Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4528/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqı, dəymiş zərərin ödənilməsi və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(009)-862/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. M.A.Əliyev adına Mədəniyyət Evinin xx.xx.2021-ci il tarixli 04-ka saylı əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin tələblərinə uyğun olaraq M.A.Əliyev adına Mədəniyyət Evinin təsərrüfat işləri üzrə müdiri İddiaçı ilə bağlanmış 01 mart 2018-ci il tarixli əmək müqaviləsinə 15 mart 2021-ci il tarixindən xitam verilmişdir.
2. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli əmək müqaviləsinə əsasən o, X3 mədəni-kütləvi təşkilatçı peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır.
3. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin tələblərinə uyğun olaraq İddiaçı ilə bağlanmış 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə 01 mart 2022-ci il tarixindən xitam verilmişdir.
4. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 14 iyun 2022-ci il tarixli məktubdan görünür ki, sizin Bakı Şəhər Mədəniyyət Baş İdarəsində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər idarəsində baxılmışdır. Araşdırma zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən Sizinlə M.A.Əliyev adına mədəniyyət evi arasında xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq xəbərdarlıq müddəti bitmədən həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verildiyi lakin son haqqhesabınızın düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar M.A.Əliyev adına mədəniyyət evinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən tərəfimizdən İnzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bildiririk ki, Sizin əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 04-k nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifənizə qaytarılmanız və son haqq-hesabınızın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun hesablanaraq ödənilməsinə dair tərəfimizdən M.A.Əliyev adına mədəniyyət evinin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Eyni zamanda təqdim olunmuş sənədlərdən Sizinlə Gürgən mədəniyyət evi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələbləri pozularaq işdən azad olunma ilə bağlı ərizəniz olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verildiyi lakin son haqq-hesabınızın düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Gürgən mədəniyyət evinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən tərəfimizdən İnzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bildiririk ki, Sizin əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 01-k nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifənizə qaytarılmanız və son haqqhesabınızın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun hesablanaraq ödənilməsinə dair tərəfimizdən Gürgən mədəniyyət evinin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Razılaşmadığınız təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır.
5. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdən X2 təsərrüfat müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmişdir.
6. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli əmək müqaviləsinə əsasən o, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təsərrüfat müdiri peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “əmək haqqı, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildən Mirzağa Əliyev adına Mədəniyyət evində əmək qanunvericiliyinin tələblərinə uyğun əmək fəaliyyətinə başlamışdır. 2022-ci ildə onu qanunsuz olaraq işdən çıxarmışlar, həmin tarixdə Bakı şəhər əmək müfəttişliyinə müraciət etmişdir. Onun qanunsuz işdən çıxarılmağını təsdiq etmişdir. Bununla bağlı dəfələrlə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi baxılmamış və ona bildirilmişdir ki, o, Bakı İnzibati Məhkəməsinə şikayət etməlidir. Məhkəməyə iddia ərizəsiylə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, iş № 2-1(112)-10 022/2024-li qərarla onun iddia tələbinə baxmamış və bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət etməlidir. Ədliyyə Nazirliyinin məhkəmə hüquq şurasına ərizə ilə müraciət etmiş, ona rəsmi qaydada bildirmişlər ki, aidiyyatı üzrə yəni Səbail Rayon Məhkəməsinə müraciət etməlidir.
9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddət üçün əmək haqqının və dəymiş 1473 manat ziyanın ödənilməsi və əmək kitabçasına qeyd edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsini tətbiq edərək işi mahiyyəti üzrə həll edən qətnamə əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(009)- 862/2025 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3cü hissəsinə , 154-cü maddəsinin 1-ci hissəsinə, 157, 300.1-ci maddələrinə, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki əmək müqaviləsinə (M.Əliyev adına Mədəniyyət Evi və X6) “tərəflərdən birinin təşəbbüsü ilə” xitam verilib. Lakin X4 rəsmi məktubunda bildirib ki, xəbərdarlıq müddəti düzgün hesablanmayıb, son haqq-hesab düzgün aparılmayıb. Belə ki, əmək müqaviləsinə bu əsasla xitam verilərkən işçiyə yazılı xəbərdarlıq edilməli, xəbərdarlıq müddəti bitdikdən sonra rəsmi əmr verilməli və əmək müqaviləsinin ləğvinin qanuni əsasları ətraflı izah olunmalıdır. İddiaçının işində X4 tərəfindən aparılan araşdırmanın nəticələrinə görə əmək müqaviləsinin xitam proseduru açıq şəkildə pozulmuşdur. Belə ki, həm xx.xx.2021-ci il tarixli xitam əmri, həm də xx.xx.2022-ci il tarixli xitam əmri xəbərdarlıq müddəti başa çatmadan tərtib olunmuş, mənə əvvəlcədən qanuni qaydada xəbərdarlıq edilməmişdir. Müfəttişliyin rəsmi məktublarında bu faktlar ayrıca göstərilmişdir. Əlavə olaraq, qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinin ləğvindən dərhal sonra son haqq-hesabın düzgün hesablanaraq tam şəkildə ödənilməsi tələb olunurdu. X4 tərəfindən müəyyən olunub ki, son haqq-hesab qanunsuz olaraq düzgün hesablanmayıb və mənə ödənilməyib. Bu hallar əmək qanunvericiliyinin birbaşa pozuntusudur və işəgötürənin məsuliyyətini yaradır. Bu səbəbdən əmək müqavilələrinin ləğvi zamanı həm forma baxımından, həm də mahiyyət baxımından 68-ci maddənin 2-ci hissəsinin “a” bəndinin tətbiqi tələbləri pozulmuşdur. Əmrlər qanuna uyğun qaydada rəsmiləşdirilmədiyi üçün işdən çıxarılma qanunsuz hesab olunmalıdır. Nəticə etibarilə, bu pozuntular Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tətbiq edilməsini yəni məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və əvvəlki vəzifəyə bərpa edilmə tələbini zəruri edir. Məhkəmənin bu maddəyə istinad etməməsi və pozuntunu nəzərə almadan iddianı rədd etməsi qanunsuz və əsassız qərar verməsi ilə nəticələnmişdir. İş materialları, o cümlədən X4 tərəfindən təqdim edilmiş rəsmi sənədlər göstərir ki, iddiaçı ilə bağlanmış əmək müqavilələrinin ləğvi zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, həm xx.xx.2021-ci il tarixli, həm də xx.xx.2022-ci il tarixli xitam əmrləri xəbərdarlıq müddəti gözlənilmədən verilib, əmək haqqının hesablanması düzgün aparılmayıb və müqavilələrin ləğvi üzrə prosedur qanuna uyğun şəkildə həyata keçirilməyib. Müfəttişliyin məktublarında bu hallar açıq şəkildə təsbit olunmuşdur. Əmək Məcəlləsinin 300.1-ci maddəsi belə hallarda hüquqi nəticələr müəyyən edir və qanunsuz xitam verildikdə məhkəmənin mütləq qaydada işçinin əvvəlki vəzifəsinə bərpası və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarmalı olduğunu göstərir. Lakin birinci instansiya məhkəməsi bu hüquqi nəticələrə heç bir əsaslandırma vermədən iddiaçının tələblərini rədd etmiş və X4 tərəfindən təsdiq edilən faktiki pozuntuları nəzərə almamışdır. İddiaçı qeyd edir ki, əmək müqavilələrinin qanunsuz ləğvi nəticəsində uzun müddət əmək haqqından məhrum qalmış, həmçinin sosial təminat hüquqları və maddi maraqları pozulmuşdur. Məhkəmənin bu halları qiymətləndirməməsi və 300.1-ci maddəni tətbiq etməməsi onun əmək hüquqlarının ciddi şəkildə pozulması deməkdir. İddiaçı qeyd edir ki, birinci instansiya məhkəməsi onun əvvəlki vəzifəsinə bərpa olunmaması və sonradan başqa vəzifəyə qəbul edilməsi faktını iddianın təmin edilməməsi üçün əsas kimi göstərmişdir. Lakin bu yanaşma qanunvericiliyə uyğun deyil və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinin məcburi normalarını nəzərə almır. Əmək qanunvericiliyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin qanunsuz xitamı baş verdikdə işçi başqa vəzifəyə qəbul olunsa belə, bu, əvvəlki qanunsuz əmrin hüquqi nəticələrini aradan qaldırmır. Qanunsuz xitamın təsbit edilməsi işçinin həmin müddət ərzində əmək haqqı almaq və əvvəlki vəzifəyə bərpa olunmaq hüququnu qoruyur. Məhz buna görə Əmək Məcəlləsinin 300.1-ci maddəsində açıq şəkildə göstərilir ki, belə halda məhkəmə əmək haqqının ödənilməsi və vəzifəyə bərpa barədə qətnamə qəbul etməlidir. İddiaçının sonradan öz ərizəsi ilə başqa vəzifəyə qəbul olunması faktı yalnız onun maddi vəziyyətini təmin etmək üçün müvəqqəti addım olmuşdur və əvvəlki qanunsuz xitamı legitimləşdirmir. Əgər belə yanaşma əsas kimi qəbul olunarsa, istənilən işəgötürən əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsini qanunsuz ləğv edə, sonra isə işçiyə başqa vəzifə təklif etməklə məsuliyyətdən yayınmış olar. Bu səbəbdən iddiaçının başqa vəzifəyə öz ərizəsi ilə qəbul olunması, əvvəlki əmək müqaviləsinin qanunsuz ləğv edilməsinə görə məcburi işburaxma dövründə əmək haqqının ödənilməsi və əmək kitabçasına düzgün qeyd aparılması hüququnu aradan qaldırmır. Bu səbəblərə görə iddiaçı hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi qanunsuzdur və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, əmək münasibətlərinin hansı əsasla və hansı prosedura uyğun olaraq dayandırıldığı məsələsini hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Halbuki işin mahiyyəti baxımından bu hal əsaslı əhəmiyyət daşıyır. Məhkəmə əmək müqavilələrinə xitam verilməsi prosesində işəgötürən tərəfindən qanun pozuntularına yol verilib-verilmədiyini, xəbərdarlıq müddətinin gözlənilib-gözlənilmədiyini, və son haqq-hesabın düzgün aparılıb-aparılmadığını araşdırmamışdır. X4 tərəfindən təqdim olunmuş rəsmi sənədlər bu pozuntuları açıq şəkildə təsdiq etsə də, məhkəmə həmin sənədlərə hüquqi qiymət vermədən və onları əsas sübut kimi nəzərə almadan qətnamə qəbul etmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçıya əmək haqqının ödənilib-ödənilmədiyi və bu ödənişlərin qanunvericiliyə uyğun şəkildə hesablanıb-hesablanmadığı da məhkəmə tərəfindən araşdırılmamışdır. İşdə əmək haqqının və son haqq-hesabın hesablanmasına dair mühasibat sənədləri təqdim edilməmiş, məhkəmə isə bu sənədləri təqdim etdirmək və qiymətləndirmək üçün heç bir təşəbbüs göstərməmişdir. Bu isə məhkəmənin faktiki halları araşdırmadan və maddi hüquq normalarına istinad etmədən qərar çıxarması deməkdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının sonradan başqa vəzifəyə qəbul olunması faktını əvvəlki qanunsuz xitamı əsaslandırmaq üçün istifadə etmişdir. Lakin bu yanaşma əmək qanunvericiliyinə ziddir. Qanunsuz xitamın baş verməsi hüquqi nəticələr doğurur və bu nəticələr işçinin başqa vəzifəyə qəbul olunması ilə aradan qalxmır. Məhkəmə bu məsələni hüquqi cəhətdən izah etmədən, formal yanaşma ilə qərar vermişdir. Eyni zamanda,əmək kitabçasına edilmiş qeydlərin qanunauyğunluğu və bu qeydlərin iddiaçının əmək hüquqları baxımından təsiri də məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki əmək kitabçasında yanlış və qanunsuz qeyd işçinin gələcək əmək münasibətlərinə təsir göstərən mühüm amillərdən biridir. Bu hal da nəzərə alınmalı idi. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət daşıyan faktiki halları tam, obyektiv və hərtərəfli şəkildə aydınlaşdırmamış, nəticədə əsassız və hüquqazidd qərar vermişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, iddiaçının məhkəmədə ədalətli müdafiə hüququnun da təmin edilməməsiilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, əmək münasibətlərinin hansı əsasla və hansı prosedura uyğun olaraq dayandırıldığı məsələsini hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Halbuki işin mahiyyəti baxımından bu hal əsaslı əhəmiyyət daşıyır. Məhkəmə əmək müqavilələrinə xitam verilməsi prosesində işəgötürən tərəfindən qanun pozuntularına yol verilibverilmədiyini, xəbərdarlıq müddətinin gözlənilib-gözlənilmədiyini, və son haqq-hesabın düzgün aparılıb-aparılmadığını araşdırmamışdır. X4 tərəfindən təqdim olunmuş rəsmi sənədlər bu pozuntuları açıq şəkildə təsdiq etsə də, məhkəmə həmin sənədlərə hüquqi qiymət vermədən və onları əsas sübut kimi nəzərə almadan qətnamə qəbul etmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitamverildikdən sonraiddiaçıyaəmək haqqının ödənilib-ödənilmədiyi və bu ödənişlərin qanunvericiliyə uyğun şəkildə hesablanıbhesablanmadığı da məhkəmətərəfindən araşdırılmamışdır. İşdə əmək haqqının və son haqq-hesabın hesablanmasına dair mühasibat sənədləri təqdim edilməmiş, məhkəmə isə bu sənədləri təqdim etdirmək və qiymətləndirmək üçün heç bir təşəbbüs göstərməmişdir. Bu isə məhkəmənin faktiki halları araşdırmadan və maddi hüquq normalarına istinad etmədən qərar çıxarması deməkdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının sonradan başqa vəzifəyə qəbul olunması faktını əvvəlki qanunsuz xitamı əsaslandırmaq üçün istifadə etmişdir. Lakin bu yanaşma əmək qanunvericiliyinə ziddir. Qanunsuz xitamın baş verməsi hüquqi nəticələr doğurur və bu nəticələr işçinin başqa vəzifəyə qəbul olunması ilə aradan qalxmır. Məhkəmə bu məsələni hüquqi cəhətdən izah etmədən, formal yanaşma ilə qərar vermişdir. Eyni zamanda, əmək kitabçasına edilmiş qeydlərin qanunauyğunluğu və bu qeydlərin iddiaçının əmək hüquqları baxımından təsiri də məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki əmək kitabçasında yanlış və qanunsuz qeyd işçinin gələcək əmək münasibətlərinə təsir göstərən mühüm amillərdən biridir. Bu hal da nəzərə alınmalı idi. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyət daşıyan faktiki halları tam, obyektiv və hərtərəfli şəkildə aydınlaşdırmamış, nəticədə əsassız və hüquqazidd qərar vermişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, iddiaçının məhkəmədə ədalətli müdafiə hüququnun da təmin edilməməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18. 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
19. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur
20. 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
21. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
22. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(009)-862/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
37. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə birinci insansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir.
38. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 01 mart 2018-ci il tarixli əmək müqaviləsinə M.A.Əliyev adına Mədəniyyət Evinin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə qəbul edilmiş, 15 mart 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə əsasən X3 mədənikütləvi təşkilatçı peşəsinə qəbul edilmiş, 01 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2024cü il tarixdə ərizə ilə müraciət edərək, X2 təsərrüfat müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən o, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təsərrüfat müdiri peşəsinə qəbul edilmişdir.
39. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır.
40. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur.
41. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir.
42. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
43. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
44. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır.
45. Belə ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.
46. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir.
47. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir.
48. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı ilə bağlanmış 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə 01 mart 2022-ci il tarixindən xitam verildikdən sonra o, yenidən həmin vəzifəsinə, yəni X3 mədəni-kütləvi təşkilatçı vəzifəsinə bərpa edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə xx.xx.2024-cü il tarixdən X2 təsərrüfat müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmiş, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən o, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təsərrüfat müdiri vəzifəsinə qəbul edilmişdir və hazırda həmin vəzifədə çalışır. Göründüyü kimi iddiaçı işdən azad edildikdən sonra əvvəlki vəzifəsinə deyil, öz ərizəsinə əsasən başqa vəzifəyə qəbul edilmişdir. Bu səbəbdən iddiaçının bununla bağlı dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, iddiaçı şikayətdə istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
49. Kollegiya hesab edir ki, məhkəmə hüquqi yardımla bağlı dəymiş 1473 manat zərərin ödənilməsinə aid hissədə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı dəymiş ziyan ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə də təmin edilməməlidir.
50. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».
51. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(009)-862/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.