Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4509/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dair mülki iş üzrə (Açar sözlər: “nikahın etibarsız hesab edilməsi”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2868/2025 saylı, 11 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı və cavabdeh xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 422 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Rzayev və arvada Rzayeva soyadı verilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 462463 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası Cavabdehdır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, R.Zorge küçəsi, ev 6, 31 saylı mənzil xx.xx.1996-cı il tarixində X5 adına qeydiyyatdan keçmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında olan xx.xx.1995–ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində 422 sayı ilə dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun xalası qızıdır. 1995-ci illərdə atasının evlə bağlı müraciəti olduğu üçün evə əlavə qeydiyyata salınması üçün ailə üzvü lazım olduğu üçün ailələr arasında qərara gəlmişlər ki, onunla cavabdeh arasında formal olaraq rəsmi nikah qeyd etdirsinlər. Bu nikahın formal olduğunu hər iki tərəf bilmişdir. Çünki onların öz aralarında faktiki nikaha daxil olmaq kimi fikirləri olmamışdır. Sadəcə olaraq, atasının sözündən çıxa bilməyərək, bu barədə formal nikah qeydinə razılıq vermişdir. Rəsmi nikah bağlansa da, aralarında ər-arvad münasibətləri yaranmamış və onlar faktiki olaraq ailə qurmamışlar. Bundan sonra, o, Azərbaycan Respublikasından kənarda bir müddət yaşamışdır. Cavabdeh isə başqa bir şəxslə dini kəbinkəsmə (dini nikah) yolu ilə faktiki ailə qurmuşdur. Bu ailə həyatından cavabdehin xx.xx.2006-cı il təvəllüdlü X4 adlı övladı da var. Cavabdeh ilə xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olsa da, bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Tərəflərin ailə qurmaq niyyəti olmamışdır. Məhkəmədənkənar qaydada cavabdeh ona qarşı verilən iddianı tam etiraf edir, aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. Bundan başqa, bu halı təsdiq edən şahidləri də var.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır, qardaşının ailəsinin ev məsələsi ilə bağlı onlara kömək etmək məqsədilə belə addım atıldığını, qızı ilə Firdovsi arasında bağlanmış nikahın formal olduğunu, onların heç vaxt münasibətlərinin olmadığını bildirmişdir.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Onların ev məsələləri ilə bağlı daha artıq ev sahəsi almaq üçün qardaşı ilə Zülfiyyəni formal nikaha salmaq barədə razılaşmışlar. Lakin bağlanmış nikah formal olmuş, Zülfiyyə 1 gün belə onların evində gəlin kimi qalmamışdır.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. Cavabdehi tanımır. Onu heç vaxt Firdovsinin evində görməmişdir.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçının atası, Cavabdeh isə onun bacısı qızıdır. 1973-cü ildə həyat yoldaşımla ailə qurmuş, həmin vaxt evi olmamış, 1978-ci ildə ona fonddan 1 otaqlı ev vermişlər. Bir müddət sonra Nəsimi Rayon İcra başçısına ərizə yazaraq ailəsinin 4 nəfər olmasını, 1 otağın onlar üçün kiçik olduğunu, onlara böyük sahəli ev vermələrini xahiş etmişdir. Daha sonra həyat yoldaşı ona Zülfiyyə ilə Firdovsinin nikaha daxil olmasını və beləliklə ailə üzvlərinin sayının 5 nəfər olmasını göstərmələrini demişdir. Bundan sonra Firovsi ilə Zülfiyyənin nikaha daxil olduqlarını, lakin nikaha daxil olsalar da, həmin nikahın formal olduğunu, onların bir gün belə eyni evdə yaşamadıqlarını, toy mərasiminin keçirilmədiyini bildirmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2(004)- 2868/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflərin hər ikisi saxta nikah bağladıqlarını, yəni ailə qurmaq niyyəti olmadan nikah bağladıqlarını bildirirlər. Nikahın saxta olması təsdiq olunmasa belə, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ərin və ya arvadın nikahın etibarsızlığını tələb etmək hüququ yaranır. Hazırki iş üzrə tərəflərin bəyan etdiklərinin həqiqi olduğu qəbul edilsə belə, hər ikisi saxta nikah bağladıqlarını əvvəldən bildikləri üçün onların belə bir tələblə məhkəməyə müraciət etmək hüquqları yoxdur.
12. Həmçinin, qeyd edilmişdir ki, nikahın etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz.
13. Məhkəmə cavabdehin iddia tələbinin qəbul edilməsini etiraf kimi qəbul edilməsinə münasibətdə qeyd etmişdir ki, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin qeyd edildiyi kimi, tərəflər iş materiallarına belə sübutlar əlavə etməmişlər ki, bu da cavabdehin ərizəsinin etiraf kimi təsdiq edilməsini istisna edir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.1, 17.1, 25.1, 26.1 və 26.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2025-ci il, 2(004)-2868/2025 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, iddianı qəbul edir. İddiaçı ilə aralarında nikah qeydinin formal xarakter daşıdığını, heç bir hüquqdan sui-istifadə və ya pis niyyət olmadığını təsdiq etmişdir. Belə olan halda, necə ola bilər ki, cavabdehin etirafı məhkəmə tərəfindənmümkün hesab edilsin. Çünki dövlət və cəmiyyətin məafeyinə toxunan hal mövcud deyil. Göründüyü kimi, dindirilən şahidlər də iddiaçı ilə cavabdehin nikahlarının formal olduğunu sübut etmişlər. Hər iki tərəf qohum olduqları üçün ailə üzvlərinə etiraz edə bilməmişlər, həmin dövrdə yenicə yetkinlik yaşına çatmış şəxslər olublar, ailədə bir o qədər də onların etiraz fikirləri ilə razılaşdırmaq iqtidarında olmamışlar. Həmçinin qeyd etmişdir ki, tərəflərin ailə qurmaq niyyəti olmayıb, hazırda da cavabdeh başqa şəxslə faktiki nikahdadır. Hətta cavabdeh dəfələrlə şəxsiyyət vəsiqəsi alsa da yenə də onun qızlıq soyadı şəxsiyyət vəsiqəsinə yazılmışdır. Nə iddiaçı, nə cavabdeh onların formal səbəblər üçün bağlanılmış nikahlarının qüvvədə qaldığını bilməmişdir. İddiaçı uzun illər ölkə xaricində yaşamış, ümumiyyətləailə qurmamışdır, cavabdeh isə başqa şəxslə el-adəti toy ilə ailə qurmuş, hətta bu nikahdan bir övladı da var. Cavabdeh ona qarşı verilən iddianı tam etiraf edir, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. İdiaçı və cavabdehin könüllü ittifaq əsasında ailə qurmaq məqsədləri olmamışdır. Saxta nikahın bağlanmasında məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ vəs.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Göründüyü kimi, məhkəmə mübahisə predmeti olan nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün, hər iki tərəfin valideynlərinin israrlı təkidi ilə məcburiyyət qarşısında bağlanmasının sübuta yetirilir. Bu səbəbdən də iddiaçı ilə cavabdehin arasında bağlanmış nikah qeydi nikah etibarsız hesab edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olmuş "Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin
24. 48-ci maddəsinə əsasən, nikah bu Məcəllənin 15-17-ci maddələrində nəzərdə tutulmuş müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər.
25. 49-cu maddəsinə əsasən, nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir.
26. 51-ci maddəsinə əsasən, bu əsaslara görə nikahın etibarsız hesb edilməsini ərarvadın və həmin nikahn bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
27. 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
28. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır.
29. 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
30. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
31. 26-cı maddəsinə əsasən, nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32. 9.1, 9.3, 14.1, 88, 217.1, 217.2 və 218.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
34. İş materiallarından göründüyü kimi tərəflər xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə akt qeydləri kitabında 422 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Rzayev və arvada Rzayeva soyadı verilmişdir. Hazırda tərəflərin hər ikisi ailə qurmaq niyyəti olmadan saxta nikah bağladığını bildirir.
35. İddianın əsassız olması qənaətinə gələn birinci instansiya məhkəməsi qeyd etmişdir ki, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ərin və ya arvadın nikahın etibarsızlığını tələb etmək hüququ yaranır. Hazırki iş üzrə tərəflərin bəyan etdiklərinin həqiqi olduğu qəbul edilsə belə, hər ikisi saxta nikah bağladıqlarını əvvəldən bildikləri üçün onların belə bir tələblə məhkəməyə müraciət etmək hüquqları yoxdur.
36. Məhkəmə həmçinin, nikahın etibarsızlığına əsas verən halların müəyyən edilmədiyini qeyd etmişdir. Belə ki, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz.
37. Məhkəmə cavabdehin iddia tələbini qəbul etməsinə münasibətdə qeyd etmişdir ki, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Tərəflər isə iş materiallarına belə sübutlar əlavə etməmişlər ki, bu da cavabdehin ərizəsinin etiraf kimi təsdiq edilməsini istisna edir.
38. Göründüyü kimi birinci instansiya məhkəməsi irəli sürülmüş iddia tələblərinin əsassız olmasını bir sıra amillərlə əsaslandırır.
39. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, işə baxan birinci instansiya məhkəməsi 2000-ci il 1 iyun tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsini tətbiq etmişdir. Halbuki tərəflər arasında nikah münasibətləri xx.xx.1995-ci il tarixdə yaranmışdır. Mübahisəli münasibətlər 1995-ci ildə yarandığından mübahisənin həllində "Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş və 2000-ci il iyunun 1-nə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin normaları tətbiq edilməlidir.
40. Həmin normalara görə isə, nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər. Nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Məcəllədə göstərilən əsaslara görə nikahın etibarsız hesb edilməsini ər-arvadın və həmin nikahn bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır.
41. Göründüyü kimi, hazırda qüvvədə olan ailə qanunvericiliyindən fərqli olaraq, mübahisəli münasibətlərin yarandığı dövrdə tətbiq edilən Nikah və Ailə Məcəlləsində nikah bağlayan şəxsin bu faktı bilməməsi nikahın saxta olması əsası ilə etibarsızlığının təsbit edilməsini tələb etmək hüququnun əmələ gəlməsini şərtləndirən hal olaraq müəyyən edilməmişdir. Bu səbəbdən də hazırkı işdə iddiaçının nikah bağlanan zaman bu faktı bildiyi hüquqi əhəmiyyət kəsb etmir və iddianın rədd edilməsi üçün müstəqil əsas kimi nəzərə alına bilməz.
42. Beləliklə də istinad olunan əsasla iddiaçının məhkəməyə müraciət edərək cavabdeh ilə arasında bağlanmış nikahın etibarsız hesab edilməsini tələb etmək hüququnun qüvvədə olan Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən məhdudlaşdırması yolverilməzdir. Məhkəmə mübahəsini qüvvədə olan qanunvericiliyə əsasən həll etməklə prosessual hüquq pozuntusu hesab edilən hallara yol vermişdir.
43. Bundan başqa məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin “nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı hallarının da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməli olması” barədə mövqeyi ilə razılaşır.
44. Lakin nəzərə alınmalıdır ki, işin obyektiv həlli, yuxarıda qeyd olunan dəlillərin hər birinin ayrılıqda və məcmu halda qiymətləndirilməsini tələb edir. Məhkəmə hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasa da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
45. Tərəflərin izahatlarından, şahidlərin ifadələrindən müəyyən edilir ki, hazırda etibarsız olmasının təsbit edilməsi tələb olunan nikahın bağlanmasında iddiaçının məqsədi valideyinləri ilə yaşadığı sahəni artırmaqdan ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, R.Zorge küçəsi, ev 6, 31 saylı mənzil xx.xx.1996-cı il tarixində X5 adına qeydiyyatdan keçmişdir.
46. Hazırkı iş üzrə müvafiq qiymətləndirilməsini tələb edən digər hallar da nəzərə alınmalıdır: nikah bağlandıqdan sonra ailə münasibətlərinin qurulmaması, birlikdə yaşama faktının mövcud olmaması; yaxın dairədə qohum və ya dostları ilə hər hansı formada nikah mərasiminin keçirilməməsi; nikah bağlandıqdan sonra cavabdehin başqa kişi ilə ailə münasibətləri qurması, həmin şəxsdən övladının olması; tərəflərin qohum münasibətlərində olması. İşin bu halları da onu göstərir ki, nikah bağlanarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olmadığına dair iddiaçının dəlilləri açıq-aşkar əsassız deyildir.
47. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiyası instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
48. Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
49. Ədalətli məhkəmə baxışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
50. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın.
51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2868/2025 saylı, 11 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1995–ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 422 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə