ödənilməsindən sonra müraciət etməsi də bu qənaətə gəlməyə əsas verir.

Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli e-2(004)-1442/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın işdə olan və əlavə sübutlarla tam və hər tərəfli araşdırılaraq təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə sədrlik edən hakim sübutlara yalnız mötəbərlik baxımından qiymət vermiş, mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın onların qeydiyatını təsdiq edən arayışdakı tarixdən 6 il sonra verildiyini ümumiyyətlə araşdırmamışdır. Hətta cavabdehlərin iddiaçıların həmin mənzildə yaşamaları ilə bağlı bildirdikləri də təsdiq edir ki, iddiaçılar hətta 2002-ci il tarixdən əvvəl (işdə olan ərizədə 1988-ci il tarixi görünür) də həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. İşin hallarından da göründüyü kimi qeyd edilən ünvanda olan bir neçə mənzil vardır və paylı mülkiyyət hüququ üzrə mülkiyyətçi olan X20, X23, X8, X19, X25, X30 və X14 bu ünvanda yerləşən digər mənzillərdə yaşayırlar. İddiaçı olaraq onlar isə bu mülkiyyətçilərin yaşadıqları mənzillərə deyil, ata-baba yurdu olan və məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayan mənzilə köçmək niyyətindədirlər. Həmin şəxslər isə mənzili ələ keçirərək onların qeydiyyatda olduğu ünvana köçmələrinə mane olurlar. Məhz bu maneələr idiaçıların həmin şəxslərə qarşı iddia tələbləri irəli sürməyini şərtləndirir. Bundan əlavə, MPM-nin 54-cü maddəsinin tələblərindən görünür ki, əsl olmayan tərəfin əvəz edilməsi yalnız o zaman olur ki, iddia tələbləri iddiaya cavab verməli olmayan şəxsə verilmiş olsun. İndiki mübahisənin mahiyyəti isə istifadə hüququnun tanınması deyil, mənzilə köçürülmə olduğundan, qeyd edir ki, məhkəmə mübahisəyə düzgün qiymət verməmiş və nəticədə düzgün normaya istinad etməmişdir. Köçürülmələrini istədiyi mənzildə yaşamaları cavabdehlərin izahatları ilə tam təsdiq edilsə də, hakim bunu nəzərə almamışdır. Əgər hakim bu izahatı işdəki sübutlarla araşdırmış olsaydı, əslində iddia üzrə cavab verməli şəxslərin dairəsinin düz müəyyən edildiyini görər və mülkiyyət sənədinə istinad etməzdi. Məhz bu araşdırmadan sonra iddiaçılar olaraq onlara maneə yaradanların məhz cavabdehlər olduqları aydınlaşardı. Təəssüf ki, bu baş vermədi və bu prosessual norma da pozulmuş oldu.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddia tələbində qeyd edildiyi kimi iddiaçıların mərhum valideynlərindən miras qalan əmlak deyil. Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 24 saylı fərdi yaşayış evi X21 və digər yaxın qohumlara məxsus paylı mülkiyyətində olan əmlakdır. Hansı ki, hal-hazırki iddiaçılarla nə mənəvi, nə də hüquqi bağlılğı yoxdur. İddiaçılar fərdi yaşayış evinə köçməni həmin evə olan pasport qeydiyyatı ilə əlaqələndirirlər, hansı ki, həmin evə iddiaçılar kimi formal olaraq çox insan qeydiyyatdadır.Qoşma hissədə sizə təqdim edilən Forma 2 arayışına görə həmin fərdi yaşayış evinə illər öncə formal olaraq o fərdi yaşayış evi ilə əlaqəsi olmayan çoxsaylı insanların pasport qeydiyyatı mövcuddur. Belə çıxır ki, pasport qeydiyyatında olan (iddiaçılar kimi) və fərdi yaşayış evi ilə mənənvi və hüquqi bağlılğı olmayan çoxsaylı insanlar onun və digər mülkiyyətçilərin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 24 saylı fərdi yaşayış evə köçürülmə ilə bağlı olaraq iddia qaldırmalıdır? Hər 3 iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 24 saylı fərdi yaşayış evinə köçürülmə tələbi qanuna zidd və əsassızdır. Mülkiyyətçilərin birbaşa hüququna toxunan haldır. İddiaçılar mübahisə predmeti olan fərdi yaşayış evinin mülıkiyyətçilərinin nə ailə üzvü, nə də yaxın qohumluq statusu daşıyan tərəfi deyildir. Bundan əlavə iddiaçılardan İddiaçı1 1988- ci ildə formal olaraq qeydiyyata düşdüyü və bu gün mübahisə predmeti olan fərdi yaşayış evindən həmin ildən sonra 1 dəfə belə olsun gəlməmişdir. Digər 2 iddiaçı olan İddiaçı3 və İddiaçı2 İddiaçı1 övladlarıdır hansı ki, 1992-ci ildən sonraki tarixlərdə başqa ünvanda dünyaya gəlmiş, atalarına məxsus evdə doğulub böyümüşlər, analarının formal olaraq qeydiyyata olduğu və mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 24 saylı fərdi yaşayış evinə xəbəri olmadan azyaşlı olaraq qeydiyyata düşmüşlər. Bu da onlara onun və digər mülkiyyətçilərin mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, 24 saylı fərdi yaşayış evinə köçürülmə və digər əsaslarla hüquq tanıya bilməz. İddiaçılar qeyri şəxslərə məxsus paylı mülkiyyətdə olan fərdi yaşayış evinə qeydiyyatda olsalar da, həmin evdə heç vaxt yaşamamışlar. Onların qeydiyyatı formal xarakter daşımışdır. İddidaçıların iddiası əsassızdır və bütün mülkiyyətçilərin hüququna toxunur. Heç bir yaxın və ya uzaq qohumluğu olmayan hansısa 3-cü şəxsin (hazırki iddiaçılar) mülkiyyətimdə olan fərdi yaşayış evinə köçməsinə etiraz edir. Cavabdehlər iddia predmeti olan fərdi yaşayış evinin nə sahibi deyillər, nə də hal-hazırki məsələdə cavabdehlik daşıya bilmələri üçün subyekt deyillərdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 vəkili və nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iş üzrə cavabdehlər özləri də iddiaçıar ilə eyni mənzildə yaşadıqlarını qəbul ediblər, etiraf edirlər ki, eyni ünvanda yaşamışlar. Mənzilin sökülməsi birinci instansiya məhkəməsinin qətnaməsindən sonra olmuşdur. İddia tələbi mənzilə köçürülmə və yaranmış maneələrin aradan qaldırılmasıdır. Birinci instansiya məhkəməsində araşdırılmışdır ki, iddiaçılar əsl olmayan cavadehə qarşı iddia qaldırmış və onların həmin mənzilə istifadə hüququ yoxdur. Məhkəmə tamamilə başqa bir halı araşdırmışdır. İddiaçıların həmin mənzilə qeydiyyatı vardır, həmçinin qeydiyyat 2000-ci ildən əvvələ düşür. Əlavə olaraq iş materiallarına 2002-ci ildən iddiaçıların həmin mənzilə qeydiyyatda olduğuna dair sübut əlavə olunmuşdur. Həmin şəxs isə mülkiyyət hüququnu 2008-ci ildə əldə etmişdir. Yəni həmin şəxsin mənzili istifadə hüququnu mübahisələndirməsi üçün ən azından iddiaçıdan əvvəl əldə etməli idi. Cavabdeh tərəf iddiaçı tərəfin həmin mənzidən istifadə hüququna şərait yaratmırlar. Cavabdehlər İddiaçı1 qardaşı ailəsidir. Əmlak isə dədə-baba mülkləridir, həm iddiaçılar, həm də cavabdehlər həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar, mülkiyyətçi deyillər. İddiaçılar hal-hazırda orada yaşamırlar, çünki qətnamədən həmən sonra həmin ev sökülmüşdür. Faktiki olaraq hal-hazırda ev yoxdur. İddiaçılar qardaşının ölümünə qədər orada yaşayıblar. Bir həyətdə bir neçə şəxsin paylı mülkiyyəti vardır, hərənin öz evidir. Mənzil qanunsuz tikili olubdur. Mənzilin həmin hissəsinə dair nə iddiaçının, nə də cavabdehin hüquqmüəyyənedici sənədi olmayıbdır. Hər iki tərəfin mənzilə mülkiyyət bağlılığı yoxdur, onlar qeydiyyatda olmaqla həmin ünvanda yaşayıblar, bu işin mübahisəsiz halıdır. İddiaçılar qardaşının ölümünə qədər orada yaşamışdır. İddiaçılar mənzildən çıxarılıblar. İddiaçılar yaxın qohum olduğuna görə cavabdehləri şikayət etməyiblər. Hazırda isə kirayədə qalırlar, başqa yaşayış sahələri yoxdur. Cavabdehlər bu mənzilin söküntüsü hesabına özlərinə iki mənzil əldə ediblər. İddiaçılar və cavabdehlər eyni evin içərisində, koridorun bir tərəfində bir ailə, digər tərəfində digər ailə yaşayıb. Mənzilin giriş qapısı eyni idi, qapını bağlamaqla iddiaçıların girişini qadağan ediblər. İddiaçılar orada çoxdan yaşayıblar, münasibətlərin konfiliktə çevrilməsi qardaş öləndən sonra olubdur. Qətnamədə qeyd olunub ki, guya iddia əsl olmayan tərəfə qarşı verilibdir, lakin onları həmin evə qoymayan məhz həmin cavabdehlərdir. İddiaçılar burada mənzilə köçürülmə və maneələrin aradan qaldırılmasını istəyir, istifadə hüququnun olub-olmaması burada mübahisəsizdir. Çünki tərəfin biri 1963cü ildə, biri 1988-ci ildə və digəri isə 1992-ci ildə qeydiyyata düşmüşdür. İş materiallarında yaşayış yerindən arayış əlavə edilmişdir, orada 2002-ci ildə qeydiyyatda düşməyi qeyd edilmişdir. Çünki 2002-ci ildə yeni şəxsiyyət vəsiqələri alındı, ona görə də sistemdə 2002ci il tarixi qeyd edilmişdir. Lakin cavabdehlərin məhkəməyə təqdim etdiyi ərizədə özləri etiraf edirlər ki, 1988-ci ildən hal-hazıra kimi həmin ünvanda yaşamamışlar. İddiaçılar anadan olan gündən orada qeydiyyatdadırlar. Qətnamədə araşdırılma tamam başqa istiqamətdə aparıldığından iddia təmin olunmamışdır və dərhal məhkəmə qərarından sonra mənzil sökülmüşdür. Məhkəmə qətnaməni əsaslandırır ki, cavabdeh qismində əsl olmayan tərəf qoyulmuşdur və iddiaçıların həmin mənzilə istifadə hüququ yoxdur. İddiaçılar istifadə hüququnu mübahisələndirmir, onlar mənzilə köçürülmə xahiş etmişdir. Mübahisənin getdiyi sahə, ümumiyyətlə mülkiyyətçiyə aid olmayan sahədir. Sökülmə məsələləri olmayana qədər ailələr mehriban yaşayırdı, qardaşı rəhmətə getdikdən və sökülmə məsələləri ortaya çıxandan sonra cavabdeh tərəf iddiaçının evdə olmamağından istifadə edərək qapını bağlayaraq açarları da dəyişiblər ki, iddiaçı tərəfi evə buraxmasınlar. Bundan sonra iddiaçı tərəf bir müddət qohum evində daha sonra isə kirayədə yaşayıblar. İş materiallarında rəsmi kirayə müqaviləsi yoxdur. İddiaçı 1996-cı ildə öz yoldaşından ayrılır və həmin mənzildə yaşamağa başlayır. Bundan əvvəldə iddiaçı həmin mənzildə yaşamışdır. İddiaçı son dövrlərdə məcburən kirayədə yaşayır. Mənzil çoxdanın tikilisidir və qeydiyyata alınmamışdır. Sökülən evlə bağlı cavabdehlərə elə bir kompensasiya ödənilmişdir ki, həmin məbləğlə iki ev almaq mümkündür.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1442/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslərdən biri həmin evdə doğulmuş, digəri isə həmin evə gəlin köçmüş, uzun illər orada yaşamışlar. Cavabdeh1 iddiaçının qardaşı qızıdır. Digər Cavabdeh2 isə Səyyarənin anasıdır. İddiaçı iddia qaldırarkən həmin evin vərəsəlik qaydasında atasından ona qaldığını, həmin evə köçmək istədiyini bildirmişdir. İddiaçı tərəfin konkret tələbi fərdi yaşayış evinə köçməkdir. Başqa bir iddia tələbi də qoyulmamışdır. İddiaçı tərəf həmin mənzilin atasından ona vərəsəlik qaydasında qalmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. İddiaçı tərəf ailə qurduqdan sonra uzun illər orada yaşamamışdır. Qonaq kimi həmin mənzilə gəlibgetmişdir. Mərhum qardaşı ilə də iddiaçının münasibətləri yaxşı olmamışdır. İddiaçı tərəfin məhkəməyə verdiyi etirafedici izahatından görünür ki, xanım 2014-cü ildən həmin evdə yaşamadığını bildirir. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun uşaqları həmin evdə dünyaya gəlmişdir, lakin qətiyyən elə bir hal yoxdur. Elə olduğu halda iddiaçı MPM-nin 77ci maddəsinə əsasən bunu sübut etməli idi. İddiaçı uzun illər, 2014-cü ildən orada yaşamamışdır. Daha sonra iddiaçı həmin ərazinin söküntü ərazisi olduğunu bildikdən sonra belə bir iddia qaldırmışdır.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin yalnız İddiaçı1 aid hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 21.11. 1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərinrazılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 22.11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normalarıolmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 23.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 24.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 25.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 26.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

27.60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onlarınyaşayış sahəsi altı ay saxlanır. 28.87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarəmüqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Mülki-Prosessual Məcəlləsinin 29.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 30.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir. 35.Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıların iddia etdiyi yaşayış sahəsinin hüquqi satusu özbaşına tikilidir və bu tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd (dövlət reyestrindən çıxarış, order, texniki pasport, kirayə müqaviləsi, alqı-satqı, bağışlama və s.) mövcud deyildir. Həmçinin sözügedən tikililinin ünvan 6 ünvanında yerləşən 6 ədəd 1 mərtəbəli, 21 otaqlı, 285.1 kv.m yaşayış, 127.3 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ olan X20, X23, X8, X19, X25, X30 və X5 aidiyyəti yoxdur. Bu halı həmçinin sübutların tələb edilməsi barədə qərardadına əsasən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər təsdiq edir. Hazırda iddiaçı mübahisəli evin onun valideynlərinə məxsus olmasına, özünün həmin evdə anadan olandan qeydiyyatda olmasına baxmayaraq yaşamasına cavabdehlər tərəfindən maneçilik törədilməsinə istinad edərək məhkəmədən köçürülməsini xahiş edir. 36.Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcud olmuşdur və yaşayış sahəsi kimi istifadə olunurdu. Bunu tərəflərin heç biri mübahisələndirmir. Qeyd edilməlidir ki, mübahisə predmeti olan evin "xxxx" MMC tərəfindən artıq söküldüyü də işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. 37.Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırki iş üzrə bu cür halların da mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. 38.Eyni zamanda iddiaçının həmin evdə son illər ərzində yaşaması, mübahisə predmeti olan evə hər hansı bir hüquqa, yəni subyektiv hüquqa malik olması, evin əldə olunmasında/tikilməsində özünün iştirak etməsi, göstərilənlərə əsasən onun mübahisə predmeti olan evə qanuni gözlənti hüququnun olması hallarının da öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçının sözügedən evdən məcburi şəkildə məhrum edilməsinə, məhz bu səbədən son illər ərzində ailəsi ilə birlikdə kirayədə qalmağa məcbur olmasına dair irəli sürdüyü dəlilləri də heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Qeyd edilməlidir ki, iddiaçının iddianın faktiki əsası kimi istinad etdiyi özünün özbaşına tikilidə pasport qeydiyyatında olması halı da ona bu yaşayış sahəsindən hər hansı hüququn yaranmasına əsas vermir. 39.Qeyd edilməlidir ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə bu cür halların mövcudluğu öz təsdiqini tapmamışdır. Bundan başqa, mübahisəli yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəldiyi halının araşdırılmasına, əmlakın söküldüyü müəyyən edildiyindən, ümumiyyətlə ehtiyac qalmır. 40.Beləliklə iş materiallarından müəyyən edilir ki, İddiaçı1 mübahisəli evdə 2009-cu ilə (iş vərəq 30), qonşular Abasova Elmira, Əbilova İradə və Qurbanova Sevda tərəfindən tərtib edilmiş və notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta görə isə 1988-ci ilə qədər yaşamış, iddiaçının vəfat etmiş qardaşının ailəsi isə həmin evdə, ev sökülənə qədər davamlı olaraq yaşamışdır. Mübahisəli evdə qaz, su, elektrik enerjisindən istifadəyə görə istehlakçı kimi cavabdeh göstərilmişdir. 41.Beləliklə mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də iddiaçı mübahisə predmeti olan evdə doğulduğu vaxtdan yaşadığını bildirdiyindən, həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına istinad edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 42.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. 43.İddia ərizəsində istinad olunan Mülki Məcəllənin 228-ci maddəinin münasibətdə qeyd edilməlidir ki, mübahisəyə tətbiq edilməli olması barədə dəlili əsassızdır. Belə ki, həmin normalar mülkiyyətçi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Hazırkı işdə mübahisəli yaşayış sahəsi özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə belə tikintini aparmış şəxs də ona mülkiyyət hüququ əldə etmir 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1442/2023 saylı 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar