Məhkəmə qərarları › İş №2(103)-4497/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4497/2023

10.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4497/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və ezamiyyət pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi və işə bərpa tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və ezamiyyət pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1773/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" QSC ilə İddiaçı ararsında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə görə işçi sex rəisi vəzifəsinə işə qəbul olunmuşdur. 2."xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinə əsasən "xxxx" QSC-nin STS Kompleksinin, STS sexinin rəisi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək,cavabdeh Azərbaycan Respublikası Televiziya və Radio Verlişləri QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə(vəzifəsinə) bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və ödənilməmiş ezamiyyət pullarının, mediasiya şurasına ödənilmiş 50 manat və vəkil xidmətindən istifadə etdiyinə görə 210 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir.

4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-382/2023 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2005-ci il tarixdən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi STS kompleksinin STS sexinin rəisi vəzifəsində işləmişdir. Cavadehin xx.xx.2022-ci il tarixli 766k/d saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad olunmağına səbəb kimi 2022-ci ilin ilin oktyabr ayının 23-də, əslində xx.xx.2002-ci ildə Mingəçevir şəhərində ezamiyyətdə olarkən avarçəkmə yarışının canlı yayımı zamanı Peyk və Yerüstü yayım sxeminin növbə rəisi X6 ilə aralarında insidentin yaranması olmuşdur. Bu barədə ondan və E.E.Yusiflidən izahat alınmışdır. Baş vermiş insidentlə əlaqədar izahat yazmışdır. Cavabdehin əmri tam qanunsuz və əsassızdır. Aşağıda göstərilənlərə görə əmr ləğv edilməli, iddiaçı işə bərpa olunmalı, məcburi işə buraxmaya və ezamiyyətə görə pul ödənilməlidir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 765 K/d saylı əmrinin məzmununda iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə tutduğu vəzifədən azad olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı həmkərlar təşkilatının üzvüdür və hər ay əmək haqqısından üzvlüyə görə pul tutulur. İşdən azad olunmağı ilə əlaqədar həmkərlar təşkilatının nə iclası keçirilib, nə də onun yazılı razılığı alınmayıb. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. O, işlədiyi müddət ərzində üzərinə düşən öhdəliyi yerinə yetirmiş, hər hansı bir intizam cəzası almamışdır. Cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad etməsi də tam əsassızdır. Belə ki, həmin maddədə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilir. O isə, əmək funksiyasında kobud səhvə yol verməmiş və qanuni mənafeyinə ciddi xələl gətirməmişdir. İşə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. Bu əsasla əmək müqaviləsinə o vaxt xitam verilə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquqi pozuntuları nəticəsində işə götürənin, müəssisəinin qanuni mənafeyinə ciddi xələl gətirmiş olsun. Bu faktlara isə iddiaçı tərəfindən heç bir vaxt yol verilməmişdir. İddiaçı xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci il tarixə kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ezamiyyətdə olmuşdur. Ezamiyyətə göndərilməyi barədə cavabdeh qanunla müəyyən edilmiş qaydada əmri nəinki rəsmiləşdirilməmiş (əmr, sərəncam və s.), hətta ezamiyyət xərclərini belə verməmişdir. Hansı ki, çəkilən xərclər (mehmanxana, qidalanma, yol xərci və s.) işəgötürən tərəfindən ödənilməlidir. Qeyd olunanlardan tam aydın olur ki, işəgötürən özü əmək qanunvericiliyini kobud surətdə pozmuşdur. Cavabdeh nəinki ona qarşı qəsdi-qərəzlidir, hətta 1974-cü ildən cavabdeh təşkilatda işləmiş, xx.xx.1998-ci ildə “ Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi”, xx.xx.2008-ci ildə isə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş atası X4 da şər-böhtanla, məcbur edərək işdən azad etmişdir. Atası Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1030/2019 saylı qətnaməsi ilə işə bərpa edilmişdir. Bundan əlavə cavabdeh iddiaçının qardaşı X2 da, hədə-qorxu, vəzifəsini aşağı salmaqla şərləyərək, məcbur edərək işdən azad etmişdir. Bütün yuxarıda göstərilənlərdən tam aydın olur ki, cavabdehin münasibəti işdəki hər hansı bir nöqsana görə yox, şəxsi qərəzlik mövqeyində olmuşdur.

6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1773/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 766 k/d saylı əmri ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" QSC-də “STS Kompleksinin” STS sexinin rəisi vəzifəsinə bərpa olunması, "xxxx" QSC-dən 50 (əlli) manat mediasiya xərci, 210 (iki yüz on) manat vəkil xərcinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsasla xitam verilmişdir. Lakin əmrdə əmrin verilməsinə əsas olan sənədlərdə həmkarlar ittifaqı təşkilatının qərarı göstərilməmişdir. Bu hallar isə iddiaçının işdən azad edilməsi üçün həmkarlar ittifaqı təşkilatının əvvəlcədən razılığının alınmaması və məhkəməyə təqdim edilmiş həmkarlar ittifaqı komitəsənin qərarının sonradan məhkəməyə iddiaçı tərəfinədən iddia ərizəsi ilə müraciət edildikdən sonra yazılmasını təsdiq edir. Bundan əlavə həmkarlar ittifaqı təşkilatının qərarının əmrdə əmrin verilməsinə əsas olmuş sənədlərdə göstərilməməsi həmin əmrin Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən etibarsızlığını təsdiq edir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia cavabdeh Azərbaycan Respublikası Televiziya və Radio Verlişləri QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə(vəzifəsinə) bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair hissədə əsaslıdır və təmin edilməlidir. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 02/22- 62 saylı arayışına əsasən xx.xx.2022-ci il tarixli, 16-E/2 nömrəli, xx.xx.2022- ci il tarixli, 93-E nömrəli, xx.xx.2022-ci il tarixli, 242-E/2 nömrəli əmrlərdə ezamiyyə xərclərinin qarşı tərəfin öz üzərinə götürdüyü açıq şəkildə göstərilmişdir. Bu isə Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Q-01 nömrəli “X1” haqqında qərarının ikinci bəndində öz əksini tapmışdır. Həmçinin həmin qərarın birinci bəndində Azərbaycan Respublikasının mərkəzi və yerli hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi xüsusilə də qeyd edilmişdir. Ümumiləşdirərək bildiririk ki, həmin qərarın birinci bəndində maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi və ikinci bəndində ezamiyyə xərclərinin qarşı tərəfin öz üzərinə götürülməsi qeyd olunduğu üçün hər iki bənd qanunauyğun şəkildə təmin olunmuşdur. "xxxx" QSC-nin istinad etdiyi əmrlərdə ezamiyyə xərclərinin Azərbaycan Avarçəkmə Federasiyası tərəfindən ödənilməsi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia ezamiyyə xərclərinin tələbi hissəsində əsassızdır və rədd edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsi 70, 72, 80, 83, 84, 300.1-ci maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli, Q-01 qeydiyyat nömrəli “X1”nın təsdiq edilməsi haqqında qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1773/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının qəsdən əmək funksiyasını və vəzifə öhdəliklərini düzgün yerinə yetirməməsi, işin, əmək və icra intizamının normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurması faktı iş materiallarında olan iddiaçının izahatında, şahid ifadələrində, habelə baş vermiş hadisə ilə bağlı tərtib edilmiş aktda öz əksini tapmışdır. Lakin məhkəmə çıxarmış olduğu qətnamədə həmin hadisəyə münasibət bildirməmişdir. İddiaçı Əmək Məcəlləsində müəyyən edilən bir neçə bənd üzrə kobud pozuntulara yol vermişdir. İşəgötürən – cavabdehdə öz növbəsində qanunvericiliklə müəyyən edilmiş qaydada Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndinə və 186-cı maddəsinin “ç” bəndinə uyğun olaraq iddiaçının əmək müqaviləsinə qanuni əsaslarla xitam vermişdir. İddiaçının əmək intizamını pozaraq öz işyoldaşına fiziki zor tətbiq edərək onu vurması, dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərini davam etdirməsi, işlədiyi müəssisənin və onun rəhbəri barəsində özünə aid sosial hesablarda yalan və böhtan xarakterli məlumatlar paylaşması əmək kollektivinin və işəgötürənin qanuni mənafelərinə və işgüzar nüfuzuna xələl gətirməsi işin mübahisəsiz halıdır. Məhkəmənin heç bir sübuta söykənməyən, formal, şəxsi mülahizəsi əsasında gəldiyi nəticə əsassız olmaqla qeyri-qanunidir. Belə ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair iş üzrə mübahisəli əmrdə əmrin verilməsinə əsas olan sənədlər - törətdiyi hadisə üzrə iddiaçının və şahidlərin ifadələri, orada tərtib edilmiş akt, habelə iddiaçının işlədiyi struktur bölməsinin rəhbərinin təqdimatı göstərilmişdir. Yəni, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb olan hadisəni törətməsi işin mübahisəsiz halıdır. Struktur bölməsi kimi cavabdehin tabeliyində olmayan həmkarlar ittifaqı təşkilatının qərarının əmrdə qeyd olunmaması iddiaçının kobud pozuntuya yol verməsi faktını istisna edə bilməz. Məhkəmənin həmkarlar ittifaqı komitəsənin qərarının sonradan məhkəməyə iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edildikdən sonra yazılmasını göstərməsini isə heç bir halda qəbul etmək olmaz. Qeyd olunan xüsusat üzrə heç bir araşdırma aparmayan məhkəmənin nə üçün belə bir nəticəyə gəlməsi onlara məlum deyil və tamamilə əsassızdır. İddiaçının əmək və icra intizamı ilə bağlı yol veridiyi kobud nöqsanlar, onun işlədiyi müəssisənin nüfuzuna və qanuni mənafeyinə xələl gətirən qərəzli hərəkətləri və bunun strateji dövlət obyekti olan cavabdeh üçün neqativ hallara səbəb olması faktı məhkəmə tərəfindən nəzərə alınmamış, ümumiyyətlə qətnamədə bununla bağlı məhkəmənin mövqeyi ifadə edilməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsinin əmək müqaviləsinə xitam qərarının həmkarlar İttifaqı komitəsinin razılığı olmadan verildiyini iddia etməsinə baxmayaraq həmin faktın doğruluğunu yoxlamaq məqsədilə həmin qərarların öz əksini tapdığı qeydiyyat kitabının məhkəməyə təqdim olunması üçün məhkəmə müvafiq sorğu vermək təşəbbüsü göstərməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, onlar apellyasiya şikayətində də göstəriblər ki, iddiaçının işdən çıxarılmasının səbəbi iş yoldaşı ilə arasında yaranan mübahisə deyil, onun işin icrası zamanı göstərdiyi özbaşınalıqlarıdır. Burada əsas məsələ iddiaçının əmək intizamını pozması və özbaşına müdaxiləsi nəticəsində Qapalı Səhmdar Cəmiyyətinə vurduğu zərərdir. Bu məsələ ilə bağlı iddiaçının iş yoldaşının və bir neçə nəfərin də izahatı var. Həmçinin, iddiaçının da bilavasitə izahatı da var. "xxxx" QSC rəsmi dövlət qurumudur və ciddi çəkilişlərdən söhbət gedir.Bir strukturdan digər strukturun işinə müdaxilə etməsi yolverilməz bir haldır. Bu qanunsuz hərəkət digər qanunsuz hərəkətlərlə müşayiət olunmaqla davam edib. Nəticədə, o işdən çıxarılıb. Məhkəmə isə bu işin əsas mahiyyətini kənara qoyub. "xxxx" QSC uzun illər fəaliyyət göstərən, nəzdində kadrları və Həmkarlar ittifaqları olan mütəmadi fəaliyyət göstərən qurumdur. Belə bir cuzi səhvə yol verilməsi mümkün deyil. Apellyasiya şikayətinin bu hissədə təmin olunmasını və qətnamənin ləğv edilməsini istəyir. Həmkarlar təşkilatına müraciət də edilib, təqdimat da verilib, hətta təqdimata baxılaraq cavab da verilib. Məhkəməyə həmin sənədləri təqdim ediblər. Məhkəmə özü belə bir nəticəyə gəlib. Həmkarlar təşkilatının nümayəndəsi dəvət edilməsi məhkəmənin vəzifə borcu deyildi, amma bu nəticəyə gəlirdisə, araşdırma aparılmalı idi. Məhkəmə mübahisəsi başlamamışdan öncə Həmkarlar Təşkilatının razılığı var idi və bu sübutları məhkəməyə təqdim ediblər. Həmkərlar təşkilatınıda iddiaçının və digər əməkdaşların izahatı alımışdır. Həmkərlar təşkilatını QSC-nin balansına tabe olan qurum deyil. Müstəqil bir qurumdur. O Həmkarlar Təşkilatının hüquq departamentinə cavabdehdir, Həmkarlar Təşkilatının özü ayrıca bir qurumdur, cavabdeh ola bilməz. İddiaçının iclasda iştirak edib-etməməsini ondan yox, təşkilatdan soruşmaq lazımdır. 2019-cu ilin fevral ayında iddiaçının işdən azad edilib daha sonra bərpa edilmə məsələsi ilə bağlı bildirir ki, insani jest olaraq iddiaçını işə geri qaytarıblar. Azərbaycan Televiziya və Radio Verilişləri” QSC rəsmi dövlət qurumudur və bu dövlət qurumu çəkilişlərlə bağlı fəaliyyət göstərir. Burada çəkilişlərə maneə olunmamalı hallar var və çəkilişlərə müdaxilə edilib bu da işin pozulmasına gətirib çıxarır. İddiaçıya işçiyə fiziki güc tətbiq edib,vurub.Bütün bunlar aktlaşdırılıb, şahidlər də var. Onların sıravi bir işçi ilə heç bir şəxsi qərəzliyi ola bilməz. Barışıq məsələsi ilə razı deyillər. Burada iddiaçının tək söyməsi deyil, həm əmək intizamını pozması, həm də yerindən tərpədilməməli olan avadanlığın tərpədilməsi göstərişini verməsi və işə müdaxilə etməsi, özbaşına etməsindən söhbət gedir. İddiaçı özünə aid olmayan işə müdaxilə edib, bunu da özü təsdiq etmişdir. Müdaxilə nəticəsində mübahisə yaranıb.

13. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, iddiaçının atası və 2 qardaşı da onlarla işləyib. 2019-cu ildə iddiaçının atasını işdən çıxarıblar. İddiaçının özünü də ərizəsi əsasında işdən çıxarıblar. Sonra elə oldu ki, atasını qaytardılar, atası xahiş etdi ki, onun oğlanlarını da işə qayıtarsınlar, onlar da razılaşdılar. O biri qardaşı dedi ki, o artıq başqa yerdə işləyir amma digər qardaşı işə gəldi. Lakin, razılaşma bu şərtlə oldu ki, birdə belə hal olsa Həmidi işdən çıxaracaqlar. Cavabdeh ona xəbərdarlıq etmişdi.

14. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, onun atasına qarşı söyüş söyüblər. Üstünə hücum çəkiblər. Hadisə olan zaman onun da maşını orada olub. O təxribat törətməyib. O barışığa etiraz etmir. Amma, məcburi buraxılmış əmək haqqının tutulmasını tələb edir.

15. İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, burada Həmkarlar Təşkilatının müstəqil qurum olub-olmağından söhbət getmir. Burada biri işəgötürəndir, digəri isə işçilərin hüquqlarını müdafiə edir. Onlar kollektiv əmək müqaviləsi də bağlayır. Apellyasiya şikayətinin mahiyyəti iş yoldaşı ilə iddiaçının dalaşmağıdır. Bəli, onlar qəbul edir ki, əmək intizamı kobud surətdə pozulub, amma işdən çıxarma qaydası var. Əmək Məcəlləsinin 72 ci maddəsinin "ç" bəndinə görə işçi işdən çıxarılarkən Həmkarlar Təşkilatının razılığı olmalıdır. Əmək intizamının pozulması haqqında əmək kitabçasına yazılanda Həmkarlar təşkilatı münasibətini bildirməlidir ki,buna icazə verir ya yox. Əmrin verilmə qaydası var. Əmrdə işdən azad olunmaya əsas olmuş sənədlər göstərilməlidir. Həmin sənədlərin içində Həmkarlar təşkilatının razılıq məktubu yoxdur. Onlar məhkəmədən kənar onlara deyiblər ki, bu gənc insandır heç olmasa Əmək kitabçasından o bəndi silin, o daha sonra iş tapa bilsin. Həmçinin, sorğu vermək ya da verməmək vəkil kimi onun hüququdur. Onlar barışığa razıdırlar. Amma, məcburi buraxılmış əmək haqqının tutulmasını tələb edir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 70.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 70.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İlkin olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

23. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir.

24. Eyni zamanda əmək müqavilisinə xitam verilməsi barədə əmrdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.

25. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrdən müəyyən olunur ki, işçinin işdən azad edilməsi üçün əsas onun qəsdən əmək funksiyasını, əmək funksiyasını yerinə yetirmədiyinə görə işin, əmək və icra intizamını normal ahəngini pozaraq iş yoldaşının hüquq və qanunla qorunan mənafelərinə ziyan vurması və bununla da onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntuya yol verməsi qeyd edilmişdir.

26. Əmrdən də aydın olur ki, işəgötürən əmrdə işçinin işin ahəngini nədə pozmasını və onun hərəkətləri nəticəsində işəgötürənə nə kimi ziyan dəydiyini əsaslandırmamışdır.

27. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır.

28. Əmrdə işçi tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntunun törədilməsi qeyd olunsa da işçinin hansı kobud səhv, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə nə kimi ciddi xələl gətirməsi əmrdə əsaslandırılmamışdır.

29. Bundan əlavə, Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir

30. İş materiallarından işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsinə dair sübut təqdim edilməmişdir. 31 .Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər.

32. Cavabdeh tərəf Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin razılığının alındığı qeyd etsə də "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 765 k/d saylı əmrdə onun verilməsi üçün əsaslar sırasında Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin qərarına istinad olunmamışdır.

33. Bundan başqa, əmrdə Yusifli Elvinlə iddiaçı arasında canlı yayım zamanı insident yaşandığı və iş yoldaşının hüquq və mənafelərinə ziyan vurduğu qeyd olunmuşdur. İşdən müəyyən olunur ki, hadisə ilə bağlı həm iddiaçının, həm də Yusifli Elvinin izahatı alınmışdır. Yusifli Elvin izahatında İddiaçı ondan üzrxahlıq etdiyini qeyd etmişdir.

34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. İddiaçı apellyasiya baxışında vəkilin xidmətindən istifadə etməsi ilə əlaqədar çəkdiyi xərcin cavabdehdən tutulmasını xahiş edir.

37. Qəbzdən də müəyyən olunur ki, iddiaçı tərəfindən 220 manat ödəniş olunmuşdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyi üçün 220 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Mülki Prosessual Məcəllənin 115.0.6-ci maddəsində qeyd edilir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1773/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" QSC-dən 220 (iki yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar