Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4518/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-200/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əşyaların istifadəyə yararlı vəziyyətdə qaytarılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində adları qeyd olunan: 1 ədəd yataq dəsti (qəhvəyi rəngdə) – 12000 manat; 2 ədəd uşaq otağı üçün yataq dəsti – 9000 manat; Pastel-pakrıval dəstləri – 3000 manat; 3 ədəd xalça – 850 manat; 3 ədəd LG markalı kondisioner 1800 manat; 12 şamdanlı bir ədəd billur çılçıraq – 800 manat; 2 ədəd çılçıraq – 500 manat; 2 ədəd DVD – 400 manat; 1 ədəd böyük ekran LG televizor – 900 manat; 2 ədəd LG markalı televizor – 1000 manat; Samsung markalı soyuducu – 3500 manat; Kondisioner LG (ağ rəngdə) – 1300 manat; Yaşıl rəngdə künc divan – 500 manat; Yemək masası – 100 manat; 6 ədəd stul – 300 manat; 1 ədəd çılçıraq – 300 manat; Qızılı rəngdə jalüz – 300 manat; Qabyuyan maşın BOSCH – 1100 manat; Samsunq markalı paltaryuyan maşın – 1000 manat; Tefal markalı tozsoran – 900 manat; Tefal markalı ütü – 250 manat; BOSCH markalı ətçəkən maşın – 300 manat; Qəhvəyi rəngdə mətbəx mebeli – 2000 manat; Televizor – 500 manat; Mətbəx əşyaları – 2800 manat; Ev telefonu samsunq markalı – 100 manat; Təbii ağacdan hazırlanmış qızılı metalla işlənmiş açıq qəhvəyi rəngdə mebel dəsti (tərkibinə daxildir-1 ədəd böyük yemək masası; 12 ədəd stul; 2 əlavə kreslo tərzdə stul; 4 ədəd kreslo; 1 ədəd divan; 4 ədəd kreslonun yazı masası; 1 ədəd divan; Divan qarşısında masa; 2 ədəd künc servantı; 1 ədəd böyük servant; Böyük güzgülü termo tipli şkaf; Televizor altlığı və çəkməli şkaf - 68000 manat; Xalça 7x5 – 3000 manat; Xalça 3x5 1500 manat; 4 ədəd qədimi Qarabağ xalçası-80.000 manat; 1 ədəd musiqi mərkəzi – 500 manat; 1 ədəd LG markalı böyük televizor – 1200 manat; 1 ədəd LG markalı kondisioner – 1900 manat; 1 ədəd DVD - 200 manat; 1 ədəd ev telefonu – 100 manat; Qiymətli suvenirlər – 3000 manat; Çexoslovakiya ölkəsi istehsalı olan Tom firması məhsulu olan büllur qablar, meduz və bogema firmasına aid qiymətli vazalar, servizlər – 6000 manat; 2 ədəd təbii xəz-dəri olan qadın şubası – 10000 manat; 2 ədəd kurtka, 6 ədəd kişi kostyumu, çanta, paltarlar, ətirlər – 2600 manat dəyərində olan əşyaların istifadəyə yararlı vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əşyalar istifadəyə yararlı vəziyyətdə iddiaçıya verilmədikdə onların dəyərinin cavabdeh "xxxx" KB ASC-dən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş ikinci iş üzrə iddiaçı "xxxx" ASC birləşdirilmiş ikinci iş üzrə cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı "xxxx" ASCnin xeyrinə 34000 manat məbləğində maddi ziyanın tutulması, Sabunçu rayon İcra şöbəsi tərəfindən saxlanılması üçün "xxxx" ASC-yə təhvil verilmiş İddiaçı məxsus əşyaların "xxxx" ASC-dən götürülərək mülkiyyətçi İddiaçı təhvil verilməsi və iddia ərizəsinin verilməsinə görə 192 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(047)-1144/2024 nömrəli qəraradı ilə e-2(047)-1144/2024 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2501/2024 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-200/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərardadları ilə birləşdirilmiş ikinci iş üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı iddia ərizəsinin “əşyaların götürülərək cavabdehə təhvil verilməsi” hissəsi baxılmamış saxlanılmış; iddia ərizəsinin qalan “maddi ziyanın ödənilməsi” tələbləri üzrə isə icraata xitam verilmişdir. Birləşdirilmiş ikinci iş üzrə iddiaçı "xxxx" ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “icraata xitam verilməsi barədə” e-2(006)-200/2025 nömrəli, 03iyun 2025-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərir ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə qərarını əsaslandırmaq üçün “İcra haqqında” qanunun müəyyən maddələrinə istinad etmiş, lakin nəzərə almamışdır ki, iddiaçı ona vurulmuş maddi ziyanı tələb edir. Maddi ziyanın ödənilməsinə dair tələblərə isə iddia icraatı qaydasında baxılır. İşin hallarından da göründüyü kimi, cavabdeh İddiaçı 2018-ci ildən bəri əşyaları bankdan götürməyərək banka maddi ziyan vurmuşdur. Üstəlik İddiaçı banka qarşı iddia qaldıraraq həmin əşyaları şişirdilmiş qiyməti ilə bankdan tələb edir. Odur ki, işlər arasında qarşılıqlı əlaqə də olduğundan bankın hazırkı tələbinə iddia icraatı qaydasında bir iş çərçivəsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-200/2025 saylı, 21 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərib ki, şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, əsassızdır. Belə ki, ilk öncə şikayətdə məhkəmənin “İcra haqqında” Qanuna istinad etməsinin düzgün olmadığını mübahisələndirən bank nəzərə almamışdır ki, özü də iddia ərizəsində həmin Qanunun müvafiq normalarına istinad etmişdir. Ən əsası qeyd edilməlidir ki, tərəflər arasındakı mübahisə ilə əlaqədar toplanmış sübutların araşdırılması nəticəsində müəyyən edilir ki, hazırda maddi ziyan kimi tələb edilən pul məbləği bankın iddia etdiyi kimi hər hansı deliktdən deyil, tərəflər arasında olmuş digər məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktının icrası çərçivəsində borclunun əmlakının həmin iş üzrə tələbkar olan banka təhvil verilməsi nəticəsində bankın həmin əmlakı saxlamasından yaranan xərclərdir. Bununla əlaqədar mübahisələndirilən qərardadda da izah edilməsinə baxmayaraq, istinad olunan qanunun tələbinə görə bank icra məmurunun qəbul etməli olduğu qərar əsasında daha çevik yolla əldə edə biləcəyi pul məbləği ilə bağlı məhkəməyə məlum olmayan hansısa əsasa görə qətnamə qəbul edilməsini tələb edərək, öz tələbinin məhz daha uzun yolla həll olunmasını istəyir. Halbuki, bu məsələ icra icraatı çərçivəsində həll olunmalı, icra məmurunun qərarı və ya hərəkətsizliyi narazılıq doğurduğu təqdirdə isə, “8” indeksi ilə verilmiş ərizə (və ya şikayət) əsasında məhkəmə tərəfindən həll edilməlidir. Heç bir halda bu tələbə iddia icraatı çərçivəsində baxılması düzgün və prosessual qənaət prinsipinə müvafiq hesab oluna bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-2(102)-634/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının 18-ci bəndində qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 52.1-ci maddəsinə əsasən, borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən, saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. Həmin Qanunun 72.6-cı maddəsinə əsasən, icra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2, 79.2.1, 79.2.5-ci maddələrinə əsasən, borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına, icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən, icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən, tərəflər bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki bank qərardadın qanunsuz və əsassız olduğunu qeyd etsə də, qanunsuzluğun nədən ibarət olduğunu, əsassızlığın isə nədə ifadə olunduğunu açıqlamayıb. Əksinə birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun “müəyyən maddələrinə” ona görə istinad edib ki, məhz həmin normaların imperativ tələbinə görə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına, icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir(İHQ.m.79.2, 79.2.1, 79.2.5). İcra hərəkətləri ilə bağlı xərclərin tutulması isə məhkəmənin deyil, icra məmurunun qərarına əsasən həyata keçirilir(İHQ.m.81.4). Bank maddi ziyan tələb edə bilər. Lakin işin mübahisəsiz halıdır ki, bankın maddi ziyan adlandırdığı bu tələbi icra sənədinin icrası ilə əlaqədar icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə, yəni borclunun əmlakının saxlanmasına dair xərclərə aiddir. Çünki iddia ərizəsində də icra sənədinin icrası ilə əlaqədar borclunun əşyalarını saxladığına görə maddi ziyana məruz qaldığını göstərib. Demək ki, bank yalnız icra sənədinin icrası ilə əlaqədar icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcləri tələb edir. Qarşı tərəfin banka qarşı iddia qaldırıb həmin əşyaları bankdan tələb etməsi və bu işlər arasında qarşılıqlı əlaqənin olması o demək deyil ki, iddia icraatı qaydasında baxılmalı olmayan bir tələbə mütləq bir icraatda, yəni iddia icraatında baxılmalıdır yaxud baxıla bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-200/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-200/2025 saylı, 03 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4518/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4518/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver