Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4490/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" ləğvi barədə cavabdeh MMC-nin verdiyi 158 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsi, işlədiyi MMC-nin məxsus “X1 Zavodunun” Sürtkü yağları istehsalı bölməsində məşğulluq təsnifatı üzrə: çilingər yığıcı, sənaye avadanlığı, “Əmək müqaviləsi” üzrə İİİ dərəcəli çilingər vəzifəsinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixindən başlayaraq işə bərpa ediləcəyi tarixədək (icra sənədinin tam icra olunduğu günə qədər) bütün məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın əvəzi olaraq 3.000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə, habelə cavabdeh MMC-nin vəzifəli şəxslərinin barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən və MMC-yə məxsus “X1 Zavodunda” İİ dərəcəli çilingər vəzifəsinə işə qəbul (müddətli əmək müqaviləsi) olunmuşdur. İşlədiyi müddətdə iddiaçı heç bir nöqsana yol verməmiş və öz işini layiqincə görmüşdür. Zavod rəhbəri xx.xx.2023-cü il tarixində iddiaçını yanına çağırtdırıb onu məzuniyyətə yollayıb və sonra onu işdən çıxaracağını iddiaçıya söyləmişdir. İddiaçı, rəhbərlikdən onu niyə işdən çıxartdıqlarının səbəbini öyrənmək istəsə də, ona açıqlama verilməmişdir. İddiaçı, rəhbərliyə onun ailə vəziyyətini nəzərə almasını (üç körpə övladı var, həyat yoldaşı işləmir, özü kirayədə yaşayır, valideynləri dünyasını dəyişib, evdə ondan başqa işləyən yoxdur) və iş tapana qədər işinə davam etməyə imkan verməsini xahiş etsə də, müsbət cavab almamışdır. xx.xx.2023-cü il tarixində iddiaçının "xxxx" Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (öz xahişi ilə) bəndinə əsasən xitam verilmişdir. Halbuki “Əmək müqaviləsi” xx.xx.2024cü il tarixində bitir. İddiaçı, işdən çıxma ərizəsini rəhbərliyin təzyiqi altında yazmış, lakin işdən çıxarılması vaxtını ərizədə göstərməmişdir. İddiaçının işdən çıxmaq niyyəti olmamışdır, çünki ailəsinin yeganə qazanc gətirəni odur. Cavabdeh tərəfindən təqdim edilən işdən çıxarılma barədə ərizədəki imza iddiaçıya məxsus olsa da, işdən çıxarılma tarixi iddiaçı tərəfindən yazılmamışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdehin MMC-nin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023 tarixində Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən İİ dərəcəli çilingər kimi işə qəbul edilmiş, əmək funksiyalarını tam yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən İİİ dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. İddiaçı işdən çıxarılan zaman İİİ dərəcəli çilingər vəzifəsində işlədiyini bilirdi. xx.xx.2023-cü il tarixdə iddiaçının işdən çıxması barədə ərizəsi təqdim edilmişdir. İddiaçının iş axtarmaq üçün ayın sonuna kimi möhlət istədiyini və ailə vəziyyətini nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq, ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi maddi yardım verilməsi və "xxxx" xitam verilməsi barədə qərar qəbul edilmiş və əmrlə rəsmiləşdirilmişdir. İddiaçının öz üzərinə düşən işi lazımınca icra etməməsi, nizam-intizamı pozmasına baxmayaraq, şirkət olaraq ona çox güzəştlər edilmiş və əmək funksiyalarının pozulması maddəsi ilə deyil, öz xahişi ilə işdən azad edilmiş, maddi yardım göstərilmişdir. Təəssüflər olsun ki, MMC-nin keçmiş hüquqşünası Əsmər Quliyeva və inzibatçı-koordinator Mətanət Rzayeva şifahi danışıq və razılıq əsasında ərizəyə xx.xx.2023-cü il tarixini yazmışdır. Hazırda hüquqşünas Əsmər Quliyeva ilə MMC-nin yolları ayrıldığı, onun magistr təhsilini Vilnus universitetində alması üçün Litvada olması səbəbindən onun məlumat yazısını təqdim etmək qeyri-mümkündür. İddiaçı xx.xx.2023-cü il tarixində isə öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxma ərizəsini iddiaçı özü imzalamışdır. "xxxx" xitam vaxtı iddiaçıya aylıq əmək haqqı, Əmək Məcəlləsinin tələbinə uyğun olaraq məzuniyyət ödənişi son-haqq hesab olaraq verilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə MMC-nin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqının ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin – 252 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini, Bakı Şəhəri 3 saylı vəkil bürosunun vəkili Nümayəndə2 iddiaçının hüquqlarını məhkəmədə müdafiə etməsinə sərf etdiyi 36 saat üçün 216 manat haqqın dövlət hesabından tutularaq Vəkil Bürosunun hesabına ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin kobud pozulması nəticəsində baş vermişdir, ona görə də, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Bununla yanaşı, mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində iddia sübuta yetirilmədiyi üçün təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. İddia tələbinə qarşı olan etirazın məzmununa uyğun əsasladırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, Rayon Məhkəməsi iddianın təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Cavabdeh MMC-nin nümayəndələri Nümayəndə1 və Qanuni nümayəndə apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətin, habelə iddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat vermişlər.
9. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. MMC ərizə ilə Məhkəməyə müraciət edərək, bir nümayəndənin övladının xəstəxanaya yerləşdirilməsi, digər nümayəndənin isə səhhətində problemin yaranması səbəbindən apellyasiya baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Müraciətə, müraciətdə qeyd edilən halları təsdiq edən sübutlar əlavə edilmədiyindən Məhkəmə müraciəti əsaslı, nümayəndənin gəlməməsinin səbəbini üzrlü saymamış və işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
11. İddiaçı və onun vəkili apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. f) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırkı iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
13. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC isə qətnamənin tam ləğv dilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, MMC qətnaməni qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində mübahisələndirmiş, iddianın bir qisminin təmin edilməməsi barədə nəticəni mübahisələndirməmişdir.
14. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" görünür ki, iddiaçı, cavabdeh MMC-yə İİİ dərəcəli çilingər vəzifəsinə işə qəbul edilir. Müqavilə 1il 1 ay 6 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək bağlanmışdır.
18. İddiaçının cavabdeh MMC-nin baş direktoruna ünvanlanmış ərizəsindən görünür ki, o, məzuniyyət qrafikinə uyğun olaraq onun xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənişli məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir.
19. MMC-nin “İşçiyə maddi yardımın göstərilməsi barədə” 125-K saylı, xx.xx.2023cü il tarixli əmrindən görünür ki, MMC-də çilingər vəzifəsində çalışan iddiaçıya işdə olmadığı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində əmək haqqı maddi yardım kimi ödənilməsi əmr olunmuşdur.
20. İddiaçı tərəfindən MMC-nin baş direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onunla bağlanmış "xxxx" xx.xx.2023-cü il tarixindən pozulmasını və onu işdən azad etməsini xahiş etmişdir.
21. MMC-nin 158-K saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, “X2 Zavodu” Sütkü yağları istehsalı bölməsində İİİ dərəcəli çilingər vəzifəsində işləyən iddiaçı ilə bağlanılmış xxxxxxx000800 nömrəli "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərin birinin təşəbbüsü ilə) xx.xx.2023-cü tarixindən xitam verilməsi əmr olunmuşdur.
22. İddia ərizəsinin dəlillərini nəzərə almış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi “iş üzrə məhkəmə xətt ekspertizasının təyin edilməsi barədə” qərardadına əsasən ekspertiza tədqiqatını həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 4/1805 nömrəli rəyində göstərmişdir ki, mülki işin 44-cü vərəqəsində olan və iddiaçının adından yazılmış xx.xx.2023-cü il tarixli ərizədə “İddiaçı” və “Tarix” qrafasındakı rəqəmli yazılar və “İmza” qrafasındakı imza iddiaçı tərəfindən icra olunmuşdur.
23. Təkrar məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/405 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 44-cü vərəqəsində olan və iddiaçının adından yazılmış xx.xx.2023-cü il tarixli ərizədə “İİİ dərəcəli çilingər İddiaçı, İddiaçı” yazıları – iddiaçı tərəfindən icra olunmuşdur. Həmin ərizənin orta sağ hissəsində və ərizənin sonunda “Tarix” qrafasındakı “31 iyul 23” yazıları – iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.
24. MMC-nin İnzibatçı koordinatoru Mətanət Rzayeva tərəfindən MMC-nin baş direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli “Xidməti məlumatdan” görünür ki, xx.xx.2023-cü il tarixdə Zavod direktoru Emel xanımla razılaşmış iddiaçı ona yaxınlaşıb, bildirmişdir ki, ayın sonunda işdən çıxmaq istəyir. İddiaçı ona demişdir: “Bu gündən xx.xx.2023 tarixinə kimi ödənişli məzuniyyət verin, özümə iş axtarım”. O da Baş ofisə məlumat vermişdir. Baş ofisdən deyilmişdir ki, iddiaçının işdə 6 ayı tamam olmadığı üçün məzuniyyət hüququ yaranmayıb, lakin iddiaçının ailəli olduğunu nəzərə alaraq, çətin vəziyyətdə qoymamaq üçün ayın sonuna kimi müddətə maddi yardım ediləcək. Bundan sonra o, iddiaçıya ərizə ilə rəhbərliyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı ərizənin nümunəsini götürmüş, işdən çıxma ərizəsini yazmış, ərizəni otaqda qoyub, sağollaşıb getmişdir. Bundan sonra o, iddiaçının ərizəsini Baş ofisə göndərmişdir. Baş ofisdən hüquqşünas Əsmər Quliyeva bildirmişdir ki, ərizəyə işdən çıxma ilə bağlı tarix hissəsi doldurulmayıb. İddiaçının nə üçün ərizədə tarixi yazmamasının səbəbini bilmir, bu məsələ onun gözündən qaçmışdır, görsə idi iddiaçıya deyərdi ki, ərizədə tarix yazsın. Əsmər Quliyeva ona iddiaçı ilə əlaqə saxlayıb işdən azad olunmasının tarixinin dəqiqiəşdirməsini istəmiş, o da, iddiaçı ilə əlaqə saxlamış və iddiaçı bildirmişdir ki, işdən xx.xx.2023 tarixində çıxmaq istəyir. Bundan sonra, bunun səbəbini bilmədiyi bir halda, iddiaçı ərizəsinin surətini bir neçə dəfə istəmişdir. O isə iddiaçıya bildirmişdir ki, xx.xx.2023-cü il tarixində gəlib “Əmək kitabçasını” götürməlidir.
25. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə mübahisə predmeti tərəflər arasındakı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilməsi ilə bağlıdır.
26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68; hissə 1.). Tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir (maddə 68; hissə 2; bənd “a”.). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (maddə 69; hissə 1.). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (maddə 69; hissə 2.). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (maddə 69; hissə 5.). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (maddə 83; bənd 1.).
28. Bununla əlaqədar, qanunverici tərəfindən müəyyən edilmişdir ki, istənilən halda işçi ilə işəgötürən arasında əmək müqaviləsinin ləğv edilməsi sonuncunun əsaslandırılmış əmri ilə müəyyən olunur. Müvafiq olaraq, həmin əmr çıxarılanadək işçi işəgötürənlə əmək münasibətində olan və bununla əlaqədar qüvvədə olan əmək qanunvericiliyi ilə nəzərdə tutulan bütün hüquqlardan və müəyyən olunmuş təminatlardan istifadə etmək hüququna malik olan şəxs hesab edilir. İşəgötürən isə, öz növbəsində, işçiyə verilmiş bu hüquqların həyata keçirilməsində ona maneçilik törətməməlidir.
29. Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz (maddə 69; hissə 4.). Xəbərdarlıq müddəti 1 ay müəyyən edilmişdir (maddə 69; hissə 1.).
30. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı cavabdeh MMC-nin rəhbərliyinin onun işdən çıxarılacağı barədə xəbərdarlıq edərək ona işdən öz xahişi ilə çıxarılması təklifini qəbul edərək, bu barədə ərizə yazsa da, ərizədə işdən çıxarılma tarixini göstərməmişdir. İddiaçı ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda, sonradan MMC-nin keçmiş hüquqşünası Əsmər Quliyeva ərizəyə xx.xx.2023-cü il tarixini yazmışdır. Məhkəmə iclasında bu halı cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi öz izahatında və İnzibatçı koordinatoru Mətanət Rzayeva xidməti məlumatında etiraf etmişlər. İşdən çıxma ərizəsində işdən çıxarılma vaxtının iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən yazılması iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır.
31. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi onun könüllü iradə ifadəsinin nəticəsidir. Bununla əlaqədar olaraq, Əmək Məcəlləsinin 68-ci maddəsinin dispozisiyasının mənasına əsasən işə götürən tərəfindən onun belə bir ərizə verməyə məcbur edilməsi barədə iddiaçının dəlili prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalar üzrə yoxlanılmalıdır.
32. İddiaçı, işəgötürənə onun ailə vəziyyətini nəzərə almasını (üç körpə övladı var, həyat yoldaşı işləmir, özü kirayədə yaşayır, ailənin yeganə qazanc gətirəni) bildirmişdir. Belə olan şəraitdə onun tərəfindən işdən öz xahişi ilə azad olunması barədə ərizə verilməsi Məhkəmə tərəfindən inandırıcı hesab edilmir, İddiaçının işdən öz xahişi ilə azad edilməsi barədə ərizəsinin hüquqi mahiyyətinə münasibətdə yanıldıldığını iş materialları ilə təsdiq olunur.
33. Əmək Məcəlləsinin tələblərinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70,7 3, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafıq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (maddə 83.). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər (maddə 84; hissə 1.). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84; hissə 2.).
34. İş materiallarından görünür ki, işəgötürən Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas olan rəsmi sənədə əmrdə istinad etməmişdir.
35. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin kobud pozulması nəticəsində baş vermişdir. Ona görə də, işə baxmış Rayon Məhkəməsi iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə MMC-nin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin göstərilən həmin nəticəyə aid dəlilləri əsassızdır.
36. Bundan başqa Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
37. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqının MMC tərəfindən ödənilməsini qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin göstərilən həmin nəticəyə aid dəlilləri əsassızdır.
38. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən nəticəyə gəlmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcini MPM-in 119.1-ci maddəsinə uyğun olaraq cavabdehə aid etməkdə də haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
39. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
42. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
43. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.