Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4501/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2052,90 manat dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2382,90 manatın məcburi qaydada tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh 826,20 manat dəymiş zərər, iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, vəkilə ödənilmiş 300 manatın 30 manat hissəsi olmaqla, cəmi 876,20 manat tutularaq “İddiaçı” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən mülki qanunvericiliyin tələbləri pozulmuş, ədalətsiz mövqe nümayiş etdirilmişdir. Belə ki, məhkəmə qaz sayğacının küçədə olmasını və ona nəzarətin istehlakçının üzərində olmadığını nəzərə almamışdır. cavabdehin əməkdaşları hər ay ərazi üzrə yoxlama aparmalı və qaz sayğacının hansı vəziyyətdə olmasına nəzarət etməlidirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, “İddiaçı” İB ilə Cavabdeh arasında bağlanmış 31.10.2018-ci il tarixli, AKX-0039891/10-2018 saylı “qazın alqı-satqısı” barədə müqavilənin 1-ci bəndinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31.01.2019-cu il tarixli, ******* saylı; 28.02.2019-cu il tarixli ******* saylı; 29.03.2019-cu il tarixli ******* saylı və 30.04.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, 740 Maştağa qəsəbəsi, Albalı bağı ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Bununla əlaqədar “İddiaçı” İB tərəfindən cavabdehə dəymiş ziyana görə aktlar üzrə ümumilikdə 826,20 manat borcu hesablanmışdır. “İddiaçı” İB tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün “Mirzayev and X3” MMC-yə 300 manat ödəniş edilmişdir. Hazırda “İddiaçı” İB, iddiaçıya məxsus evdə sayğacdan kənar xətt aşkarlandığını bildirir, Xoşbəxt Əliyev isə bunu təkzib edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Adıçəkilən Qaydaların, 3.4.1-cü və 6.5-6.7-ci bəndlərinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçı ya təqdim edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Baxılan işin hallarından görünür ki, iddiaçı “İddiaçı” İB ilə Cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Buna baxmayaraq, cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya 826,20 manat məbləğində zərər vurmuşdur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4341/2020 saylı iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4501/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4501/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver