Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4517/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş borcun geri qaytarılması” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC -yə qarşı «artıq ödənilmiş borcun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən Cavabdeh ASC-nin Bərdə filialına artıq ödədiyi 3000 manat pulun ona qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup Qarabağ müharibəsi əlilidir, gözləri görmür. Onun ailə tərkibi 4 nəfərdən ibarətdir. O, Cavabdeh ASC-nin Bərdə filialından kredit götürmüş, həmin kredit üzrə borcuunu hissə-hissə pensiyasından ödəmişdir. Lakin sonradan onunla Dövlət Sosial Müdafiə Fondu arasında problem olmuş və ödənişlərində gecikmələri olmuşdur. Bundan sonra Bərdə rayon məhkəməsinin Əmri ilə ondan 3005,12 manat borc və 30 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Lakin o, məhkəmə əmrində göstərilən 3005,12 manatdan əlavə 3000 manat artıq pul ödəmişdir. Odur ki, həmin artıq ödədiyi pulun özünə qaytarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh ASC-nin Bərdə filialına artıq ödədiyi 3000 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(006)-893/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh ASC-nin Bərdə filialı arasında bağlanmış 06.02.2014-cü il tarixli, 137GTUM140370010 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən İddiaçı illik 24 faiz (faktiki illik faiz dərəcəsi 29,5 faiz) ödəmək şərtilə 2400 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafiki üzrə ödənişlər gecikdirildikdə kredit qrafiki üzrə 10 gündən sonra gecikən əsas borca gündəlik 0,3 faiz cərimə hesablanır; 06.02.2014-cü il tarixli 137GTUM140370010 kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı aylıq ödəniş 94,19 AZN müəyyən edilməklə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2400 AZN kredit məbləği verilmişdir; 06.02.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı 2400,00 manat məbləğində ödəniş edilmişdir; Bərdə Rayon Məhkəməsinin 19.02.2015-ci il tarixli əmrindən görünür ki, Borclu İddiaçı 2354,84 manat əsas kredit borcu, 650,28 manat faiz borcu, cəmi 3005,12 manat borc və ödənilmiş 20 manat dövlət rüsumun alınaraq kreditor Cavabdeh ASC-nin hesabına keçirilməsi əmr edilmişdir; Cavabdeh ASC-nin 17.08.2018-ci il tarixli ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı 6768******3910 nömrəli kartına 01.01.2015-17.08.2018-ci il müddət ərzində 4294,61 AZN məxaric, 4366 AZN isə mədaxil olunmuşdur; İddiaçı ilə Cavabdeh ASC-nin “28 May” filialı arasında bağlanmış 18.07.2019-cu il tarixli, PFRK0285313A112 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən İddiaçı 60 ay (1 il güzəşt müddəti ilə) müddətinə illik 1% dərəcəsi ilə, 1690.30 manat güzəştli kredit verilmişdir. Kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; 18.07.2019-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə 1690,3 manat məbləğində pul hesaba mədaxil edilmişdir; İddiaçı 18.07.2019-cu tarixli razılıq ərizəsindən görünür ki, o, 18.07.2019-cu il tarixli, PFRK0285313A112 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir; 30.10.2019-cu il tarixli müqavilə üzrə çıxarışdan görünür ki, İddiaçı 18.07.2019-cu il tarixdə 60 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə 1690,3 AZN kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin15.05.2020-ci il tarixli 9/99 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” İddiaçı tərəfindən Cavabdeh ASC-dən alınmış kredit vəsaiti üzrə 18.07.2019-cu il tarixə (resturukturizasiya olunan tarixə) banka ödənilməli olan borcu ümumilikdə 2.273,22 manat (əsas borc üzrə 1690,302 manat, faiz borcu üzrə 582,92 manat) məbləğində müəyyən edilir. Beləliklə işin mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ASC-nin Bərdə filialı arasında bağlanmış 06.02.2014-cü il tarixli, 137GTUM140370010 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 24 faiz (faktiki illik faiz dərəcəsi 29,5 faiz) ödəmək şərtilə 2400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə uyğun şəkildə ödənişləri həyata keçirə bilməyən iddiaçının borcu daha sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, nəticədə ona 39.25 faiz dərəcəsi ilə hesablanmış faiz borcu bank tərəfindən silinmişdir. İddiaçının 1690 manat təşkil edən əsas borcu isə 18.07.2019-cu il tarixində restrukturizasiya edilmiş, onunla güzəştli şərtlərlə kredit müqaviləsi bağlanmış, kredit xətti ayrılmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh ASC-nin “28 May” filialı arasında bağlanmış 18.07.2019-cu il tarixli, PFRK0285313A112 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı 60 ay (1 il güzəşt müddəti ilə) müddətinə illik 1% dərəcəsi ilə, 1690.30 manat güzəştli kredit verilmişdir. İddiaçı eyni tarixli razılıq ərizəsinə əsasən onun 18.07.2019-cu il tarixli, PFRK0285313A112 saylı kredit müqaviləsinin şərtləri əsasında qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyi müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Bərdə filialına artıq ödənilmiş 3000 (üç min) manat borcun İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin mahiyyətindən və işin hallarından görünür ki, hazırkı işdə iddianın qanuni əsasını əsassız varlanma ilə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilən maddənin dispozisiya şərtlərinə görə şəxsin əsassız varlanması yalnız o halda baş verir ki, həmin şəxs digər şəxsin hesabına əmlak əldə etmiş olsun və bunun üçün qanuni əsas və ya müqavilə əsası mövcud olmasın. Lakin hazırkı işin hallarından müəyyən edilir ki, tərəflər arasında 06.02.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi mövcud olmuş, iddiaçı tərəfindən banka edilmiş ödənişlər də həmin müqavilənin şərtlərinə uyğun şəkildə aparılmışdır. İşin araşdırılan hallarına əsasən bu nəticəyə gəlmək olur ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal, yəni cavabdehin onun hesabına 3000 manat məbəlğində əsassız varlanması halı mövcud olmamış və onun həmin məbləğdə pulun cavabdehdən tutularaq ona qaytarılmasına dair iddiası əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2(006)-893/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4517/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4517/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver