Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4499/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(004)-1655/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25800 manat pul və 167,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(004)- 1655/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, qətnamə 12 may 2022-ci il tarixli reyestrlə tərəfə göndərilmişdir. Qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixdə Yasamal rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bundan uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən məhkəməyə müraciət olunaraq, qətnamənin təqdim olunması xahiş edilmiş, xx.xx.2023-cü il tarixdə kargüzarlıq xidmətinin əməkdaşı tərəfindən cavabdehə mobil nömrə vasitəsilə zəng olunaraq, məhkəməyə gəlib qətnaməni götürməsi barədə ona məlumat verilmişdir. Cavabdeh isə xx.xx.2023-cü il tarixdə qətnamənin surətini qəbul etmiş, xx.xx.2023cü il tarixdə isə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinə baxılması üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda qeyd edildiyi kimi qətnamə 12 may 2022-ci il tarixli reyestrlə cavabdehə göndərilmişdir (Bakı şəh., C.Qardaşları küç., ev 49). Eyni zamanda, cavabdeh apellyasiya şikayətində rəsmi yazışmaların aparılmasını xahiş etdiyi ünvanı məhz məhkəmə tərəfindən qətnamənin ona göndərildiyi ünvan olaraq göstərmişdir (i.v. İ cild s.48 və s.58). Eləcə də, cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edib qətnamənin surətini istəmiş, xx.xx.2023-cü il tarixdə ona qətnamənin surətini yaxınlaşıb məhkəmədən götürməsi barədə telefonoqram olunmasına baxmayaraq, qətnamənin suətini xx.xx.2023cü il tarixdə qəbul etmişdir. MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin məlum olan ünvanına göndərmiş, işdə ünvan dəyişikliyi ilə bağlı məlumat olmamışdır. Belə olan halda isə, yəni cavabdeh artıq həmin ünvanda yaşamasa da, məhkəmə aktı rəsmi qaydada verilmiş hesab edilir. Bununla yanaşı, qətnamə uzun müddət əvvəl icraya yönəlmiş, 01 iyul 2022-ci il tarixdə icra məmuru tərəfindən icraata başlanılmış, lakin birinci instansiya məhkəməsi sonradan verilmiş apellyasiya şikayəti üzrə prosessual müddətlərin ötürülübötürülməməsini yoxlamamış, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, eləcə də icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Çünki, tərəf məhz müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş formada və qaydada şikayət verməyə haqlıdır, əks halda buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməlidir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi isə MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(004)-1655/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4499/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4499/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver