Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4510/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, onun vəkili (nümayəndəsi) X3, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, 15.675,61 manat məbləğində pulun cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 003847 nömrəli müqaviləyə əsasən, müəyyən edilmişdir ki, iddiaçı, MTK-ya payçı qəbul edilir və MTK, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində inşa etdiyi 192F saylı binanın 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 47,3 kv.metr olan 5 saylı mənzili iddiaçıya verir, bunun müqabilində iddiaçı (2.100 manat x 47,3 kv.m.=) 99.330 manatı MTK-ya ödəyir. İddiaçı həmin məbləği MTK-ya ödəmiş və MTK həmin mənzili iddiaçıya təhvil vermişdir. 2024-cü ilin aprel ayında həmin mənzilə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 həmin mənzilə dair “Reyestrdən çıxarış” alarkən iddiaçıya məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 47,3 kv.m. deyil, 42 kv.m.-dir. Göründüyü kimi, mənzilin sahəsi müqavilədə qeyd edilən sahədən 5,3 kv.m. azdır və MTK iddiaçıdan (2.100 manat x 5,3 kv.m.=) 11.130 manat məbləğində pulu əsassız olaraq almışdır. Buna görə də, həmin məbləğ MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı bildirir ki, o, MTK-ya mənzilin dəyəri kimi 99.330 manat məbləğində pulu ödəyən zaman MTK, qaytarılmalı olan ƏDV-i, yəni 4.545,61 manatı iddiaçıya ödəməmişdir. Buna görə də, həmin məbləğ də MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. b) cavabdeh tərəfin iddia tələbinə qarşı münasibəti barədə məlumat
3. Cavabdeh MTK-nın nümayəndəsi Rayon Məhkəməsinə iddia tələbinə qarşı etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışda” mənzilin ümumi sahəsinin 42 kv.m. olması ona görə gəstərilmişdir ki, həmin PHŞ daxili divarların altındakı sahəni, şaxtaların sahəsini, sütunaltı sahələri, qonşu ilə ortaq divarların alt sahəsinin yarısını, xarici divarların altının sahəsini nəzərə almamışdır. Amma, iddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilədə və müqavilənin tərkib hissəsi olan “mənzilin sxemində” (“Müqaviləyə əlavə № 1”) nəzərdə tutulmuşdur ki, mənzilin ümumi sahəsi 47,3 kv.metrdir və ümumi sahəyə, daxili divarların altındakı sahə, şaxtaların sahəsi, sütunaltı sahələr, qonşu ilə ortaq divarların alt sahəsinin yarısı, xarici divarların altının tam sahəsi, eyvan və lociyaların tam sahəsi daxil edilir. Həmin sahələr nəzərə alındıqda müəyyən edilir ki, MTK, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmiş, ümumi sahəsi 47,3 kv.metr olan mənzili iddiaçıya təhvil vermişdir. Buna görə də, iddia tələbi, “11.130 manat məbləğində pulun tutulması barədə” hissədə təmin edilməməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, yaradılan zaman və iddiaçı ilə müqavilə bağlanan zaman MTK sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.8.1. və 16.8.2-ci maddələrinə əsasən, xx.xx.2020-ci il tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış, sadələşdirilmiş verginin ödəyicisi olmayan, xx.xx.2020-ci il tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər ƏDV-yə cəlb edilirlər. Həmin Qanunun 2.2.-ci maddəsinə (“Keçid müddəaları”) görə, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi hamin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən xx.xx.2020-ci il tarixdən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. MTK xx.xx.2020-ci il tarixinə qədər sadələşdirilmiş vergi ödəyicisi olaraq bina tikintisi fəaliyyətini başa çatdırmışdır. MTK, sadələşdirilmiş vergi ödəyicisi hüquqlarından istifadə edərək tikilmiş mənzillərin satışını qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmiş və burada hər hansı köçürmə yolu ilə ödəmə və əlavə dəyər vergisinin qaytarılmasından söhbət gedə bilməz. Buna görə də, iddia tələbi, “4.545,61 manat məbləğində pulun tutulması barədə” hissədə də təmin edilməməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 03 iyun 2025-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh MTK-nın iddia tələbinə qarşı verdiyi etirazın dəlilləri əsaslıdır. Həmin dəlillər nəzərə alındıqda müəyyən edilir ki, iddia təmin edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
9. Apellyator olan iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışının iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
10. Cavabdeh MTK-nın nümayəndəsi apellyasiya baxışının iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia tələbinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçı ilə cavabdeh MTK arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 003847 nömrəli müqavilədən görünür ki, həmin müqavilənin şərtləri ilə müəyyən edilmişdir ki, iddiaçı, MTK-ya payçı qəbul edilir və MTK, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində inşa etdiyi 192F saylı binanın 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 47,3 kv.metr olan 5 saylı mənzili iddiaçıya verir, bunun müqabilində iddiaçı (2.100 manat x 47,3 kv.m.=) 99.330 manatı MTK-ya ödəyir.
13. Həmin müqavilədən və müqavilənin tərkib hissəsi olan “mənzilin sxemindən” (“Müqaviləyə əlavə № 1”) görünür ki, mənzilin ümumi sahəsi 47,3 kv.metrdir və ümumi sahəyə, daxili divarların altındakı sahə, şaxtaların sahəsi, sütunaltı sahələr, qonşu ilə ortaq divarların alt sahəsinin yarısı, xarici divarların altının tam sahəsi, eyvan və lociyaların tam sahəsi daxil edilir.
14. İşdə olan sənələrdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı həmin məbləği MTK-ya ödəmiş, MTK isə həmin mənzili iddiaçıya təhvil vermişdir.
15. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair iddiaçının adına verilmiş “Çıxarışdan” (qeydiyyat tarixi: xx.xx.2024) görünür ki, həmin mənzilin ümumi sahəsi 42 kv.metrdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9519/2024 saylı rəydən görünür ki, cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi aşağıdakı kimi müəyyən edilir: - Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndində nəzərdə tutulmuş azaltma əmsalları tətbiq edilmədən, həmçinin mənzilin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan – 39,3 kv.metr; - həmin mənzilin bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar habelə yardımçı sahə daxil edilməklə – 49,7 kv.metr; - həmin mənzilin çöl divarlarının ortasından hesablanmaqla – 47,3 kv.metr.
17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.).
18. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilə tərəfləri razılığa gəlmişlər ki, MTK tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin ümumi sahəsi 47,3 kv.metrdir və ümumi sahəyə, daxili divarların altındakı sahə, şaxtaların sahəsi, sütunaltı sahələr, qonşu ilə ortaq divarların alt sahəsinin yarısı, xarici divarların altının tam sahəsi, eyvan və lociyaların tam sahəsi daxil edilir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli rəydən isə görünür ki, cavabdeh MTK, həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra edərək, həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq razılaşdırılmış ölçüdə mənzili iddiaçıya təhvil vermişdir.
19. Göründüyü kimi, MTK, iddiaçıdan artıq pul almamışdır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı tərəfindən MTK-ya qarşı irəli sürülmüş “11.130 manat məbləğində pulun tutulması barədə” tələb əsassızdır. Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızıdır.
20. İddiaçının cavabdeh MTK-ya qarşı irəli sürdüyü digər tələblə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa 16.8.1 və 16.8.2-ci maddələri əlavə edilmişdir. Həmin maddələrə əsasən, xx.xx.2020-ci il 1 yanvar tarixindən sonra tikintiquraşdırma işlərinə başlamış, sadələşdirilmiş verginin ödəyicisi olmayan, xx.xx.2020-ci il tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər ƏDV-yə cəlb edilirlər.
21. Həmin Qanunun 2.2-ci maddəsinə (Keçid müddəaları) görə, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi hamin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri ərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyriyaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır.
22. İş materiallarından görünür ki, cavabdeh MTK xx.xx.2020-ci il tarixinə qədər sadələşdirilmiş vergi ödəyicisi olaraq bina tikintisi fəaliyyətini başa çatdırmışdır. MTK sadələşdirilmiş vergi ödəyicisi hüquqlarından istifadə edərək tikilmiş mənzillərin satışını qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmiş və burada hər hansı köçürmə yolu ilə ödəmə və əlavə dəyər vergisinin qaytarılması mümkün deyildir.
23. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı tərəfindən MTK-ya qarşı irəli sürülmüş “4.545,61 manat məbləğində pulun tutulması barədə” tələb də əsassızdır. Rayon Məhkəməsi bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızıdır. f) apellyasiya baxışının nəticəsi
24. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.