Məhkəmə qərarları › İş №2(103)-449/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-449/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-449/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun tutulması və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT ”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, mülkiyyət hüuqunun və istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə xx.xx.2015-ci il tarixli, 525/2015 saylı kredit müqaviləsi üzrə borcun ödənilməmiş qalan əsas hissəsindən 99.984,58 manat əsas borc, 17186,24 manat faiz borcu, 45502,97 manat cərimə və 2081,87 manat gecikdirilmiş illik 5% borc olmaqla, cəmi 164845,66 manat pul vəsaitinin, o cümlədən ödənilmiş 30 manat manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının tutulması, bu tutulmanın təminatı kimi, xx.xx.2015-ci il tarixli, 525/2015 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş cavabdehə məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m., yaşayış sahəsi 135,3 kv m., yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evinə yönəldilməsi, bu əmlakın açıq bazarda və ya hərracda satılması, satışından əldə edilmiş məbləğin iddiaçının hesabına ödənilməsi, ipoteka qoyanın, o cümlədən mənzildə qeydiyyatda olan bütün şəxlərin Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468.1 kv m., yaşayış sahəsi 135.3 kv m., yardımçı sahəsi 332.8 kv/m olan 6 otaqlı bağ evinə olan mülkiyyət hüquqlarının və istiladə hüquqlarının itirilməsi, əmlak satıldıqdan 1 ay sonra onun boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 525/2015 saylı Kredit müqaviləsinə əsasən, sonuncuya 3 ay müddətinə, illik 24 faiz dərəcəsi olmaqla, 100.000 manat məbləğində kredit verilmişdir. Kreditləşmə obyekti olaraq borcalan biznesinin inkişafını göstərmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi xx.xx.2015-ci il tarixli İpoteka müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən, borc alan cari Müqavilə üzrə kredilora çatmalı olan krediti və ona hesablanmış faizləri və bütün digər məbləğləri 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür, lakin bu günə kimi borc alan tərəfindən BOKT «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-ə əsas borcdan 15,42 manat, faiz məbləğindən 52231,58 manat olmaqla, cəmi 52247 manat borc ödənilmişdir. Borcalan xx.xx.2015-ci il tarixli, 525/2015 saylı kredit müqaviləsi üzrə hüquq və öhdəliklərini yerinə yetirmədiyinə görə, kredit təşkilatı tərəfindən ona güzəşt edilmiş, kredit müqaviləsinin müddəti dəfələrlə rəsmi qaydada uzadılmış, bununla bağlı müxtəlif müqavilələr (əlavələr) imzalanmış və son olaraq həmin kredit müqaviləsi üzrə hüquq və öhdəliklərin yerinə yetirilmə müddəti xx xxxxxxx 2017-ci il tarixli əlavə müqavilə ilə (sonuncu əlavə) xx.xx.2018-ci il tarixinədək artırılmışdır. Eyni zamanda, verilmiş kreditin qaytarılmasının təminatı kimi tərəflər arasında bir neçə əlavə ipoteka müqavilələri də imzalanmışdır. Hal-hazırda müqavilənin şərtlərinə əsasən, xx.xx.2018-ci il tarixinə borcalanın 99984,58 manat əsas borc, 17186,24 manat faiz borcu, 45502,97 manat cərimə və 2081,87 manat gecikdirilmiş illik 5% borc olmaqla, cəmi 164845,66 manat borcu vardır. Cavabdeh tərəfindən isə kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi xx.xx.2015-ci il tarixli ipoteka müqavilələri və onun əlavələrinin şərtlərinə əsasən, Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m. yaşayış sahəsi 135,3 kv m. yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evi olan əmlak kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı məqsədilə ipoteka predmeti kimi təqdim olunmuşdur. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi: borcun əsas hissəsi, hesablanmış faizlər, ipoteka qoyan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ipoteka saxlayana, yəni kreditora dəyən zərərlər və həmçinin ipoteka saxlayan tərəfindən ipoteka predmetinə ödənişin yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 100.000 manat əsas borc, 11652,99 faiz borcu (illik 5% dərəcəsi daxil olmaqla) və 4550,2 manat cərimə borcu olmaqla, cəmi 116212,19 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması; tələb üzrə tutmanın cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m. yaşayış sahəsi 135,3 kv m. yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi; ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması; ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış olan birinci instansiya məhkəməsi iş üzrə işin faktiki hallarını hərtərəfli araşdırmamış və düzgün qiymətləndirməmişdir. Həmçinin borcun şişirdilmiş olduğunu bildirərək əlavə mühasibatlıq və qiymətləndirmə ekspertizalarının keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili O.Yusubov şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasnı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-715/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmdən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni mübahisələndirərək ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. İşin halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 525/2015 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 3 ay müddətinə, illik 24 faiz dərəcəsi olmaqla, 100.000 manat məbləğində kredit vermişdir, əlavələrdən görünür ki, kredit istifadəsinin başa çatma müddəti xx.xx.2018-ci il tarixə təyin edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m. yaşayış sahəsi 135,3 kv m. yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evini 525/2015 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir; ipoteka predmetinin qiyməti 100000 manat müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m. yaşayış sahəsi 135,3 kv m. yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evi Cavabdeh mülkiyyətindədir və ipoteka müqaviləsi üzrə iddiaçının xeyrinə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2019-cu il tarixli, 60 saylı maliyyə arayışından görünür ki, Cavabdeh BOKT ”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə 99984,58 manat əsas borc, 17186,24 manat faiz borcu, 45502,97 manat cərimə və 2081,87 manat gecikdirilmiş illik 5% borc olmaqla, cəmi 164845,66 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 3531 saylı ekspert rəyinə əsasən, Cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixə (illik 5% dərəcəsi daxil olmaqla) əsas borcu 100000 manat və faiz borcu 11652,99 manat müəyyən edilmişdir. Həmçinin, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019cu il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m. yaşayış sahəsi 135,3 kv m. yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evi 200000 manat məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək düzgün nəticəyə gəlsə də, əsas və faiz borcun məbləğini müəyyənləşdirərkən səhvə yol vermişdir. İlk növbədə qeyd olunmalıdır ki, bankın-iddiaçının tələbi əsas borc üzrə– 99.984,58 manat təşkil edir; sonradan keçirilmiş ekspertiza rəyi ilə əsas borc 100.000 manat təşkil etmişdir. Və birinci instansiya məhkəməsi cavabdehdən əsas borc üzrə 100.000 manat pulun tutulması qənaətinə gəlmişdir. Hazırki halın hüquqi əsası kimi nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi qeyd olunan normanın tələbi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Ümumiyyətlə cavabdehin banka olan əsas və faiz borcunun məbləğini müəyyənləşdirərkən nəzərə almaq lazımdır ki, kollegiya tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24890 saylı ekspert rəyinə əsasən, Cavabdeh BOKT ”xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə xx.xx.2018-ci il tarixə (illik 5% dərəcəsi daxil olmaqla) əsas borcu 99984,57 manat və faiz borcu 9442,99 manat müəyyən edilmişdir. Aydın olur ki, cavabdehin Banka yaranmış əsas borc və faiz borcunun məbləği iddiaçının tələb etdiyi məbləğdən az olması ilə fərqlənmişdir. Belə olan halda, kollegiya əsas borc və faiz borcunun məbləğinə dair hissədə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək cavabdehin banka olan əsas və faiz borcunu ekspert rəyi ilə müəyyən edir (99984,57 manat əsas və 9442,99 manat faiz borcu (illik 5% dərəcəsi daxil olmaqla)). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1 və 467-ci maddələrini tətbiq etməklə cərimə borcunun məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya iddia tələbinin digər hissələrinə münasibətdə nəzərə alır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan əşyanın satılmasını tələb edə bilər (maddə 317.1). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). Sadalanan normaların məntiqi davamı olaraq qeyd edilməlidir ki, işin apellyasiya baxışı zamanı şikayətin dəlili nəzərə alınmaqla ipoteka predmeti olan əmlakın - Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m. yaşayış sahəsi 135,3 kv m. yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli H/02-PLS nömrəli rəyi ilə əmlakın bazar dəyəri 190.000 manat məbləğində müəyyən olunmuşdur. Bu məqamda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə keçirilmiş ekspertiza nəticəsində əmlakın bazar dəyəri 200.000 manat məbləğində qiymətləndirilmiş və məhkəmə yekun nəticəyə gələrkən sonuncunu tətbiq etmişdir. Məhkəmə kollegiyası «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmiş qiyməti nəzərdən keçirib, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin xx.xx.2019-cu il tarixli rəyi ilə müqayisəli təhlil edərək, belə qənaətə gəlir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qeyd edilən hesabatında müəyyən edilmiş qiymət (200.000 manat), “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş hesabatda həmin əmlakın müəyyən edilmiş qiymətindən (190.000 manat) nisbətən yüksəkdir, əmlakın dəyəri baxımından fərq cüzi və ağlabatandır. Kollegiya hesabatlar arasında olan fərq ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qiymətləndirmə sahəsində ixtisaslaşan qurumların hər hansı əmlakla bağlı qiymət baxımından analoji rəy verməsi heç də həmişə mümkün olan hal deyil və qiymətdə fərqin olması başa düşüləndir. Sadəcə olaraq fərq məbləğ baxımından ağlabatan olmalıdır. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 manatın 117 manatı Cavabdeh, 28 manatı isə iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-715/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilsin. xx.xx.2015-ci il tarixli, 525/2015 saylı müqavilə üzrə Cavabdeh 99.984 (doxsan doqquz min doqquz yüz səksən dörd) manat 57 (əlli yeddi) qəpik əsas və 9442 (doqquz min dörd yüz qırx iki) manat 99 (doxsan doqquz) qəpik faiz borcu (illik 5% dərəcəsi daxil olmaqla) alınaraq BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-715/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın 117 (bir yüz on yeddi) manatı Cavabdeh, 28 (iyirmi səkkiz) manatı isə iddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar