Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4503/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: əmlakdan düşən payın ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq pulun verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 Məmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “əmlakdan düşən payın ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq pulun verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-267/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. ünvan 1, 70 saylı mənzil tərəflərin ataları X2 mülkiyyətində olmuşdur. X3 01 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı və cavabdeh onun qanun üzrə vərəsələri hesab edilmiş və onlara qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1, 70 saylı mənzil 1/5 hissədə İddiaçı, 4/5 hissədə isə Cavabdeh2 paylı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzilin ümumi sahəsinin 81.92 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 111.600 manat məbləğində müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, daha sonra Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 cavabdehlər siyahısından çıxararaq, miras qalmış ünvan 1, 70 saylı mənzildən payının ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq iddiaçıya düşən pulun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, atası X3 01 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. O və hazırkı iddia üzrə cavabdehlər atalarının qanun üzrə vərəsələridir. Atalarından onlara ünvan 1, 70 saylı mənzil miras olaraq qalmışdır. Həmin mənzil üzrə 03 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun 1/5 hissədə payı müəyyən edilmiş, qalan hissə isə çıxarış üzrə açıq qalmışdır. O, dəfələrlə digər vərəsələrə müraciət edərək, ya əmlakdan ona düşən pay üzrə pulun verilməsini, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq ona düşən payın verilməsini tələb etsə də, cavabdehlər buna məhəl qoymamışlar. Həmin mənzil atası vəfat etdikdən sonra onun qardaşı tərəfindən kirayəyə verilmişdir, kirayə haqqını da onlar alır və yenə də mənzilin ona düşən hissəsindən ona pay vermirlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-267/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1, 70 saylı mənzilin açıq hərracdan satılması; İddiaçı və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1, 70 saylı mənzilin satılmasından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə İddiaçı və Cavabdeh2 arasında bölünməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə tərəflərin mənzilə payları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının ona aid payının cavabdeh tərəfindən alınmasına dair hissəyə qiymət verərək hesab edir ki, həm məhkəmə iclasına qədər, həm məhkəmə iclasında iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdeh təklifi qəbul etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Raspublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2 və 220.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına; “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2023 tarixli, 2(011)-267/2023saylı qətnaməsinin ləğv edilməsi və mübahisəli mənzildən iddiaçıya düşən payın ödənilməsinin 1 il müddətinə təxirə salınması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin qarşılıqı razılaşma ilə həlli yolu olduğu halda, iddiaçının səbr edərək onun payına düşən pulun ödənilməsi üçün ona vaxt verməsi əvəzinə məhkəmə qətnaməsi ilə yekunlaşması ədalətli nəticə deyil. Belə ki, iddiaçı da 4 il müddətində (pandimiya dövrü də daxil olmaqla) ona maddi və mənəvi ziyan vuraraq mübahisəli mənzillə bağlı payına görə ona təklif etdiyi 10000 manat pulu hər 5-6 aydan bir vəd verərək bu günə kimi onu süründürürdü. Eyni zamanda onu da qeyd edir ki, ailə üzvləri, yəni iş üzrə cavabdehlər ata mülkünün satılmaması və Cavabdeh2 mənzildə yaşamasını istəyib razılıq veriblər. Bu səbəbdən də o, iddiaçıya məhkəmə mübahisəsi zamanı onun payının verilməsi üçün 1 il müddətində ona vaxt verilməsini tələb etsə də, iddiaçı buna razılaşmadı. Lakin o nəzərə almalıdır ki, 4 il müddətində onu eyni formada aldatmışdır. Payın bölünməsi açıq hərracda o zaman olur ki, bölünmə açıq-aşkar mümkün deyil. Bu işdə isə o, iddiaçıya düşən payın ödənilməsi üçün vaxt istəyib. Lakin iddiaçı barışıq əldə etmək əvəzinə mənzili hərracla satdırmaq istəyir. Məhkəmə mənzilə real baxış keçirilməni təmin etməyib. Eyni zamanda mənzilə qoyulan qiymət real bazar dəyərini əks etdirmir və məhkəmə bu vacib halı nəzərə alıb araşdırmamışdır. Bununla yanaşı onu da bildirir ki, məhkəmə bəzi izahatında bəzi sözləri nəzərə almamışdır. Belə ki, 4 il bundan qabaq qardaşı Cavabdeh4 kirayədə qaldığı bilərək onunla əlaqə saxlamağa cəhd etsə də, iddiaçı onun Türkiyədə olduğunu və guya maddi imkanının yaxşı olduğunu qardaşına bildirmişdir. İddiaçının bunu etməkdə məqsədi qardaşı ilə onun əlaqə qurmağına maneçilik törətmək olmuşdur. Qardaşının onu axtarmaqda məqsədi evsiz olduğunu və kirayədə olduğunu əvvəlcədən bilirdi, qeydiyyatda olduğu və yaşamaq hüququ olan mənzilə uşaqları ilə bərabər köçməyinə nail olmaq idi. Onu da əlavə edir ki, iddiaçı qardaşı ilə görüşünə maneəçilik etsə də, özü qardaşından xəbərsiz onunla əlaqə saxlayırdı. İddiaçının onu 4 il müddətində aldadaraq 2022-ci ilin iyun ayının sonlarına qədər şəxsi evinin satışı ilə bağlı bankdan pul götürərək onun və İran İslam Respublikasında olan etibarnamə ilə təmsil etdiyi bacısının mənzildən düşən payını ödəməsi vədi ilə və hətta hər iki bacıya ümumilikdə vəd etdiyi 20000 (iyirmi min) manatı illərlə ödəməməklə aldatmışdı.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, iş materiallarında ekspert rəyi vardır, həmin ekspert rəyinə əsasən mübahisəli mənzil digər tərəflər arasında bölünməli olduğundan hərraca çıxarılaraq satılmalıdır. Həmin mənzilin qiyməti mənzilə baxış keçirilmədən ekspertin formal yanaşmasına uyğun olaraq 111 min 600 manat qoyulmuşdur. İşin içində əlavə olaraq onlar qiymətləndirmə rəyi alaraq qoymuşlar ki, rəyə əsasən həmin mənzilin Cavabdeh2 düşən hissənin 42 min manat olması qənaətinə gəlinsin. Eyni zamanda onlar məhkəməyə sənədlər, fotoşəkillər təqdim etmişlər ki, mənzilin dəyəri göründüyü kimi yüksək deyildir. Mənzil o qədər şəraitsiz vəziyyətdədir ki, mənzilin sanitar qovşağı belə mövcud deyildir. Onların narahat edən məqam budur ki, ekspert mənzilə baxış keçirmədən formal olaraq mənzili təmirli mənzil kimi qeyd etmiş, və mənzilə 111600 manat qiymət qoymuşdur. Əgər tərəflər arasında bu məsələ gələcəkdə kompensasiya ödənilməklə həll olunmasa mənzil açıq hərracda satışa gedəcəkdir. Satışa getdiyi təqdirdə mənzilin ilkin satış qiyməti 111600 manat olacaqdır. Onlar bununla razılaşmırlar. Çünki mənzilin real qiyməti o qiymət deyildir. Mənzilin real qiyməti 70-80 min manat arasındadır. Həmçinin sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli mənzilə baxış keçirilməyibdir. Ekspert mənzilə baxış keçiribsə o zaman mənzilin şəkillərini iş materiallarına əlavə edərdi. Əgər iş materiallarında ekspert rəyi vardırsa və onlar gələcəkdə həmin qiyməti mübahisələndirməsələr, icra mərhələsində müstəqil iddia qaldıraraq qiymətləndirməni mübahisələndirəndə həmin vaxt məhkəmə münasibət bildirirər ki, vaxtı ilə həmin qiymətə münasibət bilidirlməmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçı səbəbsiz və haqsız yerə ondan 23 min manat pul istəyir. Mənzilin qiyməti haqlı olduğu halda kompensasiya verməyə hazırdır. O, evə girəndən sonra iddiaçı narazılıq edərək məhkəməyə iddia vermişdir. Mübahisəli mənzildə şəraitsiz vəziyyətdə yaşayır. 18 min manat verməyə hazırdır. 18 min manatı sentyabr ayına qədər verməyə hazırdır. O, birinci instansiya məhkəməsinə ilk gündən həmin şəkilləri, diskləri təqdim etmişdir. Həmin sənədlər indi təqdim edilməyibdir. Onun birinci vəkili işə düzgün baxmırdı. Ona görə həmin vəkili dəyişib.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etmiş, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, birinci instansiya mərhələsində cavabdeh bu formada 16 min manat təklif etdi, hətta barışıq mərhələsinə qədər getdi. Vəkil dəyişmə taktikaları o zaman başladı. Növbəti məhkəmədə barışıq sazişinin tərtibi ilə yaxınlaşacaqdı, lakin cavabdeh daha sonra razılaşmadı. Birinci instansiya mərhələsində də 3 ay vaxt istəmişdi, 10 min barışıq olan günə qalan hissə isə daha sonra verilməli idi, lakin cavabdeh sonra fikrini dəyişdi. İddiaçının başqa bir məhkəmədə həyat yoldaşı ilə əmlak bölgüsü ilə bağlı iddia gedir. Eyni məsələ orada da vardır. Belə ki, tərəfin biri digərinə pul kompensasiya etməli idi. Belə razılığa gəlmişlər ki, cavabdeh bu məhkəmədə kompensasiyanı ödəyəcəkdi və hazrkı işdə iddiaçı olan şəxs öz yoldaşına kompensasiya verərək mənzili əldə edəcəkdi. Onlar bunu bildiyi üçün hər iki tərəf apellyasiya şikayəti verərək məhkəməni uzadırlar. Bugünki gün həmin mübahisəli mənzilə 120 min manata alıcı apara bilir. Cavabdeh qəbul edirsə 1 həftə içində həmin məsələni həll edə bilirlər. Apellyasiya şikayətinin tələbləri hissəsinə gəldikdə isə cavabdeh apellyasiya şikayətinin xahiş etdi hissəsində 1 il vaxt istəyir. Yəqin ki, məhkəmə həmin hissəyə diqqət yetirdi. Ekspert rəyinə gəldikdə isə əmlaka baxış dedikdə əraziyə baxış edirsə bu kifayət edir. Həmin mənzil əvvəlcə kirayə verilmişdi, həmin mənzildə yaşayırdılar. Həmin mənzil sonradan həmin vəziyyətə salındı və bu şəkillər də sonradan üzə çıxdı. Cavabdehin məqsədi vaxt uzatmaqdan başqa bir şey deyildir. Tələblə bağlı bildirir ki, 1 il tələb apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid deyildir və apellyasiya şikayətində də həmin məsələ əsaslandırılmayıbdır. Apellyasiya şikayətinin əsaslandırma hissəsi ilə tələb hissəsi uyğunsuzluq təşkil edir
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkilinin dediklərinə əlavəsinin olmamasını, onunla razı olduğunu bildirmişdir.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunann hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
19.213.1-213.3-cü maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
20. 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 21.220.1-220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
22. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi vəya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 23.220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 24.220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 25.221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzimüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
27.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 30.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.Belə ki, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırılması ilə razılaşaraq qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən, iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə tam haqlı olmuşdur.
34. Apellyasiya şikayətinin dəlilləri üzrə kollegiya qeyd etməyi zəruri ki, iş üzrə ekspertiza keçirilməsi üçün mülki iş materiallarından istifadə olunmuş, tədqiqat obyektinə baxış keçirilmiş, nəticədə mübahisəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 111.600 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmənin ekspert rəyini şübhə altına alması üçün hər hansı əsası yoxdur, həmçinin mənzilin müvafiq dəyəri iş üzrə nəticəyə gəlmək üçün yox, mübahisənin, iddiaçıya əşyanın mülkiyyət hüququndakı payına mütənasib məbləğdə pulun ödənilməsi və ya başqa kompensasiya verilməsi ilə aradan qaldırılması üçün müəyyən edilmişdir.
35. Mübahisənin yuxarıda göstərilən mərhələdə yekunlaşdırılması mümkün olmadığı üçün cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə əsasən birinci instnasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas deyildir. Apellyasiya şikayəti ilə barəsində yeni qətnamə qəbul edilməsi tələb edilən nəticə də hər hansı maddi hüquq norması ilə ehtiva olunmur.
36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. 37.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-267/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova