Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4497/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 və Cavabdeh5 qarşı iş üzrə (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndə və vəkili Vəkil1, vəkili Vəkil4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 və Cavabdeh5 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-422/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 02.07.2011-ci il tarixli etibarnamə ilə İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməyi, əmlakı ipoteka qoymaq və digər səlahiyyətləri xx.xx.2031-ci il tarixinədək X9 etibar etmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-62/2016 nömrəli qətnaməsi ilə cavabdeh X7 apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X3 xx.xx.2011-ci il tarixli, 13B8/11 saylı kredit müqaviləsinə əsasən 120.000 ABŞ dolları borc, 34.924 ABŞ dolları məbləğində faiz, 1.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 155.924 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq "xxxx" ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı mənzilinə yönəldiməsi, evin ilkin satış qiymətinin 120.000 manat olaraq müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinin təmin edilməsi, İddiaçı və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzildən, mənzil satıldıqdan ən geci 1 ay ərzində çıxarılmaları qət edilmişdir.
3. xx.xx.2017-ci il tarixli etibarnamə ilə İddiaçı iddia ərizəsinin imzalanması, məhkəmə aktlarından şikayətin verilməsi və digər səlahiyyətləri xx.xx.2020-ci il tarixinədək X12 etibar etmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)- 4444/2017 saylı qərardadı ilə İddiaçı cavabdeh Sabunçu Rayon İcra Şöbəsinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın yekunları üzrə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır (tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən).
5. Qərardadın surəti X17 tərəfindən xx.xx.2017-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)- 4444/2017 saylı qərardadı ilə İddiaçı həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilərək işə yenidən baxılması barədə ərizəsi təmin edilməmişdir.
7. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli, 01 saylı bildirişdən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 120.000 manat müəyyən edilmişdir.
8. Sabunçu rayon İcra şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubla hərracın Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-62/2016 nömrəli qərardadına əsasən dayandırılması xahiş edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-62/2016 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsindən cavabdeh X14 tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi və kassasiya şikayətinin baxılması üçün Azərbcaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Sabunçu rayon İcra şöbəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubla hərracın davam etdirilməsi xahiş edilmişdir.
11. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti 102.000 manat müəyyən edilmişdir.
12. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-a (ramazan bayramı ilə əlaqədar hərrac xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə keçirilmişdir) təyin edilmişdir.
13. “Birja Yenilikləri” qəzetinin 11.11.-xx.xx.2016-cı il, 25.11-xx.xx.2016-cı il, 30.06 xx.xx.2017-ci il, 09.06.-xx.xx.2017-ci il və 26.05-xx.xx.2017-ci il tarixli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi, 30.06-xx.xx.2017-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir.
14. Hərracın yekunları barədə 40/05-1 saylı, xx.xx.2017-ci il tarixli protokola əsasən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzil 76.500 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir.
15. ƏMDK yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzil "xxxx" ASC-nin adına xx.xx.2017-ci il tarixində qeydə alınmışdır.
16. AN-İ seriyalı, ******* saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzili 175.000 manata alıcı Cavabdeh5 satmışdır. Hazırda daşınmaz əmlak onün mülkiyyətindədir.
17. Sabunçu rayon İcra şöbəsinin icra məmurunun iştirakı ilə tərtib edilən xx.xx.2018 tarixli aktda qeyd olunmuşdur ki, “... Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzilə gəldik. Evin qapısının dəfələrlə döyülməsinə baxmayaraq qapını açan olmadı. Bundan sonra tərəfimizdən qərar qəbul edilərək mütəxəssis dəvət edildi. Qərarla təyin edilmiş mütəxəssis X4 tərəfindən həyətin giriş darvazasının qıfılı qırılaraq qapı açıldı... Mütəxəssis tərəfindən mənzilin giriş qapısı da açıldıqdan sonra mənzildə bir neçə şəxsin olduğu müəyyən edildi. Həmin şəxslərdən kim olduqları soruşulduqda özünü xx.xx.1998-ci il Sumqayıt şəhərində doğulmuş X8 olduğunu və tanışlarının evində qaldıqlarını bildirdi... Bundan sonra evdə olan X8 evin sahibi X14 ilə əlaqə saxlaması üçün atası Namiq Əmrahova məlumat verdi. Qeyd olunan şəxslərə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğu, məhkəmə qərarının məcburi qaydada icra olunacağı bildirildi. Daha sonra X5 Əmrahova zəng vuraraq icra sənədinin icra olunduğu barədə evin sahibləri İddiaçı və X9 məlumat verdiyini və sonuncuların qısa müddətdə icra yerinə gələcəklərini bildirdi... Mənzil tam boşaldıldı, mənzildə aşkar edilmiş Elvaris Əmrahova məxsus əmlaklar sonuncunun özünə, borclu Rövşən Səlimova məxsus əmlaklar isə "xxxx" ASC-yə, həmçinin mənzilin açarları tələbkara təhvil verildi...”
18. Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2023-cü il tarixli qərara əsasən X7 əməllərində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, hadisənin baş verdiyi tarixdən 12 ildən çox müddət keçdiyindən X7 Azərbaycan Respublikası CPM-in 39.1.3 və CM-nin 75-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdur.
19. Cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16xx/xx/1533 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, sentyabr 2017-ci il tarixli İddiaçı adından olan iddia ərizəsinin 4-cü vərəqinin aşağı hissəsində “İddiaçı” yazılarının qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X2 tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın, o cümlədən cavabdehlər "xxxx" MMC, "xxxx" ASC və Sabunçu rayon İcra şöbəsi arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 40/05-1 nömrəli hərracın nəticələri haqqında yekun protokolun, hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız sayılması, "xxxx" KB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" KB ASC ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh5 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2003-cü ildə qızı Nümayəndə Bakı şəhərində ev almaq qərarına gəlmiş və Rusiya Federasiyası vətəndaşı olduğu üçün aldığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini onun adına rəsmiləşdirmişdir. Qızı Azərbaycana gəldiyi vaxt həmin evdə qalardı. O, özü Qaradağ rayonu, Səngəçal qəsəbəsi 4 saylı yataqxanada yaşamışdır, o evdə yaşamamışdır. Pandemiya dövründə xəstəlik və yolların bağlı olduğu müddətdə qızı 3-4 il Azərbaycana gələ bilmədiyindən evə baxmağı onlara tapşırmışdı. O, gedib gəlmədiyi üçün oğlu Rövşən evə baxırdı. Sonuncu dəfə 2022-ci ilin yay aylarında qızı Bakıya gəlmiş və evə getdiyi zaman evinin başqası tərəfindən alındığını və həyətdə təmir işləri getdiyini söyləmişdir. O, bunun mümkün olmadığını bildirdi və araşdırma zamanı özünü evin təzə sahibi kimi təqdim edən şəxs evin banka girov qoyulduğunu və bank tərəfindən də ona satıldığını bildirmişdir. Bundan sonra qızı ilə birlikdə dərhal Baş Prokurorluğa, Prezident Admistrasiyasına, "xxxx" ASC-yə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etmiş və araşdırma zamanı bəlli olmuşdur ki, oğlu X14 onu aldadaraq öz adına etibarnamə almış və evi Banka qoyaraq kredit götürmüş və ödəniş etmədiyi üçün Bank evi hərraca çıxarmışdır. O, heç bir zaman ev ilə bağlı oğluna etibarnamə verməmişdir. Hadisənin üstü açıldıqdan sonra ona məlum olmuşdur ki, o, bir dəfə onu yaşlı olduğu üçün guya ona əziyyət olmasın deyə kommunal məsələlərin həlli ilə bağlı, ödənişlərin onun tərəfindən həll edilməsi üçün idarəyə getməli olduqlarını bildirmiş və bu bəhanə ilə onu aldadaraq notariusa aparmış, orada ondan mülki etibarnamə almışdır. Həmin etibarnamənin məzmunu ona izah edilməmiş, mahiyyəti, gələcək riskləri deyilməmişdir. Halbuki, notarius tərəfindən etibarnamənin nə məqsəd ilə verildiyi izah edilmiş olsa idi oğlu yaxşı bilirdi ki, o, buna razı olmayacaq və dərhal bu barədə qızına məlumat verəcək. Ona görə də notarius ilə əlbir olaraq ona heç nə izah etmədən, dindirmədən, bu sənədi nə üçün verdiyini soruşmadan əvvəlcədən hazırlanmış etibarnaməyə imza etdirmişlər. Əgər qızı Bakıya gəlməmiş olsay idi, bu işin üstü açılmayacaqdı. Banka müraciət zamanı əldə etdikləri sənədlərdən bəlli olmuşdur ki, oğlu bu işdə tək olmamış, dostu X13 ilə əlbir olaraq heç bir ödəniş etmək niyyətləri olmadan evi banka girov qoyaraq 120.000 ABŞ dolları məbləğində kredit götürmüşlər və heç bir ödəniş etməmişlər. Kredit borcu olduğu kimi qalmışdır. Adına kredit rəsmiləşdirilən Emin Quliyev və oğlu Rövşən tərəfindən heç bir ödəniş edilmədiyi təqdirdə illərlə işi saxlamışlar və mülkiyyətçi olaraq ona heç bir məlumat verməmişlər. İpoteka müqaviləsinin surətindən görünür ki, oğlu Rövşən Səlimov onu aldadaraq əldə etdiyi etibarnamədən istifadə edərək mülkiyyətindəki evi Emin Quliyevin götürmüş olduğu kreditə görə ipotekaya qoymuşdur. Daha sonra iş planlandığı kimi heç bir ödəniş edilməmiş və məhkəmə qərarlarını götürdükləri zaman bəlli olmuşdur ki, məhkəmənin qərarı ilə yekun olaraq 155.974 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın onun mülkiyyətində olan evə yönəldilməsi qərara alınmış, daha sonra da hərraca çıxarılmışdır. Nə məhkəmələr barədə nə də ki, hərrac barəsində onun heç bir məlumatı olmamışdır. Onun yaşayış yerinə, qeydiyyat ünvanına heç bir bildiriş, xəbərdarlıq gəlməmişdir. İş materialına əlavə edilmiş hərrac işindəki sənədlərdən görünür ki, ümumiyyətlə cavabdeh tərəfindən 1-ci hərrac keçirilməmiş, bu barədə nə ipoteka saxlayana nə də ki, ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş göndərilməmiş, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməmişdir. Hərrac işinin materiallarında sadəcə təkrar hərracın keçirilməsinə dair bildiriş vardır ki, həmin bildirişə baxıldığı zaman formal tərtib edildiyi, niyyətin ipoteka qoyana məlumat verilməməsi olması açıq aydın görünür. Belə ki, təkrar hərracın keçirilməsinə dair bildirişlərdən göründüyü kimi, bildirişdə X13, X14 və İddiaçı olmaqla üçlərinin adı qeyd edilməklə bildiriş bir ünvana- ünvan 4 nə qeydiyyat ünvanına, nə də ki, faktiki ünvanına bildiriş göndərilməmişdir. Bildirişin göndərildiyi Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 6 mənzil 44 ünvanının ipoteka qoyan ilə nə əlaqəsi var? bu ünvan kimə məxsusdur ?. Hərrac mərkəzi bu ünvanı haradan əldə etmişdir ? Bununla da sübut olunur ki, hərracın təşkilatçısı hərracın vaxtı və yeri barədə ona nə rəsmi nə də ki qeyri rəsmi məlumat verməmiş, əmlakın mülkiyyətçisi olaraq hərracda iştirak edərək əmlakını almaq hüququ olmasına baxmayaraq iştirakı təmin edilməmiş, nəticədə milyon dəyərində olan əmlakı bankın qərəzli oyunu nəticəsində 76.000 manata özləri tərəfindən qəbul edilmişdir. Bir sözlə MM-nin 415-ci maddəsi, X11 42-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq ilkin satış dəyəri 120000 manat müəyyən edilmiş ipoteka predmeti, ilkin satış dəyəri ilə hərraca çıxarılmamış, bundan sonra xx.xx.2017-ci il tarixə əmlakın dəyərinin 15% aşağı düşməklə təkrar hərrac təyin edilmiş və bu dəfə də bildirişdə ipoteka saxlayanın adı formal olaraq qeyd edilmiş, lakin onun ünvanına məlumat göndərilməmiş, bildirişin göndərildiyi qeyd edilmiş ünvanın ipoteka saxlayan ilə hər hansı bir bağlılığı, əlaqəsi olmamışdır. Belə olan halda təkrar hərracda da vəziyyət bankın istədiyi şəkildə getdiyindən heç kəs hərracdan məlumat ala bilməmiş və nəticədə əmlak təkrar hərracdakı qiymətinin 25% az olmayan qiymətə yəni 76.000 manata banka təklif edilmiş və bank istədiyinə çataraq nəticədə yekun protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmşdır. Hərracın keçirilməsi barədə məlumat qərəzli olaraq onlara verilməmişdir. Çünki bilirdilər ki, onun məlumatı olacağı təqdirdə bu barədə dərhal qızına məlumat verəcək və qızı bu cinayətkar dəstənin oyununu pozub evi hərracda satılmağa qoymayacaq, ən pis halda hərracın keçirilməsindən məlumatları olmuş olsaydı belə, yenə də hərracda iştirak edib evi özləri ala bilmə iqtidarında idilər ki, bu da banka sərf etmirdi. Çünki, evi çox ucuz qiymətə ala bilməyəcəklərdi. Bank bunun qarşısının alınması üçün formal hərrac təşkil edərək heç birinin məlumatı olmadan guya hərrac keçirdərək evi özləri qəbul edirlər və bu barədə onlara bu günədək heç bir şey bildirmirlər. Hərracın formal olması, onların məlumatları olmadan keçirilməsi təqdim etdiyi sübutlarla açıq aydın görünür. Bundan əlavə dəlilləri möhkəmləndirən bir sıra hərəkətlər də ortaya çıxır ki, yaranmış suallar da bankın əsl niyyətinin nə olmasını aşkara çıxarır. Belə ki, əgər bank qanuni yolla hərrac keçirdib evi öz mülkiyyətinə qəbul etmişdirsə, o zaman hərracda satılan ev ilə ödənilməsi gərəkən məbləğ arasındakı fərq niyə əsas borcludan tələb edilməmiş və iş üzrə icraata xitam verilmişdir? Bu sualların bir cavabı vardır ki, nə bank, nə icra məmuru, nə də ki digər cavabdehlər evin satış üçün hərraca çıxarılmasından xəbər tutmalarını istəməmişlər. Ev formal olaraq başqasının adına keçirilmiş və evdəki qızı tərəfindən alınmış bütün dəyərli əşyalar da evdən çıxarılmaqla ev boşaldılmış, ona məlumat verilmədən götürülmüş, özgəninkiləşdirilmişdir, Hansı ki, həmin əşyaların ümumi dəyəri evin dəyərinə yaxındır.
22. Cavabdeh "xxxx" ASC məhkəməyə müddətin tətbiqi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzili kreditin təminatı olaraq "xxxx" ASC-də ipotekaya qoyulmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 62/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi əsasında tutma yönəldilərək açıq hərraca çıxarılmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli 40/05-1 saylı protokoluna əsasən qeyd olunan ev "xxxx" ASC-yə satılmışdır. Bununla bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC ilə "xxxx" ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan ev üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Daha sonra isə sözügedən əmlak xx.xx.2021-ci il tarixli, 4Ə- 768 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmışdır. İddiaçı daha əvvəl də 2017-ci ildə hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4444/2017 saylı qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi, iddiaçı 2017-ci ildə əmlakın hərracdan satılaraq bankın mülkiyyətinə keçməsi barədə məlumatlı olmuşdur. Odur ki, iddiaçının əmlakın hərracdan satılmış olmasından məlumatsız olması mümkün deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354 cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Beləliklə, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, mülki iş üzrə kəsici müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 422/2024 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia təmin edilməmişdir.
24. Məhkəmə, ilk növbədə, iddiaçının evə dair etibarnamə verərkən onun məzmununu anlamaması, evini heç vaxt ipoteka qoymaq niyyətinin olmaması, etibarnamənin aldatma yolu ilə alınması dəlillərinə münasibətdə bildirmişdir ki, etibarnamə verilərkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, etibarnamə konkret məqsədlə verilmiş, etibarnamə forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Həmçinin həmin etibarnamə məhkəmə qaydasında etibarsız hesab edilməmişdir, hazırki icraatda isə müvafiq tələb irəli sürülməmişdir. Bu baxımdan iddiaçının etibarnamənin etibarsız olması ilə bağlı dəlilləri öz təsdiqini tapmamışdır.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçının keçirilən hərraclar barədə onun rəsmi qeydə alındığı ünvana bildirişlərin göndərilməməsində hərrac təşkilatının hər hansı bir təqsiri müəyyən edilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Hazırki işdə isə iddiaçı, eləcə də onun etibarnamə üzrə nümayəndəsi yaşayış yeri üzrə qeydiyyata alınmamaqla müvafiq qanunun tələblərinə riayət etməmiş, yaşayış yeri barədə banka və ya hərrac təşkilatına rəsmi məlumat verməmişdir.
26. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2013-cü il tarixli qətnaməsi və 10 yanvar 2014-cü il tarixli əlavə qətnaməsi ilə daşınmaz əmlakın dəyəri (120000 ABŞ dolları) müəyyən edilmiş və onun açıq hərracdan satılması qət edilmişdir. Cavabdeh X14 ərazi aidiyyətini mübahisələndirmiş, daha sonra məhkəmə iclasında iştirak etmiş, iddianı qismən qəbul etmişdir. Həmin qətnamədən X14 apellyasiya şikayəti vermiş, qətnaməni yalnız borc hissəsində mübahisələndirmişdir. Apellyasiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, borc məbləği dəyişdirilmiş, evin ilkin satış qiymətinin 120.000 ABŞ dolları deyil (iddia tələbindən kənara çıxıldığından), 120.000 manat olması müəyyənləşdirilmişdir. Qətnamədən digər cavabdeh Quliyev Emin şikayət versə də, şikayəti geri qaytarılmışdır. Qətnamə 2016-cı ildə qanuni qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür.
28. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir.
29. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmişdir ki, daşınmaz əşyanın satılması ilə bağlı hərracın keçirilmə qaydalarının pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir.
30. Həmçinin məhkəmə qeyd etmişdir ki, hərracın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından iddiaçının irəli sürmüş olduğu digər tələblərin də araşdırılması zərurəti aradan qalxmışdır. Çünki “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ondan törəmə olan digər tələbələrin də əsassızlığını ehtiva edir.
31. Məhkəmə müddətin tətbiqinə dair cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiqi oluna bilməz.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-362.2, 363.1-363.3-cü maddələrinin əvvəlki redaksiyasına, 6, 354.1, 415.2, 416-cı maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 35-39, 39.3.3, 41.2-ci, 41.3, 41.5, 42, 43, 43.5, 43.7, 44, maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.2, 233.3-cü maddəsinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
33. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçının nümayəndəsi Nümayəndə həmçinin bildirdi ki, onun 18 yaşı olandan Laçın rayonundan məcburi köçkündür. Evləndikdən sonra Rusiya Federasiyasına köçmüşdür. 2003-cü ildə evi almışlar və anasının adına rəsmiləşdirmişlər. Anası Qaradağ rayonunda yataqxanada yaşayır, yaşlı, savadsız qadındır. Anası etibarnamənin nə olduğunu bilmir. O, bildirir ki, qardaşı ona kommunal ödənişləri icra etməsi üçün kağıza qol çəkdirib. Qardaşı 2011-ci ildə evi banka girov qoyub. 2017-ci ildə ev satılıb. Bank evi hərraca çıxaranda anasına heç bir məlumat verilməyib. 2017-ci ildə qardaşı məhkəməni aldadaraq anasının adından şikayət verib. Ekspertiza keçirilib, imza nə anasına, nə də qardaşısına məxsusdur. Bank özbaşına evdəki əşyaları yox edib. Bilsəydi, bankın pulunu ödəyərdi. Bank əmlak sahibinə məlumat verməyib. Anasının heçnədən xəbəri olmayıb. Cavabdeh5 birinci instansiya məhkəməsi icraatı zamanı bildirdi ki, evdən çoxdan xoşu gəlib. Məhkəmə ondan evin satılması barədə necə məlumatı olduğunu soruşduqda qəzetdə gördüyünü bildirir, lakin qəzeti məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, bu əvvəlcədən planlaşdırılıb. Qardaşı dələduzluqla məşğuldur. O, insanları aldadır. Bir neçə dəfə şikayət etsə də, polis onu buraxır. Saxta sənədlər tərtib edərək, özünü Vətən müharibəsi qazisi kimi təqdim edir. Qarajda avtomobil olub. O həmin avtomobili heç bir sənədi olmadan idarə edib, dağıdıb. Əgər onların məlumatı olsaydı, bankın pulunu özləri ödəyərdi. 4 ildir ki, Azərbaycana gələ bilmir. Bank evi pandemiya ərəfəsində satıb. Rusiya Federasiyası vətəndaşı olduğu üçün ona bildirmişdilər ki, öz adına həyət evi ala bilməz. Ona görə anasının adına almışdılar. O vaxt qardaşının bu cür əməllərlə məşğul olduğunu bilməmişdir. Qardaşı mərc oyunları oynayır. Öz evini də mərc oyunları üçün satıb. O evdə yaşayış olmamışdır. Anasının mobil telefonu yoxdur. Anası yataq xəstəsidir. O, ailəsi ilə hazırda da Rusiyada yaşayır. Evlə maraqlanmışlar. Müntəzəm evə gəlmişlər. Qardaşının qızı da o evdən gəlin köçüb. Son dövrlərdə gələ bilməmişlər. Oğlu əməliyyat olunmuşdu. 2022-ci ildə Azərbaycana gəlmişlər və bu məsələnin olduğunu öyrənmişlər. Evə getmiş və təmir işləri görüldüyünü görmüşdür. Ustaya nə baş verdiyini soruşanda, usta bildirmişdir ki, evi Adil adlı iş adamı alıb və təmir etdirir. Hesab edir ki, Cavabdeh5 bankın adamıdır. Azərbaycana gələndə qardaşından 2017-ci ildə olan iddianın nə olduğunu soruşmuş, o isə ağlayaraq səhv etdiyini, evi qaytarıb geri alacağını demişdir. Hazırda da onu tapa bilmir. Müvafiq qurumlara müraciət etmişdir. O, anasını aldatmaqla bağlı polisdə izahat da verib.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə və vəkilləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmçinin bildirdi ki, etibarnamədən iddiaçının məlumatı olmamışdır. Bununla bağlı polisə müraciət etmişdir və ekspertiza keçirilmişdir. Orada olan imzanın iddiaçıya məxsus olmasını müəyyən etmək olmur. Səlimov Rövşən izahatında bildirir ki, proseslərlə bağlı o iddiaçıya məlumat verməmişdir, çünki iddiaçıya məlumat versəydi, o evin faktiki sahibinə məlumat verəcəydi və aralarında mübahisə baş verəcəydi. İddiaçının mobil telefonu yoxdur. Həmin dövrdə yalnız Rövşənlə əlaqə saxlanılmışdır. Rövşən orada olmuşdur. Hesab edir ki, o, anasının məlumatı olmasın deyə yalnız onunla əlaqə yaradılmasını istəyib. Rövşənin həmin icra işi ilə bağlı heç bir əlaqəsi yoxdur. İcra məmuru İddiaçı tapıb, ona məlumat verməli idi. Əgər o, iştirak edə bilmirdisə, arayış tərtib edib icra işinə əlavə etməli idi. Cinayət işinə xitam verilməsinə dair qərarda etibarnamədəki imzaya münasibət bildirilməmiş, yalnız iddia ərizəsindəki imzaya münasibət bildirilmişdir. Sonra iş materiallarının əldə edilməsi ilə bağlı vəsatət verdikdə müəyyən olundu ki, İddiaçı 2017-ci ildə qərardadın götürülməsi ilə bağlı etibarnamə verib.
38. İddiaçının nümayəndəsi və vəkili Vəkil4 əlavə olaraq bildirdi ki, cinayət işi üzrə qəbul edilmiş qərarı məhkəməyə sübut qismində təqdim etməkdə məqsədi o olmuşdur ki, iddiaçının nə hərracdan, nə də məhkəmə proseslərindən xəbəri olmamışdır. Hərracla bağlı iki dəfə iclas təyin olunmuşdur. Hər iki dəfə heçkim almadığı üçün banka təklif olunmuşdur. Hərrac 27 iyuna təyin olunmuş, daha sonra isə 29 iyuna keçirilmişdir. “İpoteka haqqında” Qanunun tələblərinə əsasən hərrac haqqında bildiriş ilə hərracın vaxtı barədə tərəflərə 20 gün qalmış məlumat verilməlidir. Hesab edir ki, bu hərrac təşkilatı tərəfindən qanunun tələblərinin pozulmasıdır. İddiaçı Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan arayışdan da görünür ki, o, Laçından gələndən sonra müvəqqəti məşkunlaşdığı Səngəçal ərazisində yaşayır. Yəni iddiaçı heç zaman adına olan mənzildə yaşamamışdır. İddiaçının müvəqqəti qeydiyyat ünvanı var. Qanunvericiliyə əsasən şəxsə məlumat onun qeydiyyatda olduğu ünvan üzrə verilməlidir. İddiaçının şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı Laçın rayonu, Təzəkənd kəndində olsa da, onun müvəqqəti qeydiyyat ünvanı Səngəçal olmuşdur. Şəxsin bir neçə əmlakı ola bilər, lakin hamısında yaşaya bilməz. Hərrac təşkilatı bildirişi iddiaçının müvəqqəti qeydiyyat ünvanına göndərməli idi. Eyni zamanda, hərrac təşkil olunduqdan sonra protokol tərtib olunmalı və protokol tərtib olunduqdan sonra bank onu bir ay müddətində qəbul etməli və hərracın xidmət haqqını ödəməlidir. Bank tərəfindən xidmət haqqının ödənilməsi ilə bağlı sənədi iş materiallarında görməmişdir. Hesab edir ki, həmin sənədin məhkəməyə təqdim olunması zəruridir. Çünki bəzən hərrac təşkilatları protokolla bağlı bir aylıq müddətə riayət etmədikləri üçün geri tarixlə protokolu tərtib edirlər. Xidmət haqqının ödənilməsi tarixini müəyyən etmək üçün həmin sənəd təqdim olunmalıdır. Çünki ödəniş bank vasitəsi ilə icra edildiyi üçün ödəniş sənədini geri tarixlə tərtib etmək mümkün deyil.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, etibarnamə hazırda da qüvvədədir. Hesab edir ki, cinayət işinin qaldırılması da düşünülmüş addımdır. Müddət ötürüldüyü üçün bu addım atılmışdır. 2011-ci ilin sonlarında bank tərəfindən Abşeron Rayon Məhkəməsinə müraciət olunub. Bu iş üzrə dəfələrlə məhkəmələrdə olmuşlar. İddiaçı 2020ci ildə xanıma etibarnamə vermişdir. O bankdan sənədləri əldə etmişdir. Bankın Cavabdeh5 ilə hər hansı əlaqəsi olmamışdır. Onunla alqı-satqı hərracdan dörd il sonra rəsmiləşdirilmişdir. Əmlak iki ilə yaxın satışda qalmışdır. 2018-ci ildə ev boşaldılmışdır. Bununla bağlı akt təqdim etmişlər. “166 Yük Daşıma” xidməti vasitəsi ilə evdə olan bütün əşyalar boşaldılmışdır. Ramazan bayramına düşməsi ilə əlaqədar olaraq hərracın vaxtı 27 iyundan 29 uyuna dəyişdirilmişdir. 29 iyunda hərrac keçirilmişdir və 03 iyulda onların hərrac təşkilatına və icra şöbəsinə müraciəti var. Qarşı tərəf yalnız ehtimallar əsasında fikir səsləndirir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda iddiaçının aldadılması məsələsi yalnız Səlimov Rövşənin izahatında qeyd olunub. Başqa heç bir yerdə sübut olunmur ki, həmin etibarnamə aldadılma yolu ilə verilib.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hüquqlarını təmsil etdiyi Cavabdeh5 vicdanlı alıcıdır. O, hərracın qanunvericiliyə uyğun hansı formada keçirilməsini müəyyən edə bilməzdi. O, əmlakı hərracdan deyil, bankdan almışdır. Onlar hesab edir ki, cavabdehin mülkiyyət hüquqları qorunmalıdır. Eyni zamanda, iddiaçı tərəf hərracın nəticələrini mübahisələndirməklə səmimi davranmır. Çünki qüvvədə olan etibarnamə var və etibarnamə ləğv olunmamışdır. İddiaçı yaşlı qadın olsa da, bütün proseslər etibarnamə əsasında oğlu tərəfindən aparılmış, həmin etibarnamə əsasında məhkəmədə prosessual hərəkətlər edilmişdir. Təmsil etdiyi şəxsin əvvəlcədən bankla hər hansı əlaqəsi olmamışdır. Cavabdeh evi qəzetdə olan elanda görərək almışdır. Səhv etmirsə qəzet məhkəməyə təqdim olunmuşdur. Cavabdeh həmin evin yaxınlığında qalır.
41. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
43. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Kollegiya ilkin olaraq qeyd edir ki, iddiaçının öz oğluna Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı mənzilinə dair etibarnamə verərkən sonuncu tərəfindən aldadılıb-aldadılmaması hazırki işin həlli baxımından əhəmiyyət kəsb etmir.
49. Belə ki, artıq qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-62/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi mövcuddur və həmin məhkəmə aktına əsasən xx.xx.2011-ci il tarixli, 13B8/11 saylı kredit müqaviləsinə əsasən cəmi 155.924 ABŞ dolları məbləğində pul vəsaitinin X3 tutularaq "xxxx" ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı mənzilinə yönəldiməsi, evin ilkin satış qiymətinin 120.000 manat olaraq müəyyən edilərək həmin evin açıq hərracdan satılaraq borcun ödənilməsinin təmin edilməsi qət edilmişdir.
50. İşdən həmçinin görünür ki, iddiaçı tək oğlu Rövşən Səlimova deyil, xx.xx.2017-ci il tarixində X12 da etibarnamə vermiş və etibarnaməni şəxsən özü imzalamış, etibarnaməyə əsasən X12 iddia ərizəsinin imzalanması, məhkəmə aktlarından şikayətin verilməsi və digər səlahiyyətləri verilmiş, həmin etibarnamə əsasında X17 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin İddiaçı "xxxx" MMC və qeyrilərinə qarşı “hərracın yekunları üzrə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadı almışdır (1-ci cild, s. 229-235).
51. Belə olan halda, iddiaçının ikinci dəfə başqa şəxsə məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı etibarnamə verərkən onun da mahiyyətini anlamadığı, artıq məhkəmə aktına əsasən kredit müqaviləsi üzrə borcun mənzilə yönəldildiyi, bununla bağlı hərracın keçirildiyi ilə bağlı məlumatlı olmadığı ağlabatan və inandırıcı deyil.
52. İşdən həmçinin görünür ki, iddiaçı məcburi köçkün olmaqla rəsmi qeydə alındığı ünvan Laçın rayonu, Təzəkənd kəndirir. Hərraclar keçirildiyi vaxt həmin rayon işğal altında olduğundan sözügedən ünvana hərrac mərkəzi tərəfindən hər hansı bildiriş göndərilməmişdir.
53. Lakin işdə olan poçt bildirişlərdən müəyyən edilir ki, hərraclarla bağlı məlumatlar iddiaçının mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş mənzilin ünvanına göndərilmişdir (1-ci cild, s. 135, 140).
54. Eyni zamanda, hərraclarla bağlı məlumat “Birja Yenilikləri” qəzetinin 11.11.xx.xx.2016-cı il, 25.11-xx.xx.2016-cı il, 30.06 xx.xx.2017-ci il, 09.06.-xx.xx.2017-ci il və 26.05-xx.xx.2017-ci il tarixli tirajlarında qeyd edilmişdir (1-ci cild, s. 99-103).
55. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hərrac təşkilatı tərəfindən hərraclar keçirilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanın dərc edilməsi, habelə ipoteka qoyana bildirişin göndərilməsi öhdəliyi qoyulmuşdur.
56. İşdən görünür ki, cavabdeh "xxxx" MMC hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmiş, hər hansı pozuntuya yol verməmişdir.
57. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hərracın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından iddiaçının irəli sürmüş olduğu törəmə tələbələrin araşdırılmasına zərurət yoxdur.
58. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 422/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: