Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4527/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(003)-305/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğulları Hüseyn və Cihan ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə evləndikdən sonra bir müddət kirayədə yaşamışlar. Daha sonra, 2011-ci ildə kirayə pulunu ödəyə bilmədikləri üçün atasına məxsus ünvan 1 ünvanda yerləşən 24 nömrəli mənzilə köçmüşlər. Nişanlı olduqları müddətdə cavabdehin adına Xəzər rayonu Binə atçılıqda torpaq sahəsi alınmışdır. 2009-cu ildə həmin torpaq sahəsində tikinti işləri başlanılmış və 2010-cu ildə toyları olmuşdur. Həmin müddət ərzində də torpaq sahəsində tikinti davam etmiş və 2012ci ildə təmir tam bitmişdir. Fərdi yaşayış evinin heç bir sənədi yoxdur. 2011-ci ildə ona məxsus olan 5000 dəyərində qızıl-zinət əşyaları satılaraq əldə olunmuş vəsait evin tikilməsində və təmirində kömək məqsədilə istifadə olunmuşdur. 2012-ci ilin avqust ayında onlar cehiz əşyaları ilə tikdikləri fərdi yaşayış evinə köçmüşlər. Təxminən 3-4 il həmin ünvanda yaşamışlar. Hazırda nikahları pozulmuşdur. Hesab edir ki, uşaqları ilə birlikdə mübahisəli evə köçürülməlidir. Daha sonra iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, həmçinin, mübahisəli evin tikintisinə tərəfindən sərf edilmiş 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair ikinci cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan yeni ərizə verərək, digər tələblərlə yanaşı, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair ikinci cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(003)-305/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9733/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(102)-1315/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9733/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən – torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və Bakı şəhəri, Buzovna qəsəbəsi, 180-ci Buzovna küçəsi, 91 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab olunması tələblərinə aid hissədə ləğv olunması və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki apelyasiya icraatında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın ləğv olunması və mübahisəli evə dair çıxarışın etibarsız hesab edilməsi hissəsində yoxlanılmalı, iddia tələbinin iddiaçının azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə və pul tələbləri hissəsində qətnamə kassasiya məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanıldığından, həmin hissədə qətnamə yoxlanılmır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X2 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Hazırki apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən digər tərəflərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını işin materialları ilə əlaqəli yoxlayıb, kassasiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni, iddia tələbinin mübahisələndirilən torpaq sahəsinə dair çıxarışın ləğv olunması və mübahisəli evə dair çıxarışın etibarsız hesab edilməsi hissələrində qətnamə ləğv olunmalı, həmin hissədə iddia tələblərinə mülki mübahisə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 537-də yerləşən torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli Sərəncamı ilə hazırki iş üzrə Cavabdeh1 ayrılmış və xx.xx.2020-ci il tarixdə onun adına ləğvi tələb edilən çıxarış verilmişdir. Həmçinin mübahisələndirilən torpaq sahəsi üzərində tikilmiş mübahisələndirilən evə dair hazırki iş üzrə Cavabdeh2 Əliheydər qızının adına xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Qətnamənin yoxlanılan hissəsi iddia tələbinin torpağa dair verilmiş çıxarışın ləğvi və evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsi və evə dair çıxarışın verilməsinin əsasını müvafiq icra hakimiyyətinin Sərəncamı təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Mübahisələndirilən iş üzrə iddiaçı mübahisələndirilən torpaq sahəsi və evə dair çıxarışları mübahisələndirsə də, həmin qeydiyyatın mülki hüquqi əqd əsasında aparıldığına istinad etməmiş, qeydiyyatın aparılmasına əsas təşkil etmiş hər hansı hüquqmüəyyənedici sənədi mübahisələndirməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd edilən Plenum qərarında ifadə olunmuş tələbləri nəzərə almayaraq, iddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə mahiyyəti üzrə baxmaqla, mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Göstərilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, çıxarışların ləğvi və etibarsızlığı barədə iddia tələbi mülki mühakimə icraatı qaydasında baxıla bilmədiyindən, həmin hissədə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(003)-305/2021 saylı qətnaməsi iddia tələbinin torpağa dair verilmiş çıxarışın ləğvi və evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. İddia tələbinin mübahisələndirilən evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv olunması hissələrində iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4527/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4527/2022
21.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver