Məhkəmə qərarları › İş №2(103)-4526/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4526/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4526/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızına qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56A, mənzil 91-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarını itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 8 %-lə 300 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002/a saylı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30 aprel 2018-ci il tarixə Cavabdeh1 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. İddiaçı ASC Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, məhkəməyə təqdim olunan iddia ərizəsində texniki səhv olmuşdur. Belə ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə banka 46291,94 manat əsas, 1489,17 manat faiz və 3,61 manat cərimə olmaqla, cəmi 47784,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91-ə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1 və Cavabdeh2 Füzuli qızının tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcun və 30 manat dövlət rüsumunun 2/5 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 (2/5 hissəsi) və Cavabdeh2 Füzuli qızının (3/5 hissəsi) birgə mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti 130000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən borcun çıxılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin 3/5 hissəsi Cavabdeh2 Füzuli qızına və qalan 2/5 hissəsi isə Cavabdeh1 qaytarılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc tam ödənilmədikdə qalıq borcun 2/5 hissəsi Cavabdeh1 ümumi qaydada tutulması, mənzilə tutmanın yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilməsi, mənzilə tutmanın yönəldilərək satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızından tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli qızından tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hal-hazırda mövcud vəziyyətdə Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 56 «a» saylı evin 91 sayh mənzilinə Cavabdeh2 3/5, Cavabdeh1 isə 2/5 hissədə paylarına dair ona seriya RX № ******* nömrəli, 14.11.2017-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 56 «a» saylı evin 91 saylı mənzilinə Cavabdeh2 3/5, Cavabdeh1 isə 2/5 hissədə payları müəyyən olunduğu vaxdan etibarən o özünə düşən pul payını, yəni sözügedən mənzilə dair kreditin (40%), 2/5 hissədə heç bir gecikdirmələri olmadan bu günə kimi ödənişlərini edir. Lakin, qarşı tərəf, yəni Cavabdeh2 öhdəliyinə düşən (60%), 3/5 hissəsini, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənişlər etməkdən yayınır. Belə bir halda İddiaçı ASC ona telefon zəngləri edərək, pulun qalan (60%), 3/5 hissəsini onun tərəfindən ödənilməsi tələb edir. O, dəfələrlə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına bildirmişdir ki, Azərbaycan Respublikası adından məhkəmə aktı var və orada açıq aydın göstərilir ki, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 56 «a» saylı evin 91 saylı mənzilinə Cavabdeh2 3/5, Cavabdeh1 isə 2/5 hissədə payları müəyyən edilib. Buna baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona bildirmişdir ki, mövcud vəziyyətlə bağlı (ipoteka) kredit bankla onun arasında bağlandığından və baxmayaraq məhkəmə aktı olduğundan, aylıq pul məbləği tam şəkildə onun tərəfindən ödənilməlidir. Göründüyü kimi bankla onun arasında ziddiyyət yaranmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti bir məna ilə Azərbaycan Respublikası adından çıxarılmış Məhkəmə (qətnamə) aktını qəbul etmirlər. Eyni zamanda işə baxan birinci instansiya məhkəməsi bunu nəzərə almamış və qanunsuz bir qətnamə qəbul etmişdir. Göründüyü kimi belə halda bir mülkiyyətçi kimi birinci instansiya məhkəməsi tərəfindən onun mülkiyyət və konstitutsiyon hüquqları kobudcasına pozulmuşdur. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sözügedən mübahisəli mənzilin 2/5 hissəsi onun şəxsi mülkiyyəidir. Qalan 3/5 hissəsi isə Cavabdeh2 şəxsi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi öz qətnaməsində maddi və prosessual normalara istinad etsə də, çox səhv nəticəyə gəlmişdir, işə baxan məhkəmə çıxartdığı qətnamədə bəzi maddi hüquq normalarına istinad etsədə, lakin istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsinin hakimi işdə maraqlı olduğundan belə bir qanunsuz və ədalətsiz bir qətnamə qəbul etmiş, qanun əlilliyinə hörmətlə yanaşmamış, qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının borcun tutulması hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan İddiaçı ASC ilə, satıcı X8 və alıcı-ipoteka qoyan Cavabdeh1 arasında bağlanılmış 26 dekabr 2012-ci il tarixli 100.CL.261212.00002/a saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, X8 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 56 A, mənzil 91 ünvanında yerləşən ümumi sahəsi 101.7 kv.m, o cümlədən yaşayış sahəsi 58.1 kv.m olan mənzili Cavabdeh1 satmış, və həmin mənzil Cavabdeh1 kredit öhdəliyinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Evin satış qiyməti 72000 manat müəyyən edilmişdir. 30.04.2018-ci il tarixli 05/362 maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə 3708,06 manat əsas borc üzrə, 19282 manat faiz borcu üzrə, cəmi 22990,06 manat ödəniş edilmişdir. Kredit müqaviləsi üzrə 30.04.2018ci il tarixinə iddiaçıya 46291,94 manat əsas, 1489,17 manat faiz borcu və 3,61 manat hesablanmış artırılmış faiz borcu, cəmi 47784,72 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3058/2014 saylı 23 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə cavabdehlər X3, X6, X10 və X9 qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əmlakın digərin razılığı olmadan bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bərabər paylara müəyyən edilməsi, daşınmaz əmlakın ilkin ödənişi olan 15% və 19 mart 2014-cü il tarixə qədər tərəflər arasında payların müəyyən olunması, bank əmanətlərinin paylara bölünməsi, pul məbləğinin mülkiyyət paylarına uyğun olaraq payçılar arsaında 1/2 bölünməsi, cavabdehin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və özünə məxsus olan cehiz əmlak əşyalarının mənzildən çıxarılması” barədə ilk iddiasının təmin edilməməsi, Cavabdeh2 Cavabdeh1 və 3-cü şəxs İddiaçı ASC-yə qarşı “birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlakların bölünməsi, mülkiyyətinə verilməsi, ipoteka kreditinin ödənilməsi qaydalarının müəyyən olunması və s.” tələbə dair qarşılıqlı iddiası qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Ş.Mirzəyev küçəsi 56A saylı evin 91 saylı mənzilinə Cavabdeh2 60%, Cavabdeh1 isə 40% payları müəyyən edilməklə onların mülkiyyətinə verilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə ipoteka müqaviləsi üzrə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 60%, Cavabdeh1 tərəfidən isə borcun 40% İddiaçı ASC-yə ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri 1 ədəd “BOSH” markalı qabyuyan maşın, 2 ədəd paltar şkafı, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Samsunq” markalı plazma televizor, 1 ədəd LG markalı kondisioner Cavabdeh2, birgə nikah dövründə əldə olunmuş digər əmlak yəni, 1 ədəd mətbəx mebeli, 1 ədəd stol, 4 ədəd stul, 1 ədəd “Bosh” markalı soba, 1 ədəd “LG” markalı plazma televizor, 1 ədəd yazı stolu və 1 ədəd “LG” markalı kondisioner Cavabdeh1 verilməsi, ünvan 4-də yerləşən birgə nikah dövründə əldə olunmuş mənzildə olan Cavabdeh2 məxsus cehiz əmlakları, yəni, 1 ədəd “Bosch” markalı soyuducu, 1 ədəd “Bosch” markalı paltar yuyan maşın, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd servant qorka, 1 ədəd Çexiya istehsalı billur 12 şamdan ibarət çilçıraq və 1 ədəd xrustal çilçıraq, 4 ədəd xalça, 1 ədəd stol, 7 ədəd vazalar, yataq dəsti, 13 ədəd pərdələr, 1 ədəd dini məzmunlu şəkillər, 73 ədəd kitablar, 1 ədəd “Sony” markalı televizor, uşaq yataq məstləri, 1 ədəd “LG” kondisioner, 1 ədəd Tefal ütü, 1 ədəd stol, 1 ədəd polüstü saat, 1 ədəd divan, 1 ədəd 5 sürməli paltar komod, 1 ədəd pultlu çilçıraq, 1 ədəd 6 qapılı şifoner, 2 ədəd güzgülü komod, 1 ədəd pufık, 2 ədəd yataqyanı tumboçka, müxtəlif yataq dəstləri və mətbəxə mənsub olan qazanlar, tavalar, qaşıqlar, bıçaqlar, stəkanlar, nəlbəkilər, vazalar, servizlər və digər qab-qacaqlar Cavabdeh2 qaytarılması, iş üzrə ilk iddia üzrə iidiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilk iddia izrə iddiaçıya aid edilməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbləri digər hissələrdə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2055/2015 saylı 29 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı - qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı X1 apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktaybr 20l4-cü il tarixli qətnaməsi Cavabdeh1 iddia tələbinin təmin olunmayan - “Hyundai 20” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və kreidt müqavilələri üzrə qalıq borcunun tərəflərə aid edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi qismən təmin olunması, “Hyundai İ 20” markalı 90-HO753 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 ilə X11 arasında 16 aprel 2014-cü il tarixdə DYPİ-də bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin avtomobilə tərəflərin ½ paylarla mülkiyyət hüquqlarının müəyyən edilməsi, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən 651 manat borc, 01.01.2012-ci il tarixdə “xxxx” İKB ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1834 borc və “EmbaFinans” BOKT ilə bağlanmış 08 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 550 manat ödənilməmiş borc tərəflərin birgə borcu hesab edilməsi, Cavabdeh2 1517,50 (min beş yüz on yeddi manat əlli qəpik) aid edilməsi, qətnamə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiasının mənzilə və mənzilə görə görülmüş kredit borcunda payların müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə payları müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 Xanəliyev Cavanşir oğlu tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4305/16 saylı 29 sentyabr 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2015-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1369/2019 saylı 05 aprel 2019cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-542/2018 saylı, 16 may 1018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin "19 mart 2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, Cavabdeh2 mənzil payına düşən 3/5 hissəsi "İddiaçı” ASC-yə 11661,58 (on bir min altı yüz altmış bir manat əlli səkkiz qəpik) manat pulun reqres qaydasında tutulmasının qismən təmin edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia qismən təmin edilməsi, Cavabdeh2 11369,59 (on bir min üç yüz altmış doqquz manat əlli doqquz qəpik) manat alınaraq iddiaçı Cavabdeh1 verilməsi, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməsi, qətnamə Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması, ekspertiza tədqiqatının dəyəri-120 (yüz iyirmi) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.04.2017-ci il və 14.11.2017-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 3/5 hissəsi üzərində Cavabdeh2, 2/5 hissəsi üzərində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1781 №-li reyestr kitabının 163847 nömrəli vərəqində uyğun olaraq ********** №-si və ********** №-si ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6118/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı ASC-nə və Cavabdeh2 qzına qarşı "kredit müqaviləsinə dəyişiklik edilməsi” barədə tələbi rədd edilməsi qət edilmişdir. Kooperativ “xxxx” Mənzil Tikinti Kooperativi ilə X4 arasında bağlanmış 07 dekabr 2012-ci il tarixli Kooperativ binada mənzil almaq üçün müqavilənin surətindən görünür ki, Kooperativ Nizami rayonu, Şirin Mirzəyev küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1 blokunda 16-cı mərtəbədə 91 nömrəli ümumi sahəsi 120,1 olan mənzili Payçıya verməyi öhdəsinə götürür. Payçı mənzilin pay haqqını tam və ya müəyyən edilən mərhələlər üzrə ödəməklə, son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Mənzilin dəyəri 72000 manat təşkil edir. “xxxx” MMC-nin 15 dekabr 2012-ci il tarixli MB 05/1241 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km y/sahəsi, Şirin Mirzəyev küçəsi, 56a nömrəli yaşayış binasında yerləşən, 3 otaqlı, 91 nömrəli mənzilin 15 dekabr 2012-ci il tarixinə olan bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68400 manat təşkil edir. Proqnoz (növbəti 1 il müddətinə) dəyəri 73800 manat təşkil edəcəkdir. “xxxx” MMC-nin 24.06.2019-cu il tarixli 01/06 saylı Daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, ünvan 5 ünvanında yerləşən, Cavabdeh1 xüsusi mülkiyyətində olan, **********05-05301-093058 reyestr nömrəli, əmlakın 101,7 kvadrat.metr sahəsinin hazırkı bazar qiyməti 142400 (bir yüz qırx iki min dörd yüz) manat təşkil edir. “xxxx” MMC-nin daşınmaz əmlakın (mənzilin qiymətləndirilməsi barədə 11.12.2019-cu il tarixli H/03-PLS hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 56a nömrəli e vi 91 saylı mənzilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində real bazar qiyməti 130000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə bankın xeyrinə 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcu ödənilməlidir. Lakin həmin borc üzrə tərəflərin paylarının müəyyən edilməsi barədə (Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə paylarının müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 Cavabdeh1 tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə borcun 2/5 hissəsi Cavabdeh1 aid edilməlidir. İddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli və 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcun 2/5 hissəsi Cavabdeh1 tutularaq "İddiaçı” ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı ASC tərəfindən qeyd olunan borca münasibətdə Cavabdeh2 qarşı hər hansı bir tələb olmadığından borcun ona aid olan hissəsinə münasibət bildirilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İlk əvvəl iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışına əsasən hesablanmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa iddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Kollegiya qeyd edir ki, müqavilə şərtlərinə əsasən, birinci instansiya məhkəməsi cərimə borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi 56 a saylı evin 91 saylı mənzilinə Cavabdeh2 qızının 3/5, Cavabdeh1 isə 2/5 hissədə paylarının müəyyən edilməsi, 19 mart 2014-cü il tarixdən başlayaraq ipoteka müqaviləsinə görə borc tərəflərin paylarına tənasüb olaraq, yəni, Cavabdeh2 tərəfindən 3/5 Cavabdeh1 tərəfindən isə 2/5 hissələrlə İddiaçı ASC-yə ödənilməsi) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsi üzrə borcun 2/5 hissəsi Cavabdeh1 aid edilməlidir. Eyni zamanda İddiaçı ASC-nin borcun tutulması hissəsində Cavabdeh2 qarşı hər-hansı tələbi olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq borcun ona aid olan hissəsinə münasibət bildirməmişdir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 26 dekabr 2012-ci il tarixli 100.LN.1501.261212.00002 saylı kredit müqaviləsinə əsasən 46291,94 manat əsas borc, 1489,17 manat faiz borcu və 3,61 manat cərimə borcu olmaqla, cəmi 47784,72 manat məbləğində kredit borcun 2/5 hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyartor Cavabdeh1 apellyasiya şikayətində hazırkı kredit müqaviləsi üzrə tam borc məbləğinin ondan tələb edilməsinə istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə borc məbləğinin 2/5 hissəsi Cavabdeh1 aid edilmişdir. İddiaçı ASC isə qeyd olunan qətnaməni mübahisələndirməmiş, bununla da qətnamə ilə razılaşmasına dair öz iradə ifadəsini bildirmişdir. Belə olan halda borc tam məbləğdə K.Xanəliyedən tələb edilə bilməz. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri apellyatorun subyektin mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar