Məhkəmə qərarları › İş №2(103)-4499/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4499/2022

07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4499/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlu sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 31.03.2022-ci il tarixli qərardadından Maraqlı şəxs verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Bank VTB (Azərbaycan) ASC iddia ərizəsi ilə məhəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi, 9 saylı fərdi yaşayış evindən məcburi çıxardılması, fərdi yaşayış evinin boşaldılması və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-965/2022 saylı, 03.02.2022-ci il tarixli qərardadı ilə Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki işin apellyasiya baxışından çıxarılması və Xəzər Rayon Məhkəməsinə qaytarılmaı qərara alınmışdır. Bundan sonra, Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 31.03.2022-ci il tarixli qərardadı ilə şikayət müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Maraqlı şəxs apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin eyni saylı, 25 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin ediməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə apellyasiya qeyri-mümkün sayılmalıdır. Belə ki, Maraqlı şəxs apellyasiya şikayəti və Xəzər Rayon Məhkəməsinin 2(003)- 2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında ərizə də vermiş (i/v 172), rayon məhkəməsi isə həmin ərizəyə 2(003)-2335/2018 saylı, 31.03.2022-ci il tarixli qərardadından şikayət kimi baxmış, həmçinin həmin buraxılmış müddətin bərpası haqqın ərizəyə münasibət bildirilmədən mülki iş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Məcəllənin 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, prosessual qanunvericiliyə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Hazırkı mülki iş üzrə rayon məhkəməsi Maraqlı şəxs buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə münasibət bildirmədiyindən, mülki iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş materialları Maraqlı şəxs Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməsi üçün Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Maraqlı şəxs Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməsi üçün mülki iş Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar