Məhkəmə qərarları › İş №2(103)-4504/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4504/2024

18.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4504/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi ilə əmək müqaviləsi bağlayaraq Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinnə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağına dair öhdəliyinin cavabdeh tərəfin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2016-cı ildə direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə özünü yaradıcı işləyən müəllim, bacarıqlı, yüksək ixtisaslı mütəxəsis, bacarıqlı idarəçi kimi göstərmişdir. Təhsil müəssisəsinin fəaliyyətinin planlaşdırılması və proqnazlaşdırılması əsaslarına yüksək səviyyədə yiyələnmə, şəxsi təşkilati və inzibati keyfiyyətlər təhsilin demokratikləşməsi və humanistləşməsi prinsipləri əsasında tədris prosesinin idarə olunması üçün məhsuldar bir model yaratmağa və sınaqdan keçirməyə imkan vermişdir. Hətta Goranbay Rayon İcra başçısı cənab Məhərrəm Quliyev tərəfindən təhsil sahəsində uğurlarına görə fəxri fərmanla təltif olunmuşdur. 2022-ci ilin yay ayından Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev İddiaçı ilə səbəbsiz olaraq şəxsi qərəz və ədavət yürüdür. Şəxsi qərəz və ədavətə dayanaraq 2022-ci ilin yay aylarından məktəblə bağlı idarəçiliyinə mane yaradır. Anar Qədiməliyev cənab nazir Emin Əmrullayevə yanlış məlumatlar verərək İddiaçı haqqında mənfi rəy yaradırdı. Bundan əlavə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev dəfələrlə İddiaçı öz istəyi ilə ərizə yazıb işdən çıxmağını bildirmiş, İddiaçı isə bundan imtina etmişdir. Beləliklə, xx.xx.2023-cü ildə Goranboy-Naftalan Rayonlar üzrə Təhsil Sektorunda keçirilən iclasda İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı bildirildi. xx.xx.2023-cü ildə AR Elm və Təhsil Nazirliyinin əmri ilə işdən azad edildi. Məktəb direktoru kimi işdən azad olunmağı ilə birlikdə məktəb müəllimliyindən də azad etdilər. 2008-ci ildə həmin məktəbə fransız dili müəllimi təyin edilmişdi. 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçərək ixtisas üzrə yüksək bal toplamışdı. Lakin buna baxmayaraq, onu məktəbdə müəllim kimi dərslə təmin etmədilər. Əksinə, onun dərslərini başqa müəllimlərə verəcəklərini vəd edib, onlarda olan fransız dili dərnəyindən imtina etdirərək dərnəyin təyinatını dəyişərək məktəbdə süni səkildə vakant dərs saatları yaradaraq məktəbə yeni dərnək rəhbəri təyin etdilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmrlə Cəfərova X6 rayonu Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin direktoru olaraq xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən, mediasiya prosesinə başlayaraq ilkin mediasiya prosesindən keçmiş və Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli “X7 İştirak edilməmə” barədə arayış verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağı ilə bağlı 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmri tamamilə qanunsuz və əsassız hesab edir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1065/24 saylı iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, iddiaçının işdən çıxarılmasına əsas təşkil edən monitorinq aktında pozuntu kimi göstərilən yuxarıda gösğərilən hallardan bəzilərinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.

6. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70.3, 186.3, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı 2016-cı ildən Goranboy rayonu, M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində direktor vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə yoxlama keçirilmiş və aşkar olunan pozuntular barədə aktlar tərtib edilmişdir. Akta əsasən 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, pedaqoji şuranın iş planı hazırlanmamış, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmiş, şagirdlərin geyim formasına nəzarət edilməmiş, məktəbdə davamiyyət aşağı olmuş, məktəb üzrə mövcud olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilməmiş, əvəz edilən dərslərin uçotu kitabı Təlimata uyğun yazılmamış, fizika fənni üzrə dərs saatlarının toqquşduğu aşkar edilmiş, əmr ktabında verilən əmrlərin əsasları yazılmamış, Pedaqoji şuranın protokol kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib təsdiqlənməmiş, şagirdlərin şəxsi işi Təlimata uyğun yığılmamış, daxil olan və göndərilən sənədlər Təlimata uyğun sənədləşdirlməmiş, dərnəklərin təşkili düzgün müəyyən edilməmiş, dərnək məşğələlərinin jurnalları və cədvəlləri təqdim edilməmiş və.s. pozuntular aşkar edilmişdir. Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi tərəfindən Goranboy - Naftalan rayonları üzrə təhsil sektorunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubda 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin ibtidai sinif müəllimi X4 təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edildiyi, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 56 təqvim günü əmək məzuniyyətində olduğu halda məktəb direktoru İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Yenidən məktəb direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən Abbasova Qönçə ilə əmək məzuniyyəti bitənədək müddətli əmək müqaviləsi bağlayıb, bu məlumatlar xx.xx.2023-cü il tarixdə sistemə daxil edib və məzuniyyət dövrü bitdikdən sonra xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verib. Aktın 1-ci bəndində qeyd olunan məsələ iş materiallrına əlavə edilmiş müəllimlərin izahatında öz əksini tapır. Aktın 3-cü bəndi şagirdlərin davamiyyətinin zəif olmasının məktəbdə keçirilən yoxlama ilə heç bir əlaqəsi yoxdur, aktda göstərilən cədvəldən aydın olur ki, heç də məhkəmənin qeyd etdiyi kimi şagirdlərin davamiyyəti qənaətbəxş deyil və şagirdlərin iştirakı az olan siniflərdə dərsi olan müəllimlərin izahatı alınıb (əlavə olunub). Aktın 5-ci bəndi - Dərnəklərin təşkili 25 sentyabr 2023-cü il, 2 oktyabr 2024-cü il tarixləri əhatə edə bilməz, çünki dərnəklər tədris ilini əhatə edir, yəni tədris bitəndə dərnəklərin fəaliyyəti dayanır. Aktda qeyd olunan 25 sentyabr-02 oktyabr 2023-cü il tarixli dərnəklərin təşkil etmək üçün nəzərdə tutulan vaxtdır. Ümumi təhsil müəssisəsində dərnəklərin təşkili qaydasında göstərilir ki, ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri Pedaqoji Şura tərəfindən 5 gün ərzindəmüzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir. Məktəbdə dərnəyin 15 sentyabrda təşkil olunması onu göstərir ki, dərnəklərin təşkili qaydasını məktəb rəhbərliyi bilmir və dərnəklər qeyri-qanuni təşkil edilmişdir. Aktın 6-cı bəndində qeyd olunur ki, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamışdır ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X1 9cu sinif üzrə evdə təhsildə 0,5 saat dərs yükü kitabda X3 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Məktəbin biologiya müəllimi X5 tərəfindənGəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmışizahatında X1 8c-8ç siniflərində həyat bilgisi fənnini əvəz etdiyini, lakin başqa fənni əvəz etmədiyini qeyd etmişdir (Mehriban Quliyevanın izahatı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı arayışa əlavə olunub). Müəllim monitorinq müddətində izahat verib getdikdən sonra məktəb direktoru ilə danışıb geri qayıdaraq izahatını dəyişmək istəsədə, bunun səbəbini əsaslandıra bilməmişdir. Aktın 7-ci bəndində qeyd olunur ki, 8 ç sinifində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fənni tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatlarla toqquşduğu üçün dərs boş keçirdi. Məktəb üzrə dərs bölgüsü tam yekunlaşmağına baxmayaraq təsdiqli vahid dərs cədvəli tərtib edilib məktəbin görünən yerlərindən asılmamışdır. Qeyd olunan səbəbdən məktəbin müəllimləri tərəfindən dərs cədvəlindən məlumatsız olduqları haqqında izahatlar alınmışdır (əlavə edilib). Aktın 8-ci bəndində qeyd olunur ki, əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsasları yazılmamış və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın üç saat dərnəkdən imtina etdiyi üçün, dərnəyin Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X8 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur (izahatı əlavə edilib). Aktın 10-cu bəndində qeyd olunur ki, şagirdlərin şəxsi işində 10 b sinifində şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. İddiaçı tərəf şagirdlərin şəxsi işlərinin tam qaydasında olduğunu, natamamlığın nədən ibarət olmasının aktda göstərilmədiyini bildirir. Lakin, İX və Vİİ siniflərdə dərs ili ərzində şagird haqqında qeydlərinyazılmadığını əks etdirən təsdiqedici sənəd iş materiallarına əlavə edilib. Aktın 13-cü bəndində qeyd olunur ki, fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Belə ki, FMBnin müvafiq tədris ili üçün Fəliyyət Planı (aylar və həftələr), FMB-nin müvafiq tədris ili üçün Tədbirlər planı (aylar və həftələr) aşkar edilməmişdir. Aktın 17-ci bəndində qeyd olunur ki, dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. İddiaçı isə bildirir ki, dərsdənkənar məşğələlərin cədvəli tərtib edilərək dərs cədvəli guşəsindən asılmışdır. Jurnallar yoxlamadan bir gün əvvəl təqdim edildiyi üçün 7 saat ərzində müəllimlər tərəfindən yazılması mümkün olmamışdır. Dərsdənkənar məşğələnin cədvəli faktiki olaraq aktda qərəzli olaraq yox kimi göstərilmişdir. Bunu təsdiq edən cədvəlin kserosurətini məhkəməyə təqdim edilmişdir. Odur ki, jurnalların təqdim edilməməsi və natamam işlənməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, aktın 1-ci bəndinə aktı tərtib edənlər dərs cədvəlinin mövcud olmamasını deyil, görünən yerlərdən asılmamasını qeyd etmişdir. Dərs cədvəli təsdiqli görünən yerlərdən asılmalıdır və bütün məktəbin kollektivinə elan edilməlidir(arayışa müəllimlər tərəfindən dərs cədvəlindən məlumatsız olduqları və WhatsApp qrupuüzərindən cədvəli bildiklərini qeyd edən izahatlar əlavə edilib. Məhkəmə aktda qeyd edilən pozuntulara, eyni zamanda direktorun fəaliyyəti dövründə dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsinə səthi yanaşaraq, iddiaçının mülahizəsinə uyğun hüquqi qiymət vermişdir. İddiaçı ilə direktor olaraq əmək müqaviləsinə xitam verildikdən sonra məktəbdə fransız dili müəllimi kimi fəaliyyətini davam etdirir və aylıq tarifləşmiş 6 (altı) saat dərs yükünə uyğun olaraq əmək haqqı verilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi orqanın apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 43, hissə 1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Madə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Maddə 292, hissə 1. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütünlüklə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

17. İddiaçı məktəbdə aparılan yoxlamalar nəticəsində tərtib edilmiş aktın reallığı əks etdirmədiyini və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir.

18. Cavabdeh isə yoxlamalara dair tərtib olunmuş aktlara və arayışa əsaslanaraq əmrin qanuni və əsaslı olduğunu bildirir.

19. Cavabdehin iddiaya etirazının əsası olan Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş aktın 1-ci və 2-ci bəndində qeyd olunur ki, 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, direktorun fəaliyyət planı və pedaqoji şuranın iş planı hazırlanmamışdır. 17 fevral 2023-cü il tarixdə məktəbdə keçirilən pedaqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının cari tədris ili üçün tətbiqinə tam riayət edilmir (əsasən yuxarı siniflər üzrə İX a,b,c; X a,b; Xİ a,b) ; Təsdiq edilmiş dərs cədvəli məktəbdə görünən yerlərdən asılmamışdır.

20. İş materiallarında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin 2023/2024-cü il tədris ili üçün fəaliyyət planından bu planın Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov və məktəbin direktoru İddiaçı tərəfindən təsdiq edilmiş plan mövcuddur. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin ümumi müddəlarına əsasən təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir. Qeyd olunan qaydalardan İddiaçı direktoru olduğu məktəbdə təhsilalanlar geyim formasına riayət olunmasına nəzarət etməli olması müəyyən edilsə də, forma məktəb tərəfindən deyil, təhsilalanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilməlidir. Qanunvericiliklə iddiaçıya bu geyim formasına riayət edilmədikdə təhsilalanları bu formadan istifadəyə birmənalı məcbur etmək səlahiyyəti verilməmişdir.

21. Məhkəmə onu da qeyd edir ki, aktda dərs cədvəlinin tərtib edilmədiyi deyil, bu cədvəlin görünən yerlərdən, yaxud yerdən asılmadığı qeyd olunur. Halbuki, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Həmkarlar İttifaqına ünvanlanmış məktubda dərs cədvəllərinin ümumiyyətlə divardan asılmadığı qeyd olunmuşdur. Məhkəmə, aparılmış yoxlamanın birbaşa nəticəsi olaraq tərtib edildiyindən aktda qeyd edilən hallarla sözügedən məktubda olan hallar arasında ziddiyyət olduğundan, aktı əsas götürür. Cavabdehin etirazının əsası olaraq istinad etdiyi hallar arasında olan bu ziddiyyətdən aktda qeyd edilməyən halın məktubda əskini tapmasının həmkarlar ittifaqına iddiaçı tərəfindən daha kobud pozuntulara yol verdiyi görüntüsünü yaratmaq məqsədi daşıdığı müəyyən olunur.

22. Məhkəmə davamiyyətlə bağlı tərtb edilmiş cədvəli nəzərdən keçirərək şagirdlərin dərsə davamiyyətinin aşağı olması barədə cavabdehin etirazını əsaslı hesab edir. Bununla belə bu cədvəlin tədris ilinin bir gününü əhatə etməsini və həmin gün ərzində məktəb rəhbərliyinin və müəllim heyətinin yoxlamalara cəlb olunması barədə iddiaçı tərəfin qeyd etdiklərini ağlabatan hesab edir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən direktor müavinləri ilə yanaşı müəllim heyətindən də izahatlar alındığı və aktda qeyd olunanlardan məktəbin sənədləşmə işləri ilə bağlı hərtərəfli yoxlamalar aparıldığı görünür. Bu baxımdan da məhkəmə məhz bu əsasla cavabdehin iddiaçıya qarşı digər intizam tənbeh tədbirləri tətbiq edə biləcəyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini əsaslı hesab etmir.

23. Aktın 4-cü bəndində məktəb üzrə mövcüd olan ştat cədvəli, cari tədis ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədiyi qeyd olunur. Aktı tərtib edənlərin yoxlama qrupunun üzvləri olması nəzərə alınarsa, bu sənədlərin yoxlama qrupuna təqdim edilməməsi barədə onların tərtib etdiyi və imzaladığı aktın məhkəmə araşdırması zamanı cavabdehin etirazının əsaslı olduğunu təsdiq edən sübut kimi qiymətləndirilməsi çəkişmə prinsipi şəraitdə iddiaçının bu halın əksini sübuta yetirmək imkanını məhdudlaşdırır. Aktın yoxlama aparılmış məktəbin direktoru və onun sinifdənxaric işlər üzrə müavini tərəfindən imzalanmadığı nəzərə alınarsa, iddiaçı cavabdehin nümayəndələri tərtəfindən tərtib olunmuş və təkzib olunması üçün real imkan olmayan qeydə qarşı məhkəməyə həmin sənədləri təqdim etmiş və bu sənədlərin mövcudluğunu sübut edəcək aktiv hərəkətlər etmişdir.

24. Aktın 5-ci bəndində dərnəklərin təşkilinin xx.xx.2023-cü il - xx.xx.2023-cü il (əslində 2024- cü il olmalı idi) tarixlərdə pedoqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda öncədən xx.xx.2023-cü il tarixdə təşkil edilməsi haqqında əmr verildiyi qeyd olunmuşdur.

25. Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın 9, 10, 12-ci bəndlərini tətbiq edərək qeyd etmişdir ki, sözügedən qaydalardan və aktda istinad olan təlimatdan dərnəklərin təliminə dair əmrin verilməsi tarixinə dair hər hansı imperativ qaydanın müəyyən edilməsi görünmür. Aktda əmrin dərnəklərin təşkili tarixindən daha əvvəlki dövrdə verilməsinin pozuntu olduğu görünütüsü yaradılsa da, hansı əsasla əmrin əvvəlki tarixdə verilməsinin pozuntu olduğu göstərilməmişdir. Eyni zamanda, əmrin əvvəlki tarixdə verilməsi dərnəklərin tələb olunan tarixlərdə təşkil edilmədiyi demək deyil. Bunun əksini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyil.

26. Aktın 6-cı bəndində qeyd olunur ki, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamışdır ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X1 9-cu sinif üzrə evdə təhsildə 0,5 saat dərs yükü kitabda X3 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Məktəbin biologiya müəllimi X5 tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmış izahatında X1 8c-8ç siniflərində həyat bilgisi fənnini əvəz etdiyini başqa fənni əvəz etmədiyini bildirsə də, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmış başqa izahatında məktəbdə yoxlama aparan komissiya üzvlərinə fənləri əvəz etdiyini, əvəz etmədiyi fənnin olmadığını bildirsə də, komissiya üzvlərinin ona məhəl qoymadığını qeyd etmişdir. Aşkar ziddiyətlər olduğuna görə məhkəmə X2 izahatlarını iş üzrə iddianın əsaslı olmasına və ya cavabdehin əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yoxlamanın əsaslılığına dəlalət etməməlidir.

27. Aktın 7-ci bəndində qeyd olunur ki, 8 ç sinifində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fəndini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatlarla toqquşduğu üçün dərs boş keçirdi. İddiaçı aktın bu hissədə əsassız olması barədə izahatını Sahibə Quliyevanın iddiaçı ilə ədavətdə olması ilə əsaslandırır. Lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbləri baxımından bu halı təsdiq edən heç bir sübut təqdim edə bilmədiyindən məhkəmə iddiaçının bu hissədə izahatını formal mülahizə olaraq qəbul edir.

28. Aktın 8-ci bəndində qeyd olunur ki, əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsasları yazılmamış (məs.27.30) və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın üç saat dərnəkdən imtina etdiyi üçün, dərnəyin Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X8 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur.

29. Qüvvədə olan Təlimata əsasən məktəb üzrə əmrdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, İX və Xİ(Xİİ) sinifləri bitirməsi və s. qərarları rəsmiləşdirilir. Bu vaxt şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr göstərlir. Əmr kitabı səhifə-səhifə nömrələnir, qaytanlanır, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilir. Məktəb üzrə vahid əmr kitabı aparılır. Daimi saxlanılır. Məhkəmə təqdim olunmuş məktəb üzrə əmr kitabının surətindən bu kitabın qaytanlandığı, nömrələndiyi, məktəbin möhürü ilə təsdiq edildiyi, vahid kitab formasında olduğu direktorun imzasının mövcud olduğu müəyyən olunur. Aktda kitabın üst qurum tərəfindən möhürlənmədiyi qeyd olunsa da, sözügedən təlimatda məktəbin möhürü tələb olunmuş, digər hər hansı qurumun möhürü göstərilməmişdir.

30. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş izahatda məktəbin fizika müəllimi Aysel Həsənova ona direktor İddiaçı telefon zəngi ilə 3 saat dərnək olduğunu desə də, yaşadığı ünvandan məktəbə olan məsafənin uzaq olması səbəbindən dərnəyi keçirə bilməyəcəyini bildirmiş, yazılı imtina etmədiyini qeyd etmişdir

31. Aktın 9-cu bəndində qeyd olunur ki, məktəbin pedoqoji şurasının protokolu kitabı və pedoqoji işçilərin uçotu kitabı üst qrum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedoqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd edilməmişdir. İş materiallarında olan pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı və pedaqoji şura protokollarının kitabının qaytanlandığı, nömrələndiyi, məktəbin möhürü ilə təsdiq edildiyi, vahid kitab formasında olduğu direktorun imzasının mövcud olduğu müəyyən olunur. Aktda kitabın üst qurum tərəfindən möhürlənmədiyi qeyd olunsa da, sözügedən təlimatda məktəbin möhürü tələb olunmuş, digər hər hansı qurumun möhürü göstərilməmişdir. Məhkəmə dispozitivlik prinsipinin tələblərinə uyğun olaraq məhz tərəflərin təqdim etdikləri sübutları araşdırmış, aktda 2021-ci ildən sonra işə qəbul olunan müəllimlər haqqında qeydlərin olmadığı göstərilsə də, bu tarixdən sonra hansı müəllimlə əmək müqaviləsi bağlandığı və kitabda qeyd olunmadığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

32. Aktın 10-cu bəndində qeyd olunur ki, şagirdlərin şəxsi işində 10 b sinfində şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. İddiaçı tərəf şagirdlərin şəxsi işlərinin tam qaydasında olduğunu, natamamlığın nədən ibarət olmasının aktda göstərilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı yazılı ərizəsində qeyd etdiyi bu halı sübutlarla əsaslandırmamış, şagirdlərin şəxsi işləri məhkəməyə təqdim olunmamış və araşdırılmamışdır.

33. Aktın 11-ci bəndində qeyd olunur ki, müəllimlərin şəxsi işlərində tibbi kitabçaları yox idi. Belə ki, direktor tibbi qeydiyyatdan keçmələri üçün müəllimlərə verildiyini bildirmişdir.

34. Yuxarıda qeyd olunan təlimata əsasən məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından, günü uzadılmış qrupun jurnalından, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir. Aydındır ki, məktəbin tədris-pedaqoji sənədlərinə “müəllimin şəxsi işi” adlı sənəd daxil deyil. Şəxsi iş şagirdlərə məxsus olur və təlimatın birinci bəndinə əsasən şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur. Pedoqoji işçilər barədə məlumatlar isə “Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı” adlı sənədə qeyd olunur. Təlimatın eyni adlı 7-ci bəndində isə tibbi kitabçalar barədə hər hansı qeyd yoxdur, tibbi məlumatlar barədə qeydlər aparılması göstərilməmişdir.

35. Aktın 12-ci bəndində qeyd olunur ki, tam orta təhsil haqqında attestatların verilməsi kitabında 1 nəfər attestatını götürməsi barədə imza etməmişdir. İddiaçı isə bildirmişdir ki, attestatlar şagirdlərə vaxtında verilmiş, attestatın verilməməsi barədə nə məktəbə, nə də üst quruma heç bir şikayət daxil olmamışdır. Tərtib olunmuş təhvil-təslim aktında məktəbdə hər hansı bir tam orta təhsil haqqında attestatın olmağı göstərilməmişdir. Məhkəmə qeyd edir ki, aktın 10-cu bəndində olduğu kimi 12-ci bənddə qeyd olunan halın təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunsa da, cavabdeh tərəf də qeyd edilən nöqsanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, aktda nöqsan barədə ətarflı məlumatlar ( şagirdin kimliyi, attestasının verilməli olduğu tarix və s.) göstərilməmişdir. Aktın 13-cü bəndində qeyd olunur ki, fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Aktın 14-cü bəndində qeyd olunur ki, göndərilən və daxil olan sənədlər çox səliqəsiz, qaydalara uyğun olmayan formada yazılmışdır. Aktın 15-ci bəndində qeyd olunur ki, daxil olan və göndərilən sənədlər qaydalara uyğun şəkildə saxlanılmır.

36. Məhkəmə qeyd edir ki, aktda fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair sənədləşmənin hansı sənədlərdən ibarət olduğu müəyyən olunmur. Məktəbin tədrispedaqoji sənədlərinin nələrdən ibarət olması təlimata əsasən müəyyən olunur ki, aktda qeyd edilən adda sənəd bu təlimatda əksini tapmamışdır. 14 və 15-ci bəndlərdə hansı sənədlərdən və hansı qaydalardan söhbət getdiyi, konkret hansı nöqsanlara yol verildiyi aydın deyil, qüsurlar aydın göstərilməmişdir. Aktın 16-cı bəndində dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin jurnalları təqdim edilmədi.

37. İddiaçı bu halla bağlı bildirmişdir ki, yoxlanış zamanı bütün müəllimlər, o cümlədən məktəb direktoru və digər idarəedici heyət yoxlama ilə bağlı izahat və digər işlərə cəlb edildiyi üçün yalnız həmin gün yəni 13 oktyabr 2023-cü il tarixdə şagirdlərin davamiyyəti ilə məşğul olaraq mümkün olmamışdır. Jurnallar Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023- cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9.00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir. Halbuki, 12 oktyabr 2023-cü il tarixdə saat 8.00-dan- 16.00- a qədər yəni 8 saat (nahar fasiləsi) daxil olmaqla bir ay ərzində yazılmalı olan jurnalı göstərilən müddət ərzində yazılması fiziki cəhətdən mümkün deyildir, nəzərə alınmalıdır ki, məktəbdə 90-na yaxın müəllim işləyir və onlar hər biri bir ay ərzində olan dərs mövzularının jurnallara işləməlidirlər. Bu da iddiaçıya qarşı qərəzin olmasının bariz nümunəsidir. Məhkəmə aktın 3-cü bəndinə münasibətdə qeyd edildiyi kimi, iş günü ərzində məktəbə yoxlanışların aparılması və məktəbə dair bir çox sənədlərin araşdırılması, işçi heyətinin izahatların alınması cəlb edilməsi səbəbindən həmin gün ərzində dərnəklərdə davamiyyətin aşağı olması ağlabatandır.

38. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın 6-cı bəndinə əsasən dərnəklər şagirdlərin könüllülüyü əsasında təşkil olunur. Həmin qaydaların 10-cu bəndinə əsasən dərnəklər dərsdənkənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Dərnəklərin fəaliyyəti yerli təhsili idarəetmə orqanlarının təsdiq etdiyi illik plan əsasında təşkil olunur. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilir. Yuxarıda qeyd edilən qaydalarda şagirdlərin dərnəklərdə məcburi iştirakının təmin edilməsi kimi imperativ norma müəyyən edilmədiyi halda, bu halın iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası göstərilməsi qanunla yolverilən deyil. Aktın 17-ci bəndində qeyd olunur ki, dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. Aktın 18-ci bəndində qeyd olumuşdur ki, sinif jurnalları işlənilməmiş, belə ki, müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Aktın 19-cu bəndində məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, aktın 1-ci bəndinə aktı tərtib edənlər dərs cədvəlinin mövcud olmamasını deyil, görünən yerlərdən asılmamasını qeyd etmişdir. İddiaçı isə bildirir ki, dərsdən kənar məşğələlərin cədvəli tərtib edilərək dərs cədvəli guşəsindən asılmışdır. Jurnallar yoxlamadan bir gün əvvəl təqdim edildiyi üçün 7 saat ərzində müəllimlər tərəfindən yazılması mümkün olmamışdır. Dərsdən kənar məşğələnin cədvəli faktiki olaola aktda qərəzli olaraq yox kimi göstərilmişdir. Bunu təsdiq edən cədvəlin kserosurətini məhkəməyə təqdim edir. Bir daha qeyd etmişdir ki, yuxarıda göstərilən kimi Jurnallar Goranboy - Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023-cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9:00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir

39. Məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçı tərəfindən təqdim olunmuş dərs cədvəlləri və dərsdənkənar məşğələlərin cədvəlləri mövcuddur. İddiaçı tərəfindən təqdim olunan bu sənədlər sonradan tərtib olunma ehtimalları olduğundan mötəbər sübut kimi qəbul edilə bilməsə də, nəzərə alınmalıdır ki, bu cədvəllərin tərtibinə dair elə imperativ qayda müəyyən edilməmişdir ki, həmin qayda cədvəllərin yoxlama aparılan dövrdən əvvəl tərtib olunmasını sübut etsin. Yəni, bu cədvəllər yoxlama aparıldıqdan sonra tərtib oluna biləcəyi kimi, yoxlamadan öncə də tərtib olunmuş ola bilər.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

41. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar