Məhkəmə qərarları › İş №2(103)-4513/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4513/2020

08.06.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4513/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, CavabdehAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdeh3 MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-497/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduqları mənəvi zərərin əvəzi olaraq 200000 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh3 MMC-də müddətli əmək müqaviləsi ilə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək İnsan Resursları üzrə müşavir vəzifəsində çalışmış, əsas vəzifə öhdəliyi MMC-yə məxsus zavodun inşası zamanı çalışan 400 nəfərlik kollektivin bir İnsan Resursları nümayəndəsi olaraq İnsan Resursları işinin bütün funksiyalarına dəstək vermək, onlar arasında İnsan Resursları imicini yaratmaq və qorumaq, işçilər arasında konfliktli məsələləri həll etmək, özbaşınalıq və qanunsuz hərəkətlərin önünü almaqdan ibarət olmuşdur. İşlədiyi müddətdə işində hər hansı bir nöqsan və qüsur olmamış, əksinə, işçilər arasında böyük hörmət və rəğbət qazanmışdır. Bu sahədə xüsusi biliyə malikdir və bunun əldə olunması üçün xarici ölkələrdə yerləşən beynəlxalq təhsil mərkəzlərində təhsil alaraq uzun müddət bu sahədə çalışmışdır. İşlədiyi müddətdə dəfələrlə işçilərin ona onların əmək hüquqlarının MMC tərəfindən əsassız və qanunsuz olaraq pozulması ilə bağlı şifahi müraciətləri olmuş və bu müraciətlərin şifahi olmasının başlıca səbəbi işçilərin çalışdığı işi itirmək qorxusu olmuşdur. Dinlədiyi müraciətləri bir müşavir kimi araşdırarkən həqiqətən MMC tərəfindən yol verilən müxtəlif səpkili nöqsanların şahidi olmuş, sözügedən müraciətlərlə bağlı dəfələrlə MMC-nin vəzifəli şəxsləri ilə görüşərək yaranmış problemlərin aradan qaldırılması üçün məsləhətlər vermişdir. Bir müddət sonra vəzifə fəaliyyəti ilə bağlı tapşırıqları icra edərkən ona məlum olmuşdur ki, MMC işçilərin nəinki əmək hüquqlarını məhdudlaşdırır, hətta onları pozmaqla yanaşı bir sıra əmək pozuntularına yol verir ki, bunlar üçün də qanunvericilikdə müəyyən cəza tədbirləri nəzərdə tutulub. Bütün bu halların mövcudluğunun kimdən qaynaqlanması məsələsini araşdırarkən müəyyən olunmuşdur ki, MMC-də İnsan Resursları üzrə müdir vəzifəsində çalışan Səbinə Feyzova bütün bu işlərdən yaxşıca xəbərdardır və nəinki bu halların qarşısını almaq istəyir, hətta bu halların baş verməsinə yardımçı olur. Bu barədə ona irad bildirdikdə, reaksiyası olduqca sərt olmuşdur. Demək olar ki, S.Feyziyeva həmin andan onu nəzarətə götürərək hər zaman onu incitmiş və bununla yanaşı ona MMC-də müəyyən etdiyi nöqsanları yaymayacağına dair bağlı xəbərdarlıq etmişdir. Bütün bunların nə ilə qurtaracağı öncədən ona məlum olduğu üçün vaxtında S.Feyzovanın davranışı haqqında daha öncə MMC auditor vəzifəsində çalışan Elvin Rayevə və daha sonra birinci direktor müavini vəzifəsində çalışan Fuad Əhmədova məlumat vermiş, lakin bütün bunların hər hansı bir araşdırma olmadan nəticəsiz qalması o anlama gəlməyə əsas vermişdir ki, MMC rəhbərliyi S.Feyzovanı müdafiə etməkdə hansısa səbəbdən maraqlıdır və bunu açıq-aşkar nümayiş etdirir. xx xxxxxxx 2019-cu il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitmiş və MMC-in rəhbərliyi tərəfindən ona hər hansı bir fikir bildirilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin müddətinin artırılmaması səbəbini araşdırarkən məlum olmuşdur ki, bütün bunların səbəbkarı İnsan Resursları üzrə müdir vəzifəsində çalışan S.Feyzovadır. Bununla bağlı dəfələrlə S.Feyzova ilə görüşmək istəmiş, lakin sonuncu buna razı olmamış və hər şeyin günahkarı onun özü olduğunu bildirmişdir. xx xxxxxxxx 2019 cu il tarixində direktorun birinci müavini Fuad Əhmədova S.Feyzovanın davranışı haqqında elektron məktub yazmış və əfsuslar olsun ki, heç bir nəticə alınmamışdır. Nəticədə onun əsaslı olaraq belə narahatçılıq keçirtməyi və bu narahatçılıq səbəbindən onun susmağını və hər hansı bir dövlət orqanına şikayət xarakterli müraciət etməyinə görə, hələ də səbəbini və təyinatını bilmədiyi 7658.72 manat pul xx.xx.2019-cu il tarixdə maddi yardım kimi ona ödəniş edilmişdir. Lakin o, ödənilmə səbəbi və təyinatı bilinməyən 7658.72 manat pulu xx.xx.2019-cu il tarixdə dərhal MMC-yə qaytarmışdır. İşlədiyi müddət ərzində vəzifə təlimatında göstərilən işlərdən əlavə işlər görməyi barədə rəhbərlik ona korporativ e-mail vasitəsilə göstərişlər vermişdir. Həmin göstərişlər ondan qanunsuz tələb edilməsinə rəğmən o, həmin göstərişləri vaxtı-vaxtında yerinə yetirmişdir. Belə ki, ona təqdim olunan vəzifə təlimatında MMC-də çalışan işçilər barədə yeni vəzifə təlimatlarının hazırlanması nəzərdə tutulmasa da, rəhbərlik tərəfindən ona hazırda işləyən işçilər üçün vəzifə təlimatının hazırlanması tapşırılmışdı. Bundan əlavə, həmin vəzifə təlimatları 5 il əvvəl hazırlanmalı, işçilər tərəfindən imzalanmalı və işçilərə təqdim olunmalı idi. Lakin bu kimi məsələlərin heç biri o, MMC-yə işə daxil olana qədər həll olunmamışdır. İşçilərin vəzifə təlimatlarının hazırlanması kifayət qədər vaxt aldığı üçün o, əlavə işə də cəlb olunmuşdur. Lakin vəzifə təlimatından əlavə işə cəlb olduğu müddətdə ona heç bir kompensasiya məbləği ödənilməmişdir. MMC-nin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 497/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə maddi hüquq normalarını pozub və düzgün tətbiq etməyib. MMC-də işlədiyi müddətdə məruz qaldığı mənəvi iztirab və əzab müəssisənin rəhbərliyinə yazdığı məktublarla təsdiqlənir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili iş materiallarına və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasına iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh (nümayəndəsi) məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan Böncü (Hüseynova) Leyla Arif qızına məxsus əmək kitabçasından görünür ki, o,xx.xx.2017-ci ildən xx.xx.2019-cu ildək Cavabdeh3 MMC-də insan resursları üzrə müşavir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan SP450/17 №-li əmək müqaviləsindən görünür ki, Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 ilə İddiaçı arasında 3 ay sınaq müddəti tətbiq edilməklə 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə Cavabdeh3 MMC arasında müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək İnsan Resursları üzrə müşavir vəzifəsində çalışmışdır, xx.xx.2019-ci ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından iddia tələbi rədd edilməlidir. İddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının tələbi əsassızdır, iddiaçı iddia tələbində MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını iddia etsə də, məruz qaldığı mənəvi zərərin nədə ifadə olunduğunu qeyd etməmiş, hansı qanunsuz hərəkətlər nəticəsində hansı mənəvi zərərə məruz qalmasını göstərən hər hansı bir hal göstərməmişdir, həmçinin iş materiallarından cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində, onun necə mənəvi zərərə məruz qalması müəyyən edilmir. Eyni zamanda Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin «Qeyd»ində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Göründüyü kimi, əmək qanunvericiliyində əmək münasibətləri prosesində vurulmuş mənəvi ziyanın əhatə dairəsi konkret olaraq müəyyənləşdirilmişdir. Hazırki iş üzrə iddiaçıya münasibətdə əmək münasibətləri prosesində işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən mənəvi ziyanın əhatə etdiyi qanunvericilikdə sadalanan hallardan hər hansı birinin baş verməsi sübuta yetirilmir və işin halları ilə müəyyən edilmir. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-497/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar