Məhkəmə qərarları › İş №2(103)-4489/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4489/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4489/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanmalarına görə 6970 manatın, qanunsuz hərəkətləri nəticəsində ona vurduqları ziyana görə 4850 manatın, vəkilə ödədiyi 110 manatın və 30 manat dövlət rüsumunun cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “Babək Plaza”nın 3-cü mərtəbəsində fəaliyyət göstərən “SR Group Holding” şirkətində çalışdığı zaman təyyarə biletlərinin alışı ilə əlaqədər iş yoldaşı Aynur İsmayılova (İmanova) vasitəsilə həmin Plazanın 16-cı mərtəbəsində fəaliyyət göstərən “AD” turizm şirkətində çalışanlar, özünü şirkətin direktoru kimi təqdim edən Cavabdeh2 və özünü həmin şirkətin təsisçisi kimi təqdim edən Cavabdeh1 ilə tanış olmuş, 31.05.2019-cu il tarixdən etibarən istifadə etdiyi +99450535- 57-27 mobil nömrədən Cavabdeh1 istifadə etdiyi +99450977-14-27 və Cavabdeh2 istifadə etdiyi +99***-***-**-** mobil nömrələrinə telefon zəngləri, habelə “WhatsApp”-da yazışmalarla daimi əlaqə saxlamaqla təyyarə biletlərinin və otel otaqlarının alışını həyata keçirmişdir. Şifahi razılaşmalarına əsasən cavabdehlər ona təyyarə biletləri təşkil etməli, o isə həmin təyyarə biletlərinə nəzərdə tutulmuş məbləğdə pul verməli olmuş, əldə olunmalı təyyarə biletlərinə gör nəzərdə tutulan ödənişi “Babək Plaza”nın 3-cü mərtəbəsində olan ofisində etmişdir. 18 iyun 2019-cu il tarixdə 614 manat nəğd şəkildə Cavabdeh1, 19.06.2019-cu il tarixdə 2581 manat nəğd şəkildə Cavabdeh2, 20.07.2019-cu il tarixdə 327 manat nəğd şəkildə Cavabdeh1, 17.08.2019-cu il tarixdə 3448 manat Cavabdeh2 vermiş, ümumilikdə cavabdehlər ondan 6970 manat almışlar. Lakin sonradan həmin biletlərin saxta olduğu ortaya çıxmış, bunu etiraf edən cavabdehlər biletlərə ödənilmiş məbləğin qaytarılacağına söz versələr də, pulu qaytarmamışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 6970 (altı min doqquz yüz yetmiş) manatın, 110 (yüz on) manat hüquqi xidmət haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçıdan hər hansı pul vəsaiti almdığından onun heç bir məsuliyyəti yaranmamış, məhkəmə isə işin hallarına düzgün hüquqi qiymət verməyərək və izahatlarını təhrif edərək əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ondan pul tutulması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh1şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır, Cavabdeh2 isəapellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətinin məzmunundan, habelə məhkəmə iclası zamanı verdiyi izahatdan qətnamənin yalnız özünə aid hissəsini mübahisələndirdiyi aydın olmuşdur. Nəzərə alınmalıdır ki, şikayətin məzmunu da qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, qətnaməni iddiaçı da mübahisələndirməmişdir və bu səbəblə iddianın təmin edilmədiyi hissələr də apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilərək iddia tələbi ona münasibətdə təmin olunmamalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini Cavabdeh2 verdiyini, beləliklə də həmin tərəfin əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya hesab edir ki, iddiaçı, Cavabdeh2 pul vəsaiti verdiyinə, ümumiyyətlə onunla arasında hər hansı münasibətin yaranmış olduğuna və bilet satışını həyata keçirən şirkət olduğunu iddia etdiyi “AD” turizm şirkəti ilə bu şəxsin əlaqəsinə dair heç bir sübut təqdim etmədiyindənbirinci instansiya məhkəməsi adı çəkilən cavabdehə qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır, bu səbəblə dəqətnamə ona aid hissədə ləğv edilməklə ona qarşı verilmiş iddia tələbi rədd olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar hüquqşünasla təmsil olunan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-700/2020 saylı iş üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 6970 (altı min doqquz yüz yetmiş) manatın, 110 (yüz on) manat hüquqi xidmət haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. İddiaçı iddia tələbi Cavabdeh2 aid hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar