Məhkəmə qərarları › İş №2(103)-451/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-451/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-451/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-88/2022 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzili vətəndaş İddiaçı daimi istifadəsinə verilməsi və onunla həmin mənzilə kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmışdır.

2. xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilin 30,4 kvadrat metr yaşayış sahəsinin müddətsiz İddiaçı istifadəsinə verilməsi barədə 102 saylı MKİS-in rəisi ilə müqavilə bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 186 saylı, 16 may 2018-ci il tarixli sərəncamı ilə onun uzun müddət yaşayıb istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzili daimi istifadəsinə verilmişdir. Onunla 08 iyun 2018-ci il tarixdə Binəqədi rayon 102 saylı Mənzil Kommunal istismar Sahəsi arasında “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” birtipli müqavilə imzalanmış, bu ünvana pasport qeydiyyata alınmışdır. Lakin ona məxsus mənzil qeyri-qanuni olaraq cavabdeh tərəfindən zəbt edilmiş, qanunsuz olaraq mənzilə daxil olmaqla mənzildə yaşamağa başlamış və onun dəfələrlə tələb etməyinə baxmayaraq mənzildən çıxmamışdır. Nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Halbu ki, bu əmlakın daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaq üçün qanuni gözləntisinə malikdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 iyul 2022-ci il tarixli 2(001)-88/2022 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, Cavabdeh Hüseyn oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı evin 40 saylı mənzilindən çıxarılması, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzilin 30,4 kvadrat metr yaşayış sahəsinə daxil olaraq orada yaşayır. Məhkəmə cavabdehin mübahisəli mənzildə əvvəlki sahibin razılığı ilə yaşadığını, iddiaçının saxtakarlıq yolu ilə həmin mənzilə sənədlərin əldə etdiyinə dair cavabdeh tərəfin mövqe ilə razılaşmayarq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəf qeyd olunan dəlillərə dair heç bir sübut təqdim etməmişdir. Əksinə mübahisəli mənzilin iddiaçının qanuni saibliyində olması iş materialları ilə tam sübuta yetir.

7. Cavabdeh tərəfindən qeyd olunan normaların tələbləri pozulduğundan iddiaçının sahiblik və istifadə hüququ ilə özünə məxsus olan mənzildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh oradan çıxarılmalı, həmin mənzil iddiaçıya qaytarılmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 17.1, 17.2, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 153.1, 153.2, 155.1, 157.2, 157.4, 152.1, 164.2, 180.1, 180.2 və Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.

18. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

27. Göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 186 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 saylı binanın 40-cı mənzili İddiaçı daimi istifadəsinə verilmiş və onunla həmin mənzilə kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmış və xx.xx.2018-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə”yə görə Sərəncam əsasında yaşayış sahəsinin müddətsiz İddiaçı istifadəsinə verilməsi barədə 102 saylı MKİS-in rəisi ilə müqavilə bağlanmışdır.

28. Hazırki iş üzrə cavabdeh tərəf sözügedən sərəncamı inzibati qaydada mübahisələndirmiş, iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi və müqavilə bağlanması vəzifəsinin qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(103)- 3472/2023 saylı 28 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş və həmin iddia tələbi subyektiv hüququ olmadığı üçün mümkün sayılmamışdır.

29. Mübahisəli mənzil iddiaçının qanuni istifadəsindədir.

30. Məhkəmə haqlı olaraq göstərmişdir ki, bu əmlakın daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaq üçün iddiaçı qanuni gözləntiyə malikdir.

31. Cavabdeh isə hər hansı qanuni əsas olmadan mübahisəli mənzilə daxil olaraq yaşayır, bununla da iddiaçının sahiblik və istifadə hüququnu pozmaqla, məhdudlaşdırır.

32. Ona görə iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuş, məhkəmə tərəfindən isə əsaslı olan iddia tələbi təmin edilmişdir.

33. Kollegiya onu da qeyd edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ səlahiyyətli orqan tərəfindən tanındığına görə, onun bu hüququ əmlakdan istifadə hüququ hesab olunur və istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməlidir (Mülki Məcəllənin 158.1.2 və 158.4-cü maddələri).

34. Apelyasiya şikayəti formal xarakter daşımaqla, hər hansı konkret dəlilə istinad edilməmişdir, odur ki, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün hər hansı müəyyən edilməmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-88/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar