Məhkəmə qərarları › İş №2(103)-4524/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4524/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4524/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan övladı X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə istilfadə hüququnun tanınması, həmin mənzilə köçürülməsi, mənzilin yardımçı hissələrindən - dəhlizindən, mətbəxindən, hamamından, ayaqyolundan orada yaşayanlarla bərabər istifadə qaydalarının müəyyən edilməsi və bu imkanın yaradılması öhdəliyinin cavahdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh2 İmran oğlu ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olduqdan sonra cavabdehlərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə köçərək ailə üzvü kimi birgə təsərrüfat aparmağa başlamış, cehizləri də həmin mənzilə yerləşdirilmiş, mənzilə pasport qeydiyyatına alınmış, xx.xx.2012-ci il tarixdə qızları X4 həmin ünvanda doğulmuşdur. Uzun müddət birgə yaşadıqdan sonra, artıq xeyli müddət olar ki, cavabdehlər dəfələrlə ona fiziki və psixi təzyiq edərək 8 (səkkiz) ilə yaxın yaşadığı və qeydiyyatda olduğu mənzildən çıxarmağa çalışmış, sonunda məcbur qalıb övladı ilə birgə mənzili tərk etməyə məcbur olmuşdur.Hazırda mənzil şəraitləri yaxşı olmasa da, övladı ilə birgə anasının himayəsində qalır. Dəfələrlə qeydiyyatda olduğu mənzilə qayıtmaq istəsə də, cavabdehlər tərəfindən onun çağrışlarına heç bir reaksiya verilməmiş, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd olunması qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin gəldiyi nəticə ilə razı olmadığını, həmin nəticəni işin həqiqi hallarına və qüvvədə olan maddi hüquq normalarına zidd hesab etdiyini, məhkəmənin qanunvericiliyin tələblərini düzgün tətbiq etmədiyini vurğulamış, yanlış qətnamə qəbul olunduğunu irəli sürmüşdür. İddiaçı kollegiyanın iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, cavabdehlər isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilBakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 422 nömrəli sərəncamına əsasən 2 (iki) nəfər ailə tərkibi ilə şəhid ailəsi olan Cavabdeh1 verilmiş, bununla bağlı ona həmin mənzilə dair 00757 nömrəli xx.xx.2009-cu il tarixli order təqdim olunmuş, o və oğlu Cavabdeh2 daimi yaşamaq üçün həmin mənzilə köçmüş, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra sözügedən mənzilə köçmüş, həmin mənzilə cehiz əmlaklarını yerləşdirmiş və oraya pasport qeydiyyatına alınmış, nikahlarından xx.xx.2012-ci il tarixdə Saraxatun adını verdikləri uşaqları doğulmuş, uzun müddət mənzildə bərabər yaşasalar da, son dövrlərdə münasibətləri pozulmuş və iddiaçı uşağı ilə birlikdə valideynlərinin evinə getmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq iddiaçının tələbinin cavabdehlərin mülkiyyətində olmayan mənzillə bağlı olduğunu vurğulamış və məhz Cavabdeh1 mənzilə münasibətdə “qanuni gözlənti” hüququna sahib olduğu qənaətinə gəlmişdir; belə ki, Cavabdeh1 həyat yoldaşı X5 erməni işğalçılarına qarşı döyüşlərdə həlak olmuş, mübahisələndirilən mənzil Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2009-cu il tarixli 422 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi ona bağışlanmış, X1 onun ailə üzvü olaraq qeyd olunmuşdur. Başqa bir ifadə ilə, mənzil iddiaçının qayınanasına (Cavabdeh1) əvəzsiz olaraq bağışlanmış, digər cavabdeh X6 isə anası ilə birlikdə həmin mənzildə yaşamaq hüququ verilmişdir. Beləliklə, mənzil Cavabdeh1 daimi əsaslarla əvəzsiz olaraq verildiyindən məhz o, mənzilə qanuni gözlənti hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin yuxarıda qeyd olunan mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında mənzillə bağlı münasibətlər 2011-ci ildə yaranmaqla iddia tələbinə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə mübahisəsi gedən mənzilin sahibi (qanuni gözlənti hüququna malik mülkiyyətçisi) olan Cavabdeh1 arasında olan ailə münasibətlərinə faktiki xitam verilmiş və iddiaçı mənzildən çıxıb getmişdir. Aygün Həşimova ilə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, İddiaçı maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər; hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 34 saylı mənzildən istifadə hüququ yaranmış olsa da, həmin mənzilin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüquq saxlanılmamışdır; buna görə də, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğundur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3706/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar