Məhkəmə qərarları › İş №2(103)-4484/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4484/2025

24.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4484/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-250/2025 saylı, 02 iyun 2025ci il tarixli qərardadından Maraqlı şəxs şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı və X1 cavabdelər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş hasarın sökülməsi və istifadəsində olan torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********5-10301 reyestr nömrəli xx.xx.2021 tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Bilgəh qəsəbəsi, Musa Nağıyev kücəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsində özbaşına inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-250/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verildiyindən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2613/2025 saylı 4 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilərək baxılması üçün 06 may 2025-ci il tarixə təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-250/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən Maraqlı şəxs elekton kabinet vasitəsilə 13 mart 2025-ci il tarixdə apellyasiya şikayəti verdiyindən və birinci instansiya məhkəməsi tərəfindən həmin şikayətə münasibət bildirilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2613/2025 saylı 06 may 2025-ci il tarixli qərardadı ilə 2(103)-2613/2025 saylı 04 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmış, Maraqlı şəxs apellyasiya şikayətinə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-250/2025 saylı, 02 iyun 2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-250/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qənaətində göstərib ki, mülki iş üzrə Maraqlı şəxs hüquqları haqqında məsələ həll olunmadığından və qətnamə onun hüquq və vəzifələrinə toxunmadığından onun apellyasiya şikayət vermək hüququ yoxdur, MPM-in 357.2-ci maddəsinə əsasən qətnamədən apellyasiya şikayəti vermək hüququ olan şəxs sayılmır. Qərardaddan Maraqlı şəxs nümayəndəsi Vəkil4 şikayət verərək ləğv edilməsi və Maraqlı şəxs iş üzrə maraqlarına toxunan şəxs qismində tanınaraq onun tərəfindən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-250/2025 saylı, 13 iyun 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş şikayətə etirazda qeyd edilir ki, Maraqlı şəxs tərəfindən təqdim edilmiş bələdiyyə qərarı və hazırlanmış torpaq sahəsinin yerləşmə cizgisində həmin sahənin konkret hansı ünvanda yerləşdiyi və qonşu sərhədlərin döngə nöqtə koordinatları müəyyən deyildir. Digər şəxslər tərəfindən isə sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 363.1.1 və 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin mübahisəsiz halıdır ki, Maraqlı şəxs mübahisələndirdiyi qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmayıb, işdə iştirak etməyə də cəlb edilməyib. Ancaq Maraqlı şəxs hesab edir ki, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunduğu üçün ondan apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yaranmışdır. Qətnamənin hüquq və vəzifələrinə hansı hissədə toxunduğunu ərizəsində bir cümlə ilə yəni, sözügedən torpaq sahəsi və həmin hasar qanuni əsaslarla onun istifadə və sahibliyindədir, daha ətraflı apellyasiya şikayətində göstərib. Birinci instansiya məhkəməsi ərizədə göstərilənləri, yəni qətnamənin onun hüquq və vəzifələrinə toxunub- toxunmamasını yoxlayıb onlarla razılaşmayıb, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edib. Maraqlı şəxs isə qəradadla razılaşmayıb şikayət verib, ərizədə göstərdiklərini şikayətində də göstərib. Məhkəmə tərkibi qeyd edir ki, ərizədə və şikayətdə göstərilənlər ilk baxışdan açıqaşkar əsassız görünməyə bilər. Ancaq hazırkı vəziyyətdə mübahisələndirdiyi qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə bilavasitə toxunduğu məyyən edilmir yaxud təsdiq olunmur. Əvvəla, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün 4 əsas MPM-in 385-ci nəzərdə tutulub. Maraqlı şəxs apellyasiya şikayətində bu 4 əsasdan heç birinə istinad edilməyib. Başqa sözlə, qətnamənin hansı əsasla ləğv edilməli olması göstərilməyib. Yalnız işin halları bölməsində ərizədə göstərildiyi kimi hasar və hasardan sonrakı torpaq sahəsinin hazırkı gündə istifadəsində olduğu göstərilib. Demək ki, birinci instansiya məhkəməsi həm də MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarmaqda haqlı olub. Bundan əlavə, Maraqlı şəxs iddia verildiyi və qətnamə çıxarıldığı vaxt iddiaçılara və ya cavabdehlərə qarşı hansısa iddiası olmamış və buna dair qətnamə çıxarılmayıb. Ən azından iddiaçıların cavabdehlərə qarşı olan iddiasından məlumatlı idi. Əks halda belə vəziyyət yarana bilər ki, iddiaçılara və cavabdehlərə qarşı gələcəkdə də təmin edilən iddiası olacaq istənilən şəxs eyni əsaslarla məhz qeyd olunan qətnaməni mübahisələndirə bilər. Bu cür vəziyyət isə “qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslərin” dairəsinin süni surətdə artırılmasına səbəb ola bilər. Bir də ki, mübahisələndirilən qətnamə üzrə iddiaçılar tərəfindən konkret cavabdeh şəxslərə qarşı iddia qaldırılıb və onlara münasibətdə iddia təmin edilib. Bu halın özü də qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmadığına dəlalət edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinə baxılacaq. Həmin işə baxılarkən Maraqlı şəxs üçüncü şəxs kimi işə cəlb olunmasını məhkəmə tərkibindən xahiş edə bilər və vəsatəti təmin edildiyi halda hazırkı ərizədə və şikayətdə göstərilən dəlillərə dair tam və hərtərəfli hüquqi dəyərləndirmə aparılması üçün geniş hüquqi mexanizm mövcud ola bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-250/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-250/2025 saylı, 02 iyun 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar