Məhkəmə qərarları › İş №2(103)-4514/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4514/2023

20.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4514/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, yaşayış sahəsindən istifadə zərurətinin aradan qalxması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X6 ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra qadına (arvada) “Şahmarova” soyadı verilmiş, Aynurə Şahmarova Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə gəlin köçüb orada yaşamağa başlamış, nikahlarından xx.xx.2003-cü il tarixdə Adil, xx.xx.2005-ci il tarixdə Günay adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə reyestr kitabında 30/171526 nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır.

3. İddiaçı Rasim Şahmarovun atasıdır.

4. X4 İddiaçı qarşı “mənzilə köçürülmə və mənzilə yaşayış hüququnun tanınması” tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, X4 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə köçürülməsi və həmin mənzilə istifadə hüququnun tanınması qət olunmuşdur.

5. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X17 Şahmarovla nikaha daxil olduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə gəlin köçmüş, cavabdehlə birlikdə yaşayaraq ümumi təsərrüfat aparmışdır.

6. X7, X13 və X9 həmin qətnamənin icrası qaydasında 2008-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə pasport qeydiyyatına alınmışlar.

7. Bakı şəhəri Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinin rəisi A.Qocayevin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2008-ci il tarixli məktubda göstərilmişdir ki, “Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra dəfələrlə təyin edilmiş və bu barədə xx.xx.2008-ci il tarixli, xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli aktlar tərtib olunmuşdur. Rəsmi icra təyin etmə məktubunun göndərilməsinə baxmyaraq tələbkar icra yerinə gəlməmişdir. Bununla da tələbkar öz hərəkətsizliyi ilə icra sənədinin icrasına mane olmuşdur. Ona görə də MQİH Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır”.

8. Şükürova Xuraman, Rəhimov Xudadat, Annenkova Nadejda və Baxşıyeva Mehriban tərəfindən tərtib edilməklə 109 saylı MKİS tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzildə yaşayan İddiaçı gəlini Cavabdeh və nəvəsi X9 2002-ci ildən göstərilən ünvanda yaşamırlar.

9. 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli Forma-2 üzrə arayışda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzildə yaşayır. Həmin mənzildə onun özü, həyat yoldaşı X10, oğlu X6, keçmiş gəlini Cavabdeh, nəvələri X13 və X9 qeydiyyatdadırlar.

10. X6 ilə X7 arasında bağlanmış nikaha Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsinin qətnaməsi əsasında xitam verilmiş, nikahın pozulması barədə xx.xx.2017-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmış, nikahın ləğvindən sonra qadına “Şahbazova” soyadı verilmişdir.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülməsi qət edilmiş, həmin qətnamədən X6 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

12. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanında yerləşən ev Cavabdeh və Rasim Şahmarovun nikahları dövründə birgə vəsait hesabına inşa olunmuşdur və “Cavabdeh digər mənzilə köçürülməsi ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olması, əri ilə birgə nikah dövründə inşa etdikləri evə köçürülmə tələbinin rədd edilməsi üçün əsas ola bilməz”.

13. A.Allahverdiyev, S.Əhmədzadə, Ş.Aynurə, Ş.Rasim, N.Lalə və T.Rövşən tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2023-ci il tarixli aktda göstərilmişdir ki, “Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə icra sənədində qeyd olunan ünvana getmişlər. Ünvanda onları X6 qarşılamışdır. Hər iki tərəfə icra sənədində qeyd olunan evlə bağlı birgə yaşamaq, birgə istifadə etmək hüquqları ətraflı şəkildə izah olunmuşdur. Beləliklə, tələbkara evin giriş qapısının açarı təqdim olunmaqla övladı 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülmüşlər”.

14. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, o, 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülmüşdür. Köçürülmə zamanı heç bir insident baş verməmişdir. Heç bir şikayəti və etirazı yoxdur. Qeyd olunan icra sənədinin icrasına AR “İcra Haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş edir.

15. Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

16. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan uşağı -xx.xx.2005-ci il təvəllüdlü X9 ilə birlikdə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia ərizəsində fərqli faktiki hallar göstərsə də, məhkəmə iclasında verdiyi izahatında iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun oğlu X1 həyat yoldaşı olmuş, onlar arasında nikah 2002-ci ildə bağlanmış, cavabdeh onun mülkiyyətində olan Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə gəlin gəlmiş, lakin 2004-cü ildən oğlu ilə birlikdə mənzildən köçərək getmiş və bir müddət kirayədə yaşamış, 2006-cı ildən isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. Cavabdeh 2004-cü ildən ona məxsus mənzilə heç vaxt gəlməmiş və həmin mənzildə yaşamamışdır. Hətta 2008-ci ildə cavabdehin mənzilə köçürülməsi barədə qətnamə olsa da, cavabdeh həmin qətnamənin icrasından özü imtina etmiş və mənzilə heç vaxt gəlməmişdir. Daha sonra cavabdehlə oğlu arasında münasibətlər pisləşmiş, onların nikahları 2017-ci ildə pozulmuşdur. Cavabdeh qızı Günayla birlikdə bir müddət başqa ünvanda yaşamış, lakin sonradan məhkəmə qətnaməsinə əsasən qızı Günayla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Göründüyü kimi, cavabdeh onun ailə üzvü deyildir, 2004-cü ildən ona məxsus mənzildə yaşamır, iyirmi ilə yaxındır öz yaşayışını başqa ünvanda təmin edir, hətta məhkəmə qətnaməsinə əsasən 2020-ci ildə başqa evə köçürülmüşdür. Lakin hələ də formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması barədə polisə və inzibati məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh onun keçmiş gəlini olduğundan ərizəyə inzibati məhkəmədə baxıla bilməyəcəyi izah edilmişdir.

19. Cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaya qarşı yazılı etirazını göndərərək etirazda aşağıdakıları göstərmişdir: “İddiaçı oğlu X6 ilə 27 noyabr 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, el adəti ilə toyları olduqdan sonra ünvan 3 ünvanına gəlin gəlmişdir, cehiz əşyaları həmin mənzildədir. Hətta bir müddət sonra münasibətləri normal olduğundan həmin mənzilin təmirinə görə ona 10 000 (on min) manat pul xərclədiblər. İddiaçının oğlu ilə birgə nikahlarından 10 aprel 2003-cü ildə X13 və 17 dekabr 2005-ci ildə X9 adlı iki övladları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da. sonradan iddiaçının, keçmiş qaynanasının və keçmiş həyat yoldaşının əsassız olaraq mübahisələr yaratması səbəbindən ailə münasibətləri korlanmış, hər gün evdə söz-söhbət, mübahisələr yaşanmışdır. İddiaçı, həyat yoldaşı və oğlu dəfələrlə onu azyaşlı uşaqlarının gözü qarşısında təhqir etmiş, evdə səbəbsiz yerə münaqişələr yaradaraq onu uşaqları ilə birlikdə evdən qovmuşlar. Həmin zamandan etibarən münaqişəli ailə olaraq Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində qeydiyyatdadırlar. Sonradan iddiaçının oğlu ilə xasiyyətləri uyğun gəlmədiyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. ünvan 3 ünvanına onu uşaqları ilə birlikdə mənzildən qovduqlarına, mənzilin qıfıllarını dəyişdirdiklərinə və mənzilə daxil ola bilmədiklərinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdikdən sonra 19 fevral 2008-ci il tarixli 2-147/2008 saylı qətnamə ilə qeydiyyata düşmüşlər. Mənzildə ona məxsus cehiz əşyaları qalmaqdadır, keçmiş qaynatası və qaynanası evin açarlarını dəyişdirərək onu və nəvələrini mənzilə buraxmamışdır. İddia ərizəsində iddiaçı guya onun və azyaşlı qızının istifadə hüquqlarının itirilməsi ilə bağlı polisə və inzibati məhkəməyə müraciət etdiyini yazsa da, polis və digər dövlət orqanları iddiaçının nə tip, hansı əqidəli insan olduğunu və keçmiş gəlini olaraq ona və azyaşlı nəvəsinə qarşı bu cür dona girərək yalan, şər uydurmasını və böhtanlar atmasını artıq gözəl başa düşür və bilirlər. Qeyd olunanlara əsasən, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir”.

20. Məhkəmənin şahid qismində dindirdiyi X5 ifadəsində göstərmişdir ki, “iddiaçı ilə 1984-cü ildən qonşudurlar. Cavabdeh 2002-ci ildə iddiaçıya məxsus 35 saylı mənzilə gəlin gəlmişdir. Həmin mənzildə təxminən bir il yaşadıqdan sonra iddiaçının oğlu ilə birlikdə mənzildən çıxıb gemişlər. O vaxtdan sonra cavabdehin 35 saylı mənzilə gəldiyini görməmişdir. Cavabdehin iddiaçının oğlu ilə həyət evində yaşadığını bilmişdir. Sonradan eşitmişdir ki, cavabdeh iddiaçının oğlundan boşanmış, bir müddət sonra isə məhkəmə qaydasında həmin həyət evinə köçürülmüşdür”.

21. Məhkəmənin şahid qismində dindirdiyi X8 ifadəsində göstərmişdir ki, “Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 35 saylı binada anadan olduğu vaxtdan yaşayır. İddiaçı və onun ailə üzvlərini yaxşı tanıyır. Cavabdeh iddiaçının gəlini olmuş, təxminən bir il həmin binada yaşadıqdan sonra iddiaçının oğlu ilə birlikdə Sahil qəsəbəsində yerləşən həyət evinə köçmüşdür. Cavabdeh təxminən 20 ildir ki, yəni çıxıb getdiyi vaxtdan indiyə kimi Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən 35 saylı binaya gəlməmiş və iddiaçıya məxsus mənzildə yaşamamışdır”.

22. Birinci instansiya məhkəməsinin 01 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh uzun müddətdən bəri öz yaşayış hüququnu başqa ünvanda təmin etməklə, iddiaçıya məxsus mənzilin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, hazırda onun iddiaçıya məxsus mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, mülki iş üzrə sübutlar, o cümlədən şahidlərin ifadələri, 109 saylı MKİS tərəfindən tərtib edilmiş akt, Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinin rəisi A.Qocayevin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2008-ci il tarixli məktub, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-825/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi, cavabdehin özü tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizənin surəti, Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə birmənalı olaraq müəyyən edilir ki, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-147/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə tanınmış istifadə hüququnu öz hərəkətsizliyi ilə ümumiyyətlə reallaşdırmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1518/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə isə onun 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə başqa ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, həmin qətnamə icra olunaraq icra sənədi üzrə icraata xitam verilmiş, beləliklə mənzilə istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı qeyd olunan sübutlarla tam təsdiqini tapmışdır. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

24. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1-ci və 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir.

25. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi (vəkili) onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzildə yaşamasına iddiaçı tərəfindən imkan verilmədiyini, onun cehiz əmlakının hazırkı dövrədək həmin evdə qalmasını nəzərə almadığı, iddiaçının heç bir mötəbər sübuta əsaslanmayan izahatına istinadən qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışlar.

Apellyasiya şikayətinə qarşı etiraz

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

27. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, cavabdehin keçmiş həyat yoldaşı ilə nikahı dövründə inşa etdikləri evə köçürülmüş olması, məhkəmə qətnaməsi əsasında istifadə hüququnun tanındığı digər mənzildən hüququna xitam verilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi faktiki olaraq yuxarı instansiya məhkəməsinin səlahiyyətini mənimsəmiş, Cavabdeh mənzilə köçməsinə maneələr törədildiyini, ailənin münaqişəli ailə kimi qeydiyyata alındığını nəzərə almamış, kobud qanun pozuntusuna yol verərək qanunsuz qərar çıxarmışdır.

28. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

35. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

46. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

47. İddiaçı iddia ərizəsində, keçmiş gəlini olan cavabdehi mülkiyyətində olan mənzilə qeydiyyata aldırdığını, lakin mənzildən istifadə ilə bağlı aralarında yazılı razılaşma bağlanmadığını və buna görə də onun mənzilə istifadə hüququnun yaranmadığını bildirsə də, işə baxılarkən müəyyən olunmuşdur ki, cavabdehin mübahisəsi gedən mənzilə istifadə hüququ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi əsasında tanınmış, bundan sonra o və uşaqları mənzilə pasport qeydiyyatına alınmışdır.

48. Bununla yanaşı nəzərə alınmalıdır ki, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə 2022-ci ildə iddiaçının razılığı əsasında köçüb orada yaşamağa başladığı və iddiaçı ilə birgə təsərrüfat apardığı işin mübahisələndirilməyən halıdır.

49. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir.

50. Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.

51. Qeyd olunanlardan göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 35, 43 saylı mənzilə 2022-ci ildə iddiaçının razılığı əsasında köçüb orada yaşamağa başlasa da, onunla mübahisəli mənzilin mülkiyyətçi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu isə o deməkdir ki, əslində Cavabdeh mənzilə köçməklə onun həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ yaranmamış, lakin bu hüquq sonradan məhkəmə qətnaməsi əsasında tanınmışdır.

52. Bununla belə kollegiya hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış xx.xx.2005-ci il təvəllüdlü Günay Şahmarova atasının (Rasim Şahmarovun) uşağı kimi mənzilə köçürülməklə (orada yaşamaqla) Mülki Məcəllənin 228.5-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir.

53. Beləliklə, iddiaçının iddia tələbinin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır.

54. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.

55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

56. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz”

57. İşin hallarından görünür ki, Cavabdeh və hazırda yetkinlik yaşına çatmamış Günay Şahmarova təxminən 2005-ci ilə qədər mübahisəsi gedən mənzildə yaşamış, ailə münasibətlərinin pozulması səbəbindən bu tarixdən sonra mənzildən getmişlər.

58. İşin hallarından (§ 11-15) həmçinin görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsinin mövcudluğuna baxmayaraq Cavabdeh mübahisəsi gedən mənzilə köçməyərək ümumiyyətlə buna cəhd etməmiş, 2020-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülməsi barədə iddia qaldrmış və xx.xx.2020-ci il tarixli qətnamə əsasında 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə həmin ünvana köçürülmüşdür.

59. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflərin arasında etibarlı ailə əlaqələri qalmamaqla cavabdehin və onun yetkinlik yaşına çatmayan uşağının yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəsi gedən mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaları müəyyən edilməməkdədir; əksinə, işin yuxarıda qeyd olunan halları, onların sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına dəlalət edir.

60. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-987/2023 saylı iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğ apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar