Məhkəmə qərarları › İş №2(103)-4514/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4514/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4514/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi müqavilədən əmələ gələn öhdəlik üzrə ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1337/2025 nömrəli, xx.xx.2025-ci il qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli malların anbarda saxlama müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər malların saxlayıcının Saray qəsəbəsində yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişdirlər. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 220 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər.

2. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 03 sentyabr 2024-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır. Cavabdeh ödəniş üzrə xx.xx.2025-ci il tarixinədək 222 gün gecikməsi müşahidə edilir. Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə 1760 (bir min yeddi yüz altmış) manat əsas borcu, 2032,80 (iki min otuz iki manat səksən qəpik) manat cərimə məbləği təşkil edir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 440 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə, cərimə məbləği də hesablanacaq cəmi məbləğ anbarda yerləşdirilmiş mallara yönəldiləcək və mallar satışa çıxarılacaqdır. Bu əsasla, məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir.

4. İddiaçı MMC ilə X4 tərəfindən imzalanmış 1616 saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bayramova Ramilə iş üzrə iddiaçı (müqavilə üzrə saxlayıcı İddiaçı MMC) və cavabdeh (müqavilə üzrə tapşıran Cavabdeh) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə görə tapşıran tərəfindən saxlayıcının anbarında yerləşdirilmiş, habelə həmin müqaviləyə əsasən tərtib edilmiş təhvil-təslim aktına uyğun olaraq aşağıdakı siyahıda əksini tapmış malları e2(004)-1337/2025 saylı iş üzrə cavabdeh (tapşıran) Cavabdeh sifarişinə əsasən Lerik şəhərində qəbul etməklə təhvil almışdır.

5. İddiaçı MMC ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlanması” müqaviləsi üzrə Tapşıran tərəfindən Saxlayıcının anbarına təhvil verilmiş aşağıda sadalanan mallar 13 may 2025-ci il tarixində Cavabdeh tərəfindən təhvil alınaraq tam şəkildə anbardan çıxarıldı. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlanması” müqaviləsinin 3.4-cü bəndinə əsasən təhvil-təslim aktına uyğun olmaqla siyahıda qeyd edilən mallar tapşıranın sifarişi ilə anbar ərazisində X3 təhvil verilmiş və çatdırılması üçün Lerik şəhərinə göndərilmişdir. Kərimov Fərahiİ Gülverdi oğlu təsdiq edir ki, mallarda heç bir qüsur yoxdur, mallara dair Saxlayıcıya qarşı heç bir iradı və tələbi mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 880 (səkkiz yüz səksən) manat məbləğində əsas borcun, 198 (bir yüz doxsan səkkiz) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 220 (iki yüz iyirmi) manat məbləğində saxlama haqqının və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (220 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən mallar bu günədək saxlanc anbarında saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 880 (səkkiz yüz səksən) manat təşkil etməkdədir. Tərəflərindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq qeyd etmişlər ki, xx.xx.2024-cü il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 431,20 (dörd yüz otuz bir manat iyirmi qəpik) manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, yəni cəmi 198 manat dəbbə pulu tələb edilməkdədir.

8. Daha sonra İddiaçı MMC 01 aprel 2025-ci il tarixdə sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1760 (bir min yeddi yüz altmış) manat məbləğində əsas borcun, 352 (üç yüz əlli iki) manat cərimə məbləğinin, tərəfindən göstərilmiş əlavə xidmətə görə 450 (dörd yüz əlli) manat xidmət haqqı və ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əşyalar ona yox, onun keçmiş həyat yoldaşına məxsus olub. Onlar iddiaçı şirkətlə bir aylıq müqavilə bağlamışlar və həmin bir ayın ödənişini də etmişlər. Onlar hətta əşyaların götürülməsi ilə bağlı teleqramla da müraciət etmişlər. İddia tələbi təmin olunacağı təqdirdə əşyaların hərracdan satılmaqla borcun ödənilməsinə razıdır. Onlar əşyaların itməməsi üçün məcburiyyət qarşısında qalaraq onları mənzildən çıxarmışlar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan əşyaların heç biri ona məxsus deyil. Əşyaların saxlandığı ərazi onlara məxsus deyildi və əşyaların çıxarılmasını tələb edirdi. Buna görə də onlar əşyaları saxlanca verdilər. İcra şöbəsindən də keçmiş həyat yoldaşına əşyalarını götürməsi barədə bildirsələr də, o, əşyaları götürməkdən imtina etmişdir. Əşyalar ona məxsus olduğundan ödənişləri də o ödəməlidir.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə3 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, əmlaklara, sağlamlığa vurulmuş zərərlə bağlı Xəzər Rayon Məhkəməsində cavabdehlərə qarşı mülki iş üzrə mübahisələri davam etməkdədir. Özgənin əmlakını mülkiyyətçinin razılığı olmadan aparıb saxlanca verilməsi və bilərəkdən saxlanc saxlayanın xidmət haqqının ödənilməməsinə görə də həmin haqqın onlardan tutulmasını qanunamüvafiq hesab edir.

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə3 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən nikah dövründə Xəzər Rayon Məhkəməsinə X2 mənzildən çıxarılması ilə bağlı müraciət edilmişdir. Müraciət təmin olunmuşdur, daha sonra o, apellyasiya şikayəti vermiş, qətnamə qüvvədə saxlanılmışdır. Lakin kassasiya şikayəti verdikdən sonra qətnamə ləğv olunaraq apellyasiyaya geri qaytarılmışdır və əsaslandırılmışdır ki, həmin mənzil qanunsuz tikilidir. Həmin ərəfədə cavabdeh Xəzər Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir və müraciət təmin edilmişdir. O da cehiz və qızıl-zinət əşyalarının cavabdehdən alınıb X3 qaytarılması, həmçinin, sağlamlığına vurulan maddi və mənəvi zərərin ödənilməsini, mənzilə köçürülmə tələbi ilə müraciət etmişdir. Məhkəmədə belə hüquqi qiymət verilmişdir ki, həmin mənzil heç kəsin istifadəsində deyil, bu səbəbdən əşyaların üzərinə 1 ay müddətinə həbs qoyulmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin əşyalar həbs müddətində götürülərək İddiaçı şirkəti vasitəsilə saxlanca qoyulmuşdur.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1337/2025 nömrəli, xx.xx.2025-ci il qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1760 (bir min yeddi yüz altmış) manat məbləğində əsas borc və 50 (əlli) manat cərimə olmaqla, cəmi 1810 (bir min səkkiz yüz on) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 46 (qırx altı) manatın 40 (qırx) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 03 sentyabr 2024-cü il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, təqdim etdiyi mallar iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Kərimov Fərahiİ Gülverdi oğlunun ödəniş üzrə 222 gün gecikməsi müşahidə edilir. X5 İddiaçı MMC-yə 1760 (bir min yeddi yüz altmış) manat əsas borcu təşkil edir. Məhkəmə iddia tələbinin 352 (üç yüz əlli iki) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini və işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 352 manat məbləğində deyil, 50 (əlli) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə iddia tələbini “əlavə xidmətə görə 450 (dörd yüz əlli) manat xidmət haqqı hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən əlavə xidmətin göstərilməsi ilə bağlı 450 (dörd yüz əlli) manat məbləğində xərc çəkilməsinə dair hər hansı sübut təqdim edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 448.1, 822, 827, 830.1, 830.3, 462.1, 467, 460.1, 462.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77, 119.1, 124.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, müqavilə üzrə İddiaçı MMC-yə təhvil verilmiş mallar üzrə mülkiyyət hüququ Cavabdeh yox, Bayramova Ramiləyə məxsusdur. Həmin yüklərin Bayramova Ramilə tərəfindən götürülməsi Cavabdeh tərəfindən məhkəmə prosesi zamanı da dəfələrlə tələb edildiyindən bu yüklər tərəflər arasında bağlanmış aktlar üzrə razılaşdırılmış qaydada B.Ramilənin təhvil alması məqsədilə xx.xx.2025-ci il tarixdə müvafiq ünvana göndərilmişdir. Odur ki,saxlayıcıya məxsus 7-8 metrlik nəqliyyat vasitələri ilə və dörddən artıq fəhlə cəlb edilməklə qeyd edilən mallar müvafiq ünvana aparılmış və tərəflərin də təsdiq etdiyi kimi saxlayıcının anbarında yerləşdirildiyi şəkildə və vəziyyətdə X3 təhvil verilmişdir. Şirkət tərəfindən həyata keçirilmiş xidmət üzrə haqq ümumilikdə 450 manat təşkil etmişdir. Bu səbəbdən saxlama haqqı və əlavə olaraq tərəflərindən göstərilmiş xidmətin qarşılığı olaraq xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cərimə məbləği 2032,80 manat təşkil etsə də, tərəflərindən güzəşt tətbiq edilərək bu məbləğ yox, əsas borc məbləğinin (1760 manat) 20%-i, yəni 352 manat cərimə olaraq tələb edilməkdədir. Lakin məhkəmə cəmi 50 manat cərimə məbləği müəyyən etmişdir, bu isə hesablanmış cərimə məbləğindən qat-qat azdır. Buna görə də, hesab edir ki, cərimənin bu qədər azaldılması əsassızdır. İddiaçı MMC tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizədə 450 manat məbləğində xidmət haqqının hansı əsasla tələb olunduğunu qeyd etsə də, Yasamal Rayon Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “Məhkəmə iddia tələbinin “əlavə xidmətə görə 450 (dörd yüz əlli) manat xidmət haqqı hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir”. Hesab edir ki, məhkəmə bu hissədə səhvə yol vermişdir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 3.4-cü maddəsinə görə müvafiq xidmətlərin icrası ilə əlaqədar olaraq xidmət haqqı saxlama haqqına daxil edilməməklə əlavə xidmət haqqı kimi hesablanır. Qeyd edir ki, həmin əlavə xidmət haqqı müqavilə ilə nəzərdə tutulan öhdəliklər kateqoriyasına aiddir və belə olan halda xidmət haqqını tələb edən tərəf bunun əsasını sübut etmək məcburiyyətində deyil. Ancaq hər bir halda tərəflərindən həmin xidmət haqqını təsdiq edən sənədlər (yüklər təhvil verilən gün yük maşının hərəkət yolu xəritəsi; şirkət tərəfindən tətbiq olunan xidmət haqqı tarifləri) hazırkı şikayətə əlavə olunur. Hazırkı maddədən (MM 830.2) də göründüyü kimi saxlayıcı əlavə xərcləri tələb etmək hüququna malikdir. Bu halda iddiaçının həmin xərclərin əsasını sübut etmək öhdəliyi yoxdur. Bundan əlavə, iddiaçı tərəfindən yük ona məxsus 7-8 metrlik nəqliyyat vasitələri ilə və dörddən artıq fəhlə cəlb edilməklə müvafiq ünvana aparılmış və X3 təhvil verilmişdir. Bu halda 450 manat məbləğində xidmət haqqı olduqca ağlabatan məbləğdir. Həmçinin, tərəflər arasında bağlanan müqavilədə nə əlavə xidmətlərin sonradan tapşıran, yəni Cavabdeh, tərəfindən təsdiqlənməli olduğu, nə də ki bunların hər hansı bir sübut əsasında tələb olunmalı olduğu qeyd olunmuşdur. Belə olan halda iddiaçı tərəfindən əlavə xidmət haqqının tələb edilməsi əsaslıdır və buna görə də, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edilən zaman maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cərimə məbləği 2032,80 manat təşkil etsə də, tərəflərindən güzəşt tətbiq edilərək bu məbləğ yox, əsas borc məbləğinin (1760 manat) 20%-i, yəni 352 manat cərimə olaraq tələb edilməkdədir. Lakin məhkəmə iddiaçı tərəfindən güzəşt məbləğinin artıq tətbiq olunmasını və bu halda cərimə məbləğinin daha da azaldılmasına zərurətin aradan qalxdığını nəzərə almamış və cəmi 50 manat cərimə məbləği müəyyən etmişdir, bu isə hesablanmış cərimə məbləğindən qat-qat azdır. Buna görə də, hesab edir ki, cərimənin bu qədər azaldılması əsassızdır. 450 manat dəyərində daşıma xidməti həyata keçirilən gün (xx.xx.2025-ci il) yük maşının hərəkət yolu xəritəsi və izahı – hazırkı sübut onu göstərir ki, İddiaçı MMC-yə məxsus **-EE-*** dövlət qeydiyyat nişanlı yük maşını (həmin maşın ilə təhvil verilməsini təsdiq edən videoyazı mövcuddur) ilə mallar Lerik rayonunda təhvil verilmişdir; İddiaçı MMC tərəfindən tətbiq olunan xidmət haqqı tarifləri – şirkət tərəfindən yük Bakı şəhərindən Lerik rayonuna aparılmışdır. Əlavə olunan tarif cədvəlinə əsasən isə Bakı şəhərindən Lerik rayonuna İddiaçı MMC tərəfindən yük 450 manat məbləğində daşınır. Qeyd edir ki, həmin sübutların apellyasiya instansiyasında təqdim edilməsinin əsası ondan ibarətdir ki, daşıma xidmətinin göstərilməsi tərəflər arasında müqavilənin 3.4-cü bəndi və Mülki Məcəllənin müvafiq maddələri ilə nəzərdə tutulduğuna görə birinci instansiya məhkəməsində həmin sübutların təhvil verilməsində zərurət olmamışdır. Lakin, Yasamal Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi həmin hissədə təmin olunmadığına görə hazırda bu sübutların təqdim olunmasının məqsədəuyğun olduğunu hesab edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 izahatında qeyd etdi ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cərimə məbləği 2032 manat təşkil etsə də güzəşt tətbiq edilərək 352 manat cərimə olaraq tələb edilib. Lakin məhkəmə 50 manat cərimə məbləği müəyyən etmişdir. Cərimənin bu qədər azaldılması əsassızdır. Lerik şəhərinə nəqliyyat vasitəsinin getməsi də təsdiq edilib. GPS məlumatlarını sonradan əldə etmişlər. Xidmət üzrə haqq 450 manat təşkil etmişdir, ödənilməyib. Nəqliyyat vasitəsi Bakıya gec qayıtmışdır. Gəldikdən sonra GPS çıxarışını əldə etmişlər.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında qeyd etdi ki, əşyaları göndərəndən sonra bu barədə iddiaçıya bildirdi. İmtina etdilər. 1300 manat şirkətə verdi. 2-3 dəfə məlumat verdi. 450 manat kiminlə danışıblarsa ondan istəsinlər. 20.Məhkəmə iclasında iştirak edən cavabdeh X6 izahatında qeyd etdi ki, yük təhvil veriləndən sonra məhkəmə iclası olub.

Tətbiq edilən hüquq normaları:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 822 .Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Maddə 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Maddə 830.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin göstərilmiş əlavə xidmətə görə 450 manat xidmət haqqının tutulması ilə bağlı iddianın təmin edilməyən, 352 manat cərimə məbləğinin tutulması ilə bağlı tələbin təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin fakikti halları ondan ibaərtdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinə əsasən bu müqaviləyə əsasən, saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, təqdim etdiyi mallar iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur.

28. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Kərimov Fərahiİ Gülverdi oğlunun ödəniş üzrə 222 gün gecikməsi müşahidə edilir. İddiaçı MMC-yə 1760 (bir min yeddi yüz altmış) manat əsas borcu təşkil edir.

29. Apellyasiya baxışının predmetində qalan hissədə mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddia tələbinin tam təmin edilməsini tələb edən iddiaçı birinci instansiya məhkəməsinin 352 manat cərimə məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq azaldılmasını və əlavə xidmətə görə 450 manat xidmət haqqı hissəsində iddianı rədd etməsini əsassız hesab edir.

30. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

32. Hazırki işin iddia tələbinin əsas borc məbləği hissəsində tam təmin edilməsi, saxlanca verilmiş əşyaların vaxtında götürülməməsinin və ya ödənişlərin vaxtında icra edilməməsi nəticəsində iddiaçının hər hansı ciddi zərərə məruz qalmasının müəyyən edilməməsi ilə bağlı işin fakitki halları nəzərə alındıqda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini nəzərə alaraq tənasübsüz şəkildə cərimə məbləğini 50 manat müəyyən etməklə ədalətli və qanuni nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin əlavə xidmətə görə 450 (dörd yüz əlli) manat xidmət haqqı hissəsində əsassız olması ilə bağlı birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən əlavə xidmətin göstərilməsi ilə bağlı 450 (dörd yüz əlli) manat məbləğində xərc çəkilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

34. Bu qənaətə gələrkən məhkəmə qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

35. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

37. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

38. Hazırki işdə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü maddəsinə əsasən müvafiq xidmətlərin (malların götürülməsi, daşınması, anbara yerləşdiriləmsi və anbardan çıxarılması) icrası ilə əlaqədar olaraq xidmət haqqının saxlama haqqına daxil edilməməklə əlavə xidmət haqqı kimi hesablanmasına istinad edərək iddiaçı tərəfindən əlavə xidmətin göstərilməsi ilə bağlı 450 manat məbləğində xərc çəkilməsini iddia etsə də məhz qeyd edilən xidmətlərin göstərilməsinə əsasən iddiaçı tərəfindən 450 manat məbləğində xərc çəkilməsini təsdiq edən hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. 39.Kollegiya onu da qeyd edir ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Həmin Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

41. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi, qeyd edilən əlavə xidmətlərin göstərilməsi ilə əlaqədar çəkilmiş xərcləri təsdiq etdiyini iddia etdiyi çıxarışları yeni sübutlar olduğundan və həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmadığını əsaslandırmadığından məhkəmə kollegiyası sübut kimi qəbul etmir.

42. Belə ki, iddiaçı apellyasiya şikayətində bu sübutların birinci instansiya məhkəməsində təqdim edilməməsini onunla əsaslandırır ki, daşıma xidmətinin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndi və Mülki Məcəllənin müvafiq maddələri ilə nəzərdə tutulduğuna görə birinci instansiya məhkəməsində həmin sübutların təhvil verilməsində zərurət olmamışdır. Lakin, Yasamal Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi həmin hissədə təmin olunmadığına görə hazırda bu sübutların təqdim olunmasının məqsədəuyğun olduğunu hesab edir.

43. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəf sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə verdiyi ərizəsində göstərilmiş əlavə xidmətə görə 450 manat xidmət haqqının tutulmasını tələb etdiyindən tələbinin əsasını təşkil edən halları sübut etməli idi. Hazırki halda yuxarıda qeyd edilənlərə əsasən iddiaçı qeyd edilən hallarla bağlı yeni sübutlar təqdim etməyə haqlı deyil.

44. Beləliklə məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1.-ci maddəsinə əsasəm mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 47.Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1337/2025 nömrəli, xx.xx.2025-ci il qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin ödənilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Babayev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar