Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4523/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Əmir oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-cı il tarixli, 2(001)-4316/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31a nömrəli evin 1 nömrəli mənzilindən (yeni qaydalarla - Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 13, M1, m1) istifadə hüquqlarına xitam verilməklə, çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-cı il tarixli, 2(001)- 4316/2022 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin olunmuşdur. Cavabdeh (bundan sonra cavabdeh) 18 oktyabr 2022-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7661/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-496/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7661/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mülki iş birinci instansiya məhkəməsinə göndərilmiş, Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(001)-4316/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qaytarılmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmiş, Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, qətnamədən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndəsi və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 68.3-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, vəkil yalnız tərəfin ona verdiyi müvafiq vəkalət (etibarnamə) əsasında məhkəmə aktından şikayət vermək hüququna malikdir. Hazırkı halda isə apellyasiya şikayəti yalnız cavabdehin vəkili qismində X5 tərəfindən xx.xx.2023-cü il tarixdə imzlansa da, cavabdeh tərəfindən Vəkil3 verilmiş etibarnamənin müddəti ondan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə bitmiş, şikayət imzalandığı zaman artıq həmin etibarnamə ilə verilmiş səlahiyyətlərə xitam verilmişdir. Belə olan halda isə, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzlanmış sayılır. Halbuki, apellyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması şikayətin qaytarılması üçün əsasdır (MPM-in 363.1 və 363.1.1-ci maddələri). Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə prosessual müddətin bərpası barədə ərizəyə o zaman mahiyyəti üzrə baxa bilər ki, ərizəyə qanunvericliyin tələblərinə uyğun şikayət əlavə olunmuş olsun. Əks halda müddətin bərpasının prosessual əhəmiyyəti olmayacaq. Belə ki, MPM-in 133.2 və 133.3-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-cı il tarixli, 2(001)-4316/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4523/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4523/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver