Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-45/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onun nümyaəndəsi və vəkili X1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı “kompensasiya və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1378/2021 nömrəli qətnaməsindən iddidaçı İddiaçı1 və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Poleks Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan qeyri-yaşayış obyektinin tikilinin və yerləşdiyi tikintialtı sahənin əhatə etdiyi qanuni istifadədə olan torpaq sahəsinin əvəzi olaraq onlara həmin ərazidə sökülən yerdə Cavabdeh MTK tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 110 m2 təmirli qeyri-yaşayış sahəsinin təhvil verilməsi; obyektlərindəki daşınar əmlakın qanunsuz məhv edilməsinə görə Cavabdeh MTK tərəfindən vurulmuş zərərin əvəzi olaraq - 17.000 manat məbləğində pulun onlara ödənilməsi; 2017-ci ilin avqust ayından 2020-ci ilin avqust ayına kimi (obyekt qanunsuz uçuruluna kimi) ictimaiiaşə obyektinin işləmədiyi fəaliyyətini məcburən dayandırdığı hər ay üçün 800 manat olmaqla 28.800 (800 x 36) manat ödənilməsi; 2020-ci ilin avqust ayından (obyektin uçurulduğu vaxtdan) başlayaraq obyekt tikilib təmirli olaraq təhvil verilənə kimi Cavabdeh MTK tərəfindən hər ay onlara 800 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1378/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1 -ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 77,58 m2-lik təmirli qeyri-yaşayış sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, Cavabdeh MTK tərəfindən tikiləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, binanın yola bilavasitə çıxışı olan hissəsində 77,58 m2-lik təmirli, qeyriyaşayış sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilərkən nəzərə alınsın ki, həmin əmlakın 2/3 hissəsi üzərində bütün hüquqlar İddiaçı1, 1/3 hissəsi üzərində bütün hüquqlar İddiaçı2 məxsus olması, Cavabdeh MTK tərəfindən 2020-ci ilin avqust ayından başlayaraq obyekt tikilib təhvil verilənədək iddiaçılar İddiaçı1 və İddiaçı2 hər ay cəmi 800 manat icarə haqqının ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MTK və İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdirlər. Məhkəmə iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili öz apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh"xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 öz apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1378/2021 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, elektron məhkə informasiya sistemindən əldə olunmuş məlumata əsasən iddiaçıya məxsus qeyri-yaşayış obyekti fəaliyyət növü kimi Çinar kafesi qeyd edilmişdir. Eyni zamanda İddiaçı1 xx.xx.2024-cü il tarixdən ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 25-ci bəndinə əsasən kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1378/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32-ci, 384-cü, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1378/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MTK-ya qarşı “kompensasiya və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-45/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-45/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver