Məhkəmə qərarları › İş №2(103)-4486/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4486/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4486/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2024 saylı, 14 iyun 2024cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs qismində Dövlət Miqrasiya Xidmətini və Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsini qeyd edib ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2024 saylı, 14 iyun 2024cü il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmış, ərizəçiyə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçi ərizədə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, mülki prosessual qanunvericiliyin imperativ tələbinə riayət etməmiş, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Eyni zamanda, ərizəçi eyni tələblə bağlı ərizə ilə 16 may 2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, ərizə mülki prosesual qanunvericilikdə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3923/2024 saylı 21 may 2024-cü il tarixli qərardadına əsasən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsa da, ərizəçi tərəfindən qərardadda göstərilən nöqsanları aradan qaldırmadan təkrarən eyni tələblə bağlı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Qərardaddan Ərizəçi (vəkili Vəkil) şikayət verərək ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2024 saylı, 01 iyul 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 307.2 və 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizə geri qaytarılarkən bunun prosessual hüquqi əsası qərardadda aydın şəkildə göstərilmişdir. Belə ki, ərizəçi göstərdiyi məsələ ilə bağlı, yəni Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ilk növbədə müvafiq icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Dövlət Miqrasiya Xidməti müraciəti təmin etmədikdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə arayış verir və ərizəçi bu arayışı əldə etdikdən sonra ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidir. Düzdü iş materialında(bax.i.v.34-35) ərizəçinin vəkili tərəfindən Ərizəçi hər hansı dövlətin vətəndaşlığına malik olub-olmaması və Azərbaycan Respublikasında yaşayıbyaşamaması barədə Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş, həmin Xidmətin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı sənədlə təmin edilmədiyinin müəyyən edildiyi və Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alınma və ya müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətinin qeydə alınmadığı göstərilmişdir. Göründüyü kimi, nə vəkilin müraciəti ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ilk növbədə müvafiq icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinə edilən müraciət kimi, nədə Xidmətin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundakı məlumat ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadda bu məsələləri ərizəçiyə izah etsə də sonuncu mülki prosesual qanunvericiliyin qeyd olunan tələblərinə riayət etmək əvəzinə, qərardaddan şikayət vermiş, bununla da nail olmaq istədiyi məqsədə çatmaq üçün düzgün hüquqi vasitə seçməmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2024 saylı, 14 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4326/2024 saylı, 14 iyun 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar