Məhkəmə qərarları › İş №2(103)-4515/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4515/2025

08.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4515/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X2rşı iş üzrə (Açar sözlər: ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), X3 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsin nümayəndələri Nümayəndə Rəfael qızının və Vəkil1 (vəkil) iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsində xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında işə götürülmüş, əvvəlcə baş mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2022-ci ildən Hüquq, kadr, daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə, xx.xx.2023-cü il tarixdən isə Hüquq, kadr, sənədlərlə iş departamentinin müdiri vəzifəsinə təyin olunmuşdur.

2. Əmək müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli Razılaşmanın 1-ci bəndinə əsasən Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı aylıq əmək haqqı 5000 manat müəyyən olunmuşdur.

3. Fərdi əmək mübahisəsinin həlli məqsədiilə təkbaşına tətil edilməsi barədə ərizədən görünür ki, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkbaşına tətil etməyə başlanılacağı barədə elektron qaydada ərizə göndərilmişdir.

4. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə Heyətinin sədrinə ərizə ilə müraciət edərək bir aylıq xəbərdarlıq müddətini gözləmədən 30 oktyabr 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir.

5. Əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Əmrə əsasən Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışan İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilərək onunla bağlanmış 01 mart 2021- ci il tarixli əmək müqaviləsinə 30 oktyabr 2024cü il tarixdən xitam verilmiş və onunla təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması qərara alınmışdır.

6. İddiaçı ilə əmək müqaviləsinə onun Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən tətil etdiyi müddətdə xitam verilməsi işin mübahisəsiz halıdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 3-17- 6/1-Ə-333/2024 saylı işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri E.Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin qurumun İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Sevinc Axundluya məxsus (055) *** ** ** telefon nömrəsi arasında Whatsapp proqram təminatı vasitəsilə yazışmadan görünür ki, İddiaçılə S.Axundlu arasındakı işgüzar yazışmada S.Axundlu Q.X5 sədri E.Səfərlinin sifarişi ilə özü tərəfindən onun adından işdən çıxarılmaq üçün aldatma, hədə-qorxu və digər üsullardan istifadə edildiyini, sonuncudan işdən çıxmaq üçün ərizə yazılmasının tələb olunduğunu təkzib etməmiş, bütün bunların sədrin tapşırığı ilə onun tərəfindən edildiyini dolayısı ilə etiraf etmişdir. Observatoriyanın İH sədr müavini və əmək məzuniyyətində olan İdarə Heyətinin sədri E.Səfərlinin vəzifələrini müvəqqəti icra edən H.Abbasov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron məktubda və sonuncu tərəfindən H.Abbasova ünvanlanmış cavab məktubundan görünür ki, İddiaçı qanunsuz olaraq işdən çıxartmaq, ona təzyiq göstərmək məqsədilə perspektivdə intizam tənbehi vermək üçün ona icrası əmək funksiyalarından və müvafiq tədbirlər planından kənar tapşırıqlar ünvanlanmış, İddiaçı tərəfindən isə H.Abbasova sözügedən tapşırıqların hər hansı Tədbirlər planının təfsilatlı icra planı qaydasında onun rəhbərlik etdiyi struktur bölmələrə həvalə olunmadığı bildirilmiş, lakin bununla belə məsələyə konstruktiv yanaşaraq öz təşəbbüsü ilə hazırladığı sənəd layihələrini təqdim etmişdir. Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı qurumun Satınalma komissiyasının üzvlərinə və İdarə Heyətinin üzvü H.Abbasova korporativ elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2024-cü il tarixli elektron məktubundan göründüyü kimi qanunvericiliyin müvafiq tələblərinə riayət olunmadan aparılmış satınalma müqavilələrinin viza verilməsindən ötrü Hüquq və daxili nəzarət şöbəsinə təqdim edilməməsi xahiş edilmiş və belə pozuntularla bağlanmış satınalma müqavilələrinə sonuncu tərəfindən viza verilməsindən imtina olunmuşdur. Nazirliyin rəhbərliyinə İdarə Heyəti sədrinin müavini H.Abbasov tərəfindən ünvanlanmış 3- 17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzə Milli Observatoriyanın rəhbərliyi tərəfindən iddiaçıya qarşı aparılan ardıcıl təzyiqlərin, şəxsi ədavətin və ayrıseçkiliyin məntiqi davamıdır. Observatoriyanın İH sədri E.Səfərlinin tapşırığı ilə İddiaçı işdən çıxmaq üçün təzyiq göstərmək, onu təqib etmək və işdən çıxmaq barədə ərizə yazmaqla razılaşmayacağı təqdirdə barəsində növbəti dəfə qanunsuz intizam tənbeh tədbiri tətbiq etmək məqsədilə sonuncuya onun əmək funksiyalarından, rəhbərlik etdiyi struktur bölmənin mandatından açıq-aşkar kənar olan qanunsuz tapşırıqlar verilmiş, sonuncu da öz növbəsində buna elektron poçt vasitəsilə öz etirazını bildirmişdir. Məsələ burasındadır ki, tərəfindən SDAS proqram təminatında sonradan aparılmış araşdırma və monitorinq nəticəsində məlum olmuşdur ki, E.Səfərlinin tapşırığı ilə sözügedən məqsədin və İddiaçı işdən çıxarılması planının tərkib hissəsi kimi qurumun İH-nin 2024-cü ilin avqust ayı üçün nəzərdə tutulmuş iclas protokolunun layihəsi içərisində yalnız “iclas” sözü yazılmaqla, boş vərəq formasında müvafiq elektron sistemə gücləndirilmiş elektron imza ilə imzalanaraq yerləşdirilmişdir. Başqa sözlə, E.Səfərli İddiaçı perspektivdə cəzalandırmaq, ona növbəti intizam tənbehi verməklə işdən çıxarmaq üçün ƏƏSMN MİS X11 Sisteminə özünün tapşırığı ilə qurumun İH-nin 2024-cü il avqust protokolu adı ilə sonradan dəyişdirmək və yeni versiyada həmin qeydiyyat nömrəsi və tarixi üzrə yerləşdirmək üçün boş vərəqin yerləşdirilməsinə nail olmuş, faktiki olaraq bunun üçün gücləndirilmiş elektron imza ilə boş vərəqi imzalamışdır. "Əmək məzuniyyət hüququnun təmin olunması ilə bağlı" xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən surəti məlumat üçün X6 Xidmətinə olmaqla Observatoriyanın İH sədri E.Səfərliyə 2023- 2024-cü iş ili üçün qalıq 13 gün ödənişli əmək məzuniyyətinin təmin olunması ilə bağlı müraciət edilmiş, əks təqdirdə bununla bağlı yaranmış fərdi əmək mübahisəsinin həlli məqsədilə təkbaşına tətil hüququnu həyata keçirəcəyi bildirilmişdir. İşdən çıxarılması barədə əmrdə onun verilməsinə əsas kimi onun ərizəsi göstərilsə də ərizə ilə tanış deyildir. Belə bir ərizənin mövcudluğu barədə əmrlə tanış olduqdan sonra ehtimal əsasında xəbər tutmuşdur. Ehtimal olunur ki, ərizə işəgötürənin özü və ya tapşırığı əsasında onun adından tərtib edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1592/2025 saylı, 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim L.Məmmədova) iddia qismən təmin olunmuş, iddiaçının xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilmiş, cavabdehin 30 oktyabr 2024-cü il tarixli 3-17-6/3-4-173/2024 nömrəli əmri ləğv edilərək, iddiaçının Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik X10, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, Mediasiya Şurası üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən 40 (qırx) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

10. Məhkəmənin mövqeyinə görə, işəgötürən işçi ilə əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə işçinin öz ərizəsinə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam versə də, həmin dövrdə işçinin – İddiaçı Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən rəsmi tətildə olduğunu nəzərə almamışdır. Belə ki, işəgötürən ilk öncə işçinin tətil etməsinə razı olmadığı halda onu məhkəmə qaydasında mübahisələndirməli və ya işçinin tətil müddətinin bitməsini gözlədikdən sonra müvafiq əmrlə işçini işdən azad etməli idi. Lakin işəgötürən qeyd edilənlərə əməl etmədən təkbaşına tətil etdiyi dövrdə işçini işdən azad etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işçinin işdən azad edilməsinə dair elektron hərəkət cədvəlindən də görünür ki, işəgötürən hərəkət ardıcılığına əməl etməmiş, işəgötürən idarənin rəhbəri işdən çıxma barədə əmri ən son olaraq imzalamalı olduğu halda, ilk öncə işdən çıxma barədə əmr imzalanmış, daha sonra işçinin işdən çıxması barədə ərizəyə razılıq verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, bu hissədə iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir.

11. Məhkəmə həmçinin iddianın işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə bildirmişdir ki, İddiaçı işdən çıxma barədə ərizənin verildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə ərizənin qanunsuz və təzyiq altında yazılması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etmiş, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Bu isə o deməkdir ki, işçi tərəfindən ərizə (əqd) mübahisələndirilmişdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İddiaçı ifadə etdiyi həmin birtərəfli iradə bəyanını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirdiyi üçün ərizə etibarısız hala gəlmiş, onun hüquqi nəticələri aradan qalxmışdır. Belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbən də iddiaçı işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni, işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunverciliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur. Buna görə məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.

12. Həmçinin, məhkəmə qeyd etmişddir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 42, 45, 68, 83, 172, 295.1, 295.4, 295.5, 296, 300.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamənin nəticə hissəsində yol verilmiş yanlışlıq düzəldilərək “cavabdeh tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi” ifadəsinin “iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər cavabdehdən tutularaq ödənilsin” kimi oxunması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ərizənin iddiaçı və ya digər şəxs tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın nəticəsi olan rəylə işdən çıxma barədə ərizənin iddiaçı tərəfindən icra olunduğu təsdiq edilmişdir. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci hissəsini düzgün tətbiq etməməklə mülki iş üzrə səhv nəticəyə gəlmişdir, çünki həmin norma təkbaşına tətil edən işçinin hərəkətlərini məhkəmədə mübahisələndirən işəgötürənə, əgər məhkəmə işçinin hərəkətlərini əsassız və ya qanunsuz hesab etməyibsə, birtərəfli qaydada işçi ilə əmək müqaviləsinin ləğv edilməsini qadağan edir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 295-ci maddəsinin 5-ci hissəsini hazırki işə tətbiq edərkən məhkəmə nəzərə almamışdır ki, işəgötürən işçi ilə əmək münasibətlərinə işçinin öz ərizəsinə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam vermişdir. Hesab edir ki, məhkəmə “elektron sənədlərin hərəkət ardıcıllığının pozulmasına” istinad edərək, növbəti dəfə səhv etmişdir, çünki mülki dövriyyədə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir (Mülki Məcəllənin 367.2-ci maddəsi). İddiaçı tərəfindən tutduğu vəzifədən azad edilməsi barədə ərizə xx.xx.2024-cü il tarixdə cavabdeh quruma təqdim edilərək, bir aylıq xəbərdarlıq müddəti gözlənilmədən, xx.xx.2024-cü il tarixdən işdən azad edilməsi xahiş edilmişdir, onun xahişinə uyğun olaraq, xx.xx.2024-cü ildə işəgötürən tərəfindən bu barədə əmr verilmişdir. İddiaçı tərəfindən məhkəməyə baxış iclasında təqdim edilmiş “işçinin işdən azad edilməsinə dair elektron hərəkət cədvəli»ni məhkəmə əldə edilmə mənbəyini və mötəbərliyini araşdırmadan qəbul etmiş, sübutlar sırasına daxil etmiş, onlara qiymət vermiş və nəticədə səhv qətnamə çıxarmışdır. Məhkəmə iddiaçının işdən çıxma ərizəsini etibarsız hesab edərək nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsində işçi tərəfindən işdənçıxma barədə ərizənin etibarsız hesab edilməsini nəzərdə tutan xüsusi qayda nəzərdə tutulmuşdur, belə ki, həmin normaya görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər, bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçı 2024-cü ilin iyun ayında işdənçıxma barədə eyni məzmunlu ərizəni cavabdeh quruma təqdim etmiş, daha sonra isə əmr verilənə qədər həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş və nəticədə onun işdənçıxma barədə ərizəsi işəgötürən tərəfindən etibarsız hesab edilmiş və hüquqi nəticə yaratmamışdır. Məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) ərizə ünvanlamasını birtərəfli iradə bəyanı kimi qəbul edərək, belə bir növbəti səhv nəticəyə gəlmişdir ki, qanunla müəyyən edilmiş müddətdə mübahisələndirdiyi üçün ərizə etibarsız hala gəlmiş, onun hüquqi nəticələri aradan qalxmışdır və belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddiaçının tutduğu vəzifəyə bərpa olunması barədə səhv və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsinin 6-ci bəndində satınalma ilə bağlı qanunvericiliyin pozulmasını qeyd etsə də, konkret hansı halın pozulmasını qeyd etməmişdir. 2024-cü ilin yanvar ayının 1-dən etibarən AYBDNX portalda yenilik edilib, bütün yazışmalar, sorğular, keçirilən satınalma (tender, kotirovka) prosedurlar nəzarət altında keçirilir, tam şəffaf keçirilir və hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. İddia ərizəsinin 12-ci bəndində Observatoriyanın baş mütəxəssisi V.İsayev tərəfindən ona ünvanlanan e-mail barədə qeydi tamamilə əsassızdır, belə ki, əlavə edilmiş sübutlardan da aydın görünür ki, xx.xx.2025-ci il tarixində göndərilmiş e-maildə siyahıda İddiaçı e-mail də var, sadəcə olaraq texniki səhv olub “G” hərifi yerinə e-mail “q” hərfi qeyd edildiyindən email yenidən İddiaçı ayrıca göndərilmişdir. İddiaçı həm iddia ərizəsində, həm də xx.xx.2025-ci il tarixli iclasda (protokolda qeyd edilib) işdən çıxma ərizəni özü yazmadığını və həmin ərizə ilə ilk dəfə işdən çıxma ilə bağlı əmr verilən zaman məlumatı olduğunu bildirirək, həqiqətə uyğun olmayan ifadə vermişdir. Belə ki, 30 aprel 2025-ci il tarixində məhkəmə baxış iclası zamanı təqdim edilən SDAS çıxarışı barədə sübutla bağlı cavabdehin vəkili tərəfindən onu necə əldə etməsi ilə bağlı sual ünvanlanmış, iddiaçı da cavabında dostları vasitəsi ilə əldə etdiyini bildirmiş və bundan sonra Observatoriyada bu halla bağlı araşdırma aparılan zaman məlum olmuşdur ki, İddiaçı 28, 29 və 30 oktyabr tarixlərində SDAS-da baxış keçirilmiş və həmin ərizə haqqında məlumatı olmuşdur. Məhkəmə baxış iclası zamanı təqdim edilən sübutla bağlı cavabdehin mövqeyini öyrənməmiş, yalnız qarşı tərəfin təqdim etdiyi sübütlara əsasən qərar qəbul etmişdir. İddiaçı 24 aprel 2025-ci il tarixli iclasda bildirmişdir ki, (protokolda qeyd edilib) Nazirliyin bir necə əməkdaşı xidməti otağına daxil olub işdən çıxma barədə ərizə verilməsini istəmişlər. Lakin bu halın baş verməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

19. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 25. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 28. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. 295.1-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasında tam və ya qismən bir ay müddətindək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər. 295.4-cü maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. 295.5-ci maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

25. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası və fərdi əmək mübahisəsinin həlli məqsədilə Əmək Məcəlləsinin 295ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkbaşına tətil elan edilmiş və bu hal işəgötürənə məlum olmuşdur. Cavabdeh bu halı mübahisələndirmir və iddiaçı ilə əmək müqaviləsinə onun tətil etdiyi dövrdə xitam verildiyini qəbul edir. Cavabdehin mübahisələndirdiyi və apellyasiya şikayətinin də əsas dəlili olan hal əmək müqaviləsinə tətil dövründə xitam verilmiş olsa da, bu barədə ərizənin iddiaçının özü tərəfindən könüllü verilməsi və ərizədə əmək müqaviləsinə konkret tarix göstərilməklə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilməsi barədə qeydin olmasıdır.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və qeyd edir ki, əvvəla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin onun iradə ifadəsi olmasını qəbul etmir və bu, onun təkcə ərizənin yazıldığı xx.xx.2024-cü il tarixdə deyil, ondan bir gün əvvəl - xx.xx.2024-cü ildə saat 17:04 və saat 17:23 radələrində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına etdiyi müraciətlərlə də təsdiq olunur. Belə müraciətlərin həqiqətən edilməsi adı çəkilən orqanların müvafiq olaraq xx.xx.2025-ci il tarixli, 3-45/2-Ə-938-41-782/2025 saylı və xx.xx.2025-ci il tarixli, 2-5/2-12317/2025 saylı məktubları ilə də təsdiq olunur.

27. Qeyd olunan məktubların məzmunundan aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə həmin orqanların çağrı mərkəzinə müraciət edərək əmək hüquqlarının pozulduğunu, ona öz xahişi ilə işdən çıxması üçün işəgötürən tərəfindən təzyiqlər olduğunu, dəfələrlə ərizə yazmaq üçün çağırıldığını, hazırda da təzyiqlərin davam etdiyini və s. bildirmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, hələ ərizə yazılmamışdan ona təzyiqlər olunduğunu bildirən bir şəxsin öz xoşu ilə, könüllü şəkildə ərizə yazması və ərizədə xəbərdarlıq müddəti gözlənilmədən ertəsi gündən işdən azad olunmasını xahiş etməsi inandırıcı deyil və işin həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş halları ilə təkzib olunur.

29. Digər tərəfdən, hazırkı mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı da iddiaçının istinad etdiyi halların (təzyiq, hədə-qorxu, məcburiyyət təsirinin mövcudluğu) həqiqətən də baş verdiyini bir daha təsdiq edir. İşdən göründüyü kimi, xx.xx.2024-cü il tarixdə də iddiaçı tərəfindən oxşar məzmunlu ərizə yazılaraq təxirəsalınmadan işdən çıxarılması xahiş edilmiş, lakin o, həm işəgötürənə, həm də Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə və X4 müraciət edərək ondan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbi pozulmaqla işdən çıxma barədə ərizə alındığını bildirmiş və həmin ərizənin qeyri-qanuni üsullarla, sərbəst iradə ifadəsinə zidd olaraq alındığından etibarsız hesab olunmasını xahiş etmişdir. İşəgötürən həmin vaxt onun bu ərizəsini nəzərə almışdır. Göstərilən hallar iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulduğunu, onun işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi ilə deyil, məcburiyyət təsiri altında yazdığını bir daha təsdiq edir. Halbuki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxmaq haqqında ərizənin verilməsi onun öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmuş olsun. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunla qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadə etməsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəldilməlidir.

30. Əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilməsi məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi məhz hansı hallarda ərizədə göstərilən gün işçi ilə əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Hazırkı işdə iddiaçı ilə bağlı belə halların mövcudluğu müəyyən edilmədi.

31. Apellyasiya şikayətinin başqa bir dəlili hazırkı mübahisəyə Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı normalarının tətbiqinin yanlış olması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, işdən çıxmaq barədə ərizə də birtərəfli iradə ifadəsini özündə əks etdirən əqddir və bu baxımdan hazırkı münahisəyə bu hissədə Mülki Məcəllənin normalarının tətbiqində hər hansı yanlışlıq yoxdur.

32. Mülki Məcəllənin yuxarıda sadalanan normalarının mənasına görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Məhkəmənin qənaətinə görə iddiaçı vəzifəsindən azad edilməsi barədə ərizəni məcburiyyət təsiri nəticəsində vermişdir. İddiaçı həmin ərizənin onun iradə ifadəsini əks etdirmədiyini bildirməklə onu mübahisələndirdiyinə görə ərizə etibarsız hala gəlmiş, başqa sözlə onun hüquqi nəticəsi aradan qalxmışdır. Belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianın əsasında duran faktiki hallarla bağlı sübutlara və cavabdehin dəlillərinə qanunvericilyə uyğun şəkildə düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticəni düzgün əsaslandırmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, formal mülahizə xarakteri daşıyan həmin dəlillər MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 30 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar