Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4513/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə bağlamaq öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qətnamədən Cavabdeh Mənzil Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (anası) X1, Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil üzərində vərəsəlik qaydasında qazandığı mülkiyyət hüquqlarının bərpa olunması, MTK-nın üzərinə onunla əvəzləşdirmə müqaviləsi bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, qeyd edilən mənzilin 4 paylı mülkiyyətçilərindən biridir. Həmin mənzil 4 otaqdan, yəni 56,1 kv.metr yaşayış sahəsindən və 87,1 kv.metr ümumi sahədən ibarət olmuşdur. Qeyd edilən mənzilin digər paylı mülkiyyətçiləri – (iddiaçının anası) X2, (iddiaçının bacısı) X8 və (iddiaçının qardaşı) X6r. Mənzil üzərində onların payları vərəsəlik qaydasında yaranmışdır (hər birinin payı 1/4 hissədə). Cavabdeh MTK, buna heç bir icazəverici sənəd olmadan iddiaçıya məxsus mənzilin də yerləşdiyi ərazidə yaşayan sakinlərin bir qisminin razılığı ilə, bir qisminin isə razılığı alınmadan evlərin söküntüsünə başlamış, sakinləri evlərindən məcburi çıxarmışlar. MTKnın qanunsuz hərəkətləri qarşısında məcburiyyət qarşısında qalan 20 saylı mənzilin 3 paylı mülkiyyətçisi MTK ilə xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamışlar. Həmin vaxt iddiaçı Rusiya Federasiyasının İrkutsk şəhərində yaşadığı üçün onunla müqavilə bağlanmamışdır, lakin MTK-nın sədri Əli Məmmədov iddiaçının anasına bildirmişdir ki, iddiaçıya 44 kv.m sahə ayırıblar, Azərbaycana qayıdanda iddiaçı ilə müqavilə bağlayacaqlar və sahəni iddiaçıya verəcəklər. İddiaçı "xxxx" pandemiyası ilə bağlı Azərbaycana gələ bilmədiyinə görə, MTK ilə müqavilə bağlamaq üçün anası Məryəmxanımın adına xx.xx.2023-cü il tarixdə etibarnamə göndərmişdir. İddiaçının anası həmin etibarnamə ilə MTK-nın sədrinə yaxınlaşmış və razılaşdıqları kimi Elnur üçün 44 kv.m. sahəyə müqavilə bağlamağı təklif etmiş, MTK-nın sədri isə müqavilə bağlamaqdan imtina etmişdir. Səbəbini isə belə izah etmişdir ki, iddiaçı Azərbaycan vətəndaşı deyil, Azərbaycanda yaşamır, ona verilməsi mənzilləri yoxdur. İddiaçı da məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
3. Cavabdeh MTK məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, MTK-nın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. MTK-nın iddiaya qarşı etirazı Rayon Məhkəməsinə təqdim edilməmişdir.
4. Rayon Məhkəməsi işə MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə əvəzləşdirmə müqaviləsinin bağlanılması, onun artıq cavabdeh MTK tərəfindən sökülmüş əmlakı üzərində pozulmuş mülkiyyət hüququnun bərpasına xidmət edəcəkdir. Bu kimi müqavilənin bağlanılması öhdəliyin MTK-nın üzərinə qoyulması iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinə səbəb olduğundan və müqavilə azadlığının pozulması kimi qəbul edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK, işgüzar adətlərə tam uyğun olaraq sökülən tikilinin əvəzində tikilinin sahəsinə mütənasib mübahisəli mənzilin mülkiyyətçisi kimi özünü təqdim edən (iddiaçının anası) Məryəmxanım Hüseynova ilə əvəzləşdirmə müqaviləsi bağlamış və sonuncu mənzillə təmin olunmuşdur. Yəni MTK-nın iddiaçıya dair öhdəliyindən xəbərdar olması üçün əsas əngəl Məryəmxanım Hüseynovanın əvəzləşdirmə müqaviləsi bağlamaq üçün MTK-nı aldatması olmuşdur. Bu səbəbdən MTK Məryəmxanım Hüseynovaya qarşı “bağlanmış əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia həmin məhkəmə tərəfindən icraata qəbul edilmişdir. MTK, həmin iddiaya dair mülki iş üzrə qəbul edilə biləcək məhkəmə aktının hazırki işin nəticələrinə təsir edə biləcəyini nəzərə alaraq, “iş üzrə icraatın dayandırılması barədə” vəsatətlə hazırkı işə baxmış Rayon Məhkəməsinə müraciət etmiş, lakin Rayon Məhkəməsi əsassız olaraq həmin vəsatəti rədd etmişdir. Halbuki, müqavilənin etibarsızlığı barədə iddia təmin edildiyi halda, sökülən əmlakın paylı mülkiyyətçilərindən müstəqil tələb irəli sürmək istəyən payçıları ilə mütənasib qaydada əvəzləşdirmə müqaviləsi bağlamaq şəraiti yaranacaqdır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
9. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
10. İddiaçının nümayəndəsi (anası) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil hər birinin 1/4 hissədə (hazırkı iş üzrə iddiaçı) İddiaçı, (iddiaçının anası) Məryəmxanım Hüseynovanın, (iddiaçının qardaşı) Elçin Məmmədovun, (iddiaçının bacısı) Enfira Əliyevanın adına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır.
13. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021 tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü, bu ərazidə yeni yaşayış binalarının tikintisi hazırkı iş üzrə cavabdeh olan MTKya həvalə edilmişdir.
14. MTK və Məryəmxanım Hüseynova arasında bağlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş müqavilədən görünür ki, cavabdeh MTK, Qarabağ küçəsi 41 ünvanında yerləşən 20 saylı mənzilin faktiki divar altı sahəsi 70 kv.m. yaşayış və 21 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın “F” blokunun, 8-ci mərtəbəsində, 7 saylı 82,10 kv.m.-dən ibarət təmirli mənzili, “F” blokunun 8-ci mərtəbəsində 4 saylı 56,46 kv.mdən ibarət təmirli mənzili, “F” blokunda yerləşən və sahəsi 23 kv.m olan təmirli qeyriyaşayış sahəsini (binanın Qarabağ küçəsinə baxan tərəfi) mülkiyyətçiyə - Məryəmxanım Hüseynovaya verməyi, Məryəmxanım Hüseynova isə ona məxsus mənzili söküntü üçün MTK-ya təhvil verməyi və yeni mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür.
15. İşin hallarından və iş üzrə tərəflərin verdikləri məlumatlardan məlum olur ki, iddiaçı ilə cavabdeh MTK arasında iddiaçının paylı mülkiyyətçisi olduğu əmlakın sökülməsi və onun əvəzində pul kompensasiyasının, yaxud digər əmlakın verilməsi barədə razılıq əldə olunmamış və həmin əmlak cavabdeh MTK tərəfindən artıq sökülmüşdür. Bu vəziyyətdə iddiaçı cavabdeh MTK-ya qarşı hazırki iddianı irəli sürməklə mülkiyyət hüququnun bərpa olunması üçün cavabdeh MTK-nın üzərinə onunla əvəzləşdirmə müqaviləsi bağlamaq öhdəliyi qoyulmasını tələb edir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının mülkiyyət hüququna müdaxilə ilə bağlı olduğundan və mülkiyyət hüququnun pozulması onun iddiasının əsas dəlilini təşkil etdiyindən, iddiaya mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.
17. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Məhkəmə bildirir ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. “Avropa İnsan Hüquqları Konvensiyasının” 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
20. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (“Ceyms və başqaları Birləşmiş Krallğa qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı).
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (“Sporrong və Lönnroth İsveçə qarşı” iş üzrə və “Brumaresku Rumıniyaya qarşı” iş üzrə qərarları və sair).
23. Həmin Məhkəmə “Avropa İnsan Hüquqları Konvensiyasının” 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən bir sıra qərarlarında qeyd etmişdir ki, dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (“Yunanıstanın keçmiş kralı və digərlərinin Yunanıstana qarşı” iş üzrə qərarı və “Broniovski Polşaya qarşı” iş üzrə qərarı).
24. İddiaçı mülkiyyətinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirməmişdir. İş materiallarından və iddiaçının nümayəndəsinin izahatından da aydın olur ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021 tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşməklə qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü və bu ərazidə yeni yaşayış binalarının tikintisi cavabdeh MTK-ya həvalə edilmişdir.
25. Müdaxilənin “ictimai maraqlara” cavab verməməsi də müəyyən edilmir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, milli hakimiyyət orqanları cəmiyyətin yaşayış şəraitindən və tələbatlarından bilavasitə xəbərdar olduqlarına görə prinsipcə “cəmiyyətin maraqlarını” qiymətləndirməkdə beynəlxalq hakimə nisbətən daha əlverişli vəziyyətdədirlər. Konvensiyanın bərqərar etdiyi insan hüquqlarının qorunması sisteminə əsasən, cəmiyyətdə narahatlıq doğuran və müvafiq tədbirlər görülməsini tələb edən problemin mövcud olub-olmadığını qiymətləndirmək vəzifəsi ilk növbədə məhz milli hakimiyyət orqanlarının üzərinə düşür. …Müvafiq surətdə, bu sahədə və Konvensiyanın təminatlarının şamil olunduğu digər sahələrdə milli hakimiyyət orqanları vəziyyəti öz mülahizələri əsasında sərbəst şəkildə qiymətləndirə bilərlər (“Alişiç və başqaları Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya və keçmiş Yuqoslav Respublikası Makedoniyaya qarşı” iş üzrə qərar).
26. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (“Öneryıldız Türkiyəyə qarşı” iş üzrə qərar).
27. İşin hallarına və iddiaçı tərəfin məhkəmələrə bildirdikləri məlumatlara əsasən Məhkəmə hesab edir ki, hazırkı işdə həmçinin “qanuni məqsəd” prinsipinə riayət edilib. Belə ki, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən köhnə binaların (mənzillərin) sökülməsi, sakinlərin həmin yararsız halda olan köhnə binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmaqla yanaşı, həm də şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək mümkün deyildir.
28. İddiaçının mülkiyyətçi hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması şərti ilə bağlı isə məhkəmə qeyd edir ki, ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir (“Scordino İtaliyaya qarşı” iş üzrə qərar).
29. Baxılan işdə bu şərt pozulmuşdur və iddiaçı da hazırkı iddia tələbini bu səbəbdən irəli sürmüşdür. Onun cavabdehi məhkəmə qətnaməsi ilə müqavilə bağlamağa məcburetmə tələbi mülkiyyət hüququnun əvəzində ədalətli kompensasiyanın (pul və ya naturada yeni mənzilin) əldə edilməsinə yönəlməkdədir.
30. Məhkəmə hazırkı iddia tələbinə məhz bu aspektdən yanaşaraq hesab edir ki, iddiaçı ilə əvəzləşdirmə müqaviləsinin bağlanılması, onun artıq cavabdeh MTK tərəfindən sökülmüş əmlakı üzərində pozulmuş mülkiyyət hüququnun bərpasına xidmət edəcəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əvəzləşdirmə müqaviləsinin bağlanılması vəzifəsinin MTK-nın üzərinə qoyulması iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinə səbəb olacaq və müqavilə azadlığı prinsipini pozan hal kimi qəbul edilə bilməz.
31. Bu qənaətə gələrkən Məhkəmə onu da nəzərə alır ki, mövcud işgüzar adətlərə görə, tikinti şirkətlərinə istismar müddəti bitmiş tikililərin sökülərək yerində müasir tələblərə cavab verən binaların tikintisi həvalə edilən zaman həmin şirkətlər oradakı sakinlərə müqavilə əsasında kompensasiya ödəmək öhdəliyini də əvvəlcədən öz üzərlərinə götürürlər. Mülki Məcəllənin 390.3-cü maddəsinin mahiyyətindən aydın olur ki, müqavilə bağlamağa məcburetməyə yalnız müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallarda yol verilir.
32. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apelyasiya şikayətinin dəlilləri müzakirə olunan hissələrdə əsassızdır, işə baxmış Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
33. Məhkəmə, iş üzrə icraatın dayandırılması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, digər paylı mülkiyyətçi ilə bağlanmış müqavilənin etibarsızlığı iddiaçı ilə müqavilə bağlamaq və bu müqavilə əsasında kompensasiya vermək öhdəliyindən cavabdehi azad edə bilməz. Həmçinin həmin müqavilə bağlanarkən iddiaçının razılığının alınması iş materialları ilə müəyyən edilmir.
34. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətində qeyd edilən mülki işlə bağlı hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas yoxudur. Rayon Məhkəməsi də, bu kimi qənaətə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
35. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.