Məhkəmə qərarları › İş №2(103)-4523/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4523/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4523/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı2, Cavabdeh İddiaçı8 Nasir oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 №-li, 11.03.2021-ci il tarixli qərardadından verdiyi şikayət ərizəsinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla “müvafiq bölünmə balansının hazırlanıb Cavabdehnin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin (008)-2427/2014 saylı, 01 avqust 2014-cü il tarixli qərardadı ilə cavabdehlər İddiaçı5 və İddiaçı10 hüquqi varisi işə cəlb olunanadək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdehlər «xxxx» ASC, İddiaçı8 Nasir oğlu, İddiaçı7, İddiaçı3, İddiaçı6, İddiaçı11 ərizə ilə məhkəməyə müraciət edərək 2(008)-2427/2014 saylı, 01 avqust 2014-cü il tarixli qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 nömrəli, 11.03.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraatın təzələnməsi barədə cavabdehlərin ərizəsi təmin olunmamışdır. Qərardaddan narazı qalan cavabdehlər «xxxx» ASC, İddiaçı8 Nasir oğlu, İddiaçı7, İddiaçı3, İddiaçı6, İddiaçı11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını, əks təqdirdə mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, həmin şəxslərin vəfatından 7 (yeddi) il keçməsinə baxmayaraq onların vərəsələri vərəsəliyi qəbul etməmişlər və buna maraqlı görünmürlər.Bu iş üzrə icraatın sonsuzluğu qədər saxlanılması onların hüquqlarını pozur. Bu işdə iddiaçılar tərəfindən 2 (iki) tələb irəli sürülür.Birincisi, "müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh- nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarların ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması, bu tələb hüquqi şəxs kimi sırf Cavabdeh-yə aiddir. Yəni, İddiaçı5 və İddiaçı10 Firudin oğlunun hüquqi varisləri müəyyən edilib-edilməməsinin bu tələbə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında cavabdeh İddiaçı8 Nasir oğlu şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı2 şikayətə etiraz edərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 №-li 11.03.2021-ci tarixli qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.1-cü maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə iş üzrə icraat dayandırılmalıdır. İstinad edilən normadan göründüyü kimi iş üzrə icraatın dayandırılması üçün əsas məhz tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verirsə işə baxılmasının mümkünsüzlüyü təşkil edir. Hazırkı mülki iş üzrə tələb “müvafiq bölünmə balansının hazırlanıb Cavabdehnin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi”dir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər İddiaçı5 17 mart 2014-cü il tarixdə, İddiaçı10 isə 27 aprel 2014-cü il tarixdə vəfat etmələrinə və həmin vaxtdan 7-ilə yaxın vaxtın keçməsinə baxmayaraq 1-ci instansiya məhkəməsi vərəsəlik müəyyən edilib-edilməməsini araşdırmadan mülki iş üzrə icraatın təzələnməsi barədə cavabdehlərin ərizəsinin təmin olunmaması barədə qərardad qəbul etmişdir. Halbuki, Mülki Məcəllənin: 1152-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 №-li 11.03.2021-ci tarixli qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(008)-2/21 nömrəli qərardadı ləğv edilsin. Cavabdehlərin mülki iş üzrə icraatın təzələnməsinə dair ərizəsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar