Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4515/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi məbləğinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsinin İqtisadiyyat və Uçot Departamentinin iqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsində rəis (16-cı dərəcə) vəzifəsində işləmiş və xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Eyni zamanda iddiaçıya ödənilən müavinətdən 3.877,5 manat gəlir vergisi tutulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3877,5 manat və mediasiya üçün ödənilmiş 60 manat, ümumilikdə 3.937,5 manat pul vəsaitini tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin, ARDNŞ-nin xx.xx.2014-cü il tarixində 02107ə (ARDNŞ/14-1000/22HMM-01-000102) nömrəli məktubunda qeyd olunmuşdur ki, “Daxil olmuş müraciətlərə əsasən sərbəstləşən şəxslərə ödənilmiş birdəfəlik işdənçıxarma müavinətlərindən tutulmuş vergilərin geri qaytarılması məsələsinə dair münasibətin öyrənilməsi üçün ARDNŞ-in Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmişdir. Müraciətə xx.xx.2014-cü il tarixli **********685300 nömrəli məktubda cavab olaraq bildirmişdir ki, ƏM-nin 77-ci maddəsinin 3-cü və 6-cı hissələrinə uyğun olaraq əmək müqaviləsinin xitamı zamanı kollektiv müqavilələrdə və ya əmək müqaviləsinə əsasən işçilərə orta aylıq əmək haqqından yuxarı məbləğdə ödənilən müavinətlərdə gəlir vergisindən azaddır”. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2014-cü il tarixli **********685300 nömrəli məktubuna əsasən ödənilən məbləğdən gəlir vergisi tutulmamalıdır. xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00097 nömrəli mediasiya arayışından da görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16.00-da ilkin mediasiya sessiyası keçirilmişdir və cavabdeh tərəf iclasda iştirak etməmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-756/2024 saylı, 21 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə işdən azad olsa da, mövcud tələblə 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Yəni, qanunvericilikdə nəzərdə tutulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini də ötürmüşdür.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102.1.4, 8-ci maddəsinin 1, 296-cı maddəsinin 4-cü hissələrinə, 297-ci maddəsinə və Mülki Məcəllənin 375.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüququnun pozulmasını cavabdeh təşkilatda işləyən iş yoldaşı X4 (Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia olunan pulun X3 xeyrinə tutulması) pul ödənilərkən, yəni xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, tələbi də məhz hüququn müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
12.Əmək Məcəlləsi
Maddə 75, hissə 4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işə işəgötürənin təminatı prinsipinə zidd olmamalıdır. Maddə 175, hissə 1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur (hissə 2(a)). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (hissə 4). Maddə 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Maddə 296, hissə 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
13.“Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
Apellyasiya baxışının hədləri 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 15.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iş üzrə iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 17.Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. İddiaçı isə hazırkı tələblə məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 3 il 4 gün sonra - xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. 18.Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 19.Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə nəticəyə gəlmişdir. 20.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gün kimi iş yoldaşı X2 eyni tələbinin Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmasını və həmin tarixin əsas götürülməsini bildirmişdir. 21.Kollegiyanın qənaətinə görə göstərilən hal əsas götürülə bilməz. 22.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia müddəti buraxılmamış olsaydı belə iddiaçının tələbi təmin oluna bilməzdi. Belə ki, həmin məsələyə artıq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarı ilə ətraflı şərh verilmişdir. 23.Konstitusiya Məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. 24.Göründüyü kimi, iddia tələbinin özü də əsassızdır və bu baxımdan da rədd edilməlidir. 25.Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 26.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.