Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4525/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(001)- 1754/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair İddiaçı tərəfindən verilmiş ərizə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1754/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(001)- 1754/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil 10 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1754/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1754/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il, 2(001)-1754/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən səhhətində yaranmış problemlərlə əlaqədar olaraq vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, o, 1-ci Qarabağ müharibəsində könüllü olaraq döyüşmüş, beş dəfə güllə və qəlpə yaraları almışdır. Bu səbəbdən mütəmadi olaraq müalicələr alır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1754/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət müddətin bərpasına dair ərizədə göstərilən eyni məzmunlu dəlillərlə əsaslandırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1754/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Hazırki iş materiallarından görünür ki, İddiaçı sözügedən məhkəmə işindən məlumatlı olmaqla yanaşı, 13 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şəxsən iştirak etmiş, Binəqədi Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(001)-1754/2024 nömrəli qətnaməsi ona elan edilmiş, 24 may 2024-cü il tarixdə həmin qətnamə məhkəmə tərəfindən “elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş, elə həmin tarixdə iddiaçı tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. 20 dekabr 2024-cü il tarixdə İddiaçı qətnamənin ona təqdim olunması üçün məhkəməyə müraciət etmiş və 20 dekabr 2024-cü il tarixdə qətnamə ona təkrarən təqdim edilmişdir. Daha sonra 22 may 2025-ci il tarixdə İddiaçı qətnamənin ona təqdim olunması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş, məhkəmənin 30 may 2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” qanununun tələbləri izah edilmiş, dövlət rüsumu ödənildikdən sonra məhkəməyə təkrar ərizə ilə müraciət etmək hüququ izah edilmişdir. Lakin İddiaçı tərəfindən apellyasiya şikayəti 10 iyun 2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmiş və iddiaçı bu halın səhhətində olan problemlərlə əlaqədar baş verdiyini bildirmişdir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya yuxarıda sadalanan normaları rəhbər tutaraq hesab edir ki, iddiaçının istinad etdiyi üzrlü səbəbə dair sübut olmadığından hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddəti ötürlməsinin üzrlü səbəblərinə dair sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1754/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4525/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4525/2025
29.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver