Məhkəmə qərarları › İş №2(103)-4503/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4503/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4503/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı LPO «xxxxxxxx» ASC-nin ləğvedicisi X1 Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması, tutmanın ipotekaya yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-299/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO «xxxxxxxx» ASC-nin ləğvedicisi X3 Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması, tutmanın ipotekaya yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçı LPO «xxxxxxxx» ASC-nin xeyrinə 79.303 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə 22.337 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 10.404 ABŞ dolları faiz olmaqla, cəmi 112.044 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 8 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO «xxxxxxxx» ASC-nin «Bakı» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit xətti müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 76.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 8 saylı evin 21 saylı mənzili xx.xx.2013-cü il tarixli 005/01 saylı ipoteka müqaviləsinə əsasən «xxxxxxxx» ASC-nin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsinin 1.3-cü bəndinə əsasən borc alan Cavabdeh1 qrafikə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin Cavabdeh1 kredit xətti müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Sonradan kredit filial tərəfindən ABŞ dollarına konvertasiya edilərək sistemdə dəyişiklik aparılmışdır. Hazırda Cavabdeh1 sistem üzrə banka 79.303 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə 22.337 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 10.404 ABŞ dolları faiz olmaqla, cəmi 112.044 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh1 LPO «xxxxxxxx» ASC tərəfindən xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq öhdəliyin icrası tələb edilmiş, öhdəlik icra edilməzsə qanunvericiliyin tələbinə uyğun müvafiq tədbir görülərək tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. Lakin cavabdehə bank tərəfindən ünvanlanmış xəbərdarlıq məktubu çatmasına baxmayaraq, cavabdeh bu günədək yaranmış öhdəliyi icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 299/2019 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi və prosessual hüquq normalarının pozulması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tələbin ABŞ dolları ilə olmasını əsas götürərək iddia tələbini təmin etməmişdir. Halbuki, məhkəmə baxışı zamanı kredit verilməsi və s. bu istiqamətdə sənədlər mübahisələndirilməmişdir. Belə olan halda iddia tələbi Azərbaycan manatı ilə təmin oluna bilərdi. Çünki, bank iddia tələbinin manatla təmin olunmasına etiraz etmir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onlar kreditin verilməsi sahəsində bağlanmış müqavilələri, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza və qiymətləndiricinin rəyini mübahisələndirmirlər. Qəbul edirlər ki, kredit öhdəliyi lazıınca icra olunmamışdır, bunun da obyektiv səbəbləri vardır. Lakin, iddiaçı tələbini xarici valyuta ilə irəli sürmüşdür ki, bu da qanunsuzdur. Çünki, kredit Azərbaycan manatı ilə verilmiş, bank tərəfindən birtərəfli qaydada, onların razılığı olmadan ABŞ dollarına konvertasiya olunmuşdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan LPO «xxxxxxxx» ASC-nin «Bakı» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 20 % dərəcəsi ilə 76.000 manat kredit verilmişdir. İşdə olan LPO «xxxxxxxx» ASC-nin «Bakı» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 005/01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 8 saylı evin 21 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlətqeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan LPO «xxxxxxxx» ASC-nin cavabdehə ünvanladığı pretenziyadan görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit xətti müqaviləsinə əsasən 24 ay müddətinə 20% dərəcəsi ilə 76.000 manat kredit verilməsinə baxmayaraq həmin müqavilədən irəli gələn xx.xx.2017-ci il tarixədək hesablanmış 79303 ABŞ dolları əsas, 56966 ABŞ dolları isə faiz borcu yaranmış, bu səbəbdən də borcun ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2018-ci il tarixə 79.303 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə 22.337 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 10.404 ABŞ dolları faiz olmaqla, cəmi 112.044 ABŞ dolları borcu mövcuddur. İşdə olan bildirişlərdən görünür ki, cavabdehlərə (borcalan və ipoteka qoyan) tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi barədə bildirişlər göndərilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, «xxxxxxxx» ASC-nin «Bakı» filialı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit xətti müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 76.000 manat məbləğində kredit xətti açılmasına dair müqavilə bağlanmış, həmin müqavilənin təminatı olaraq Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 8 saylı evin 21 saylı mənzili xx.xx.2013-cü il tarixli 005/01 saylı ipoteka müqaviləsinə əsasən «xxxxxxxx» ASC-nin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçının tələblərinə əsasən kredit xətti müqaviləsinin 1.3-cü bəndinə əsasən borc alan Cavabdeh1 qrafikə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürsə də, Cavabdeh1 kredit xətti müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı onun və digər cavabdehlərin əsas və faiz borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. İddiaçı hazırda Cavabdeh1 sistem üzrə banka 79.303 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə 22.337 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 10.404 ABŞ dolları faiz olmaqla, cəmi 112.044 ABŞ dolları borcu yaranmasını iddia etmiş, iddiasının əsaslandırılmasında Cavabdeh1 ilə müqavilə bağlayandan sonra kredit filial tərəfindən ABŞ dollarına konvertasiya edilərək sistemdə dəyişiklik aparılmasına istinad etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit xətti müqaviləsinin 3.4-cü bəndində borcalanın bankın tələbi ilə borcun məbləğini manatla, yaxud sərbəst dönərli valyuta ilə qaytarmağı öz üzərinə öhdəlik götürdüyü qeyd edilsə də, konvertasiyanın hansı tarixdə, hansı mübadilə kursu üzrə aparılması, eləcə də, filial tərəfindən belə bir konvertasiyanın aparılmasına səlahiyyətli olması, bununla bağlı filialın tabelik qaydasında yuxarı «xxxxxxxx» ASC-nin, eləcə də müqavilə tərəfi olan Cavabdeh1 bu barədə razılığının olması barədə məhkəməyə müvafiq sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçı müqavilə şərtlərinə tərəfin razılığı olmadan dəyişiklik etmişdir ki, bu da müqavilə şərtlərinə uyğun olmadığı üçün yol verilməz hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, «xxxxxxxx» ASC-nin «Bakı» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit xətti müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 76.000 manat məbləğində kredit xətti açılandan sonra sonuncunun borcun məbləğini manatla, yaxud sərbəst dönərli valyuta ilə qaytarmağı öz üzərinə öhdəlik götürməsi əsası kreditin filial tərəfindən ABŞ dollarına konvertasiya edilərək sistemdə dəyişiklik aparılmasına hüquqi əsas vermirdi. Cavabdeh1 «xxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit müqaviləsi üzrə sonuncuya ödənilməli olan kredit borcu müqavilədə nəzərdə tutulmayan ABŞ dolları ilə qeyd edildiyindən və iddiaçı da cavabdehə həmin valyuta ilə vermədiyi məbləği tələb etdiyindən iddia əsassızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının kredit və ipoteka müqavilələrindən irəli gələn tələb hüququnun olmasını, cavabdeh tərəfindən müqavilə öhdəliyinə lazımınca riayət olunmamasını müəyyən etsə də, iddia tələbinin xarici valyuta (ABŞ dolları) ilə irəli sürülməsini, kreditin manatla deyil, ABŞ dolları ilə tələb olunmasının əsassız olmasını əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası kredit borcunun xarici valyuta ilə tələb olunmasının əsassızlığı ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, yalnız bu əsasa görə iddianın tamamilə rədd olunmalı olması barədə məhkəmənin gəldiyi nəticəri əsassız sayır. Çünki, iddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlmişdir. Yəni, işdə olan sübutlarla Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü özdəliyi lazımınca icra etməmiş, bu səbəbdən də kredit borcu yaranmışdır. Kredit müqaviləsindən göründüyü kimi, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 20% dərəcəsi ilə 76000 manat kredit verilmişdir. İddiaçı sonradan kreditin ABŞ dollarına konvertasiya edilərək sistemdə dəyişiklik aparılmasına istinad etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və istinad etdiyi halı əsaslandıra bilməmişdir (konvertasiyanın hansı tarixdə, hansı mübadilə kursu üzrə aparılması, eləcə də, filial tərəfindən belə bir konvertasiyanın aparılmasına səlahiyyətli olması, bununla bağlı müqavilə tərəfi olan Cavabdeh1 razılığının olması və s.). Lakin, bu halın mövcudluğu özü-özlüyündə iddia tələbinin qanuniliyinə mahiyyəti üzrə kreditin verildiyi Azərbaycan manatı ilə baxılmasına istisna etməmişdir. Bu hal iddia tələbindən kənara çıxma kimi də qiymətləndirilə bilməzdi (iddiaçının ərizəsindən də görünür ki, tələbin manatla təmin olunmasına etiraz etmirlər). Xüsusilə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ekspertiza və müstəqil qiymətləndirici təyin etməklə kredit borcunun məbləğini dəqiqləşdirmiş, həmçinin ipotekanın ilkin satış qiymətini müəyyən etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 12938 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 ilə «xxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 005/01 saylı kredit müqaviləsi üzrə borc alanın «xxxxxxxx» ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2015-ci il tarixə -əsas kredit borcu 57747 manat 83 qəpik,faiz borcu 16169 manat 39 qəpik. xx.xx.2018-ci il tarixə -əsas kredit borcu 57747 manat 83 qəpik,faiz borcu 23925 manat 25 qəpik. xx.xx.2018-ci il tarixə (sonuncu ödəniş tarixi) - əsas kredit borcu 57747 manat 83 qəpik, faiz borcu 14562 manat 16 qəpik. Qeyd edilmişdir ki, xx xxx 2013-cü il tarixli 005/01 saylı kredit müqaviləsi üzrə xx xxx 2015-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddətə illik 5% hesablanan faizin məbləği 7755 manat 86 qəpik təşkil edir. Tərəflər apellyasiya baxışı zamanı ekspertiza rəyinə etiraz etməmişlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını (faizləri) tələb etməyə haqlıdır. İşdə olan sənədlərə əsasən kreditin müqaviləsinin müddəti (kreditin qaytarılması müddəti) xx xxx 2015-ci il tarixdə bitmişdir. Ekspertiza rəyindən görünür ki, qeyd edilən tarixə kredit müqaviləsinin şərtlərinə əsasən 16169 manat 39 qəpik faiz borcu mövcud olmuşdur. İddiaçı isə əsassız olaraq faizləri 22337 ABŞ dolları həddində tələb etmişdir. Belə olan halda isə, iddia faizlər hissədə 16169 manat 39 qəpik həddində təmin olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia əsas borc hissədə ekspertiza rəyinə uyğun olaraq 57747 manat 83 qəpik həddində, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmış 7755 manat 86 qəpik həddində təmin olunmalıdır. Tərəflər bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslıdır. Çünki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında”Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İşdə olan sənədlərə əsasən (ipoteka müqaviləsi və s.)Cavabdeh2 kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 8 saylı evin 21 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmiş,ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka qoyulmuş əmlakın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuşdur. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx xxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 8 saylı evin 21 saylı mənzilinin xx.xx.2019-cu il tarixə dəyəri 72500 manat təşkil edir («xxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin məktubunda qiymətləndirmə xərcinin ödənildiyi qeyd olunmuşdur). Apellyasiya baxışı zamanı tərəflər qiymətləndirmə rəyinə, həmçinin orada müəyyən olunmuş qiymətin ipotekanın ilkin satış kimi göstəriləsinə etiraz etməmişlər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin qeyd edilən məbləğdə müəyyən olunması obyektiv və ədalətlidir. Həmçinin, qeyd edilməlidir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qo-yan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka mü-qa-vi----ləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla bir-lik----də yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağ-la-nar----kən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə no-ta---riat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağ-lan-dıq-dan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sa-yı-lır--lar. İşdən görünür ki, daşınmaz əmlak ipoteka mü-qa-vi----ləsi üzrə kreditin qaytarılması üçün Cavabdeh2 tərəfindən ipoteka qoyulmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o, satıldıqda ən geci bir ay ərzində Cavabdeh2 mənzili tərk etmədiyi halda, məcburi çıxarılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, iş üzrə 100 manat ekspertiza xərci, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 31 manat digər xərc (bildişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı) mövcud olmuşdur ki, həmin məhkəmə xərcləri də Cavabdeh1 aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO «xxxxxxxx» ASC-nin ləğvedicisi X1 Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması, tutmanın ipotekaya yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-299/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-299/2019 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun. Cavabdeh1 57747,83 manat (əlli yeddi min yeddi yüz qırx yeddi manat 83 qəpik) əsas borc, 16169,39 (on altı min yeddi yüz altmış doqquz manat 39 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmış 7755,86 (yeddi min yeddi yüz əlli beş manat 86 qəpik) manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, bildişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 31 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə verilsin. Tutma kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş,Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 8 saylı evin 21 saylı mənzilinə yönəldilsin, ipotekanın ilkin satış qiyməti 72500 (yetmiş iki min beş yüz) manat müəyyən edilməklə, həmin mənzil açıq hərrac vasitəsilə satılsın, əldə olunmuş məbləğ hesabına yuxarıda qeyd edilən pul vəsaitləri iddiaçının xeyrinə ödənilsin, artıq qalan pul vəsaiti isə Cavabdeh2 qaytarılsın. İpoteka qoyulmuş qeyd edilən mənzilə tutma yönəldildikdə və o, satıldıqda ən geci bir ay ərzində Cavabdeh2 mənzili tərk etmədiyi halda, məcburi çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh1 aid edilsin. Həmin cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar