Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4491/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkiliştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-7143/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı(bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, Yod zavodunun yanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin vaxtdan 2018-ci ilin dekabr ayına qədər birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından xx.xx.1995-ci ildə İlhamə, xx.xx.1993-cü ildə Ayşə adlı övladları anadan olmuşdur. Rəsmi nikahları Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuş, lakin sonradan pozulmuşdur. Birgə yaşamaqları mümkün deyildir. 2018-ci ilin dekabr ayından o, ata evinə qayıtmışdır. Cavabdeh hazırda onlara məxsus olan Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, yod zavodunun yanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev birgə nikah dövründə alınmışdır. Lakin, qanunsuz tikili olduğundan dövlət reyestrində qeydə alınmamışdır. Hesab edir ki, həmin evə köçürülməli və həmin evə istifadə hüququ tanınmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)- 7143/2019 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaraq mübahisə predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı sübutu (evin mövcudluğu,dəqiq ünvanı,yerləşdiyi torpaq sahəsinin statusu və s.)bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilmirlər.Lakin, iddiaçı həqiqətən mübahisəli yaşayış evində cavabdehlə birlikdə yaşamış, birgə təsərrüfat idarə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş,lakin o,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxx 1991-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, birgə nikahlarından iki yetkinlik yaşına çatmış uşaqlarının olması, nikahlarının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-4052/2018 saylı qətnaməsi ilə pozulması işin mübahisələndirilməyən hallarıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı cavabdehlə 1991-ci ildə rəsmi nikaha daxil olsa da, mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, Yod zavodunun yanında yerləşən fərdi yaşayış evinə 2012-2013-cü illərdə köçmüş, çünki həmin evin tikintisi o zaman yekunlaşmışdır. Qeyd olunan yaşayış evi dövlət qeydiyyatından keçməyən özbaşına tikilidir. Mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin mövcud olmamasına baxmayaraq, qanunun analogiyası üzrə hazırki mübahisənin düzgün həlli baxımından «mənzilə istifadə hüququ»na dair normalar tətbiq edilməklə, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilinin kimə məxsus olması, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş və iddiaçının həmin evə dair artıq heç bir hüququ qalmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi – hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işdə hər hansı sübut olmadığı halda məhkəmənin mübahisəli yaşayış evinin mövcudluğu, statusu, iddiaçının ora 2012-2013-cü illərdə köçməsi, çünki evin tikintisinin o zaman yekunlaşması barədə göstərdiyi hallar ziddiyyətli olmaqla, işdə olan sənədlərlə təsdiq olunmur. İddiaçı ümumiyyətlə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bununla yanaşı, apellyasiya icraatı zamanı da məhkəmə kollegiyasının təklif etməsinə baxmayaraq bu istiqamətdə hər hansı sübut təqdim olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində də səhvə yol vermiş, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması müəyyən edilmir. İddiaçının özü iddia ərizəsində yaşayış sahəsinin özbaşına tikili olmasını göstərmişdir. Mənzil Məcəlləsinin 30-cu maddəsi isə xüsusi mülkiyyətdə olan yaşayış sahələri ilə bağlı mülkiyyətçi və onun ailə üzvləri arasında istifadə münasibətlərini tənzimləyir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisəli yaşayış sahəsində istifadə hüququ yaranmış, lakin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən cavabdehlə ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququ saxlanılmır. Halbuki, yuxarıda qeyd edildiyi kimi yaşayış sahəsinin statusu, cavabdehin xüsusi mülkiyyətində olması və s. işin digər halları işdə olan sənədlərdən görünmür. Belə olan halda isə qeyd edilən normanın tətbiqini mümkün sayılmır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübutetmə yükünü həyata keçirə bilməmişdir,bu səbəbdən də iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, bu səbəbdən də, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməmsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-7143/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)- 7143/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4491/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4491/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver