Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4520/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi” barədə ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-172/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnamədən ilk iddia üzrə İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi” barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, 560.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh1 MMC İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-172/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək, İddiaçı və cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən müqavilə imzalanarkən İddiaçı həmin müqaviləni imzalamağa iradə ifadəsi olmamışdır. Halbuki İddiaçı həmin müqaviləni imzalayarkən iradə ifadəsini bildirmişdir. Cavabdeh2 istintaq zamanı ona pulların iddiaçının oğlu Zaur Quliyev tərəfindən iddiaçının adından verildiyini bildirmiş və bu halı mübahisələndirməmişdir. Buna baxmayaraq məhkəmə İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsinə gəlmişdir. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, iddiaçının verdiyini iddia etdiyi pullar MMC-nin bank hesabına daxil olmadığı üçün həmin pullar geri də tələb oluna bilməz. Halbuki istintaqda verilən ifadələrdə iddiaçı, oğlu və Cavabdeh2 pulların verilməsini etiraf etmişlər. Bundan başqa məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı barədə iddia qaldırmaq üçün iddia müddəti ötürülməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, MMC və digər cavabdehlər sözügedən müqavilənin mövcudluğundan istintaqda da verdikləri ifadələrə əsasən elə müqavilənin bağlandığı zaman məlumatlı olmuşlar. Məhkəmə müqavilənin etibarsız hesab edilməsini qətnamədə heç nə ilə əsaslandırmamış və bunun səbəbləri qətnamədə qeyd olunmamışdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iştirakını təmin etməmişdir. İşdə iştirak edən ilk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Kənan Əliyev hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən hazırki işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən ilk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Kənan Əliyev apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti ilk iddia üzrə iddiaçı tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır. İş üzrə tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən sərmayə sərmayəçi (İddiaçı) tərəfindən xx.xx.2016-cı il tarixində tam olaraq 240.000 ABŞ dolları məbləğində ödənilmişdir. Müqaviləyə görə sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə MMC-yə verilmiş, həmin məbləğ MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq MMC hər ayın 20-si tarixinədək İddiaçı 8.000 ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə İddiaçı tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalıdır. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmış və daha sonra avtomatik olaraq bildiriş verilən günədək uzadılmışdır. Müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından müqaviləyə İddiaçı tərəfindən birtərəfli qaydada xitam verilir. Bu səbəbdən İddiaçı müqavilə üzrə qoyulmuş 240.000 ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bildiriş verilən günədək ödənilməmiş ümumilikdə 320.000 ABŞ dolları məbləğində gəlirin, cəmi 560.000 ABŞ dolları məbləğində pulun 5 iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş Zaur Quliyev ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 ilə dostluq münasibətlərində olmuşdur. Cavabdeh2 ona bildirmişdir ki, işlərini qaydaya qoymaq üçün şərik axtarır. Ona görə də tanışı olan Natiq Sadıxov ilə Cavabdeh2 görüşdürmüş və onlar bu barədə danışaraq razılığa gəlmişlər. Görüş zamanı Cavabdeh2 MMC-nin təsisçisinin anası Cavabdeh3 olduğunu, anasının xəstə olması səbəbindən işləri özünün apardığını, biznesi genişləndirmək üçün əlavə sərmayəyə ehtiyacı olduğunu bildirmişdir. Razılığa əsasən Natiq Sadıxov qayınanası olan X2 məxsus mənzili 100.000 ABŞ dolları məbləğində dəyərləndirərək Cavabdeh2 təklif etmiş, o, isə bununla razılaşaraq mənzili götürmüşdür. Müqavilə hazırlanmış, Cavabdeh3 imzalaması üçün müqavilə Cavabdeh2 verilmişdir. Samir müqaviləni imzaladaraq gətirib ona MMC-nin ofisində olmasa da, Bakı şəhərində razılaşdıqları qaydada və yerdə təqdim etmişdir. Mənzil Əminə Xanizadənin adına olduğu üçün müqavilə də onunla bağlanmışdır. Natiq tərəfindən verilmiş 20.000 ABŞ dolları məbləğində pulu özü şəxsən Cavabdeh2 vermişdir. İddia tələbində göstərilən məbləğdən hissəhissə 61.000 ABŞ dolları qazanc kimi Cavabdeh2 almışdır. Həmin 61.000 ABŞ dolları qazanc məbləğini Samirdən alan zaman verilən bu məbləğlərin hansı müqaviləyə görə və nə qədər qaytarılması barədə aralarında razılaşma olmadan ümumi olaraq pul məbləği Samir tərəfindən ona verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, müqavilə cavabdeh MMC-nin təsisçisi tərəfindən imzalanmış, müqavilədə göstərilən məbləğ MMC-nin hesabına köçürülməmiş və MMC-nin səlahiyyətli şəxsləri belə müqavilənin bağlanmasından məlumatlı olmamışdır. Digər tərəfdən İddiaçı belə müqaviləni imzalamağa iradə ifadəsi olmadığı üçün həmin müqavilə üzrə onun iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququ da olmamışdır. Həmçinin məhkəmə qarşılıqlı iddia üzrə iddia müddətinin ötürülməməsinə əsaslanmış və bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə tələbi əsaslı hesab etmişdir. Odur ki, məhkəmə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hazırki iş üzrə ilk iddiaya münasibət bildirməmişdən əvvəl məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə “müqavilənin etibarsızlığı” barədə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə ki, ilk iddianın təmin edilib- edilməməsi məsələsinin mümkünlüyü qarşılıqlı iddia tələbinin predmeti olan müqavilənin etibarlılığına qiymət verilməsindən birbaşa asılıdır. Yuxarıda da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh MMC müqavilənin etibarsız hesab edilməsi barədə iddia üzrə iddia müddətini ötürməmişdir. Belə ki, Yasamal RPİ-nin İŞ-nin qərarının surətindən də görünür ki, MMC-nin səlahiyyətli şəxsləri yalnız Yasamal RPİ-yə şikayət ediləndən sonra bu müqavilədən xəbərdar olmuşdur. Həmin qərarın tarixi isə xx.xx.2019-cu ildir. Digər tərəfdən bağlanmış müqavilə əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “müqavilənin etibarsızlığı” barədə qarşılıqlı iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, Cavabdeh3 təsisçisi olduğu cavabdeh MMC faktiki olaraq iş üzrə digər Cavabdeh2 tərəfindən yaradılmış, MMC-nin fəaliyyətini o həyata keçirmiş, hazırki iş üzrə ilk iddianın əsasını təşkil edən xx.xx.2016-cı il tarixli müqavilə üzrə alınmış borc pul onun tərəfindən MMC-nin fəaliyyətinə sərf edilmiş, MMC-nin möhürü də daima onda olmuşdur. Rəsmi sənədlərdə Lalə Kərimovanın MMC-nin qanuni təmsilçisi kimi göstərilməsi formal xarakter daşımışdır. Qeyd olunan hallar işdə olan Yasamal Rayon Polis İdarəsinin “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarında verilən ifadələr, o cümlədən Cavabdeh2 və mübahisələndirilən müqaviləni Cavabdeh1 MMC-nin adından imzalayan Cavabdeh3 ifadələri ilə təsdiq olunur. İşdə olan Yasamal Rayon Polis İdarəsinin “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Cavabdeh2 izahatında qeyd etmişdir ki, .... xx.xx.2016-cı il tarixli müqaviləni MMC-nin təsisiçisi olan anası Cavabdeh3 və Zaur Quliyevin anası İddiaçı arasında imzalatdırmışdır. Nağd pulların təhvil-təsliminə aid bütün danışıq və prosesləri bilavasitə Zaur Quliyevin özü ilə apararaq icra etmiş, lakin o, həmin pulların verildiyi ərəfədə bu barədə hər hansı bir yazışma aparmadığını tələb edib və buna görə də, o, formal olsa da belə təklif etmişdir ki, öz aralarında həmin pullara aid müqavilə bağlasınlar. Belə ki, Zaur Quliyevin verdiyi pulları o, yalnız MMC-nin fəaliyyətinin və göstərdiyi xidmətlərin genişləndirilməsi məqsədi ilə götürüb məqsədyönlü olaraq bu istiqamətdə sərmayə kimi sərf etdiyindən həmin müqavilə də məhz MMCnin adından tərtib edilmişdir. Göründüyü kimi, cavabdeh MMC-nin təsisçisi Cavabdeh3 və MMC-nin faktiki olaraq yaradıcısı və fəaliyyəti ilə məşğul olan Cavabdeh2 hazırda etibarlılığı mübahisələndirilən xx.xx.2016-cı il tarixli müqavilənin mövcudluğundan, müqavilənin hansı məqsəd ilə bağlanmasından bütün bu illər ərzində məlumatlı olsa da, onun mübahisələndirilməsi üçün MMC hazırki vaxtda iddia verməsi ilə qanunvericiliklə müəyyən edilmiş bir illik müddəti ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə “iddia müddətinin tətbiqi” barədə ərizə verilmişdir. Həmin ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir. Yəni, onların tətbiqi üçün cavabdehin müddətin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh MMC tərəfindən əqdin etibarsızlığı ilə bağlı müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Lakin bütün bunlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Ona görə də qətnamə “qarşılıqlı iddianın təmin edilməsi” ilə bağlı hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. İlk iddiaya münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə verilmiş 240000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən ona qaytarılmadığna istinad edərək həmin pulun və buna görə ona aylıq ödənilməli olan gəlirlərin qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi rədd edilmiş və bu zaman istinad edilən əsaslarından biri iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı olmuşdur. Bu barədə qeyd olunmalıdır ki, işdə olan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilmişdi ki, X6 (hazırki iş üzrə iddiaçının oğlu) Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2016-cı ilin fevral-mart aylarında şərikli iş qurmaq üçün müxtəlif vaxtlarda Cavabdeh2 adlı şəxsə verdiyi 260.000 ABŞ dolları məbləğində pulunun sonuncu tərəfindən mənimsənildiyini bildirmişdir. Zaur Quliyevin həmin ərizəsi əsasında polis orqanında araşdırma aparılmış və bu zaman iş üzrə Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, MMC onun tərəfindən yaradılmış, lakin X5 adına rəsmilləşdirmişdir. Daha sonra 2008-ci ildə isə MMC-ni anası Cavabdeh3 adına keçirmişdir. MMCnin direktoru isə X3 təyin edilmişdir. Rəsmi sənədlərə əsasən onun həmin MMC ilə hüquqi bağlılığı yoxdur. ........Zaur Quliyev 240.000 ABŞ dollarına aid olan müqaviləni onun anası İddiaçı adından tərtib olunmasını xahiş etmişdir. X10 özünü prosesdən kənarda qoymamaq şərti ilə ondan həmin müqavilədə onun anasının təmsilçisi kimi öz adını da qeyd etdirməyi xahiş etmişdir. Buna görə də, müqavilə Zaur Quliyevin anası İddiaçı və onun anası Cavabdeh3 arasında bağlansa da, həmin müqavilənin 3.8-ci bəndində qeyd olunmuşdur ki, borc verənin səhhəti ilə bağlı xoşagəlməz hadisə baş verildiyi halda pul vəsaiti Zaur Quliyevə ödənilməldir. Müqavilədə 240.000 ABŞ dolları məbləğində pulun verilməsi müqabilində hər növbəti ayın 20-i tarixinədək 8.000 ABŞ dolları məbləğində ödəniş edilməli olması barədə şərt qeyd olunmuşdur. Lakin bu şərt Zaur Quliyev ilə onun şifahi razılaşmasına əsasən aralarında olan etibar və inama əsasən müqaviləyə salınmışdır. X9 müqavilə bağlandığı anadək 260.000 ABŞ dollarını tam həcmdə verməmişdir. X8 2015-ci ilin dekabr ayından deyil, məhz 2016-cı ilin fevral ayından başlayaraq həmin ilin noyabr ayınadək ona pul vermişdir. Belə ki, 2016-cı ilin fevral ayının 17-dək Zaur Quliyev ona birdəfəyə olmaqla xx.xx.2016-cı il tarixində cəmi 40.000 ABŞ dolları miqdarında pulu anası İddiaçı yaşadığı ünvanda vermişdir. Ancaq aralarında olan şifahi razılığa əsasən Zaur Quliyev məhz 240.000 ABŞ dolları miqdarında pulu yaxın 2-3 ay ərzində ona verəcəyini öz öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixində müqaviləni tərtib edərkən güya həmin məbləğdə pulun əvvəlcədən tam ödənildiyini qeyd etmişdir. ...Zaur Quliyevin anası 240.000 ABŞ dolları məbləğində müqaviləni formal olaraq imzalamışdır. ...Zaur Quliyev ona 2016-cı ilin mart ayından başlayaraq 2018-ci ilin iyul ayının 15-dək ona hissə-hissə olmaqla ümumilikdə 226.000 ABŞ dolları məbləğində pulu vermişdir. Göründüyü kimi, Cavabdeh2 ona pulların iddiaçının adından oğlu Zaur Quliyev tərəfindən verildiyini mübahisələndirməmişdir. Belə olan halda İddiaçı oğlu Zaur vasitəsilə cavabdehə verdiyi pul məbləğlərini tələb etməkdə subyektiv hüququ vardır. O ki qaldı ilk iddianın əsaslılığına, bu barədə qeyd olunmalıdır ki, iş üzrə İddiaçı və cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləni MMC-nin adından onun təsisçisi, iş üzrə Cavabdeh3 imzalamış və müqavilə MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarından müəyyən olunur ki, kommersiya qurumu olan cavabdeh MMC-nin qanuni təmsilçisi X1r. Belə olan halda cavabdeh MMC-nin adından qeyd edilən müqaviləni MMC-nin qanuni təmsilçisi (direktoru) X3 imzalamağa səlahiyyətli olsa da, sözügedən müqavilə onun tərəfindən deyil, MMC-nin təsisçisi Cavabdeh3 tərəfindən imzalanmışdır. Qeyd olunmalıdır ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin predmeti olan pul vəsaitinin verilməsi ilə bağlı olsa da, yuxarıda qeyd olunan hal, yəni, müqavilənin MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmaması MMC-nin xx.xx.2016-cı il tarixli müqavilə üzrə iddiaçı qarşısında mülki məsuliyyətini istisna edir. Odur ki, MMC-yə qarşı iddia tələbi rədd edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, xx.xx.2016-cı il tarixli müqavilə MMC-nin adından təsisçi olaraq Cavabdeh3 tərəfindən imzalansa da, onun bu iştirakı müqavilə üzrə fiziki şəxs kimi olmuşdur. Belə olan halda iddiaçı həmin müqaviləyə əsaslanaraq müqavilə öhdəliklərinin icrasını cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur. Belə ki, əvvəla qeyd olunmalıdır ki, xx.xx.2016-cı il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən sərmayə “sərmayəçi” tərəfindən xx.xx.2016-cı il tarixində tam olaraq 240000 ABŞ dolları məbləğində ödənilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, tərəflər 240000 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi barədə müddəanı müqaviləyə daxil etdiklərinə görə həmin pulun həqiqətən verilib-verilməməsi məsələsi müzakirə predmeti ola bilməz. Odur ki, iddiaçı tərəf müqavilədə qeyd olunan 240000 ABŞ dolları məbləğində pul vəsaitini verməsini sübutetmə vəzifəsindən azaddır. İkincisi, iddiaçı tərəfindən həqiqətən müqavilədə qeyd olunan məbləğin ödənilməsi faktı həmçinin işdə olan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilənlərlə də təsdiq olunur. Belə ki, həmin qərarda ifadəsi alınmış Cavabdeh2 iddiaçının oğlu Zaur Quliyev tərəfindən ona 2016-cı ilin mart ayından başlayaraq 2018-ci ilin iyul ayının 15-dək ona hissə-hissə olmaqla ümumilikdə 226.000 ABŞ dolları məbləğində pulun verildiyini etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh2 istintaqda ona iddiaçı tərəfindən verilmiş məbləğin 240000 ABŞ dolları deyil, 226000 ABŞ dolları olduğunu bildirmişdir. Bu faktın özü də onu deməyə əsas verir ki, iddiaçı tərəfindən həqiqətən pul məbləği verilmişdi. Lakin həmin məbləğin 226.000 ABŞ dolları olmasını Cavabdeh2 bildirsə də, müqavilənin 3.2-ci bəndində 240000 ABŞ dollarının göstərilməsi (tərəflərin bununla razılaşaraq müqaviləni imzalamaları) verilən məbləğin məhz 226.000 ABŞ dolları olduğunu sübutetmə vəzifəsini cavabdehin üzərinə qoyur. Buna baxmayaraq cavabdeh tərəf qeyd olunan halı sübuta yetirə bilməmiş və bu barədə hər hansı sənədi məhkəmə araşdırmaları zamanı təqdim edə bilməmişdir. İş üzrə tərəflər arasında mübahisə doğuran digər hal– verilmiş pulun qaytarılması ilə bağlıdır. İddiaçı iddia tələbində qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 240.000 ABŞ dolları təşkil edir. Cavabdeh2 isə Yasamal Rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, alınmış 226000 ABŞ dolları məbləğində pulu iki il ərzində Zaur Quliyevə hissə-hissə olmaqla ümumilikdə 226.825 ABŞ dolları miqdarında qaytarmışdır. Lakin Cavabdeh2 istintaqda verdiyi bu ifadəsi ilə bağlı hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, istintaq zamanı iddiaçı və onun oğlu Zaur Quliyev ifadə verərkən Cavabdeh2 tərəfindən 61.000 ABŞ dolları məbləğində pulun qaytarıldığını təsdiq etmişlər. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda, iddiaçı tərəfə qaytarılmayan borcun məbləği 179000 ABŞ dolları (240.000 - 61.000 = 179000) təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qarşısında birgə borclu kimi çıxış edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri vardır və bu öhdəlik onlar tərəfindən icra olunmalıdır. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (maddə 385.2). Mülki Məcəllənin 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər (maddə 386.2). Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər (386.3). Mülki Məcəllənin 387-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Mülki Məcəllənin 500-cü maddəsinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır (maddə 500.1). Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir (maddə 500.2). Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının iddiası 179.000 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bununla bağlı müzakirə olunan hissədə ilk iddia üzrə iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində ifadə olunmuş dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası ilk iddianın “320000 ABŞ dolları məbləğində gəlirin tutulması” bərədə olan hissəsi ilə bağlı qeyd edir ki, müqavilənin 3.3-cü bəndində qoyulmuş sərmayənin qarşılığında hər ay 8000 ABŞ dolları məbləğində ödəniş edilməsi nəzərdə tutulsa da, iddiaçı həmin ödənişin heç zaman edilmədiyini əsaslandıra bilməmişdir. Belə ki, istər iddiaçının iddia ərizəsi və apellyasiya şikayətində göstərdiklərinə, istərsə də, istintaq zamanı verilən ifadələrə əsasən müqavilənin 3.3-cü bəndində nəzərdə tutulan aylıq 8000 ABŞ dolları məbləğində ödənişin hansı müddət üçün edildiyi, hansı müddət üçün edilmədiyi, ümumiyyətlə belə ödənişin heç zaman edilmədiyini müəyyən etmək mümkün deyildir. Hətta istintaq zamanı iddiaçının, onun oğlu Zaur Quliyevin, həmçinin Cavabdeh2 verdiyi ifadələrdən görünür ki, iddiaçıya qaytarıldığı etiraf olunan 61000 ABŞ dolları məbləğində pulun bir qismi məhz həmin aylıq gəlirlə (aylıq 8000 ABŞ dolları ilə) bağlı olmuşdur, lakin həmin məbləğin məhz hansı hissəsinin həmin gəlirə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı isə öz növbəsində həmin gəlirin tələb etdiyi dövr üzrə, yəni müqavilə bağlandığı tarixdən iddia qaldırılan günədək ödənilməmiş qaldığını və ümumilikdə buna görə 320.000 ABŞ dolları məbləğində pulun ödənilməli olduğunu sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının 320000 ABŞ dolları məbləğində gəlirin tutulması barədə iddia tələbi iddiaçı tərəfindən sübutetmə vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı əsassızdır və təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, maddi hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması və iş üçün əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qətnamə qəbul edilmişdir ki, bu halların da mövcudluğu həmin qətnamənin ləğvi üçün əsas yaradır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-172/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 179.000 ABŞ dolları məbləğində pul (qətnamənin icra edildiyi tarixdə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-4520/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4520/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver