Məhkəmə qərarları › İş №2(103)-4494/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4494/2021

17.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4494/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-850/2021 nömrəli saylı işi üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 18 mart 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixə qədər dövr üçün ödənilməyən maaşının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunur ki: "xxxx” QSC Sərnişin Daşımaları Departamenti Bakı Sərnişin Stansiyasının rəisinin "əmək məzuniyyətinin verilməsi haqqında” 13.01.2020-ci il tarixli, 04 nömrəli əmrinə əsasən, İddiaçı 10 təqvim günü əsas məzuniyyət (14.01.2020 - 21.04.2020) müəyyən edilmiş və 20 Yanvar - Ümumxalq hüzn günü əmək məzuniyyəti dövrünə təsadüf etməsi ilə əlaqədar əmək məzuniyyətinin müddəti 01 (bir) təqvim günü müddətinə qədər haqqı ödənilmədən uzadılmışdır. İşə başlamalı olduğu tarix 27.01.2020-ci ilə kimi müəyyən edilmişdir (səh.5); Seriya nömrəsi SN 00006 olan 506564 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətinə əsasən, "xxxx” QSC-də mühəndis vəzifəsində çalışan İddiaçı 14.01.2020-ci il tarixdən 09.03.2020-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. İşə başlamalı olan tarix kimi 10.03.2020-ci il kimi müəyyən edilmişdir (səh.6); "xxxx" QSC İnsan Resursları İdarəsinin rəisi tərəfindən İddiaçı Taqəddin oğluna ünvanlanmış cavab məktubuna əsasən, İddiaçı Taqəddin oğlunun əmək məzuniyyəti 10.03.2020-ci il tarixindən deyil 14.01.2020-ci il tarixindən başlamış və həmin gündən etibarən ona əmək qabiliyyətinin olmaması vərəqəsi yazılmış, onun xarici ölkəyə səfəri xidməti fəaliyyətlə bağlı olmadığından əmək funksiyalarını birbaşa və ya dolayısı ilə yerinə yetirməmişdir (səh.9); Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin məktubuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı Taqəddin oğlu dünyada sürətlə yayılan "koronovirus" epidemiyasının qarşısının alınması istiqamətində Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 13 mart 2020-ci il tarixdən etibarən elan olunmuş karantin və 17 mart 2020-ci il tarixdən bütün beynəlxalq uçuşlarının dayandırılması səbəbindən hazırda Ukraynadadır. Sözügedən şəxs vətənə qayıtmaq üçün Səfirliyə müraciət etmiş və tərəflərindən qeydiyyata alınmışdır (səh.11); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 19.03.2011 -ci il tarixdə verilmiş PP tipli P4359348 nömrəli pasportun surətinə əsasən, İddiaçı Taqəddin oğlu Azərbaycan Respublikasının ərazisini 10.03.2020-ci il tarixdə tərk etmiş, 09.07.2020-ci il tarixdə isə geri qayıtmışdır (səh.7); aviabiletlərlə müəyyən edilir ki, İddiaçı 10.03.2020-ci il tarixə Bakı-Kiyev, 18.03.2020-ci il tarixə isə Kiyev-Bakı reysləri üzrə biletlər əldə etmişdir (səh.10). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-850/2021 nömrəli saylı işi üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx” QSC-yə qarşı "pul tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” və “x” bəndlərinə; 134, 154, 169-cu maddəsinin 2-ci hissəsinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4, 218-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı Taqəddin oğlu "xxxx" QSC Bakı sərnişin stansiyası rəisinin 13 yanvar 2020-ci il tarixli 04 saylı əmrinə əsasən 10 (on) gün müddətinə növbəti əmək məzuniyyətinə çıxmışdır. O, 14 yanvar 2020-ci il tarixdən 9 mart 2020-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar müalicədə olduğundan, əmək məzuniyyətinin verilmə vaxtının 9 mart 2020-ci il tarixdən sonrakı 10 günlüyə keçirilmiş olduğunu zənn edərək, iş yerinə məlumat vermədən 10 mart 2020-ci il tarixdən müalicə almaq məqsədilə Ukrayna Respublikasına getmişdir. Dünya miqyasında yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisinə vaxtında qayıda bilməyən iddiaçı hazırda 18 mart 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixə qədər dövr üçün ödənilməyən maaşının ödənilməsini tələb edir. Məhkəmə ilk öncə iddiaçıya verilmiş 14.01.2020-ci il tarixdən 24.01.2020-ci il tarixədək olan məzuniyyət vaxtının başqa vaxta keçirilməsinin qanunauyğunluğunun yoxlanmasının zəruri olduğu qənaətinə gəlir. Belə ki, iddiaçının dediyinə görə, o, məzuniyyət vaxtının başqa tarixə keçirilməsi barədə işəgötürənə məlumat verməmiş, özünün bu hərəkətini "xxxx” QSC-də yaranmış təcrübə ilə əlaqələndirmişdir. Halbuki əmək məzuniyyətinin başqa vaxta keçirilməsini tənzimləyən qanun normalarının məzmununa görə işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər səbəbdən məzuniyyətin başqa vaxta keçirilməsinə yaranmış zərurəti təşəbbüskar olan tərəfindən əsaslandırılmalı, qeyd edilən məsələyə dair qarşı tərəfin razılığı mütləq qaydada alınmalıdır. Eyni zamanda bütün növ məzuniyyətlərin verilməsi kimi əmək məzuniyyətinin başqa vaxta keçirilməsi də işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməli, əmrdə məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və gələcəkdə bu məzuniyyətin veriləcəyi konkret vaxt göstərilməlidir. İddiaçı Taqəddin oğlu əmək məzuniyyətinin başqa vaxta keçirilməsinə işəgötürənin razılığını almadığından "xxxx” QSC Sərnişin Daşımaları Departamenti Bakı Sərnişin Stansiyasının rəisinin "əmək məzuniyyətinin verilməsi haqqında” 13.01.2020-ci il tarixli, 04 nömrəli əmrinə əsasən 21.01.2020-ci il tarixində işə başlamalı olduğu təqdirdə işə gəlməmiş, bununla da əmək qanunvericiliyə zidd hərəkət etmişdir. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin "d” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir və işçinin əmək müqaviləsinə əsasən iş vaxtı kimi müəyyən edilmiş müddət ərzində işdə olmaması əmək intizamının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddiaçının iddia ərizəsində boşdayanma dövrü kimi göstərilmiş müddət ərzində, işəgötürəni əmək məzuniyyətinin başqa vaxta keçirilməsi barədə qabaqcadan məlumatlandırmadan işdə olmadığı, həmin müddət ərzində əmək funksiyası üzrə öhdəlikləri yerinə yetirmədiyi, boşdayanmanın onun təqsiri üzündən baş verdiyi hazırkı iddia tələblərinin əsassızlığına dəlalət edir. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-850/2021 saylı 02.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun xeyrinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində 14 yanvar 2020-ci il tarixdən " xxxx" QSC Bakı sərnişin stansiyası rəisinin 13 yanvar 202C-ci il tarixli 04 saylı əmrinə əsasən növbəti məzuniyyət hesabına 10(on) günlük məzuniyyətə çıxmışdır. Həmçinin də 14 yanvar 2020-ci il tarixdə qəflətən xəstələndiyi üçün 9mart 2020-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Bu barədə xəstəlik vərəqəni iş yerinə təqdim etmişdir. 10 mart 2020-ci il tarixdən istifadə etmədiyi məzuniyyət vaxtı səhhəti ilə əlaqədar müalicə almaq məqsədi ilə Ukrayna Respublikasına Bakı- Kiyev-Xarkov və 18.03.2020-ci il tarixinə geriyə dönüş bileti alaraq getmişdir. Məlum hadisələr ilə əlaqədar pandemiya dövründə 17.03.2020-ci il tarixdən bütün Dövlət sərhədləri bağlanmış və Av/İA uçuşları təxirə salınmışdır. Bu səbəbdən 10.07.2020-ci il tarixə qədər Ukrayna Respublikasının Kiyev şəhərində qalmalı olmuşdur. Bu barədə Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı səfirlik vasitəsi ilə iş yerinə yəni Bakı sərnişin stansiyasına məlumat göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinəti yanında Operativ Qərargahın qərarlarını nəzərə alaraq pandemiya dövründə xüsusi karantin şəraitində ona 18 mart 2020-ci il tarixdən 10 iyul 2020-ci il tarixə qədər dövr üçün əmək haqqının ödənilməyən günlərin ödənməsi üçün xxxx QSC İnsan Resursları İdarəsinin rəisi Tural Məmmədov cənablarına 28.07.2020-ci il tarixdə ********* saylı mədaxil qəbzlə poçt vasitəsilə ərizəmlə müraciət etmiş və birmənalı olaraq əmək haqqını ödəməkdən imtina etmişdir. Nəsimi Rayon Məhkəməsi bu qənaətə gəlmişdir ki, əmək məzuniyyətinin başqa vaxta keçirilməsinə işə götürənin razılığı almadığından "xxxx QSC Sərnişin Daşımaları Departamenti Bakı sərnişin stansiyasının rəisinin "əmək məzuniyyətlərinin verilməsi haqqında" 13.01.2020-ci il tarixli, 04 nömrəli əmrə əsasən 21.01.2020-ci il tarixində işə başlamalı olduğu təqdirdə işə gəlməmiş və bununla da əmək qanunverici iyinə zidd hərəkət etmişdir. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin"d" bəndinə əsasən əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir və işçinin əmək müqaviləsinə əsasən iş vaxtı kimi müəyyən edilmiş müddət ərzində işdə olmaması əmək intizamının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddiaçının iddia ərizəsində boşdayanma dövrü kimi göstərilmiş müddət ərzində işdə olmaması əmək intizamının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddiaçının iddia ərizəsində boşdayanma dövrü kimi göstərilmiş müddət ərzində, işə götürəni əmək məzuniyyətinin başqa vaxta keçirilməsi barədə qabaqcadan məlumatlandırmadan işdə olmadığı, həmin müddət ərzində əmək funksiyası üzrə öhdəlikləri yerinə yetirmədiyi, boşdayanmanın onun təqsiri üzündən baş verdiyi hazırki iddia tələblərininəsassızlığına dəlalət edir. Nəsimi Rayon Məhkəməsinin gəldiyi qənaətlə heç cürə razılaşmır. Çünki o, 14.01.2020-ci il tarixindən 08.03.2020-ci il tarixə qədər xəstəlik vərəqəsini təqdim etmiş və davamı olaraq 10 günlük məzuniyyətinin pulunu da almışdır. Əgər qanunsuz olsaydı niyə onun əmək haqqını verirdi? Pandemiya dövrü idarə işləməyib. İşçilərin çoxu evdə qalıb. Onun burda olmamasından istifadə edib ona pandemiya dövrünə düşən əmək haqqını hesablamayıb. Bu ümumiyyətlə xüsusi haldır. Azərbaycan Respublikasının prezidenti cənab X3 dövrünə aid tapşırıqlarını, Azərbaycan Respublikası NK-nin yanında Operativ Qərargahın qəbul etdiyi qərarları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 10 günlük məzuniyyətə çıxdığını, sonra məzuniyyətdə olan vaxt temperaturunun qalxdığını, həkimə müraciət etdiyini, evdə müalicə aldığını, mart ayının 9-da müalicəsinin bitdiyini, işəgötürənə bu barədə xəbər verdiyini, həmin ərəfələrdə arada işə baş çəkdiyini, sonra Kiyevə şəhərinə getdiyini, sonra pandemiya ilə əlaqədar Kiyev şəhərində 4 ay qalmağa məcbur olduğunu, zəng edib işə məlumat verdiyini, işə qayıtdıqdan sonra sənədlərini işə verdiyini, həmin ərəfədə pandemiya ilə əlaqədar işin olmadığını, lakin işçilərin əmək haqlarının verildiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh “xxxx” QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 9-11,132.1(c), 133, 134.3(a), 154-158, 169, 174,177-181; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, işçinin vəzifələri üzrə boşdayanmanın mövcudluğuna səbəb onun özünün rəsmi razılıq almadan məzuniyyət vaxtının dəyişməsi və xaricə getməsi olduğundan əmək haqqının ödənilməsi üçün (onun təqsirsizliyi) hüquqi əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-850/2021 nömrəli saylı işi üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar