Məhkəmə qərarları › İş №2(103)-4518/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4518/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4518/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı “borc tələbi”nə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3063/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 30 M ünvanda yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini sözügedən mənzilin cavabdehin yeganə yaşayış yeri olmasının nəzərə alınmadığı arqumenti ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 04 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmeti kifayət qədər böyük məbləğ təşkil edən pul tələbindən ibarətdir, yəni, iddianın mümkün təmin edilməsi halında cavabdeh iddiaçıya pul ödəməli olacaqdır. Buna görə də kollegiya hesab edir ki, mübahisələndirilən qərardad qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, üzərinə həbs qoyulmuş mənzilin cavabdehin yeganə yaşayış yeri olduğuna dair irəli sürülən arqument də qərardadın ləğvi üçün əsas təşkil edə bilməz. Çünki hazırki qərardadın məqsədi gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdır. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3063/2020 saylı iş üzrə 13 oktaybr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elmira Nağıyeva Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar