Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4492/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1567/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-l567/2017 saylı 27 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh, X1 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən 24 saylı evin 20 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mülkiyyətçi "xxxx" ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1567/2017 saylı, 27 aprel 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti daxil olmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1567/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh həmin qətnamədən vermiş olduğu apellyasiya şikayətinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2984/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardada əsasən, vəsatətə görə Cavabdeh uzun müddət onkoloji xəstə olması, xaricdə əməliyyat olunması və COVİD-19 pandemiyası səbəbindən müddətin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1567/2017 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1567/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1567/2017 saylı, 27 aprel 2017-ci il tarixli qətnaməsinin surəti xx.xx.2017-ci il tarixdə qanunamüvafıq qaydada poçt vasitəsilə cavabdehlərin, o cümlədən Cavabdeh yaşayış yeri üzrə ünvanına göndərilmişdir. Həmçinin, icra işinin materiallarından görünür ki, icra sənədi üzrə icraat xx.xx.2017-ci il tarixdə başlanılmış, dəfələrlə icra sənədinin icrası barədə borclu Cavabdeh xəbərdarlıq olunmuş, sonuncu dəfə xx.xx.2021ci il tarixdə belə xəbərdarlıq ona şəxsən çatdırılmış, habelə həmin borclu ərizə ilə icra şöbəsinə müraciət edərək mənzili xx.xx.2022-ci il tarixdə boşaldacağını bildirmişdir. Beləliklə, qətnamənin surəti rəsmi qaydada xx.xx.2017-ci il tarixdə qanunamüvafıq qaydada poçt vasitəsilə göndərildiyi və qətnaməyə əsasən verilmiş icra sənədi üzrə beş ilə yaxın müddət ərzində icra hərəkətlərinin aparıldığı halda, apellyasiya şikayəti xx.xx.2022ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuş, Cavabdeh müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı sübutu (onkoloji xəstə olması, xaricdə əməliyyat olunması və s. barədə) məhkəməyə təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, müddətin üzrlü səbəbdən buraxılmasını müəyyən etmək mümkün deyildir. Bundan əlavə, qətnamənin icra prosesi COVİD-19 pandemiyasından xeyli əvvəl başlamışdır, bu səbəbdən Cavabdeh pandemiyaya istinad etməsi də əsassız hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra onun yenidən mübahisələndirilməsinə şərait yaradılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı, tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli “C.N.İsmayılzadənin şikayəti üzrə Qərarı”nda da vurğulanır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1567/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4492/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4492/2022
09.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver